Azərbaycanın
çaylarına qarşı ekoloji terror
Erməni
vandalları bunun üçün də beynəlxalq məhkəmə
və tarix qarşısında cavabdehdirlər
Erməni
vandalları 30 il Azərbaycan torpağında
soyqırımı törətməklə, şəhərləri
və kəndləri yerləyeksan etməklə yanaşı,
təbiətə də olmazın zərbə vurublar. Onlar
işğal etdikləri ərazilərdə, sözün əsl
mənasında, ekoloji terror törədiblər. Prezident
İlham Əliyev onların bu vəhşiliklərini ekosid - ətraf
mühitə qarşı genosid adlandırıb.
Mənfur düşmən uzun
müddət meşələrimizi qırıb və
talayıb, meyvə bağlarındakı ağacları kəsib,
son dövrdə tərk etməli olduğu rayonlarda isə
yaşıllıqlara od vurub. İşğalçı
öz xəyanətkar əlini çaylarımıza da
uzadıb. Onların suyundan güc alan elektrik
stansiyalarını darmadağın edib,
avadanlığını söküb aparıb,
binalarını dağıdıb. Dövlətimizin
başçısı bu məsələni öz
çıxışlarında, xarici jurnalistlərə
müsahibələrində dönə-dönə
vurğulayıb.
2022-ci ilin birinci rübünün
yekunlarına həsr olunan müşavirədə də bu
mövzudan geniş bəhs edilib. Prezident diqqəti bir daha 30
il Azərbaycan təbiətinin ekoloji terrora məruz
qalması, o cümlədən çaylarımıza
böyük ziyan vurulması məsələsinə yönəldib:
"Çaylarımız da işğal altında idi və
düşmən bizi çaylarımızdan da məhrum
etmişdi. Çünki biz Tərtər çayının
suyundan faktiki olaraq istifadə edə bilmirdik. Tərtər
çayı isə Azərbaycanın ən böyük
çaylarından biridir. Suqovuşan ermənilərin əlində
olduğu üçün yayda suyu kəsirdilər, bizə
qarşı ekoloji terror törədilmişdi. Qışda isə
buraxırdılar ki, o da daşqınlara səbəb
olurdu".
Azərbaycan vətəndaşlarının
özləri də bunu unutmamalı, dünya isə bilməlidir
ki, ermənilər bizi nələrdən məhrum etmişdi.
Ən böyük çaylarımızdan olan Həkəridən
istifadə edə bilmirdik. Bazarçay (buna Bərgüşad
çayı da deyilir), Lev çay, Zabux, Tutqun, Turqay, Bəsitçay,
Qarqarçay, Quruçay, Köndələnçay...
Bunların hamısını ermənilər vəhşicəsinə
istismar edirdilər.
Oxçuçayın da
böyük fəlakəti indi dünyanın gözü
qabağındadır. İşğal etdikləri
torpaqlarımızın təbii sərvətlərini gəlir
mənbəyinə çevirən düşmən öz
korrupsioner tərəfdaşları ilə birlikdə bizim bu
gözəl, şəffaf sulu çayımıza
qarşı əsl ekosid törədib. Azərbaycan Prezidenti
bu məsələni haqlı olaraq çox ciddi şəkildə
qaldırıb. Dövlət başçısı
sözügedən müşavirədə bu barədə belə
deyib: "Məsələni qaldıranda bizə söz verildi
ki, bu fəlakəti törədən şirkət gəlib
bunu təmizləyəcək. Amma artıq bundan bir il vaxt
keçib, bizə heç bir təklif verilmir.
Oxçuçayı zibilləyən, zəhərləyən
"Cronimet" şirkətidir. Bu, böyük şirkətdir
və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara
görə, korrupsiya sxemləri əsasında Serjik
Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri
ilə bunların qanunsuz biznes əlaqələri olub və
onlar birlikdə orada o mis kombinatını işlədiblər.
Ondan sonra Ermənistan hökuməti korrupsiyalaşmış
həmin o erməni nümayəndələrindən bu
kombinatın payını alıbdır. Ancaq bu fəlakəti
törədən "Cronimet" şirkəti buna cavab verməlidir,
yoxsa yox? Mən demişəm ki, beynəlxalq məhkəmələrdə
məsələ qaldırılmalıdır. İndi mən
çox şey demək istəmirəm, biz artıq hüquqi
iddia ilə də çıxış edəcəyik,
hazırlıq işləri gedir, beynəlxalq mütəxəssislər
cəlb olunub. Biz erməniləri törətdikləri vəhşiliklərə
görə bütün dünyada ifşa edəcəyik. O
cümlədən xarici şirkətləri, hansılar ki,
bizim təbii yataqlarımızı istismar ediblər.
Qızıl yataqlarımızı, digər
yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlər
hesab edirlər ki, bizdən yaxa qurtaracaqlar? Yox! Biz onları məhkəməyə
gətirəcəyik, onları biabır edəcəyik.
Oxçuçay suyunu sarı rəngə boyayan
"Cronimet" şirkəti gəlsin o zibilini təmizləsin.
Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi
unutduq. Biz heç nəyi unutmamışıq və
unutmayacağıq".
Onu da unutmayacağıq ki, ermənilər
müharibə zamanı Şuşadan qaçarkən növbəti
vəhşiliklərini törədib və su xətlərini
də partladıblar. İşğal dövründə isə
17 bulağın 17-sini də yararsız vəziyyətə
salıb, qurudublar. Əslində, bu vəhşilikləri ilə
bir daha göstəriblər ki, Şuşa heç vaxt
onların şəhəri olmayıb.
Erməni vandalları bir zamanlar
bütün keçmiş SSRİ məkanında tanınan Kəlbəcərdəki
sanatoriyanın binalarını uçurmaqla yanaşı,
buradakı su mənbələrini də tamamilə
dağıdıblar. İndi Prezidentimizin
tapşırığı ilə İstisu
sanatoriyasının yerində müasir hotelin tikilməsi
üçün layihə hazırlanır. Kəlbəcər-İstisu
avtomobil yolunun çəkilişi davam etdirilir. Müalicəvi
içməli suyun istehsalına da başlanmalıdır.
Prezident İlham Əliyev bununla
bağlı deyib: "İstisu yenə də öz
şöhrətini qaytaracaq. Azad edilmiş torpaqlarda indi
içməli su mənbələrinin layihələndirilməsi
gedir. Onların arasında, əlbəttə ki, Şuşa
şəhərinin içməli su layihəsi prioritetdir.
Çünki artıq Şuşada insanlar yaşayırlar.
Şuşada yaşayış binaları da tikilir və
tezliklə insanlar qayıdacaqlar. Ona görə
Şuşanın içməli su layihəsi bu il tam istifadəyə
verilməlidir... Suvarma işləri həm azad edilmiş
torpaqlar üçün, həm bütün ölkə
üçün ərzaq təhlükəsizliyini şərtləndirən
əsas amillərdən biri olacaq. Bu layihələr elə
icra edilməlidir ki, bizim ümumi suvarma təsərrüfatımıza
inteqrasiya olunsun. Bax buna da çox ciddi fikir vermək
lazımdır. Çünki azad edilmiş torpaqların
relyefi belədir ki, - xüsusilə Kəlbəcər,
Laçın, Qubadlı zonasını nəzərdə
tuturam, - oradan həm suvarma suyu, həm içməli su öz
axarı ilə gəlib Ağdama, Bərdəyə və digər
yerlərə çata bilər. Bu, ümumi suvarma sistemimizə
inteqrasiya edilməlidir. Eyni zamanda biz çaylarımızdan
içməli su mənbəyi kimi istifadə etməliyik".
İşğal zamanı
düşmən çoxsaylı su anbarlarımıza da zərbə
endirib. Odur ki, indi qarşıda Xudafərin, “Qız
qalası”, Suqovuşan, Xaçın, Köndələnçay-1,
Köndələnçay-2, Aşağı Köndələnçay,
Ağdamkənd və digər su anbarlarının bərpası
işləri dayanır. Konkret layihələrə gəldikdə
isə, Həkəriçay Su Anbarının tikintisi,
Suqovuşan Su Anbarının və kanalın, həmçınin
Xaçınçay Su Anbarının və kanalın təmiri
nəzərdə tutulur. Xatırladaq ki, Xaçınçay
Su Anbarı Fərrux dağının altında, Fərrux kəndinin
yanındadır. Ona görə də ermənilərin hərbi
mövqeləri bu su anbarının istismarını təhlükəyə
salmışdı. Dəfələrlə oradan və digər
kəndlərdən Ağdam istiqamətinə atəş
açılırdı. Azərbaycanın böyük
dağlarından olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir
və orada üçrəngli bayrağımız
dalğalanır. Xaçınçayın təhlükəsizliyi
və onun suyundan səmərəli istifadə etmək
üçün Fərrux dağının böyük əhəmiyyəti
var.
Daha sonra Aşağı Köndələnçay,
Köndələnçay-1 və Köndələnçay-2
su anbarlarının təmiri gözlənilir. Tərtərçay
Sol Sahil Kanalının, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarının su təsərrüfatı kompleksinin yenidən
qurulması, o cümlədən su mənbələrinin
müəyyən edilməsi nəzərdə tutulur. Bərgüşad
Su Anbarının layihəsinin hazırlanması cari ildə
öz həllini tapmalıdır. Bu yaxınlarda verilən yeni
təklif əsasında Zəngilan, yaxud Qubadlı
rayonlarının birində yeni su anbarının tikintisi də
nəzərdə tutulur. Həmin tədbirlər yaxın
zamanlarda 10 min hektar torpağın suvarılmasına imkan verəcək.
Azərbaycan bu işlərin
hamısını görüb başa çatdıracaq. Biz,
necə deyərlər, tarixi ədaləti bərpa edəcəyik.
Erməni vandallarının isə törətdikləri vəhşiliklərə
görə tarix və yeni nəsıllər
qarşısında həmişə üzləri qara olacaq,
onların cinayətkar əməlləri daim lənətlənəcək.
Flora SADIQLI
Azərbaycan. - 2022.- 21 aprel.- S.11.