Zəfərin diktə etdiyi
reallıq
İlham Əliyev Brüssel
razılaşmasını uğurlu
başlanğıc kimi qiymətləndirir
Postmüharibə dövrünün yeni reallıqlarından biri də Ermənistanla sülh sazişinin imzalanmasına dair aparılan danışıqlar prosesidir. Artıq Avropa İttifaqının təşəbbüsü ilə bu prosesə start verilib. Aİ Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə təşkil olunan iki görüş qalib Azərbaycanla məğlub Ermənistan arasında kompromis yaradıb.
Ən mühüm məsələ isə odur ki, həm Ermənistan, həm də Aİ daxil olmaqla digər beynəlxalq təşkilatlar
İlham Əliyevin irəli sürdüyü 5 prinsip əsasında sülh sazişinin bağlanmasını dəstəkləyirlər. Bu isə birmənalı olaraq təsdiq edir ki, indi diktəni Qalib Komandan edir.
Aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Azərbaycan Prezidenti bir daha son danışıqlar prosesinə toxunaraq qeyd etdi ki, Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə tərəflər çox mühüm məsələləri müzakirə edib və razılığa gəlmək imkanı bir qədər də artıb. İlham Əliyev baş verən bu reallığı başlanğıc nöqtəsi kimi qiymətləndirib. Çünki məhz aprelin 6-da Brüsseldə baş tutan görüşdə tərəflər sərhəd üzrə komissiyaların və eyni zamanda sülh sazişi üzrə işçi qrupların yaradılması barədə razılığa gəliblər.
Həmin görüşdən sonra açıqlama verən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin fikirləri də onu deməyə əsas verir ki, tərəflər artıq müxtəlif məsələlərdə ümumi razılığa gələ biliblər. İlham Əliyev və Nikol Paşinyanla çox səmərəli görüşün keçirildiyini deyən Şarl Mişel böyük bir irəliləyişə nail olunduğunu vurğuladı. Diplomat bəyan etdi ki, birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar verilib. Həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəlinib.
Hər kəsə bəllidir ki, Avropa İttifaqı dünyada mövcud olan böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Aİ-nin məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına nail olunmasıdır. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün də olduqca mühümdür. Ona görə də Aİ bu məsələdə qərəzsiz tərəf kimi çıxış edir. Bu səbəbdən də tərəflər arasında sülh danışıqlarının uğurlu sonluğunu gözləyənlər çoxluq təşkil edir.
Lakin inkaredilməz reallıqdır ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra İlham Əliyev bütün çıxışlarında, müsahibələrində, bəyanatlarında sülh sazişinin bağlanmasının vacibliyini bildirirdi. Ermənistan isə nəinki sülh danışıqlarına gedir, hətta 10 noyabr bəyanatında üzərinə düşən öhdəlikləri belə yerinə yetirməkdən boyun qaçırırdı. Amma bu gün Ermənistan həm sülh danışıqlarına hazır olduğunu bəyan edir, həm də İlham Əliyevin 5 prinsipdən ibarət təkliflərini də yerinə yetirməyə razılıq verir.
Qeyd edək ki, Qalib Komandan kimi İlham Əliyev sülh sazişinin imzalanması üçün Ermənistan qarşısında
5 prinsipdən ibarət təkliflər irəli sürmüşdü. Yalnız bu şərtlərin yerinə yetiriləcəyi təqdirdə məğlub ölkənin rəhbəri ilə sülh müqaviləsi imzalana bilər. Yəni Azərbaycan Prezidentinin təklifinə əməl olunarsa, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.
Azərbaycan Prezidentinin şərtlərinə gəlincə bu təkliflər hər iki dövlətin vətəndaşlarının, ərazi bütövlüyünün təhlükəsizliyini təminat altına alır. Dövlətlər bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıyır. Həmçinin bir-birinə qarşı ərazi iddialarının olmamasını qarşılıqlı təsdiq edir və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəlik götürürlər. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, eləcə də nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın yaradılması məsələləri də İlham Əliyevin 5 prinsipinin tərkib hissəsidir.
Bir sözlə, onu deyə bilərik ki, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, Cənubi Qafqazda sülhün bərqərar olmasıdır.
Ən əsası da odur ki, dünyanın ən böyük siyasi təşkilatı olan BMT də, Avropa İttifaqı da yeni reallıqları, xüsusən də İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2022.- 22 aprel.- S.5.