AÇG və “Şahdəniz"

 

Azərbaycan iqtisadiyyatının əsas gəlir mənbəyi

 

Xəzərin Azərbaycana məxsus bölməsindəki nəhəng "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" karbohidrogen yataqları ölkəmizə gəlirlər gətirməkdə, iqtisadiyyatımızı gücləndirməkdə davam edir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) açıqladığı rəqəmlər də bunu bir daha təsdiqləyir.

Belə ki, cari ilin ilk üç ayında AÇG-dən 1 milyard 866 milyon dollar gəlir götürülüb. Bu yataqlar blokundan 2001-ci ildən etibarən əldə olunan ümumi gəlirlər isə 157 milyard 239 milyon dollar təşkil edib.

Xatırladaq ki, AÇG 28 ilə yaxındır etibarlı tərəfdaşlıq, ekoloji baxımdan zərərsiz əməliyyatlar sayəsində təhlükəsiz işlənir və 25 ilə yaxındır ahəngdar şəkildə neft-qaz verir. Prezident İlham Əliyev "Azəri-Çıraq-Günəşli"də hasilatın sabit saxlanılmasının, layihə ilə bağlı bütün işlərin plan üzrə getməsinin vacib məsələ olduğunu vurğulayaraq demişdir: "Bu yataq bizim əsas gəlir mənbəyimizdir. Bunu hər kəs bilməlidir".

1994-cü ilin sentyabr ayında AÇG üzrə müqavilə imzalanarkən tərəfdaşlar bu yataqların təxmini ehtiyatlarının 511 milyon ton olduğunu bildirmişdilər. Hazırda mütəxəssislər burada sərvətin daha çox - ən azı 1 milyard ton olduğu fikrini söyləyirlər. 2017-ci ilin sentyabr ayında AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması da bu amilə əsaslanır. Yeni müqavilə 2050-ci ilin əvvəlinədək davam edəcək və qarşıdakı illərdə AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətləri maksimuma çatdıracaq.

"Azəri-Çıraq-Günəşli" layihəsının operatoru olan bp şirkətinin məlumatına görə, hasilat sabit, təhlükəsiz və etibarlı şəkildə davam edir. Keçən il gündə orta hesabla "Çıraq"dan 27 min, "Mərkəzi Azəri"dən 109 min, "Qərbi Azəri"dən 116 min, "Şərqi Azəri"dən 76 min, "Dərinsulu Günəşli"dən 86 min və "Qərbi Çıraq"dan 44 min barel neft hasil olunub. Beləliklə, AÇG-dən gündəlik orta hasilat 458 min barel təşkil edib. İl ərzində bu yataqlar bloku ümumilikdə təxminən 167 milyon barel, yəni 23 milyon ton neft verib.

2021-ci il sentyabrın 18-də AÇG layihəsi 4 milyon barel ümumi hasilat əldə olunması uğurunu qeyd edib. İlin sonunda müqavilə sahəsində 135 neft hasilatı, 29 su injektor 8 qaz injektor quyusu istismarda olub.

"Azəri Mərkəzi Şərqi" (ACE) layihəsi plana uyğun şəkildə irəliləyir. Keçən ilin sonunda axırıncı iri avadanlıq yükləri Bakıya çatdırılıb beləliklə , lazım olan bütün avadanlıqların daşınması başa çatıb. Bibiheybətdəki tikinti sahəsində ACE platformasının üst modullarının qazma avadanlıqlarının istehsal-quraşdırma işləri öz qaydasında irəliləyir. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda isə dayaq blokunun tikintisi üzrə işlər aparılır. "İsrafil Hüseynov" borudüzən gəmisi artıq platformanın sualtı neft qaz xətlərinin tikintisinə başlayıb.

Ötən ilin sonuna ACE layihəsi üzrə işlər 65 faiz tamamlanıb. Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir. Ümumilikdə mühəndis-layihə, tədarük istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatın 2023-cü ildə əldə olunması qrafikinə uyğun davam edir.

2021-ci ildə AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr, ümumilikdə 3 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən laylara vurulub.

"Şahdəniz"də işlər qaydasında gedir. Dövlət Neft Fondunun yaydığı məlumata görə, bu ilin ilk üç ayında "Şahdəniz" yatağı üzrə qazın kondensatın satışından 359 milyon 125 dollar gəlir əldə olunub. O cümlədən ilin birinci rübündə kondensatın satışından gəlirlər 62 milyon 494 dollar təşkil edib. Son 15 ildə "Şahdəniz" qazının kondensatının satışından daxil olan ümumi gəlirlər 4 milyard 911 milyon dollardır.

Xatırladaq ki, "Şahdəniz" son onilliklərdə dünyada kəşf olunmuş ən böyük karbohidrogen yataqlarındandır. Buna görə yatağın mərhələlərlə işlənməsi təsadüfi deyil.

"Şahdəniz" dedikdə CQBK (Cənubi Qafqaz Boru Kəməri), BTƏ (Bakı-Tbilisi-Ərzurum) kəməri, TANAP (Trans-Anadolu Qaz Boru Kəməri), TAP (Trans-Adriatik Qaz Boru Kəməri) yada düşür. Bu yataq "Cənub qaz dəhlizi"nin ehtiyat mənbəyidir. Bir sözlə, "Şahdəniz" həmin yataqdır ki, onun sayəsində qədim zamanlardan neft diyarı kimi tanınan Azərbaycan həm qaz ixrac edən ölkə kimi şöhrət tapıb.

Təkcə bir faktı qeyd etmək yetər ki, "Cənub qaz dəhlizi" Məşvərət Şurasının 2015-ci ildən bəri ildə bir dəfə keçirilən 8 toplantısının 7-nə Azərbaycan evsahibliyi edib. (Yalnız ötənilki tədbir koronavirus pandemiyası səbəbindən videoformatda keçirilib). Bu da Prezident İlham Əliyevin dünyadakı hörmət nüfuzunun daha bir təsdiqidir. Həm vurgulamaq yerinə düşər ki, dövlət başçısının şəxsən iştirak etdiyi bu iclasların layihənin bütün seqmentlərinin həyata keçirilməsində mühüm əhəmiyyəti olub.

Ötən il "Şahdəniz" yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd edildi. Yataqdan Azərbaycan ("Azərkontrakt" ASC-), Gürcüstan (GOGC-), Türkiyə (BOTAŞ-a) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə Avropadakı alıcılara qaz çatdırılması yenə ahəngdar gedir. Keçən il "Şahdəniz Alfa" "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 23 milyard standart kubmetr qaz 4 milyon ton (təqribən 34 milyon barel) kondensat hasil olunub. İyul ayında ilk dəfə olaraq "Şahdəniz Bravo"dan gündəlik hasilat "Şahdəniz Alfa" ilə eyni səviyyəyə çatıb. Qeyd edək ki, hazırda mövcud "Şahdəniz" qurğularının hasilat gücü gündə təxminən 72 milyon (ildə 26 milyarddan artıq) standart kubmetrdir.

"Şahdəniz" Bakıdan təqribən 70 kilometr cənub-şərqdə yerləşir. Burada suyun dərinliyi 50 metrdən 600 metrədək dəyişir. Yatağın kollektor dərinliyi 1000 metrdən çoxdur, uzunluğu isə 22 kilometrdir. Bu, 140 kvadratkilometrdən artıq sahəsi ilkin hesablamalara görə, təqribən 1 trilyon kubmetr mavi yanacaq 2 milyard barel kondensat ehtiyatı ilə dünyanın ən böyük yataqlarından biridir. Belə ki, 1997-2001-ci illərdə "Şahdəniz" strukturunda qazılmış kəşfiyyat qiymətləndirmə quyuları onun dünya səviyyəli qaz-kondensat yatağı olduğunu təsdiq edib.

Hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsində "Şahdəniz-2" layihəsi çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil olunacaq. İşlənməsinin birinci mərhələsindən əldə olunan hasilat həcmi ilə birlikdə "Şahdəniz"dən ümumi hasilat ildə 26 milyard kubmetr qaz gündə 100 min bareldən çox kondensat təşkil edəcək. Yataqdan çıxarılan kondensat Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə vurulur.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.-22 aprel.- S.5.