Şuşanın içməli su təchizatı sistemi təkmilləşdirilir

 

Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun növbəti iclası keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdən AZƏRTAC-a verilən məlumata əsasən, Şuşa şəhərində baş tutan iclasda "Azərsu" ASC-ninişçi qrupuna daxil olan digər dövlət təşkilatlarının əməkdaşları və mütəxəssislər iştirak ediblər.

İclasda Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin içməli su təchizatının bərpası məqsədilə görülmüş təxirəsalınmaz işlər və perspektiv layihələr barədə məlumat verilib, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri ilə bağlı təqdimatlar edilib.

Bildirilib ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhəri su ilə təmin edən Kiçik Kirs və Zarıslı mənbələrinin fəaliyyəti qısa müddət ərzində bərpa edilib, magistral kəmərlərdə və su anbarlarında təmir-bərpa işləri həyata keçirilib. Şəhər ərazisində davam edən abadlıq-quruculuq və tikinti-quraşdırma işləri, yeni tikiləcək yaşayış və qeyri-yaşayış obyektləri içməli suya tələbatı xeyli artıracaq. Mövcud mənbələrin məhsuldarlığı yay mövsümündə tələbatı tam ödəməyəcək. Bütün bunlar nəzərə alınaraq alternativ mənbə kimi Zarıslı çayının su ehtiyatlarından istifadə olunması nəzərdə tutulur. Şuşa şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla dayanıqlı içməli su təminatı məqsədilə çayın məcrasında yeni su anbarının layihələndirilməsi işləri davam etdirilir. Zarıslı çayının məcrasında yaradılacaq anbarda toplanan suyun şəhərə nəqli məqsədilə nasos stansiyasının və 2,6 kilometr uzunluğunda təzyiqli su kəmərinin inşası planlaşdırılır.

 

Azərbaycan.- 2022.- 22 aprel.- S.5.