Milli Məclisdə
TÜRK PA-nın seminarı
keçirilib
Dost və qardaş ölkələr arasında
qanunvericilik və parlamentlərarası peşəkar
münasibətlər inkişaf
etdirilir
Aprelin 21-də Milli
Məclisdə TÜRKPA-nın
Sosial, mədəni və humanitar məsələlər komissiyasının
“Əhalinin sosial cəhətdən həssas
qruplarının sahibkarlıq
fəaliyyətinə həvəsləndirilməsi:
reallıqlar və perspektivlər” mövzusunda
seminarı keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbirə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili moderatorluq edib.
Seminarı giriş
nitqi ilə açan Tahir Mirkişili iştirakçıları
salamlayaraq bildirib ki, bu gün
pandemiyadan sonra
TÜRKPA-nın ilk canlı
iclasına ev
sahibliyi edən Azərbaycan Respublikasının
Milli Məclisi Sahibə Qafarovanın rəhbərliyi ilə
dost və qardaş ölkələrimiz arasında
qanunvericilik sahəsində
əməkdaşlığın və parlamentlərarası
peşəkar münasibətlərin
inkişaf etdirilməsinə
xüsusi önəm verir.
O, dünyada texnologiyaların inkişaf
etməsi, əmək
məhsuldarlığına yaranan tələblər kontekstində əhalinin həssas qruplarının
qorunması, işsizliyin
azaldılması, yoxsulluğa
qarşı mübarizənin
vacibliyini diqqətə
çatdırıb. Bu kontekstdə
Azərbaycanda aparılan
sosial siyasətin əsas istiqamətləri,
onun qanunverici bazası, sosial sahibkarlığın inkişaf
etdirilməsi, təşviqi
mexanizmlərinin yaradılması
barədə danışan
komitə sədri qeyd edib ki,
təkcə ünvanlı
dövlət sosial yardım proqramı çərçivəsində il ərzində 47 min ailə 158 milyon manat vəsait alıb, özünüməşğulluq
proqramları çərçivəsində
isə təxminən
16 minə yaxın vətəndaş istehsal vasitələri ilə təmin edilib.
Komitə sədri
Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə
Azərbaycanda sosial cəhətdən həssas
qruplara xüsusi qayğının göstərilməsi,
onların əmək,
məşğulluq və
yaradıcı potensialının
gerçəkləşdirlməsi istiqamətində görülən
işlərdən və
yaradılan inklüziv
imkanlardan və innovativ həllərdən
bəhs edib.
Sonra TÜRKPA-nın Baş katibi Mehmet Süreyya
Er salamlama nitqi ilə çıxış edib.
O, toplantının türk
dünyasının qardaşlığına,
parlamentlərarası əlaqələrinə
töhfə verəcəyinə
inamını bildirib.
Mehmet Süreyya Er seminarın dünyanın,
o cümlədən TÜRKPA ölkələrinin də
qarşılaşdığı müasir çağırışlar,
xüsusilə ən həssas təbəqələr
üçün imkanların
genişləndirilməsi ilə
bağlı üzərinə
düşən məsuliyyətin
yerinə yetirilməsi
baxımından əhəmiyyətinə
toxunub.
TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının
sabah keçiriləcək
9-cu iclasında “Sosial
sahibkarlığın inkişafı
haqqında” model qanun layihəsinin müzakirə
ediləcəyini də
bildirən Baş katib tədbirin gerçəkləşməsində göstərdiyi yüksək
qonaqpərvərliyə və
hərtərəfli dəstəyə
görə Milli Məclisə və əməyi keçən
hər kəsə təşəkkürünü bildirib.
Seminarın açılış
hissəsində Dayanıqlı
və Operativ Sosial Təminat Agentliyinin (DOST) İdarə
Heyətinin sədri Fərid Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) İdarə
Heyətinin sədr müavini Samir Hümbətov çıxış
ediblər.
Onlar Azərbaycanda sosial sahədə əhalinin rifah halının yaxşılaşdırılması, həmçinin vətəndaş
məmnunluğunun artırılmasına
yönəlmiş mütərəqqi,
çoxşaxəli və
mərhələli şəkildə
həyata keçirilən
islahatlardan danışıblar,
təmsil etdikləri qurumların gördüyü
işlər, əldə
etdiyi nəticələr
barədə məlumat
veriblər.
Açılış hissəsi bitdikdən sonra seminar öz işini sessiyalarda davam etdirib. Sessiyalarda TÜRKPA-ya üzv ölkələrin
təqdimatları dinlənilib,
qarşılıqlı fikir
mübadiləsi aparılıb.
“TÜRKPA-nın
üzv ölkələrinin
əhalisinin sosial cəhətdən həssas
qruplarının sahibkarlıq
fəaliyyətinə cəlb
edilməsi problemləri
və qanunvericilik səviyyəsində həlli
yolları” adlanan I sessiyası TÜRKPA-nın
Sosial, mədəni və humanitar məsələlər komissiyasının
sədri, Qırğız
Respublikasının Joqorku
Keneşinin üzvü
Aybek Osmonovun moderatorluğu ilə keçirilib.
Sessiyada Milli Məclisin deputatı, TÜRKPA-nın
Sosial, mədəni və humanitar məsələlər komissiyasının
üzvü Hikmət Məmmədov çıxış
edib.
Hikmət Məmmədov hər bir cəmiyyətdə həssas qrupların mövcudluğunun dəyişməz
gerçəklik olduğunu
qeyd edərək
TÜRKPA-ya üzv ölkələrin bu problemlərin həlində
ortaq qərarlar qəbul etmək istəyini yüksək qiymətləndirib. O, sosial məsələlərin mahiyyətinə
toxunaraq sosial təminatın yaxşılaşdırılması,
inklüziv inkişafın
dəstəklənməsi, sosial sahibkarlığın
aktuallığı barədə
fikirlərini səsləndirib.
Qeyd edək ki, bu
sessiyada Azərbaycan tərəfindən təqdimatı
Dayanıqlı və
Operativ Sosial Təminat Agentliyinin şöbə müdiri Aygün Musayeva edib.
Seminarın “TÜRKPA-nın üzv ölkələrində sosial
sahibkarlığın inkişafının
stimullaşdırılmasına qanunvericilik dəstəyi”
adlanan II sessiyasına
Milli Məclisinin üzvü, TÜRKPA-nın
Sosial, mədəni və humanitar məsələlər komissiyasının
sədr müavini, Nizami Cəfərov moderatorluq edib.
Nizami Cəfərov sosial cəhətdən tarixən
cəmiyyətin bir hissəsi olmuş həssas qrupların problemlərinin müasir dövrdə aktuallaşmasına
toxunub, dünyada köçkün və qaçqınlarının sayının
artmasının bu problemi daha da
qabartdığını bildirib. O, əhalinin
sosial cəhətdən
həssas təbəqələrinin
sahibkarlıq fəaliyyətinə
həvəsləndirilməsi, həmçinin müəssisələrin
bu kateqoriyadan olan vətəndaşları
öz fəaliyyətlərinə
cəlb etməsi formaları ilə bağlı fikirlərini bölüşüb.
İkinci sessiyada Azərbaycan tərəfindən təqdimatla
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin
müdiri Adil Vəliyev çıxış
edib. O, sosial sahibkarlıq
fenomenini qanunvericilik aspektindən xarakterizə
edib, onun Azərbaycan qanunvericiliyindəki
yeri, normativ-hüquqi bazası, təşkilati-hüquqi
formaları haqqında
məlumat verib. Sosial sahibkarlığın inkişaf
etdiyi sahələr, onun hüquqi tənzimlənməsinin təməl
prinsiplərindən bəhs
edib.
Sessiyalardan sonra seminara yekun vuran Milli Məclisin
komitə sədri Tahir Mirkişili seminarda söylənilənləri
ümumiləşdirərək belə bir fikir
ifadə edib ki, sosial cəhətdən
həssas təbəqələrinin
istehsal fəaliyyətinə
cəlb edilməsində
dövlətin həvəsləndirici
tədbirlərinin və
qanunvericilik dəstəyinin
rolu əvəzsizdir.
R.BAXŞƏLİYEV
Azərbaycan.-
2022.- 22 aprel.- S.6.