Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin nümayəndə heyəti FHN-də olub

 

Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Baş əməliyyat departamentinin rəisi Yusuf Aysunun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 21-də Fövqəladə Hallar Nazirliyində (FHN) olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti ilə görüşən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yüksək səviyyədə inkişaf edən Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edib, BMT çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Axtarış-Xilasetmə üzrə Məşvərətçi Qrupu tərkibində ölkələrimizin müvafiq qurumlarının səmərəli əməkdaşlığının əhəmiyyətindən danışıb.

Görüşdə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının Protokoluna əlavə olan Azərbaycan–Türkiyə İqtisadi Əməkdaşlığına dair Fəaliyyət Planının 110-cu maddəsində qeyd edilən axtarış və xilasetmə sahəsində məlumat və təcrübə mübadiləsinin aparılmasının mütəmadi olaraq həyata keçirilməsi, tədris və təlim imkanlarının araşdırılması məqsədilə hər iki ölkə arasında əməkdaşlıq səfərlərinin və aidiyyəti üzrə işçi görüşlərin həyata keçirilməsi məsələləri ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb. Bundan əlavə, görüş çərçivəsində nazirliyin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin fəaliyyətinin BMT tərəfindən qəbul edilmiş beynəlxalq standartlara uyğun olaraq təşkili və INSARAG klassifikasiyasından müvəffəqiyyətlə keçməsi məqsədilə ikitərəfli görüşlərin və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Etibar Mirzəyev nazirliyin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin fəaliyyətinin INSARAG klassifikasiyasından müvəffəqiyyətlə keçməsi üçün göstərdiyi dəstəyə görə Türkiyə tərəfinə təşəkkürünü bildirib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin Baş əməliyyat departamentinin rəisi Yusuf Aysu ölkələrimizin müvafiq qurumları arasında axtarış və xilasetmə sahəsində, həmçinin Azərbaycan–Türkiyə İqtisadi Əməkdaşlığına dair Fəaliyyət Planına uyğun olaraq, FHN Akademiyası ilə Türkiyənin müvafiq təhsil müəssisələri arasında əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, eyni zamanda, nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin INSARAG klassifikasiyasından müvəffəqiyyətlə keçməsi üçün gələcəkdə AFAD tərəfindən lazımi dəstəyin göstəriləcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində AFAD nümayəndə heyəti FHN-in Akademiyasının fəaliyyəti ilə yaxından tanış olub.

 

Azərbaycan.- 2022.- 22 aprel.- S.6.