Ankarada Azərbaycan və Türkiyə arasında ailə,
qadın və uşaq məsələləri
üzrə əməkdaşlığın genişləndirilməsi
imkanları müzakirə olunub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, aprelin 21-də səfər çərçivəsində Ankara şəhərində Türkiyə ailə və sosial xidmətlər naziri Dərya Yanık və Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyətləri arasında görüş keçirilib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun iştirakı ilə keçirilən görüşdə ölkələrimiz və adıçəkilən dövlət qurumlar arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və ikitərəfli əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
Nümayəndə heyətimizin səfərindən məmnun olduğunu qeyd edən nazir Dərya Yanık iki qardaş ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsində uğurla davam etdiyini bildirib. Nazir müvafiq qurumlar arasında ən üst səviyyədə əməkdaşlığın gücləndirilməsində maraqlı olduqlarını ifadə edib.
Ailə və Sosial Xidmətlər Nazirliyinin fəaliyyəti haqqında məlumatları diqqətə çatdıran nazir Dərya Yanık bildirib ki, ailə, qadın və uşaq məsələləri istiqamətində Azərbaycanın eynitəyinatlı komitəsi ilə birgə layihələrin həyata keçirilməsinə, yeni təşəbbüslərə daim hazırdırlar. Sosial xidmət üzrə ehtiyacların müəyyən edilməsi, yaşlılara və sağlamlıq imkanları məhdud insanlara edilən yardımlardan bəhs edən nazir, şəhid və qazi ailələrinə göstərilən dəstək istiqamətində də Türkiyə təcrübəsini bölüşüb.
Komitə sədri Bahar Muradova dəvətə görə təşəkkürünü bildirərək qeyd edib ki, tarixi köklərə və qardaşlığa hər zaman önəm verən, həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə arasında əlaqələr siyasi, iqtisadi-ticari, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf etməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı səmimi dostluq və qardaşlıq münasibətləri, eləcə də parlamentlərimizdə fəaliyyət göstərən geniştərkibli dostluq qrupları, ölkələrin parlamentlərinin beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlığı bizi qürurlandırır. Bütün bunlar münasibətlərimizin yüksək səviyyəli inkişafına, həmçinin regionun tərəqqisinə, sülh və sabitliyə mühüm töhfələr verir.
Komitə sədri əlavə edib ki, tarixin müxtəlif mərhələlərində Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olması, qarşılıqlı dövlət siyasətlərinin dəstəkləməsi əlaqələrimizin gücündən xəbər verir. “Vətən müharibəsində Qələbə qazanmış ölkə kimi bu görüşdə iştirak etmək bizi qürurlandırır. Torpaqlarımızın işğaldan azad olunması uğrunda haqlı mübarizəmizdə biz Türkiyənin mənəvi və siyasi dəstəyini hər zaman hiss etmişik. Şuşa Bəyannaməsi hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə B.Muradova vurğulayıb.
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin fəaliyyətinin effektivliyinə diqqət çəkən komitə sədri qeyd edib ki, 2011-ci ildə nazirlik ilə komitə arasında ailə, qadın və uşaq məsələləri sahəsində Əməkdaşlıq Protokolu imzalanıb. Ötən müddət ərzində protokola uyğun olaraq, bir sıra vacib tədbirlər həyata keçirilib, uğurlu layihələr icra edilib. B.Muradova bu istiqamətdə birgə işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.
Azərbaycan.-
2021.- 22 aprel.- S.6.