Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasında görüş keçirib

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində ikinci mühüm görüş aprelin 21-də hakim Ədalət və İnkişaf Partiyasında (AK Parti) keçirilib. Komitə sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradovanın və Türkiyə Böyük Millət Məclisinin üzvü, AK Partinin Qadın Təşkilatının sədri Ayşə Kəşirin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında keçirilmiş görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Tərəflər cəmiyyətimizin inkişafında avanqard qüvvə olan qadınların ictimai-siyasi proseslərdəki rolu, hüquqlarının qorunmasına dövlət dəstəyi və sair məsələlər barədə səmərəli müzakirələr aparıblar.

Xatırladaq ki, Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanıkın dəvəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti qardaş ölkədə səfərdədir. Səfərin məqsədi qarşılıqlı təcrübənin öyrənilməsi və əməkdaşlıq əlaqələrini daha da genişləndirməkdir.

Səfərini davam etdirən Azərbaycan nümayəndə heyəti aprelin 22-də Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyinin digər təsisatları ilə tanış olacaq.

 

Azərbaycan.- 2021.- 22 aprel.- S.6.