İnnovativ quruculuq ünvanı

 

2022-ci il Qarabağ və Şərqi Zəngəzurun bərpasında mühüm mərhələ olacaq

 

44 günlük İkinci Qarabağ müharibəsində bütün dünya Prezident İlham Əliyevin qətiyyətinin, ordumuzun peşəkarlığının, xalqımızın öz torpaqlarını işğaldan azad etmək əzminin şahidi oldu. Bu zəfəri bizə dövlət başçısının müdrik siyasəti, xalqımızın həmrəyliyi, Silahlı Qüvvələrimizin ən müasir standartlara cavab verən döyüş qabiliyyəti yaşatdı. Bütün bunlar Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə, regionda yeni reallıqlar yaratdı.

 

Azərbaycanın iqtisadi gücünün təcəssümü

 

2020-ci ilin noyabrından isə dünya Prezident İlham Əliyevin möhtəşəm quruculuq əzminə şahidlik edir. Qısa dövr ərzində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin miqyası olduqca əzəmətlidir. İşğaldan azad olunmuş ərazilərimizdə infrastrukturların bərpası ilə başlayan layihələr indi bir çox sahəni əhatə edir. Hətta azad olunmuş torpaqlar kənd təsərrüfatına cəlb edilib və əkin-biçin işləri aparılır.

Ötən il bir neçə layihənin başa çatdırılması dövlətimizin iradəsinin təcəssümü oldu. Şuşaya aparan Zəfər yolunun, Füzulidə hava limanının inşası, Kəlbəcər rayonuna hündür dağlıq ərazilərdən elektrik xətlərinin çəkilməsi həm də Azərbaycan dövlətinin iqtisadi gücünün təcəssümü kimi tarixə düşdü. O cümlədən Suqovuşana çəkilən yeni yol istifadəyə verildi. Bu mənada vacib məqamlardan biriondan ibarətdir ki, həmin meqalayihələri dövlətimiz heç bir xarici dəstək olmadan, heç bir donordan maliyyə yardımı almadan, öz daxili imkanları hesabına başa çatdırdı.

Qısa müddətdə bu əzəmətli layihələrin yerinə yetirilməsi göstərdi ki, Qarabağ və Şərqi Zəngəzurda həyat tezliklə öz axarına qayıdacaq. Məlum olduğu kimi, AğdamFüzuli şəhərlərinin baş planları təsdiqlənib və onların əsasında bəzi infrastruktur layihələrinin və yaşayış məhəllələrinin təməli qoyulub. O cümlədən Şuşada genişmiqyaslı bərpa işləri davam edir.

Onu da qeyd edək ki, azad olunmuş ərazilərin yenidən qurulması proqramının icrası üçün dövlət büdcəsindən ayrılmış vəsait 2,2 milyard manatdır. 2022-ci ilin birinci rübü ərzində həmin vəsaitin 346 milyon manat, yaxud 16 faizə yaxın hissəsi artıq icra olunub.

 

Çoxsaylı layihələrin icrası bu il başa çatdırılacaq

 

Bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev qarşıda duran vəzifələr barədə məlumat verdi. Bu il Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, HadrutSuqovuşan qəsəbələrinin də baş planları hazırlanıb təsdiq ediləcək. Baş planlar təsdiq olunandan sonra isə yaşayış binalarının inşası həyata keçiriləcək.

O cümlədən azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək. Ötən il ikisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcərdə Lev çayı üzərində olmaqla 20 meqavat gücündə 4 su-elektrik stansiyası artıq inşa edilib. Bu il dövlət tərəfindən gücü 27 meqavata bərabər olacaq daha beş stansiya inşa ediləcək.

Bu il həmçinin Zəngilan Beynəlxalq Hava Limanının, Laçın şəhərindən yan keçən yeni alternativ yolun, Füzuli-Hadrut, Qubadlı-Eyvazlı yollarının, habelə Naftalandan Talış kəndinə qədər yolların istifadəyə verilməsi nəzərdə tutulur. Ağdam, Cəbrayıl və Şuşada orta məktəblərin tikintisibu il ərzində başa çatdırılmalıdır. 2022-ci il həm də keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönüş ili kimi tarixə düşəcək. Belə ki, bu il yenidən qurulan Ağalı kəndi doğma sakinlərini qarşılayacaq.

 

İlham ƏLİYEV: "Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq"

 

Məlum olduğu kimi, bu ilin mart ayında Azərbacanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yoluavtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu layihə böyük iqtisadi dividendlər gətirməklə yanaşı, həm də Naxçıvanın blokadadan çıxmasında, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlantısının yaradılmasında mühüm rol oynayacaq.

Bununla bağlı danışan Prezident İlham Əliyev "Əlbəttə, bu, Zəngəzur dəhlizinin açılmasını inkar etmir. Zəngəzur dəhlizi açılmalıdır" deyə bildirib. Zəngəzur dəhlizinin açılması Azərbaycanın milli prioritetlərindən və hədəflərindən biridir. 44 günlük müharibədə Ermənistanı məğlub edən dövlətimizin bu məqsədinə də çatacağı şübhəsizdir. Artıq Zəngəzur dəhlizinin elementlərini təşkil edən kommunikasiyaların da bir qismi yerinə yetirilib.

Bir neçə gün əvvəl Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Prezident İlham Əliyev respublikamızın ərazisində dəmir yolunun artıq 60 kilometrlik hissəsinin tikildiyiniinşa işlərinin gələn il tamamlanacağını bildirdi. Avtomobil yolunda da qızğın tikinti işləri gedir və növbəti ilin sonuna kimi dörd və altızolaqlı avtomagistral Ermənistan sərhədinə çatdırılacaq.

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların açılması 10 noyabr bəyanatında öz əksini tapıb. Dövlətimiz 44 günlük müharibədəki qələbəsi ilə Ermənistanı belə bir öhdəliyi üzərinə götürməyə məcbur edib. Əgər İrəvan bu öhdəliyi yerinə yetirməkdən imtina etsə, o zaman Azərbaycan heç bir məsuliyyət daşımayacaq. Prezident

İlham Əliyevin qeyd etdiyi kimi: "Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az cəld tərpənsinlər".

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.-22 aprel.- S.7.