Xəlil Kələntər:
“Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının
V Qurultayı diasporumuz qarşısında yeni vəzifələr
müəyyənləşdirəcək”
Şuşada keçiriləcək
Dünya Azərbaycanlılarının V Qurultayı
bütün dünyaya səpələnmiş diasporumuzun
qarşısında yeni vəzifələr müəyyənləşdirəcək.
Bu sözləri AZƏRTAC-ın
Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində
Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasının üzvü Xəlil
Kələntər deyib. Bildirib ki, planetin dörd bir
yanından azad Qarabağa gələn soydaşlarımız həm
də Şuşadan bütün dünyaya birlik, ədalət,
sülh mesajı verəcəklər. Azərbaycanın
güclü, qətiyyətli, eyni zamanda, sülhsevər,
humanist dövlət olduğunu, xalqımızın isə
doğma Vətənini hədsiz məhəbbətlə
sevdiyini nümayiş etdirəcək.
“Şübhəsiz ki, bütün
bunlar bizim hər birimizə əvəzsiz sevinc və qürur
hissi yaşadır. Azərbaycan diasporunun nümayəndələri
ilk dəfə azad Qarabağda, azad Şuşada toplaşacaq.
Türk dünyasının mədəniyyət paytaxtı olan
Şuşa daha bir möhtəşəm tarixi hadisəyə
ev sahibliyi edəcək”, – deyə Yaponiyada yaşayan diaspor rəhbəri
vurğulayıb.
Xəlil Kələntər
xüsusi qeyd edib ki, son illər Azərbaycanın bütün
sahələrdə əldə edilən böyük
uğurlarının müəllifi Müzəffər Ali
Baş Komandan İlham Əliyevdir. Prezident İlham Əliyevin
müdrik rəhbərliyinin nəticəsi olaraq son illərdə
Azərbaycan diasporu da çox böyük inkişaf yolu
keçib. Dünyanın hər bir yerində güclü
diasporumuz formalaşıb və Azərbaycanın haqq səsinin
beynəlxalq ictimaiyyətə çatdırılması
istiqamətində böyük işlər görülüb.
Prezident İlham Əliyevin bütün beynəlxalq tribunalarda
ölkəmizin milli maraqlarını, haqlı mövqeyini
müdafiə etməsi, qətiyyətli bəyanatları, eyni
zamanda, diasporumuz üçün bir yol xəritəsinə
çevrilib.
Hazırda Azərbaycan diasporunun
çox gücləndiyini əminliklə vurğulayan X.Kələntər
diaspor təşkilatlarının ölkəmizin dövlət
və milli maraqlarının xaricdə qorunmasında xüsusi
rol oynadığını bildirib. O deyib: “Biz 44 günlük
Vətən müharibəsi dövründə də bunun
şahidi olduq. Xalqımız həm ölkə daxilində, həm
də xaricdə bir yumruq kimi birləşdi, Prezident İlham
Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərə
öz töhfələrini verdi. Azərbaycan diaspor təşkilatları,
eyni zamanda, erməni diasporu üzərində də qələbə
qazandı. Yalan və saxta faktlar əsasında formalaşan
erməni təbliğatı darmadağın edildi, erməni
diasporunun əsl siması, iç üzü tanıdıldı”.
X.Kələntər
vurğulayıb ki, bu gün hər bir azərbaycanlı
dünyanın istənilən yerində başıuca,
alnıaçıq gəzir. Çünki bizə artıq məğlub
kimi baxmırlar, biz qalib xalqıq. Biz Azərbaycan
xalqının qəhrəmanlığını, qətiyyətini
bütün dünyaya göstərmişik. Növbəti günlərdə
dünya azərbaycanlılarının ürəyi
Şuşada döyünəcək, qürurumuz göylərə
ucalacaq. Prezident İlham Əliyevin daha da gücləndirdiyi Azərbaycan
diasporu qələbələrimizi Şuşada qeyd edəcək.
Azərbaycan.- 2022.- 22 aprel.- S.8.