Şəmkirin tarixi abidələri turist marşrutlarına salınır

 

Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamdan irəli gələn vəzifələrin icrasının həyata keçirilməsi üçün Şəmkir rayonunun turizm imkanlarının genişləndirilməsi, mövcud potensialdan istifadə edərək rayona yerli və xarici turistlərin cəlb olunması istiqamətində məqsədyönlü işlər görülür.

Bu istiqamətdə mütəmadi işgüzar görüşlər keçirilir, turizm sektoru üzrə yeni layihələr hazırlanır. Belə layihələrdən biri tarixi abidələrdən olan Qədim Şəmkir Şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun turizm obyekti kimi əhəmiyyətini artırmaqdır. Qeyd edək ki, Qədim Şəmkir şəhərinin qalıqları 30 hektar ərazini əhatə edir. Qalanın düşməndən qorunması üçün 8 qülləsi və 4 qapısı olub. Məlumata görə, saray Əhəməni dövlətinin vaxtında inşa olunub. Qədim qala divarları aran memarlıq üslubunda tikilib. Divarın hündürlüyü 7, eni təxminən 2 metrdir. Divarın tikintisində istifadə olunan qırmızı kərpiclər elə bu ərazidə kustar üsulla hazırlanıb. Digər ağ daşlar və çay daşları isə Şəmkir ərazisindən və Şəmkir çayından toplanıb. Tikilidən aralıda qədim körpünün qalıqları yerləşir. Təxmin edilir ki, körpünün 10-dan çox aşırımı olub.

Qədim Şəmkiri əhatə edən qala divarlarının iki fərqli rəngdə olması da turistlərin diqqətini çəkə bilər.  XI əsrə qədər tikili öz gözəlliyini qorusa da, monqolların hücumu zamanı qala divarları dağıdılıb. XIV əsrdə isə qala divarları yenidən bərpa edilib.

Şəmkirin qədim tarixini özündə əks etdirən bu abidənin turistlərə yüksək səviyyədə təqdim olunması üçün hazırda burada işlərə başlanılmışdır.

 

Azərbaycan.- 2022.- 22 aprel.- S.9.