Daşaltı igidlərin qanına bələnmişdi

 

Sənədli hekayə

 

- Zirzəmiyə doluşun! Hamınız zirzəmiyə!

Şuşanın qədim tikililərinə düşmən "Qrad"ları tuşlananda qonşu Məhəmməd kişinin amiranə səsi məhəllə camaatını ayağa qaldırdı. Məscidin yanındakı köhnə binaların - vaxtilə bəy-xan mülkləri olmuş bu evlərin sakinləri bir göz qırpımında dar pillələrlə artıq aşağı enirdi. Yaxşı ki, bu qədim evlərin iri zirzəmiləri vardı. Şuşa əsilzadələri mülk tikdirərkən, yəqin ki, hansısa qəzavü-qədəri nəzərə almışdılar. Axı erməni-müsəlman davası təzə məsələ deyildi.

Qolundan tutub iki cavanın güc-bəla ilə zirzəmiyə düşürdüyü 109 yaşlı, əsl qalalı (köhnə şuşalılara belə deyirlər) Fatma nənə nəfəsini dərib qonşulara bunları söyləyirdi:

- Erməni dığaların fitnə-fəsadına mən şahidəm, a bala. Hələ Nikolay vaxtı ermənilər qırğınlar törədəndə 25-26 yaşım olardı. Müsəlman kəndlərinə od vurub yandırır, girov götürdüklərinə  işgəncə verirdilər. Qonşumuz Heybətin belinə qaynar samovar şəlləmişdilər. İndiki kimi yadımdadı, samovarın lüləyini açıb isti suyu qolubağlı Yusifin boğazına axıtmış, neçə körpəni qaynar  qazanlara atmışdılar.

Fatma nənə azca toxdadı, boğazını arıtlayıb:

- Bütün bunları gözlərimlə görmüşəm, - dedi. - Bu qoca, üzgün vaxtımda bir də görmək istəməzdim. Yaxşı heçyoxdur, bala. Dam-daşımızı vurub uçururlar, gör neçə nəfəri dəfn eləmişik.

Dünyanın hər üzünü görmüş qarı ürəyini boşaldıb susdu. Nəticəsi Gülər qarının böyrünə sığınıb onun arıq, sısqa çiyinlərini qucaqladı. Ayazıyıb  soluxmuş yanaqlarından yaş süzülürdü.

 

***

 

Gülər bir neçə  gün öncə baş vermiş hadisənin hələ də təsiri altında idi. Nankor ermənilər uzun illərdən bəri göz dikdikləri bu şəhərə  yenə  "Qrad" yağdırırdılar. Qaş qaralan kimi düşmən artilleriyası meydan sulayır, işıq gələn hər yerə  atır, şəhəri gülləbaran eləyirdi.

Gülərgilin ailəsi axşam süfrəsinə təzəcə cəm olmuşdu ki, mərmilər gurlamağa başladı. Həmlələrin ardı-arası kəsilmirdi, sanki yerlə göy bir olmuşdu.  "Qrad"ın zərbəsindən evin bir divarı tamamilə uçdu, daş-kəsək qalaqları süfrəyə töküldü. Qorxudan bənizi  qaçmış, gözləri bərələ qalmış bacılar atalarının köməyi  ilə  zirzəmiyə endilər.

Şuşanın canında təpər, qolunda qüvvə olan başıpapaqlıları artıq şəhərin girəcəyində, qalanın ətrafında növbə ilə keşik çəkirdilər ki, erməni yaraqlıları gecə vaxtı dinc əhaliyə ziyan vurmasın. Az sonra Xankəndidən keçən Ağdam-Şuşa yolu tamamilə bağlandı, ümid yalnız helikopterlərə qaldı.

Gülər daha nələri xatırlamadı o gecə. Düşünürdü ki, qanlı-qadalı 1990-cı il bütün ağrı-acısıyla şuşalıların da həyatında ağır izlər qoyub. Ermənilər Ağdamdan Şuşaya uçan helikopteri vurmuş, insan tələfatı ürəklərə dağ çəkmişdi. Gülərgilin ailəsi də doğmalarını itirmişdi.

 

***

 

Atışmalar ara vermirdi. Gülərin təhsil aldığı Şuşa Pedaqoji İnstitutu da bu üzdən  bağlanmış, dərslər kəsilmişdi. Heç olmasa dərsə gedəndə istəklisi Salehi görə bilirdi. Onların mehr-ülfəti ailə üzvlərinə də bəlli idi. Salehin anası oğlunun seçimini bəyənib, Gülərin  evlərində gəlin olacağı günü arzulayırdı.

Saleh təhsilini başa vurmuşdu, polis idarəsində işləyir, silah yoldaşları ilə birgə erməni quldurlarına qarşı vuruşurdu. Cəlilli və Kərkicahan kəndlərinə basqınların qarşısının  alınmasında da  iştirak  etmişdilər.

Yağı güllələri, qətllər, qarətlər bu şəhərin cah-cəlalını büsbütün dağıtmışdı. İsa bulağının gözündən qan damırdı.  Cıdır düzündə şəhid məzarlığı göyərmişdi. Gülər də, Salehbu gerçəkliyi sövq-təbii duyur, itirilmiş yurd yerlərinə, elatı köç edən kəndlərə  baxanda  üşünürdü.

 

***

 

Daha nələr olmadı bu dəhşətli illərdə... 1992-ci ilin yanvarı çox sərt keçirdi. Qar, sazaq göz açmağa aman vermirdi. Gözəlliklər məskəni Şuşa yenə ağır günlərin əsarətində təntiyirdi. Şuşaya yaxın yerləşən Kosalar, Meşəli kəndləri işğal edilmişdi.

Yaxın vaxtlarda gözlənilən həlledici döyüşdən əvvəl Suşada böyükdən-kiçiyə hamı yanvarın 25-26-da bizimkilərin Daşaltı kəndinin azad edilməsi məqsədilə ermənilər üzərinə hücuma keçəcəyindən danışırdı. Həmin günlər Saleh Gülərlə görüşüb ürəyini didib parçalayan fikirlərini bölüşmək istəyirdi. Aralarında  söhbət  çox qısa oldu:

- Sabah döyüşə gedirəm. İstədim səninlə görüşüb halallaşım.

- Halallaşım? Bu sözü elə deyirsən ki, az qalır ürəyim partlasın. - Gülərin səsi titrəyirdi:

- Bəlkə, sən getməyəsən...

- Camaat qəfil basqınlardan, təxribatlardan cana doyub. Belə vəziyyət qədər davam edə bilər?! Bizim polis dəstəsi hücum əməliyyatına qatılacaq. Getməmək mümkünsüzdür!                                                                                                                                                                                                                                                                                                                                                                                                      

Saleh bu sözləri söyləyib susdu. Ayrılığın acısını duyan Gülərsə aram olmur, bulud tək dolub, boşalırdı.

 

***

 

Ertəsi gün Saleh silah yoldaşlarına qoşulub ön xəttə yollanmışdı. Milli Ordumuzun birinci taboru döyüş əməliyyatından əvvəl helikopterlərlə Şuşaya göndərilmişdi. Salehgilin polis dəstəsi, habelə Şuşanın özünümüdafiə dəstələri   Daşaltı əməliyyatında iştirak edirdilər.

Döyüşə bələdçilik edən şəxsin səhlənkarlığı üzündən əməliyyat bir qədər gec başladı. Bələdçi taboru vaxtında aparıb lazımi yerə çatdıra bilməmişdi. Buna baxmayaraq, düşmənin canlı qüvvəsini, texnikasını məhv etmək üçün artilleriyamız bir an dayanmırdı.

Salehgilin döyüşçüləri Daşaltıya Nəbilər kəndindən salınmışdı. Bu döyüş əməliyyatında Saleh hünər göstərib yağı mövqeyinə sərrast zərbələr endirir, cəhənnəmə vasil etdiyi erməni quldurları leş kimi yerə sərilirdi. Sonra isə o, düşmən pulemyotçusunu susdurub, qayaların arasında qalmış neçə silah yoldaşının mühasirədən çıxmasına yol açmışdı.

İlikləri donduran şaxta qılınc kimi kəsir, toran qovuşur, amansız döyüş səngimək  bilmirdi. Yaralı dostlarının taleyi onu rahat buraxmırdı. Qıçı sərpsə , inadından dönmür, bir dəstədə döyüşdüyü, ağır yaralanmış Əsədə tərəf sürünürdü. Onu çiyninə alıb qismən təhlükəsiz yerə - qayaların arasına çəkib gətirdi. Bir neçə patronunu silah dostuna verdi. Yarıdonmuş su qabını Əsədin od tutub yanan dodaqlarına yaxınlaşdırdı.

Sonra qayanın arasından çıxdı. Ətraf meyitlərlə doluydu. Bu döyüşdəki uğursuzluğun səbəblərini təfərrüatı ilə dərk eləmək istəyirdi. Beynində dolaşan fikir bu idi ki, niyə taktiki səhvlər, taborlar arasında rabitə əlaqəsinin olmaması üzündən pusquya düşən neçə-neçə əsgərimizi itirmişik. İtkilərin çox olması o demək idi ki, təxribat öz işini görüb.

Saleh  xeyli qan itirmiş Süleymana tərəf irəliləyirdi. İlk baxışda bəlkə asan görünən bu xeyirxahlıq onu ölümlə üz-üzə qoymuşdu. Düşmən snayperinin açdığı atəş Salehə tuşlandı. Yer-göy gözündə qaraldı. Qan itirdikcə gücdən düşür, sustalırdı. Gözlərini son dəfə açıb doğma yurdun səmasına şəhid oğulların qanına bələnmiş Daşaltı dərəsinə baxdı. Həyatla vidalaşan Saleh sanki bütün bunları axırıncı dəfə gözlərinə köçürmək istəyirdi...

 

***

 

Salehin ölüm xəbərini eşidəndə Gülər donub qalmış, sanki daşa dönmüşdü. Ürəyi göynəsə , ağlaya bilmirdi. Dağdan ağır dərdi, kədəri ilə baş-başa idi. Qəlbi yaralı, qüssə içində qovrulan Gülərin heç ağlına belə gəlməzdi ki, bu, Salehin  sonuncu savaşı  olacaq o, qanlı döyüş meydanından geri dönməyəcək. Hələ uşaqlıq çağlarından sevdiyi, Çətir şəlaləli Daşaltı dərəsində istəklisi düşmənə qarşı son nəfəsinədək döyüşüb şəhid olmuşdu.

Gülərin atası öz ailəsini Laçına gətirdi. Dörd ay dayısıgildə yaşamalı oldular. Atası geri qayıtmışdı, qardaşı  Ənvər  isə  igid  Ramiz Qənbərovun  taborunda  döyüşürdü.

Ara bir az sakitləşəndə yenidən Şuşaya qayıtmışdılar. Əslində heç dəyişməmişdi. İndi evlərinin iri zirzəmisində qonşularla birgə daldalanıb bütün olub-keçənləri yaddaşında çözələyirdi. Dəmir qapının qəfil cırıltısı qonşu Məhəmmədin zəhmli səsi onu bu üzüntülü  xəyallarından ayırdı:

- Düşmən Şuşanın beş addımlığındadır, artıq şəhəri bombalayır, ay camaat! Qırxqızda Kirsdə ağır döyüşlər gedir.  Tez  olun,  arvad-uşağı şəhərdən çıxarırıq!

 

***

 

...İnsanlar pərən-pərən düşür, yük maşınlarına yükləndikcə  şuşalıların qürbət ömrü başlayırdı. Qaçaqaçda Güləri qəribə hisslər bürümüş, kövrəlmişdi. Üzünü  bacısına  tutub:

- Şuşaya yaxşı-yaxşı bax, bəlkə,  bir   görə  bilmədik...

 Bacısı  üzgün halətlə, amma hökmlə demişdi:

- Dilin qurusun, ay qız, nəhs gətirmə! Şuşaya mütləq qayıdacağıq!

...Onlar çox çətinliklə şəhərdən çıxmış, alovlanan Şuşa arxada qalmışdı. Qəhər içində boğulan Gülərin baxışları yol boyu igid Salehi arayırdı. Nakam sevgisi ilə bağlı xatirələri onu qarşıda gözləyən naməlum bir həyata aparırdı. vaxtsa doğma Şuşanın dolamalarına qalxa bilsə, Daşaltıya əli yetsəydi, fikrində, xəyalında qövr eləyən bir sualı dilə gətirərdi: "Sevgimi neylədin, Daşaltı dərəsi?"

 

Zemfira MƏHƏRRƏMLİ

Əməkdar jurnalist

 

Azərbaycan.- 2022.- 22 aprel.- S.10.