Özü şəhid, arzusu çin oldu

 

Şəhidlər ölməz, Vətən bölünməz!

 

Bəzən insan qurduğu  xəyalların dalınca ya gənc yaşlarından gedir, ya da onun nə zaman baş verəcəyini illərlə gözləyir. Əgər illər sonra düşündükləri olmursa, onu özünün taleyinə yazı kimi qəbul edir. Bəziləri isə ömür boyu bağlandıqları vətən sevgisi ilə yaşayır. Ölümün  gözünə  dik baxaraq bir qarış vətən torpağını düşmənə verməyi ağlına belə gətirmir. Belə tale qisməti yaşayanlardan biri də Vətən müharibəsində sinəsini sipər edən Səbuhi  Həsənquliyevdir. 

Səbuhi Sumqayıt şəhərindəki "Kimyaçılar" qəsəbəsində yaşasa da, 2002-ci ildə Ucar rayonunun Boyat kəndində doğulub. Hələ körpə ikən ailəsi Sumqayıta köçüb. Yataqxanada yaşayan bu ailə də az qala hər gün  Xocalıda, Kəlbəcərdə, Şuşada, Zəngilanda erməni cəlladlarının azərbaycanlıların başına gətirdikləri qanlı faciələrdən danışılar, vətənimizin gözəl bir hissəsinin işğalda olduğu xatırlanardı. Səbuhi də balaca yumruqlarını düyünləyib, dişlərini bir-birinə sıxıb "Mən böyüyəndə əsgər olacağam. Mən Şuşaya bayrağımızı sancanlardan olacağam" - deyər, içində özü boyda qisas  hissi böyüdərdi. Beləcə, Sumqayıtda yaşadıqları yataqxanadakı birotaqlı mənzilin pəncərəsindən hər çölə baxanda xəyalı onu Şuşaya, Kəlbəcərə, Qubadlıya, Laçına aparardı.

Anası Mayisə xanım deyir ki, Səbuhinin Vətən, Qarabağ sevgisi ilə  böyüməsində oxuduğu Cəbrayıl rayon 5 saylı məktəbin böyük rolu olub. Öz dədə-baba torpaqlarından  didərgin salınmış sinif yoldaşlarının  Qarabağ dərdi Səbuhinin içini didib parçalamışdı. Bircə arzusu vardı - tez böyüyüb düşməndən qisas almaq.

Səbuhi 2017-ci ildə 9-cu sinfi bitirir. Sonra Sumqayıt şəhərində yerləşən 10 nömrəli Texniki peşə liseyinə qəbul olaraq geniş profilli dəzgahçı ixtisasına yiyələnir. Əslinə qalsa, Səbuhinin arzusu bu deyildi. O, lap kiçik yaşlarından əsgər olmaq, vətənini yağılardan qorumaq istəyirdi. Elə bu məqsədlə də idmanla ciddi məşğul olur, qaydasız döyüş üzrə yarışlarda iştirak edirdi. 2020-ci ilin iyun ayında hərbi xidmətə yola düşən Səbuhi Həsənquliyev xidmətini Ağcabədi rayonunda yerləşən "N" saylı hissədə başlasa da, sonradan Beyləqan rayonunda davam etdirir. Kəşfiyyat bölüyünün gənc əsgəri  XTQ-nin tərkibində xidmət keçmək arzusunu komandirlərinə bildirir.

- Hər dəfə danışanda bircə XTQ-yə keçsəydim, dərdim olmazdı, deyərdi, - atası Əlixan Həsənquliyev bildirir. - Anası ilə çox danışardı. Demə, istədiyi qız varmış.  Kimliyini soruşanda, müharibəni udaq, qalib kimi qayıdanda deyəcəm deyirdi.

Səbuhinin fiziki hazırlığını, boy-buxununu, gücünü  istəyini nəzərə alan komandirləri ona xidməti vəzifəsini XTQ-nin tərkibində davam etdirməyə imkan yaradırlar. Bütün normaları yerinə yetirdikdən sonra  onu  XTQ sıralarına qəbul edirlər.

- Zəng vurmuşdu, - deyə anası Mayisə bildirir. - Bir xeyli danışdıq. Sonda dedi ki, məni xüsusi təyinatlılara qəbul ediblər. Görürsən, arzum məni xəyaldan həqiqətə apardı. Əsgər yoldaşlarımın içində ən gənc mən olduğuma görə hörmətimi saxlayırlar. Çalışacağam ki, sizə layiqli oğul olam.

Vətən müharibəsi başlayanda Səbuhi də döyüşlərə atılır. Düşməni darmadağın edən, onun başına od ələyən oğullardan biri olur. Valideynləri isə narahat olmasınlar deyə, harada olduğunu heç kimə bildirməzdi.

Qardaşı Nurlanın dedikləri:

- Biz onunla qardaş yox, həm də dost olmuşuq. Məndən gizli heç bir sirri yox idi. Tez-tez telefonla danışardıq. Hərbi sirləri saxlamaqla düşmənə necə qan uddurduqlarından söhbət açardı. Sentyabrın 27-də elə bil onun üçün yeni bir era başlamışdı. Sonuncu dəfə oktyabrın 31-də zəng vurmuşdu. Bir neçə kəlmə ilə qələbəyə doğru getdiklərini bildirdi. Noyabrın 8-də telefonuma tanımadığım bir nömrədən zəng gəldi. Səbuhinin nəyi olduğumu soruşdu. Qardaşıyam, dedim. Komandir bir qədər susdu. Sonra "Siz qardaşınızı, vətən isə bir qəhrəman oğlunu itirdi", - dedi.

Vətən müharibəsinin ilk günündən Füzuli rayonunun azad olunması uğrunda düşmənlə döyüşə girən Səbuhi Həsənquliyev 2020-ci il  noyabrın 8-də  Şuşa şəhəri uğrunda gedən savaşda qəhrəmancasına şəhid olur. Onun erməni qəsbkarları ilə döyüşdə göstərdiyi qəhrəmanlıq yüksək qiymətləndirilərək ölümündən sonra  "Hərbi xidmətdə fərqlənməyə görə", "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.

Bu gün Səbuhinin yaşadığı küçədə onun şərəfinə xatirə bulaq kompleksi yaradılıb. Hər gün bu bulağı ziyarət edənlər ora gül dəstələri düzür, onun xatirəsini sükutla yad edirlər.

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2022.- 22 aprel.- S.10.