"Şəhid olsam,
ağlamayın"
Ölümsüzlüyə qovuşanlar
O sanki hərbçi olmaq üçün yaranmışdı. Özünü həmişə məğrur aparır, vüqarlı görünürdü. Sözündən dönməz, heç vaxt əyilməz, verdiyi vədə əməl edər, böyüyə-kiçiyə hörmətlə yanaşardı. Bu keyfiyyətlərinə görə kənddə böyük hörmət qazanmış, insanların sevimlisinə çevrilmişdi.
1994-cü ildə Tovuz rayonunun Abulbəyli kəndində Mahmudovlar ailəsində dünyaya göz açan Emin ailəyə böyük sevinc bəxş etdi. Qohum-qonşu, dost-tanış onlara gözaydınlığı verir, ən xoş arzularını bildirirdilər. Atası Pünhan kişinin sevinci yerə-göyə sığmırdı. Boy atıb böyüdükcə anası Bəsti onunla fəxr edirdi. Beləcə, valideynlərinin qayğıkeşliyi əhatəsində böyüyən Emin orta məktəbə qədəm basdı.
Həmin illər Ermənistanla həmsərhəd olan Tovuz rayonu tez-tez mənfur qonşularımız tərəfindən atəşə tutulurdu. Bu səbəbdən Emində hərbçi olub düşmənin "pay"ını vermək arzusu baş qaldırdı. Orta məktəbi bitirəndə Vətənə, xalqa xidmət etmək arzusu ilə sənədlərini Ali Hərbi Akademiyaya verdi və yüksək balla qəbul olundu. İdmanla məşğul olduğu üçün fiziki, mənəvi-psixoloji hazırlığı ilə seçilən Emin xidmət zamanı bir çox fəxri fərmanlarla mükafatlandırıldı. Hərbi məktəbi başa vurduqdan sonra ən qaynar nöqtələrdə xidmət etməyi xahiş etdi. Onun xahişinə müsbət cavab verdilər. Xidmətdə olarkən düşmən təxribatlar törədir, ölkəmizin ərazi bütövlüyünü pozmağa davam edirdi.
2016-cı ilin
aprelində ermənilər yenidən təxribat törətdilər.
Belə bir vaxtda Emin boş
dayana bilməzdi. O, fürsət
gözləyirmiş kimi
döyüşə atıldı.
Bu döyüşdə o, necə vətənpərvər
olmasını göstərdi.
İkinci Qarabağ müharibəsində
də əsl peşəkar zabit kimi mərdliklə vuruşdu. O, Suqovuşan
qəsəbəsinin azad
edilməsinin iştirakçısı
oldu. Füzulinin, Cəbrayılın bir sıra kəndlərinin
azad olunmasında da iştirak edən Emin Hadrut qəsəbəsinin
düşməndən təmizlənməsində
xüsusi xidmət göstərdi. Hərbçi yoldaşlarının dediklərinə
görə, o, döyüşlərin
birində yaralansa da, geri durmadı,
vuruşdu. Hadrutda 80-dən artıq əsgərimizin düşmən mühasirəsindən
çıxmasında fədakarlıq
göstərdi. Lakin ağır
gedən döyüşlərin
birində Emin düşmən gülləsinə
tuş gəldi və elinə-obasına şəhid kimi döndü.
İndi Tovuzda Pünhan kişinin ünvanını
hamı yaxşı tanıyır. Hələ də başındakı
qara yaylıqları açmayan anası Bəsti və həyat yoldaşı Aytac Eminin ölümünə
inana bilmirlər.
Bu barədə söhbət
düşəndə atası
Pünhan kişinin də, anası Bəstinin də ilk sözü bu olur: "Biz Eminlə fəxr edirik. Hər birimiz yaşımızdan
asılı olmayaraq, vətənimiz, torpağımız
uğrunda canımızdan
keçməyə hazır
olmalıyıq. Mənim 60-a yaxın
yaşım var, ancaq bu dəqiqə
vətən yolunda döyüşə getməyə
hazıram. Qürur hissi
keçiririk ki, Qarabağımızı işğaldan
azad edənlər arasında bizim oğlumuz Emin də var. Mənim oğlum da vətən
uğrunda gedən döyüşlərdə şəhidlik
zirvəsinə yüksəldi.
Bu da onun
taleyi imiş. Vətən sağ olsun!"
Anası Bəsti
deyir ki, axırıncı dəfə
Eminlə oktyabrın
11-də telefonla danışıb:
"Dedi ki, məndən nigaran qalmayın. Hər şey yaxşı
olacaq. Sonra həyat yoldaşı
ilə danışdı.
Nə dedisə, yoldaşının
rəngi ağardı.
Sonra öyrəndik ki, ona deyibmiş
ki, hər şey ola
bilər. Sən zabit yoldaşısan.
Odur ki, şəhid olsam, ağlama".
Eminin 4 yaşlı oğlu Hüseyn və yaş yarımlıq qızı İnci yadigar qalıb. Üçüncü övladı isə Emin şəhid olandan bir neçə
ay sonra dünyaya gəlib.
Şəhid kapitan Emin Pünhan oğlu Mahmudov ölümündən sonra
Prezidentin sərəncamları
ilə "Vətən
uğrunda", "İgidliyə
görə", "Cəbrayılın
azad olunmasına görə" və
"Qubadlının azad
olunmasına görə"
medalları ilə təltif olunub.
Sabir ƏLİYEV
Azərbaycan.-
2022.- 22 aprel.- S.10.