Azərbaycan nümayəndə heyətinin Türkiyəyə
səfəri başa çatıb
Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanıkın dəvəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin qardaş ölkəyə səfəri başa çatıb.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Ankarada Türkiyə ailə və sosial xidmətlər naziri Dərya Yanık ilə görüşüb.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun iştirakı ilə keçirilən görüşdə ölkələrimiz və adıçəkilən dövlət qurumları arasında qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və ikitərəfli əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
Türkiyə Böyük Millət Məclisinin üzvü, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Qadın Təşkilatının sədri Ayşə Kəşir ilə keçirilmiş görüşdə də mühüm əhəmiyyətli müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Ankarada fəaliyyət göstərən “Saray” uşaq evləri şəhərciyi və digər eyni funksiyalı təsisatlar ilə tanış olub.
Məlumat verilib ki, internat tipli şəhərcikdə 13-18 yaşlarında olmaqla 273 yetim uşaq yaşayır, təhsil və tərbiyə alır. Onlara ümumilikdə 195 nəfərlik heyət xidmət edir. Mərkəz dövlət tərəfindən ideal şəkildə təchiz olunur. Uşaqların təlim-tərbiyəsi ilə yanaşı müxtəlif sənətə sahib olması, idman, incəsənət üçün bütün şərait vardır.
Şəhərcikdə bədii proqram təşkil olunub. Uşaqlar Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən zəngin bədii proqramla çıxış ediblər.
Komitə sədri Bahar Muradova və Türkiyə ailə və sosial xidmətlər nazirinin müavini Kübra Gürhan Yığıtbaşı uşaqlar qarşısında çıxışlarında onların layiqli, təhsilli vətəndaş olması üçün hər zaman dövlətin dəstək verəcəyini, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini ifadə ediblər.
“Saray” uşaq evləri şəhərciyindəki tədris, təlim və yaşayış yerləri ilə tanışlıq olub.
Xatırladaq ki, Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanıkın dəvəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin qardaş ölkəyə səfərinin məqsədi qarşılıqlı təcrübənin öyrənilməsi və əməkdaşlıq əlaqələrini daha da genişləndirməkdir.
Azərbaycan.- 2021.- 23 aprel.- S.4.