Türk PA tədbirində DOST konsepsiyası təqdim olunub

 

Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) "Əhalinin sosial cəhətdən həssas qruplarının sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi: reallıqlar və perspektivlər" mövzusunda Bakıda keçirdiyi seminarda Azərbaycanın mühüm sosial nailiyyətlərindən biri olan DOST konsepsiyasından bəhs olunub.

AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ölkəmizdə vətəndaş rifahının təminatı sahəsində xüsusilə son illər inqilabi xarakter alan islahatları diqqətə çatdırıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST Agentliyi və DOST mərkəzləri barədə məlumat verilib. DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta və s. üzrə 154 növ xidmətin "bir pəncərə"dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında göstərildiyi vurğulanıb.

2025-ci ilə qədər ölkəmizdə DOST mərkəzlərinin sayının 17-yə çatacağı, 55 DOST filialının yaradılacağı, DOST xidmətlərinin bütün ölkə ərazisini əhatə edəcəyi bildirilib.

Seminarda DOST Agentliyinin DOST Xidmətləri Departamentinin direktoru Aygün Musayeva təqdimatla çıxış edərək burada həyata keçirilən xidmətlər barədə seminar iştirakçılarına məlumat verib.

Tədbir çərçivəsində Türk PA nümayəndələri 4 saylı DOST Mərkəzini ziyarət ediblər. Qonaqlar mərkəzdə göstərilən xidmətlərlə yaxından tanış olublar.

DOST Agentliyi sədrinin müşaviri Ruslan Mirzəliyev Türk PA nümayəndələrini mərkəzin prinsipi, xidmət bölmələri, 142 Çağrı mərkəzinin fəaliyyəti barədə məlumatlandırıb.

Qonaqlar şəhid ailələrinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri ilə də tanış olub, vətəndaşlara xidmət göstərilməsi prosesini izləyiblər.

Görüş qarşılıqlı müzakirə və fikir mübadiləsi şəraitində davam etdirilib.

 

Azərbaycan.- 2022.- 23 aprel.- S.4.