Manatın məzənnəsi dəyişəcəkmi?
Qlobal
inflyasiyanın fəsadlarından Azərbaycan qoruna
bilir
Manatın məzənnəsinin sabit qalmasında əsas amil olan neftin qiymətlərinin dünya bazarında yüksək olması məzənnə dayanıqlığını təmin edir. Bununla yanaşı, Rusiya-Ukrayna münaqişəsi, geosiyasi vəziyyət fonunda dünya bazarında qiymət artımları, ölkədə manatın məzənnəsi ilə bağlı müxtəlif fikirlər formalaşdırır.
Valyuta bazarında tarazlığı dəstəkləyən amillər
Azərbaycan Mərkəzi Bankından (AMB) qəzetimizə bildirilib ki, ölkədə qiymətlərin sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyinə təsir göstərən fundamental faktor tədiyə balansıdır. 2021-ci ildə qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının əhəmiyyətli artımı ilə cari əməliyyatlar hesabının profisiti 8,3 milyard dollar və ya ÜDM-in 15,2 faizini təşkil edib.
2022-ci ilin ötən dövründə brent markalı neftin orta qiyməti 100 ABŞ dollarına yaxın olub ki, bu da ötən ilin orta qiymətindən (71 ABŞ dolları) əhəmiyyətli dərəcədə çoxdur. Əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi 2022-ci ilin sonuna tədiyə balansında ümumi daxili məhsula nisbətdə ikirəqəmli səviyyədə profisitin yaranacağı ehtimalını artırır ki, bu da valyuta bazarında tarazlığı dəstəkləyən başlıca amildir.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2022-ci ilin ötən dövründə qiymətlərin illik əsasda ümumi artım səviyyəsi 12,1 faiz, orta illik artım səviyyəsi isə 12,2 faiz təşkil edib.
Manatın məzənnəsinin dayanıqlığı
AMB-nin məlumatına əsasən, mahiyyət etibarilə qiymət artımları məzənnəyə yox, əksinə, məzənnə inflyasiyaya təsir göstərən əsas amillərdən biridir. Hazırda manatın məzənnəsinin valyuta bazarında təklif kanallarının genişlənməsi şəraitində formalaşması inflyasiya səviyyəsinə və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir.
Geosiyasi və geoiqtisadi risklərlə bağlı yaranmış yeni situasiya qlobal inflyasiya risklərini əhəmiyyətli dərəcədə yüksəldib. Belə ki, fevral ayının sonundan başlayaraq qlobal birja əmtəələrinin, xüsusilə də enerji daşıyıcılarının və taxıl məhsullarının qiymətləri tarixi rekordları yeniləyərək yüksək inflyasiyanın qalıcılığına şərait yaradıb. Bu şəraitdə ölkə iqtisadiyyatında qiymətlərin səviyyəsinin yüksələn idxal qiymətlərindən təsirlənməsi potensialı artıb. Digər tərəfdən Azərbaycanın əsas ixrac məhsullarının bahalaşması tədiyə balansının profisitini artırır ki, bu da qiymətlər sabitliyinin əsas lövbərini - milli valyutanın məzənnəsinin dayanıqlığını dəstəkləyir. Məzənnənin dayanıqlığı isə öz növbəsində qiymətlərə azaldıcı təsir edir.
Manatın məzənnəsinin dəyişməsi Mərkəzi Bankın mövqeyindən asılıdır
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan milli valyutasına təsir göstərən ən ciddi faktor neftin dünya bazarındakı qiymətidir, çünki neftin dünya bazarındakı qiyməti ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərir.
Deputatın sözlərinə görə, hazırda neftin dünya bazarındakı qiyməti hər barel üçün 100 dollardan yüksəkdir. Eyni zamanda Azərbaycanın ticarət tərəfdaşlarındakı mövcud məzənnə də milli valyutanın məzənnəsinə həm iqtisadi, həm siyasi, həm də psixoloji təsir göstərir. Çünki iqtisadi baxımdan həmin ölkələrlə ticari əlaqələrimizdə yalnız manat deyil, həmin ölkələrin valyutalarının məzənnəsi xüsusi əhəmiyyət daşıyır. Rusiya-Ukrayna münaqişəsi fonunda bir sıra ərzaq məhsullarının qıtlığının yaranması, həmçinin qlobal ərzaqların qiymətlərində artım müşahidə edilir. Hələlik bu, daha çox istehlak bazarına təsir göstərir. Valyuta bazarına təsirlər strateji məhsullar bazarındakı birjalarda qiymətdən asılı olaraq dəyişir. V.Bayramovun fikrincə, bunun bütövlükdə istehlak qiymətlərinə və sosial inflyasiya səviyyəsinə təsir göstərəcəyi də gözlənilir: "Birinci rübün nəticələri göstərir ki, inflyasiyada artım var, amma manatın məzənnəsi ölkəyə daxil olan valyutanın həcmindən asılıdır. Azərbaycanda üzən məzənnə rejimi tətbiq olunmadığı üçün növbəti dövrdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılıdır".
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2022.- 24 aprel.- S.4.