Qarabağ və Şərqi Zəngəzurda ən müasir həyat standartları yaradılır

 

 

İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri sürətlə və sistemli şəkildə davam edir. Bu torpaqları azad edən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə şəhər və kəndlərimizə yeni həyat bəxş olunur.

Bərpa və quruculuq işləri isə kompleks şəkildə həyata keçirilir. Həm yeni infrastrukturlar inşa edilir, həm Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatı bərpa olunur, həm də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün təsdiqlənmiş baş planlara uyğun olaraq yaşayış məhəllələri salınır, kəndlər "ağıllı" konsepsiyalarla yenidən qurulur.

 

 

 

İlham Əliyev su ehtiyatlarımızı da işğaldan azad etdi

 

 

 

Aprelin 21-də Prezident İlham Əliyevin FüzuliŞuşa rayonlarında görülən və görüləcək işlərlə tanışlığı da göstərdi ki, azad edilmiş ərazilərin bərpası kompleks məzmun daşıyır. Quruculuq işləri zamanı bu ərazilərin təbii ehtiyatlarından və resurslarından səmərəli istifadə edilməsi də diqqət mərkəzindədir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurun su ehtiyatlarından səmərəli istifadə, bunun hesabına yeni torpaqların əkinçiliyə cəlb olunması, müəyyən ərazilərdə suvarmanın keyfiyyətinin yüksəldilməsi hazırda yeni iqtisadi vəzifələr kimi özünü göstərir.

 

Səfər zamanı Prezident İlham Əliyev Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri ilə tanış oldu. "Köndələnçay-1", "Köndələnçay-2" və "Aşağı Köndələnçay" su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq.

 

Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurun böyük su ehtiyatları var. Bu ərazilərdə Azərbaycanın su ehtiyatlarının 20-25 faizinin toplandığı təxmin olunur. İşğal dövründə çaylarımız, su anbarlarımız da düşmənin əsarətində idi və Ermənistan bundan Azərbaycana qarşı bir silah kimi istifadə edirdi. Yay aylarında çayların qarşısını kəsir, qışda isə açırdı. Hərbi təcavüz nəticəsində Ermənistan tərəfindən Azərbaycanın on minlərlə hektar ərazisini su ilə təmin edən suvarma kanalları şəbəkəsi,  kollektordrenajlar, artezian quyuları, hidrotexniki tikinti obyektləri, su-elektriknasos stansiyaları dağıdılıb, yararsız hala salınıb.  Mövcud su anbarlarının qəsdən məhv edilməsi də Ermənistanın Qarabağda dağıdıcı fəaliyyətinin nəticəsidir. Köndələnçay su anbarları buna bariz misaldır. Bütün bunların nəticəsində on minlərlə hektar əkinəyararlı torpaq sahələrinin suvarılmaması faktiki olaraq bu sahələrin təsərrüfat dövriyyəsindən çıxarılmasına səbəb olmuşdu.

 

 Vətən müharibəsinin nəticəsi olaraq, İlham Əliyev Şərqi Zəngəzurun və Qarabağın su ehtiyatlarını da işğaldan azad etdi. Bununla həm də Ermənistan üzərində mühüm hidro qələbə qazanıldı. Qələbədən sonra dərhal başlanan bərpa işlərinin bir istiqamətini də azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə təşkil edir.  Bunu ötən il Laçın və Kəlbəcərdə su-elektrik stansiyalarının inşası da təsdiq edir. Bu il isə daha bir neçə su-elektrik stansiyası tikiləcək. Bununla yanaşı, hazırda işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 9 su anbarı inşa olunur. Şərqi Zəngəzurun və Qarabağın zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması bütövlükdə bu ərazilərin iqtisadi inkişafına və aparılan bərpa-yenidənqurma işlərinə böyük töhfə verəcək, o cümlədən aqrar sahənin yüksəlişində mühüm rol oynayacaq.

 

 

 

Azad edilən bütün əraziləri bir-birinə bağlayan mükəmməl yol şəbəkəsi

 

 

 

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən və həcminə görə ən böyük quruculuq sahəsi yolların çəkilməsidir. Azad olunmuş ərazilərdə ilk layihələr də elə yollarla bağlı olub. Suqovuşandan başlayan bu işlər tezliklə işğaldan azad edilən bütün əraziləri bir-birinə bağlayan yol şəbəkəsinin formalaşdırılması üçün meqalayihələrin həyata keçirilməsi ilə əlamətdardır. Ötən il Şuşaya çəkilən Zəfər yolu, habelə Suqovuşana aparan yollar istifadəyə verilib.

 

Prezident İlham Əliyev aprelin 21-də Şuşa rayonunun Daşaltı kəndində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolununbu yolun üzərindəki tunellərin inşası ilə də tanış olub. Qeyd edək ki, bu yolun əsas önəmlərindən biri Zəngəzur dəhlizinin magistralı ilə birləşməsindədir. Hazırda yolboyu 7 tunelin tikintisi aparılır. Bir neçə tuneldə qazma işləri artıq tamamlanıb, digərlərində isə qazma, partlatma və qırma üsulları ilə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam edir. Bundan başqa, tunellərdə havalandırma və izolyasiya sistemləri də quraşdırılır. Bu yol istifadəyə verildikdən sonra Şuşaya avtomobillə daha tezrahat çatmaq mümkün olacaq.

 

 Yolun cəmi 10 ay əvvəlki vəziyyəti ilə hazırkı mərhələsini müqayisə etdikdə mübaliğəsiz demək olar ki, dünyada bu sürət və keyfiyyətdə görülən işlərə rast gəlmək mümkün deyil. Bu da onu göstərir ki, Prezident İlham Əliyevin qayğısı ilə həyata keçirilən bu işlər ən yüksək standartlar səviyyəsində aparılır. İlham Əliyevin yolun inşası ilə yerində tanış olması da dövlət başçısının həyata keçirilən quruculuq işlərinə olan yüksək diqqətinin təcəssümüdür.

 

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan bu yol-nəqliyyat infrastrukturu işğaldan azad edilən rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq.

 

Qarabağın mirvarisi, qələbəmizin rəmzi olan Şuşada da şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması üçün bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Bu səfər zamanı Prezident İlham Əliyev Şuşa şəhərində inzibati binanın əsaslı təmiri və konfrans zalının tikintisi, həmçinin tullantıların idarə olunması poliqonunda gedən işlərlə də tanış oldu.

 

Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycanın milli prioritetidir. Bunu dövlət başçısının bu ərazilərə mütəmadi səfərləri, görülən işlərdə yerində tanış olması da göstərir. Görünən odur ki, azad olunmuş ərazilərimiz yüksək səviyyədə bərpa olunur, yenidən qurulan bütün şəhər və kəndlərimizdə müasir həyat standartları yaradılır.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 24 aprel.- S.4.