Gecikən nikahlar

 

 

Yaxud gənclər ailə qurmağa niyə tələsmir

 

 

 

"Evləndirmək istəyirik, yaşı keçir. Yaxın dostlarından öyrənmişəm ki, gözaltısı yoxdur. Odur ki, arada özüm məsləhət bildiyim qızların adını çəkib seçim etməyin, ailə qurmağın vaxtının ötdüyünü yadına salıram. Susur. Yaş üstünə isə yaş gəlir. O gün baxıram ki, artıq saçlarına dən düşməyə başlayıb..." Bu, oğlunun yaşı 30-dan keçən bir ananın gileyidir.

"Orta məktəbi əla qiymətlərlə bitirdi, univesitetə daxil olub orada da yaxşı oxudu, təhsılini ağılla-kamalla başa vurdu. Xeyli vaxtdır öz ixtisası üzrə də işləyir. Qohum-qonşudan, tanış-bilişdən söz açanlar, qapıya gəlmək istəyənlər var. Eşitdiyimə görə, öz yoldaşlarından da elçi düşənlər olub. Ancaq qız daşı ətəyindən töküb, bir Allah bəndəsinə "hə" demək istəmir. Yaş isə keçir..." Bu isə bir qız anasının narahatlığıdır.

Bəlkə də bu iki ananın ürək çırpıntılarını bəyan etməzdik. Əgər həmin fikirlərlə gecə-gündüz rahatlıq tapmayan analar az olsaydı... Amma təəssüf ki, artıq ailə həyatı qurmaq yaşı keçən övladlarının sabahı üçün nigaran olan belə valideynlər çoxdur. Onların dediklərini eşitsək də, eşitməsək də, statistik rəqəmlərdən xəbərimiz olsa da, olmasa da, real vəziyyət göz qabağındadır. Hər birimizin çevrəsində neçə-neçə gənc - istər qız, istərsə də oğlan var ki, ailə qurmağa tələsmir, daha doğrusu, gecikir. Qısası, bu, bir həqiqətdir ki, son illərdə Azərbaycanda cavanların nikaha daxil olma yaşı artıb.

Yadımıza düşən ilk səbəb bu olacaq ki, koronavirus pandemiyası onları gecikdirdi. Sərt qadağalar dövründə toy eləməyə də icazə verilmədi. Toy isə xalqımızın gözəl adətidir. Övladının toyunu görmək hər ata-ananın ümdə diləyidir. Gənclər özləri də istəyirlər ki, həyatlarının bu xoş günü unudulmaz xatirələrlə yadda qalsın. Bu baxımdan demək olar ki, toy planlaşdıranların hamısı onu təxirə saldı. Beləliklə də, ildən-ilə artan nikahların sayı o dövrdə kəskin azaldı. Məsələn, 2018-ci ildə ölkədə 62 min 484, 2019-cu ildə 63 min 869 nikah bağlanmışdısa, koronavirusun hökm sürdüyü 2020-ci ildə onların sayı 35 min 348-ə endi. Bu isə ailə qurmaq ərəfəsində olan gənclərin yaşının üstə yaş gəlməsi demək idi.

Lakin pandemiyadan əvvəlki illərin statistikasına nəzər salsaq, görərik ki, cavanların nikaha daxil olma yaşının artması, ümumiyyətlə, son dövrün təzahürlərindəndir. Beləliklə, Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanaraq deyək ki, 2014-cü, 2015-ci və 2016-cı illərdə kişilərin nikaha daxil olma yaşı orta hesabla 28,6 idi. Həmin rəqəm getdikcə artaraq 2017-ci ildə 28,8-ə, 2018-ci ildə 29-a, 2019-cu ildə 29,4-ə və 2020-ci ildə 30-a çatdı. 2014- 2016-cı illərdə qadınlar orta hesabla 24,1 yaşında ailə qurmuşdular. Sonrakı illərdə bu rəqəm tədricən artdı və 2017-ci ildə 24,2 olduğu halda 2020-ci ildə 25,2-yə qədər yüksəldi.

Bu tendensiya özünü ilk nikaha daxil olanların yaşında da göstərir. Birinci nikaha daxil olan qadınların orta yaşı 2015-ci ildəki 23,6-dan 2020-ci ildə 24,3-ə çatıb. Birinci nikaha girən kişilərin yaşı isə həmin dövr ərzində 27,5 olduğu halda ilbəil artaraq 2020-ci ildə 28,5 təşkil edib.

Bunların orta rəqəmlər olduğuna bir daha dərindən nəzər salsaq, mənzərə tam aydın olar. "Kişilərin nikaha daxil olma yaşı orta hesabla 30-dur" deyəndə düşünə bilərik ki, bu, o qədər də narahatlıq doğuran rəqəm deyil. Lakin həmin orta rəqəm tələsib 19-21 və sonrakı yaşda ailə quranların, eləcə də 30-dan sonra evlənənlərin yaş göstəricilərindən yaranır. Beləliklə, 35 və daha yuxarı yaşda nikaha daxil olanların da sayının çoxluğu ortaya çıxır.

Bəs gənclərimizi ailə qurmağa gecikdirən səbəb nədir? Sosioloqlar bunun bir səbəbini gənclərin daha mükəmməl təhsil almaq istəyi ilə bağlayırlar. Məsələn, onların bir çoxu ali təhsilin bakalavr pilləsindən sonra magistraturanı da başa vurmaq istəyir. Gənc daimi yeri tapınca, özünü bir mütəxəssis kimi doğruldunca, əli çörəyə çatınca isə xeyli vaxt keçir. Bu proseslərin davam etdiyi dövrdə cavanların heç də hamısı ailə barədə fikirləşmir.

Müşahidələr göstərir ki, indi gənclər daha sərbəst və müstəqildirlər, o mənada ki, quracaqları ailəni özləri, artıq yaşa dolmuş valideynlərinə ziyan vurmadan dolandırmaq istəyirlər. Gənc ailələrin başlıca istəyi isə ayrıca mənzildə yaşamaqdır.

Görək gənclərin özləri və onların çevrəsindəki insanlar nə deyirlər? Yaşı 35-ə yaxınlaşan Natiq deyir ki, gəlini haraya gətirim? Atamın, anamın, nənəmin və yaşca məndən kiçik bacımın yaşadığı üçotaqlı "xruşşovka"ya, ya kirayə mənzilə? Bu gənc hardasa haqlı olsa da, hər halda çıxılmaz vəziyyətdə deyil. Əvvəla, onun ata evi var və nənəsi hamının adından deyir ki, gəlinin gözümüz üstündə yeri var, təki ürəklər geniş olsun. Üstəlik, Natiq sanballı bir şirkərdə çalışır, yüksək maaş alır, yəni mənzil sahibi olmaq şansı da istisna deyil. Əslində, özü bu barədə düşünməyə gecikib. Çünki sosial vəziyyəti onunla eyni olan dostları AzadElman məsələni xeyli vaxtdır müsbət həll ediblər. Biri dövlətin gənc ailələrə güzəştlərindən istifadə edərək ipoteka krediti götürüb və artıq təzə mənzilə köçüb. Digəri isə yaşadığı Bakı yaxınlığındakı kənddə salınan yeni massivdə torpaq sahəsi alaraq xudmani bir ev tikdirir.

 Yaşıdları artıq ailə qurmuş Saleh də hələ evlənməyə tərəddüd edir. Evi olduğu halda... O, kiçik bizneslə məşğuldur və qazancının ailəni dolandırmağa yetməyəcəyini düşünür. Anası ona deyir ki, indi gənc qızların əksəriyyəti müəyyən peşə, sənət sahibidir, yerləri var. Odur ki, Saleh də gələcək həyat yoldaşı ilə birlikdə əl-ələ verib dolana bilərlər. Birki, zəhmətlə, səbirlə, hətta çətinliklə əldə olunan nemətlər daha şirin olur. Ev-eşiyin, pul-paranın, lap elə həyatın özü də!

Yeri gəlmişkən deyək ki, ailə qurmaq yaşına çatmış qızların da bir çoxu bu və digər səbəblərdən tərəddüd edirlər. Görək bu barədə dünyagörmüş ağbirçəyimiz Kifayət xanım nə deyir: "İndiki gəlinlər qayınanalı-qayınatalı evdə yaşamaq istəmirlər. Qızlar birinci şərt kimi oğlanın özünün ayrıca evi olması tələbini irəli sürürlər. Üzümü onlara tutub demək istərdım ki, qızlarım, heç olmasa bir müddət, ayrıca ev-eşik düzəlincə böyüklərlə bir yerdə yaşamağın özü də müsbət haldır. Belədə düşdüyünüz ailəyə, qohum olduğunuz insanlara daha tez isinişərsiniz. İşləyən, karyera sahibi olan qızlar üçün bu həm də bir köməkdir. Çünki ailənin digər üzvləri ona ev işlərində, uşaqların qeydinə qalmaqda köməkçi olurlar".

Kifayət nənə özü vaxtilə uzun illər uşaq bağçasında tərbiyəçi işləyib. Odur ki, cavan qadınların işləməsini, karyera qurmasını alqışlayır. Onun fikrincə, qızların bir qismini ərə gedəndən sonra ailənin tələbi ilə sevimli işlərindən, kollektivdən, yəni cəmiyyətdən ayrı düşəcəkləri qorxudur. Ağbirçəyin bu məsələyə aid də məsləhəti var: "Həkim, müəllim, alim, yaxud sadə, lakin gərəkli peşə sahibi olan qızlarımız çoxdur. Ailə qurandan sonra bəzi hallarda ər evinin onu işindən ayırmasının qəti əleyhinəyəm. Qoy işləsinlər, cəmiyyətə də xeyir versinlər, ailə büdcəsinə də bunun köməyi var". - Nənə gülür: "Qədimdə deyərmişlər ki, halvaçı qızı bir az da şirin..."

İxtiyar yaşlı Bakı sakini Nazim Tağıyev isə internetin, sosial şəbəkələrin gənclərin çox vaxtını almasından, fikrini həddindən artıq məşğul etməsindən narahatdır. Ağsaqqal deyir ki, kompüterdən və mobil telefonlardan faydalı işlər üçün istifadə etmək lazımdır. Boş-boş yazışmalara, lazımsız oyunlara, yerli-yersiz şəkillər paylaşmağa yox! Bütün bunlar gəncləri gələcək barədə düşünməkdən, məqsədyönlü qərarlar qəbul etməkdən yayındırır.

 Ailə qurmağa tələsməyən hər kəsin öz səbəbi var. Odur ki, bu barədə fikirlər, mülahizələr də müxtəlifdir. Dəqiq bilinən isə yalnız odur ki, bu cavanlara kömək etmək lazımdır. Doğmaları, dostları onlara yol göstərməli, birgə çalışdıqları kollektiv çətinliklərini aradan qaldırmaqda bacardığı dəstəyi əsirgəməməlidir. Onlar ailə qurmalı, bir ocaq başında birləşib xoşbəxt yaşamalıdırlar. Burada söhbət həm də xalqımızın genofondundan gedir. Prezident İlham Əliyevin təbirincə desək, artan əhali artan gücümüzdür.

Həkim-genetik Eldəniz Bayramov vaxtında ailə qurmağın tibbi baxımdan çox vacib olduğunu deyir: "Ailə şəraitində insanların, xüsusilə kişilərin qidalanması, istirahəti düzgün tənzimlənir, bu da onların səhhətinin yaxşı, qabiliyyətinin yüksək olmasına, sağlam həyat tərzi keçirməsinə xidmət edir. Vaxtında qurulmuş ailələrdə həm də sağlam uşaqlar dünyaya gəlir. Belə ki, insanlar yaşa dolduqca onların həm genetik və həm də sonradan qazanılmış xəstəlikləri daha bariz şəkildə üzə çıxır və bu, özünü doğulan uşaqlarda göstərir".

Mama-ginekoloq Elmira Əfəndiyevanın sözü isə qızlaradır: "Erkən nikah kimi, gec evliliyin də mənfi cəhətləri var. Vaxtında ailə qurmaq lazımdır. Qadınların yaşı artdıqca onların dünyaya uşaq gətirmək şansları da azalır. Bu, mümkün olduqda belə ananın və gələcək körpənin həyatı üçün risklər yaranır. Gec ailə quran qızlar özlərini də, hətta biz həkimləri də çətinlik qarşısında qoyurlar. Bəzən dünyaya gətirdikləri körpələr tam sağlam olmur".

Həkimin sözlərinə 2020-ci ildə bir neçə yaş qrupunda olan qadınların dünyaya gətirdikləri uşaqların sayı barədə statistik məlumatı əlavə edək. Doğrudur, təzə doğulanların çoxu 20-29 yaş qrupunda olan qadınların payına düşür. Bununla belə 30-39 yaş qrupunda olan qadınların dünyaya gətirdiyi uşaqların sayı da düşündürücüdür. Belə gec doğulan uşaqları böyüdüb boya-başa çatdırmaq uçün ömrün vəfasına bel bağlamaq da olmur axı...

Odur ki, sevib-sevilməyə, ömür-gün yoldaşı seçməyə gecikməyin, əziz gənclər. Gecikənlər isə tələsin. Tələsin ki, sizə şirin-şirin körpələr "ata", "ana" desinlər. Tələsin ki, sonra bir mahnıda olduğu kimi, peşiman-peşiman "ay gecikən məhəbbətim" deyə səslənərək qaçaq saldığınız xoşbəxtliyinizi axtarmayasınız.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 24 aprel.- S.6.