Azərbaycan
qarşı tərəflə "Bakı-Yerevan"
formatında danışıqlara hazırdır
Aprelin
23-də Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə keçirilmiş üçtərəfli görüş qeyd olunub və əldə edilmiş razılaşmalara uyğun olaraq praktiki və nəticəyönümlü işin aparılmasının önəminə toxunulub.
Prezident İlham Əliyev Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin demarkasiyası və delimitasiyası, iki ölkə arasında sülh müqaviləsinin hazırlanması, nəqliyyat-kommunikasiya xətlərinin açılması məqsədilə verdiyi dəstəyinə və bu məsələləri daim diqqətdə saxladığına görə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə təşəkkürünü bildirib.
Dövlətimizin
başçısı Brüssel görüşünün nəticələrinə
uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan
sərhədinin delimitasiyası və demarkasiyası üzrə
milli komissiyanın və iki ölkə arasında sülh
müqaviləsinin hazırlanması üzrə nümayəndə
heyətinin tərkibini müəyyən etdiyini və
qarşı tərəflə “Bakı-Yerevan” formatında
danışıqlara hazır olduğunu vurğulayıb. Prezident İlham Əliyev sülh müqaviləsi üzrə
danışıqlar üçün Azərbaycanın
təqdim etdiyi beş
prinsipin əsas götürüldüyünün
vacibliyini vurğulayıb.
Prezident
Şarl Mişel Ermənistan və Azərbaycan arasında
münasibətlərin normallaşdırılması və Cənubi
Qafqaz regionunda davamlı sülhün təmin olunması məqsədilə
səylərini bundan sonra da davam etdirəcəyini qeyd edib.
Söhbət zamanı minaların təmizlənməsi və birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinin müəyyən edilməsi məqsədilə Avropa İttifaqının ölkəmizə dəstək vermək niyyəti təqdir olunub.
Danışıq əsnasında,
həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın
perspektivləri və qarşılıqlı maraq doğuran
digər məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-2022.- 24 aprel.- S.2.