Dünya azərbaycanlıları Zəfər sevincini
Qarabağda da
yaşadılar
"Əmin olduğumu bildirmək istəyirəm ki, biz bu münaqişənin də ləğv olunmasına, aradan götürülməsinə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır, işğal olunmuş torpaqlar azad ediləcək, yerindən-yurdundan didərgin düşmüş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqlar".
Əbədiyaşar şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyev bu sözləri Dünya Azərbaycanlılarının 2001-ci ilin noyabr ayında keçirilən I Qurultayında demişdi. Bu gün Ulu Öndərin ruhu şaddır. Ona görə ki, artıq torpaqlarımız azaddır və onun layiqli davamçısı olan Prezident İlham Əliyev növbəti qurultay üçün Azərbaycana gəlmiş soydaşlarımızı bu dəfə Şuşada salamladı…
Prezident dünya azərbaycanlılarını
bu dəfə Şuşada
salamladı
Pezident İlham Əliyevin dünya azərbaycanlılarının ikinci, üçüncü və dördüncü qurultaylarında etdiyi çıxışlar müxtəlif ölkələrdən gəlmiş soydaşlarımızın yaxşı xatirəsindədir. İlham Əliyev 16 il əvvəl, 2006-cı il martın 16-da ilk dəfə dövlət başçısı kimi çıxış etdiyi Dünya Azərbaycanlılarının II Qurultayında demişdi: "Biz Dağlıq Qarabağın heç vaxt - nə bü gün, nə sabah, nə 10 ildən sonra, nə də 100 ildən sonra Azərbaycandan ayrılmasına razılıq verməyəcəyik". Eyni zamanda dövlət başçısı danışıqlara da toxunaraq bəyan etmişdi ki, bu proses əbədi ola bilməz, çünki Azərbaycan xalqının və iqtidarının səbri tükənir.
Dünya Azərbaycanlılarının III Qurultayında da İlham Əliyev qətiyyətlə bildirmişdi ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. IV Qurultaydan bir neçə ay əvvəl isə Aprel döyüşləri baş vermişdi və görünən o idi ki, İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz tezliklə torpaqlarımızı işğaldan azad edəcək.
Bəli, İlham Əliyev dedi və etdi. Bu illər ərzində inkişaf edən, güclənən Azərbaycan dövləti Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan vermədi və 44 günlük müharibədə torpaqlarını işğaldan azad etdi. Bu Zəfərlə İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi, xalqımızı qürurlandırdı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı fərəhləndirdi.
Beləliklə, 2006 və 2011-ci illərdə Bakıda Heydər Əliyev Sarayında, 2016-cı ildə isə Heydər Əliyev Mərkəzində dünya azərbaycanlılarını salamlayan İlham Əliyev bu dəfə onları Qarabağda - Zəfərimizin rəmzi olan Şuşada bir araya gətirdi. Dünya azərbaycanlılarının həmrəylik mesajı bu dəfə Şuşadan dünyaya bəyan olundu. Və bu mesajda xalqımızın tarixi zəfəri, Qarabağın Azərbaycan olduğu ifadə edildi.
Bu mənada Dünya Azərbaycanlılarının V Qurultayının ruhu da, məzmunu da fərqli idi. Ona görə ki, bu qurultay Şuşada keçirilirdi. Ona görə ki, İlham Əliyevin onları yalnız dünya azərbaycanlılarının lideri yox, həm də döyüş meydanında Zəfər çalmış Ali Baş Komandan kimi salamladı. İlham Əliyev onları ən böyük arzularının həyata keçməsini təmin edən dövlət başçısı kimi qarşıladı. Elə buna görə də Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayını Zəfər qurultayı adlandırdı: "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır".
Qalib xalqın nümayəndələri
Elə V Qurultayın iştirakçısı olan soydaşlarımızın da ovqatı fərqli və həm də vüqarlı idi. Ona görə ki, Zəfər sevincini bu dəfə işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan Şuşada yaşadılar. Onlar Zəfər yolu ilə gələrək, ordumuzun qəhrəman əsgər və zabitlərinin hansı çətin coğrafi şəraitdə xalqımıza qələbə sevinci bəxş etdiyini gördülər. Qeyd edək ki, V Qurultayda 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak etdi. Şübhəsiz ki, bu tədbirdə daha çox sayda soydaşımız iştirak etmək arzusunda olub.
Vətən müharibəsindəki Zəfərin təməlində dayanan əsas səbəb İlham Əliyevin müdrik siyasətidir. Məhz bu siyasət Azərbaycanı tarixinin ən güclü dövlətinə çevirdi, 2020-ci ilin Vətən müharibəsində isə dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Bu siyasətin ən böyük uğurlarından biri də xalqımızın milli həmrəyliyini təmin etməsi, dünyanın hər yerində yaşayan soydaşlarımızı vahid amallar ətrafında birləşdirməsidir.
Qeyd edək ki, əvvəlki qurultaylarda Prezident İlham Əliyev dövlətimizin taleyüklü məsələləri ilə bağlı müxtəlif ölkələrdən olan soydaşlarımıza mühüm tövsiyələr vermişdi. Dövlət başçısı informasiya müharibəsinin gücləndiyi bir şəraitdə Azərbaycan həqiqətlərinin müxtəlif ölkələrə çatdırılmasının, erməni yalanlarının ifşası istiqamətində fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdı. Bu baxımdan Vətən müharibəsinə gedən yolda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın mühüm xidmətləri oldu. Təkcə Vətən müharibəsi dövründə soydaşlarımızın diaspor təşkilatları dünyanın 30-dan çox olkəsində 200-dək aksiya keçiriblər və bu, milli həmrəyliyimizin təntənəsi olmaqla, erməni yalanlarının qarşısının alınmasında mühüm rol oynadı. V Qurultayda Prezident İlham Əliyev bu barədə deyib: "Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu müqəddəs günü yaxınlaşdırmalıyıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi".
Vətən müharibəsindəki qələbə müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın qürur mənbəyidir. Çünki onlar indi qalib xalqın təmsilçiləridir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşada keçirilən qurultayın çox böyük tarixi mənası var. V Qurultaydan sonra yaşadıqları ölkələrə qayıdacaq soydaşlarımızın isə deməyə daha çox sözləri var. Həm də azad Şuşanı görmək və Müzəffər Ali Baş Komandanla görüşmək tamamilə başqa bir hissdir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2022.- 23 aprel.- S.6.