Ermənilərin saxta mifləri
tam iflasa uğrayıb
Hər il aprelin 24-ü yaxınlaşanda ermənilərin səsləri dünyanı bürüyür. Reallıqdan uzaq məqsədlərinə, başlarından böyük iddialarına çatmaqdan ötrü özlərinə "soyqırımı" mifi uydurmuş ermənilər bu yalana hamını inandırmaq istəyirlər.
Amma məsələ inandırmaqla da bitmir. Ardınca
özlərinə düşmən bildikləri Türkiyəyə
qarşı bir sıra əsassız iddialar irəli
sürürlər. Və dərhal da
aydın olur ki, məqsəd heç də ötən əsrin
əvvəllərində baş vermiş hansısa hadisələrin
gün işığına çıxması, insanların
bütün bunları oxuyub məlumatlanması deyil. Əsas məram dünyanın böyük güclərinin,
aparıcı dövlətlərinin əli ilə Türkiyəyə
qarşı daha bir təzyiq aləti
formalaşdırmaqdır. Min bir fitnə-fəsadla
hazırda qlobal proseslərə böyük təsir
imkanına malik olan bu güclü dövləti zəif
salmaqdır, təzminatlar qoparmaqdır.
"Erməni
soyqırımı" olmayıb
Ermənilərin müxtəlif saxtakarlıq cəhdləri
ilə üzərini örtməyə
çalışdıqları tarixi həqiqətlər
obyektiv dəyərləndirilsə, hər birimiz görəcəyik
ki, XX əsrin əvvəllərində "erməni
soyqırımı" deyilən hadisə olmayıb. Bu iddia
böyük dövlətlərin Şərq planlarının
tərkib hissəsi kimi meydana gəlib. Tarix
boyu başqalarının əlində pislik aləti kimi
istifadə olunan, bu "missiyaya" həvəslə
razılaşan ermənilər onda da dünya güclərinin
Türkiyəyə qarşı işğalçılıq planlarında
rol almışdılar. Şərq məsələsinin
kökündə böyük ərazi hüdudlarına malik
Osmanlı imperiyasının torpaqlarını
bölüşdürmək, Türkiyəni bir dövlət
kimi məhv edib sıradan çıxarmaq, onun ərazilərində
müxtəlif bufer dövlətlər yaratmaq dururdu. Burada da söhbət Şərq xalqlarının Qərbin
əsarəti altına düşməsindən gedirdi. Belə bir məqamda ermənilər Türkiyəyə
qarşı xəyanət yolu tutdular.
Hadisələr
əslində belə cərəyan etmişdi: Türkiyə ərazisində
yaşayan və bu ölkənin təbəələri olan
ermənilərin xarici güclərin sifarişi ilə
dövlətə qarşı cinayətləri XIX əsrin son
illərinə doğru getdikcə genişlənirdi. Xüsusilə Anadolunun şərqində və
Kilikya adlanan cənub bölgələrində kütləvi
şəkildə yaşayan ermənilər arasında
separatçı meyillər güclənirdi. Onlar tez-tez Osmanlı Türkiyəsinə
qarşı silahlı üsyana qalxırdılar. İlk
üsyan 1890-cı ildə Ərzurumda baş verdi.
Daha sonra ermənilər Vanda, Sasonda, Adanada
üsyan edərək dağıntılar törətdilər.
Xeyli sayda insanın ölümünə səbəb
oldular. 1905-ci ildə isə Türkiyə
sultanına qarşı sui-qəsd cəhdi törətdilər
və bu cəhd uğursuzluqla nəticələndi. Bölgədə təşkilatlanan erməni komitələri
mülki şəxslərə qarşı da xüsusi
amansızlıq göstərdilər. Əhalini
kütləvi şəkildə qətlə yetirdilər.
Bütün bu cinayətlərdə böyük dövlətlərlə
yanaşı, erməni millətçilərinin də
maraqları vardı. Osmanlı dövləti
parçalandıqdan sonra onlara yaşadıqları ərazidə
erməni dövlətinin qurulacağına söz
verilmişdi. Beləliklə, ermənilərin
illərdən bəri zəhərli təfəkkürlərində
yaşatdıqları "böyük Ermənistan"a
doğru yol görünməyə başlamışdı.
Bu ideyanı inkişaf etdirmək
üçün onlar "Daşnaksütyun"
partiyasını yaratmışdılar. Bütün
türk-müsəlman əhalisini məhv etməyi
qarşılarına məqsəd qoymuşdular. Bunu da əvvəlcə Osmanlı Türkiyəsi ərazisində
həyata keçirirdilər. Erməni
daşnaklarının azğınlığının getdikcə
dözülməz olması 1915-ci ildə Osmanlı hakimiyyətini
bu təhlükəni aradan qaldırmaq üçün bəzi
qəti addımlar atmaq məcburiyyəti qarşısında
qoydu. Birinci Dünya müharibəsi ərəfəsində
çar Rusiyası tərəfinə keçərək
Türkiyəyə qarşı vuruşan ermənilərlə
bağlı təhlükəni neytrallaşdırmaq
üçün onların Türkiyənin başqa bölgələrinə
köçürülməsi qərarı verildi. Bu ərəfədə xəstə təfəkkürləri
ilə on minlərlə erməninin də düşüncələrini
zəhərləyən, kütlənin önündə gedib
onları sakini olduqları, təbəəsi sayıldıqları
Türkiyə dövlətinə qarşı qaldıran 2345
erməni rəhbər həbs edildi. Onlar
tez-tez ətraf kəndlərə hücum edərək əhalini
qətlə yetirən, çapıb talayan qatı cinayətkarlar,
quldurlar idi. Həbslər 24 aprel günü həyata
keçirildiyindən həmin xəstə təfəkkürlülərin
davamçıları bu günü qondarma "erməni
soyqırımı"nın əsas
tarixi simvoluna çevirdilər.
Əsl
soyrıqımını ermənilər törətmişdilər
Əsl
soyqırımını isə erməni daşnakları cəmi
üç il sonra Bakıda,
Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda və digər
bölgələrimizdə azərbaycanlılara qarşı
törətdilər. "Erməni
soyqırımı" məsələsi indiyə qədər
tarixçi alimlər tərəfindən ən çox tədqiq
edilmiş iddialardandır. Amma bu tədqiqatların
heç biri ermənilərə qarşı belə bir
addımın həyata keçirildiyini sübuta yetirə, bunu
təsdiqləyəcək mötəbər mənbələr
ortaya qoya bilməyib. Ermənilərin Azərbaycanda həyata
keçirdikləri, on minlərlə günahsız azərbaycanlının
ölümü ilə nəticələnmiş
qırğınlarla bağlı isə yüzlərlə sənədli
fakt var. Soyqırımının araşdırılması məqsədilə
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
yaradılmış Fövqəladə Təhqiqat
Komissiyasının sənədləri bu erməni vəhşiliyini
tarixi faktlarla, danılmaz dəlillərlə sübuta yetirir. Həmin sənədlərin hər biri ermənilərin
həm Azərbaycan türklərinə, həm də
Türkiyədəki soydaşlarımıza düşmənçiliyinin
bariz təsdiqidir.
Bu gün Ermənistan dövlətinin erməni
faşizminin simvollarından biri kimi heykəlini
ucaltdığı Qaregin Njde öz millətçilik təliminin
ilk cümləsində yazırdı ki, sonuncu türk kar, kor,
lal olsa da, öldürülməlidir. Təkcə elə
bunun özü türkə nifrətin, türk düşmənçiliyinin
ermənilərin əlində bir ideoloji vasitəyə, silaha
çevrildiyini göstərir. Onların
1918-ci ilin martında Azərbaycan ərazisində müsəlman
əhaliyə qarşı törətdikləri
soyqırımları da ermənilərin Türkiyədə
başladıqları prosesin daha geniş miqyasda davamı idi.
Belə ki, Osmanlı Türkiyəsi Birinci
Dünya müharibəsində zəif düşsə də,
dağınıq qüvvələrini birləşdirərək
hərbi gücünü möhkəmləndirməyi
bacardı. Nəticədə ərazidəki
silahlı ermənilər, o cümlədən Avropadan və
Rusiyadan gələn silahlı ermənilər Türkiyə ərazisini
tərk etməyə başladılar. Onların
bir hissəsi Qərbi, bir hissəsi Cənubi, bir hissəsi
Şimali Azərbaycana gəldi. Osmanlıda
öz maraqlarını təmin edə bilməyən ermənilər
1918-ci ildə bu ərazilərdə soyqırımı
törətdilər.
Bu millətin türk düşmənçiliyi
sonrakı onilliklərdə də müxtəlif formalarda, o
cümlədən dünyanın əksər ölkələrində
türklərə qarşı törədilən terror hadisələri
ilə davam etdi. Bir çox beynəlxalq qurumlar
qarşısında "erməni soyqırımı" məsələsi
qaldırıldı. Bu mövzu yenidən ermənilərdən
vasitə kimi istifadə etməklə Türkiyəni çətin
vəziyyət qarşısında qoymaq istəyən bədxahlarına
imkan verdi. 1980-ci illərin sonlarında baş verən dəyişikliklər
dövründə isə ermənilər öz mənfur
planlarını həyata keçirmək üçün
yeni fürsətlər tapdılar. Azərbaycan
ərazilərini işğal etdilər, on minlərlə
soydaşımızı qətlə yetirdilər.
Tarixi
tarixçilər araşdırmalıdırlar
Keçmişin unudulmaması, tarixi həqiqətlərə
düzgün qiymət verilməsi və ümumən bəşəriyyətə
qarşı yönələn cinayətlərin bir daha təkrarlanması
üçün bu cür hadisələr diqqətlə,
obyektiv tədqiq olunmalıdır. Amma bu cür hadisələrin
öyrənilməsinin ali məqsədi də
sülhə, sabitliyə, xalqlar arasında barışa, eyni
zamanda sırf bu cinayətlərdə əli olan canilərin cəzalandırılmasına
xidmət etməlidir. Xalqlar arasında
kin-küdurəti, qarşılıqlı nifrəti unutdurub gələcək
insan faciələrinin qarşısını almalıdır.
Bunun əksi baş verəndə,
soyqırımı iddiaları bütün dövlətə
qarşı siyasi təzyiq alətinə çevriləndə
isə yeni münaqişələr üçün mənbə
rolunu oynayır və gələcək üçün
böyük risklər doğurur.
Müasir Türkiyə Cümhuriyyətinin ermənilərin
bu iddiaları ilə bağlı mövqeyi aydındır. Türkiyə
rəhbərliyi bu məsələni tarixçilərin
araşdırmalı olduğunu bir neçə dəfə bəyan
edib. Hətta Türkiyə tərəfindən
bu məqsədlə alimlərdən ibarət birgə
komissiyaların yaradılması təşəbbüsləri
də irəli sürülüb. Əfsuslar
olsun ki, ermənilər bu cür təşəbbüslərdən
qaçırlar. Onlara yaxşı bəllidir
ki, elə araşdırmalar onların soyqırımı
iddialarının qondarma olduğunu sübuta yetirəcək.
Üstəlik, bundan sonra soyqırımı
nağılları ilə ağlayıb-sıtqayaraq
dünyanı dolaşanda daha onların bu
nağıllarına da az adam inanacaq.
Bu məsələyə bir çox ölkənin ikili
standartlar çərçivəsindən yanaşması da
diqqəti çəkir və açığını desək,
ikrah doğurur. Məsələn, Fransanın erməni
soyqırımına münasibəti hər kəsə bəllidir.
Bu ölkə hətta bir neçə il əvvəl
bu saxta iddianı şübhə altına alan vətəndaşlarının
məsuliyyətə cəlb edilməsi barədə
hansısa qanunvericilik aktı belə qəbul edib. Bu günlərdə isə Fransa Prezidenti Emmanuel
Makron Rusiya-Ukrayna münaqişəsi zamanı Ukraynanın
Buça şəhərində baş vermiş faciəni
"soyqırımı" adlandırmaqdan imtina edib. Bildirib ki, bu fakta siyasətçilər yox,
hüquqşünaslar qiymət verməlidirlər. Sözümüz yox. Amma
Türkiyə də təxminən oxşar mövqeyi
nümayiş etdirir. Deyir ki, 100 il əvvəl Osmanlı
Türkiyəsində baş verən, müasir Türkiyə
Cümhuriyyətinə ciddi bir aidiyyəti olmayan, Türkiyə
siyasətçilərinin, dövlət qurumlarının
heç bir məsuliyyət daşımadıqları bu hadisələrə
də yalnız tarixçilər qiymət verməlidirlər.
1918-ci
ilin martında on minlərlə soydaşımızı qətlə
yetirmiş daşnakların qanlı irsini davam etdirərək
1992-ci ilin 26 fevral günü Xocalıda Azərbaycan vətəndaşlarına
qarşı soyqırımı törədən, eləcə
də Birinci Qarabağ müharibəsi vaxtı başqa kəndlərimizdə,
şəhərlərimizdə əli minlərlə
günahsız azərbaycanlının qanına batan Robert
Koçaryan, Serjik Sarkisyan kimi körpə qatilləri hələ
də cəzasız qalıblar. Bu daşnak xislətli
"insanlar" törətdikləri bəşəri cinayətdən
o qədər məmnundurlar ki, öz dəhşətli əməllərini
hətta beynəlxalq təşklilatların tribunalarında,
ayrı-ayrı media orqanlarına müsahibələrində
səsləndirməkdən belə çəkinmirlər.
Amma beynəlxalq ictimaiyyət, ədalət məhkəmələri
onların bu qanlı cinayətlərinə görə məsuliyyətə
cəlb edilməsi ilə bağlı
çağırışlara məhəl qoymurlar. Belə canilərin azadlıqda gəzməsinə,
törətdiyi cinayətin cəzasını çəkməməsinə
məhəl qoymamaqla öz dəyərlərinə
sayğısızlıq göstərirlər.
Beynəlxalq
ictimaiyyət ermənilərin manipulyasiyalarından bezib
Onu da qeyd edək ki, ermənilərin
"soyqırımı" mifindən yeri gəldi-gəlmədi
istifadə etməsi, bu mif üzərində manipulyasiya
qurması artıq çoxlarını bezdirib. Uzun illər hər
dəfə 24 aprel ərəfəsində əsas diqqət
ABŞ Prezidentinin "soyqırımı"
sözünü işlədib-işlətməyəcəyinə
yönəldilirdi. ABŞ prezidentləri isə
bu məsələdə mümkün qədər korrekt
davranaraq belə bir ifadədən istifadə etməyi özlərinə
rəva bilmirdilər. Amma ötən il
ABŞ Prezidenti C.Bayden bu sözü işlətdi.
Ermənistan bundan nə qazandı, əldə etdiyi nə oldu? Ermənistan cəmiyyətinin həyatında nə dəyişdi? Əksinə, sağlam düşüncəyə malik hər bir adam bu cür soyqırımı yalanlarının dünyanın müxtəlif ölkələrindəki erməni lobbi təşkilatlarının əlində sadəcə pul qazanmaq aləti olduğunu, Ermənistan cəmiyyətinə isə heç bir faydasının olmadığını göstərdi. Müasir dünyamızda nifrət, kin-küdurət, başqalarına qarşı saxta iddialar xalqlara, ölkələrə heç bir fayda gətirmir. Müasir dünya sıx əməkdaşlıqlar, fəal kommunikasiyalar, sülh və inkişaf dünyasıdır. Erməni lobbisinin dünyaya yaydığı yalanlar, xəbisliklər Ermənistan və bu ölkənin vətəndaşlarını illərdir ki, inkişafdan kənar saxlayıb, zəlil günə qoyub. Artıq Ermənistan cəmiyyətində də bu həqiqəti dərk edənlərin sayı artır və soyqırımı mövzusu ətrafında ajiotaj yaratmaq getdikcə çətin olur.
İbrət dərsi
Bu baxımdan Azərbaycanın Vətən müharibəsindəki tarixi qələbəsi Ermənistan cəmiyyətinə ibrət dərsi oldu. Onlar gördülər ki, gələcək rifahları Azərbaycanın öz qələbəsi ilə regionda yaratdığı tarixi reallıqları düzgün dəyərləndirmələrindədir. Haqq yoluna gəlmək üçün onlara verilən sonuncu şansdan istifadə edib Türkiyə ilə, Azərbaycanla sülh və mehriban qonşuluq münasibətlərində yaşamaqlarındadır. Əməkdaşlıq imkanlarından ölkənin, xalqın rifahı üçün faydalanmalarındadır.
Hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın faktiki olaraq ölkəmizlə danışıqları Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü 5 prinsip üzrə aparmağa razılaşması artıq erməni hakim dairələrində də reallığın obyektiv qiymətləndirildiyini göstərir. Azərbaycan Prezidentinin irəli sürdüyü prinsiplərin hər biri beynəlxalq hüquqa əsaslanır. Onlara əməl olunması regionda əbədi sülhün, davamlı inkişafın əsasını qoya bilər.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2022.- 24 aprel.- S.7.