Güclü Lider, vətənpərvər gənclik

 

Qarabağ Azərbaycandır!

 

Müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğı xüsusi yer tutub. Ümummilli Lider bildirirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Odur ki, zəngin idarəetmə təcrübəsinə malik olan dünya şöhrətli siyasətçi respublika rəhbərliyinə gəldiyi ilk vaxtdan öz siyasətində gənclərin savadlı, sağlam və vətənpərvər ruhda böyüməsinə daim qayğı göstərdi.

Bu gün insanlarda qürur hissi doğuran həm də odur ki, Azərbaycanın gündən-günə güclənməsində, qüdrətlənməsində, dünya birliyində layiqli yer tutmasında gənclərin rolu böyükdür. Uğurlarımıza diqqət çəkərkən, bunun təbii ki, işgüzar və vətənpərvər gənclərin səyləri, qətiyyəti sayəsində qazanıldığının bir daha şahidi oluruq. Ölkəmizdə əhalinin 60 faizdən çoxunu gənclər təşkil edir. Gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi onlara olan etimaddan irəli gəlir. Gəncləri Azərbaycanın gələcəyi, müasir Azərbaycanın qurucuları kimi dəyərləndirən Ulu Öndərin 1997-ci il 2 fevral fərmanına əsasən, bu günün Azərbaycanda Gənclər Günü olaraq dövlət səviyyəsində təntənə ilə qeyd edilməsi gənc oğlan və qızlarımıza sanki əlavə güc, stimul verir. Gənclərin ən sevimli məşğuliyyəti olan idmanla yanaşı, ictimai-siyasi işlərə geniş cəlb olunması bu strategiyanın təməl prinsiplərinə çevrilib. Odur ki, gənclər göstərilən etimadı fəaliyyətlərində ləyaqətlə doğrultmağa böyük səy göstərirlər.

Xatırladaq ki, müstəqilliyimizin ilk illərində digər sahələr kimi, orduda da vəziyyət acınacaqlı idi. Hərbi çağırışdan yayınma halları mövcud idi. Amma Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində də əsaslı islahatlar aparıldı. İnsanların dövlətçiliyə və orduya münasibəti dəyişdi. "Vətən mənə oğul desə, nə dərdim" prinsipi gənclərimizin fəaliyyətinin əsasına çevrildi. Gənclər çağırış məntəqələrinə könüllü gedərək hərbi xidmət borclarını yerinə yetirməyə başladılar. Təbii ki, bu da gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəlməsi ilə bağlı idi. Bu gün hər çağırış gənclərin böyük vətənpərvərlik coşqusu ilə qarşılanır.

Gənclərimiz bu gün Azərbaycanın xarici ölkələrdə təbliğatçılarıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi Leyla xanım Əliyevanın gördüyü işlər gənclərimiz üçün örnəkdir. Onun fəaliyyətində tariximizin, mədəniyyətimizin təbliği prioritet istiqamətlərdəndir. Leyla xanım Əliyevanın təşəbbüsü ilə hər il nəinki respublikamızda, dünyanın bir çox xarici ölkələrində keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində bütün dünya xalqlarına bəyan edilir ki, genosidə məruz qaldıqlarını saxta faktiddialarla sübuta yetirməyə çalışan ermənilər tərəfindən əsl soyqırıma məruz qalan Azərbaycan xalqıdır.

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən 19 ildir uğurla davam etdirilir. Dövlət başçısının ictimaiyyət nümayəndələri ilə görüşlərində dəfələrlə səsləndirdiyi kimi, hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Təbii ki, bu ordunun əsasını gənclər təşkil edir. Danılmaz faktdır ki, gənclərimizin bu gün dövlət başçısı İlham Əliyevin fərmanı ilə hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri onlarda Vətən sevgisinin böyüklüyündən xəbər verir. Uğurlu siyasət, gənclərə göstərilən inametimad 2020-ci il İkinci Qarabağ savaşında öz möhtəşəmliyi ilə diqqət çəkdi. Bu möhtəşəmliyi daha əzəmətli edən isə, milli dövlətçiliyə sədaqətli, Prezidentinə güvənli vətənpərvər gənclər nəslinin yetişdirilməsidir. Güclü lider və vətənpərvər gənclik birliyinin təsdiqi Ulu Öndərin qərarları ilə bərabər, yeni dünyanın siyasi fenomeni, Vətən müharibəsinin qalib sərkərdəsi Prezident İlham Əliyevin "dəmir yumruğ"un Zəfərində 200 ildən artıq əsarət altında olan Azərbaycan torpaqlarının işğaldan azad edilməsini hədəfləyən uğurlu siyasi manevrlərində də aydın müşahidə edildi. Azərbaycan gəncləri tarixin və tərəqqipərvər bəşəriyyətin şahidliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün çəkən Vətən müharibəsindən Zəfər ilə çıxdılar. Onlar Prezident İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular.

Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub. Bu, ondan irəli gəlir ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Ölkəmizin uğurlu idman nəticələri, eyni zamanda bu sahəyə dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının yüksək səviyyədə icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulanPrezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər və idman siyasətinin müsbət nəticələri bu gün beynəlxalq arenada da öz təsdiqini tapır.

Ölkəmizdə gənclərin vətənpərvər ruhda böyüməsi, onların dinamik və hərtərəfli inkişafı üçün həyata keçirilən məqsədyönlü siyasətin mühüm istiqamətlərindən biri gənclərin fiziki tərbiyəyə marağını artırmaq, onların peşəkar və həvəskar şəkildə idmanla məşğul olmasını təşviq etməkdir. Məhz bunun nəticəsidir ki, idmançılarımız Azərbaycan bayrağını dünyanın müxtəlif ölkələrində ən uca zirvələrə qaldıra bilir, himnimizi səsləndirirlər.

Təsadüfi deyil ki, artıq bütün dünyada Vətənimiz idman ölkəsi kimi tanınır. Buna səbəb müxtəlif idman növlərində güclü idmançılarımızın olması ilə yanaşı, həm də evsahibliyi etdiyimiz beynəlxalq və respublika əhəmiyyətli kütləvi idman tədbirlərinin yüksək səviyyədə keçirilməsidir. Bütün bu fəaliyyətlər Azərbaycanda idmanın kütləvi xarakter almasına, gənclərin zərərli vərdişlərdən uzaqlaşaraq peşəkar və həvəskar şəkildə idmana marağının artmasına səbəb olur. Bir neçə gün bundan əvvəl Budapeştdə keçirilmiş Avropa Çempionatında da güləşçilərimiz uğurlu nəticələr əldə ediblər. Bu münasibətlə Prezident İlham Əliyev həmin çempionatda iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşü zamanı güləş üzrə milli komandamızın bir daha xalqımızı sevindirdiyini, 16 medal qazanaraq Vətənə fərəhlə qayıtdığını məmnunluqla qeyd edib. Prezident İlham Əliyev görüş zamanı xüsusi olaraq vurğulayıb ki, idmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, onlar müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və bu, onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır.

Gənclərimizin vətənpərvər ruhda böyüməsində idman böyük rol oynayır və gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə olunur. Dövlətimiz buna nail olmaq üçün gənclərə bütün imkanları yaradır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğuPrezident İlham Əliyevin yeni mərhələyə qaldırdığı dövlət gənclər siyasəti respublikamızda yetişməkdə olan vətənpərvər gənclərin inkişaf yoluna işıq salıb, onları dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib.

Milli Ordu sıralarında vətənpərvər gənclərin şücaəti və qəhrəmanlığı sayəsində əsrin qələbəsi kimi qiymətləndirilən Zəfərimizin memarı İlham Əliyevin adı güclü lider kimi xalqımızın qəlbinə əbədi həkk olunub. Dünyanın harasında yaşamasından asılı olmayaraq, sülhpərvər insanlar güclü lideri, qalib vətənpərvər Azərbaycan gənclərini xüsusi ehtiramsevgi ilə xatırlayırlar. Ölkəmizdə gəncliyə dövlət qayğısı sabahauğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlamintellektual nəslin formalaşmasına xidmət edir. Azərbaycan gəncliyi özünü sabahın əsl qayğıkeşi hesab edir. Nəinki Azərbaycanda, respublikamızdan kənarda yaşayan, təhsil alan və hər hansı müəssisədə çalışan azərbaycanlı gənclər də qalib liderinə, Azərbaycan Prezidenti İlham Əliyev siyasətinə, onun tələb və tövsiyələrinə həmişə sadiq və sədaqətli olmağa çalışırlar.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2022.- 23 aprel.- S.9.