Tələbələr fransız dilində "Əziz
Şuşa, sən azadsan!"
adlı tədbir keçirmişlər
Gəncə Dövlət Universitetində Fransız dili kafedrasının təşkilatçılığı ilə "Şuşa ili" cərçivəsində "Əziz Şuşa, sən azadsan!" adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan-Fransa İnstitutunun direktor müavini Jonatan Ünlü iştirak etmişdir.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra 2022-ci ilin "Şuşa ili" elan edilməsi barədə Prezident İlham Əliyevin müvafiq sərəncamı Azərbaycan və fransız dillərində səsləndirilmişdir. Tədbir sənədli filmin nümayişi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə davam etmişdir.
Universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğalda qalmış ərazilərimizin azad edilməsindən, hazırda azad edilmiş torpaqlarımızda aparılan abadlıq və quruculuq işlərindən danışmışdır.
Sonra tələbələrin ifasında "Əziz Şuşa, sən azadsan!" bədii kompozisiya nümayiş olunmuş, fransız dilində mahnı səsləndirilmiş, Azərbaycanın xalq mahnısı "Sarı gəlin" ifa edilmiş, "Qalib əsgər" adlı tamaşa göstərilmişdir. Universitetin 3-cü kurs tələbələrinin ifasında "Qarabağ şikəstəsi" tədbir iştirakçılarına xoş ovqat yaşatmışdır.
Onu da qeyd edək ki, tədbirdən öncə 3 universitet - Azərbaycan Dillər Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetində fransız dili ixtisasında oxuyan tələbələr arasında keçirilən "Natiqlik" müsabiqəsinin nəticələri elan olunmuşdur. Gəncə Dövlət Universitetinin fransız dili ixtisasının 4-cü kurs tələbəsi Müjgan Məmmədova qalib gələrək yayda Fransanın Lion şəhərinə 2 həftəlik səyahət paketini qazanmışdır. 2-ci yerə isə 3-cü kurs tələbəsi Arzu Xəlilova layiq görülmüşdür.
Sabir ƏLİYEV
Azərbaycan.-
2022.- 22 aprel.- S.9.