Zəfər qurultayı birliyimizgücümüzün təcəssümü oldu

 

Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin təbliğatı üçün xaricdəki diasporumuzun yeni yol xəritəsini müəyyənləşdirdi

 

 "Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır".

Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan həqiqətləri, Vətən müharibəsindəki şanlı Zəfər və postmüharibə dövrünün reallıqlarını dəyərləndirən Prezident İlham Əliyev eyni zamanda müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların bundan sonrakı fəaliyyətləri üçün yol xəritəsi müəyyənləşdirib.

Zəfər qurultayı torpaqlarımızın işğaldan azad olunmasından sonra dünya azərbaycanlılarını bir araya toplayan ilk möhtəşəm toplantı oldu. Siyasətçilər də hesab edirlər ki, Prezidentin verdiyi tapşırıqların, tövsiyələrin yerinə yetirilməsi Azərbaycanı getdikcə qüdrətləndirəcək və dünyada nüfzunu daha da artıracaq.

 

"Birliyimiz daha da güclənməlidir"

 

Mili Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qəzetimizə açıqlamasında bildirib ki, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Zəfər  Qurultayında çıxış edən Prezident İlham Əliyev Azərbaycan xalqının birliyindən, yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlının bu zəfərlə fəxr etdiyindən söz açdı və xalq bir daha möhtəşəm birliyini dünyaya nümayiş etdirdi.

Deputat qeyd edib  ki, uzun illər ərzində münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar heç bir həll yolları tapmadıqları halda, Azərbaycan öz iradəsini nümayiş etdirərək torpaqlarını işğaldan azad edib: "Mədəniyyət, dil hər bir azərbaycanlını birləşdirən əsas amildir.  Məhz bu dəyərlər üzərində hər bir azərbaycanlı yaşadığı ölkədə sosial, siyasi həyatda fəal rol oynayaraq Azərbaycan dövlətinin müdafiəsinə qalxa bilər. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, təbliği istiqamətində çox işlər görülməlidir. Biz döyüş meydanında qalib gəldik, lakin Azərbaycana qarşı təxribatlar davam edir. Bunun üçün birliyimiz daha da güclənməlidir. Azərbaycan qarşıda duran bütün problemləri xalqın birliyi, dünya  azərbaycanlılarının iradəsi ilə həll edəcək, çünki bunun üçün yetərincə gücümüz var".

Deputat vurğulayıb ki, iki gün davam edən qurultayın sonunda çox mühüm  sənədlər qəbul edilib. Bütün bunlar reallaşacağı təqdirdə gələcəkdə hər kəs Azərbaycanın çox böyük uğurlarına şahidlik etmiş olacaq.

 

Zəfər qurultayının əhəmiyyəti getdikcə daha çox bilinəcək

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli isə qəzetimizə açıqlamasında V Qurultayın əhəmiyyətindən söz açarkən deyib k, dünya bir daha Azərbaycan xalqının mütəşəkkilliyinə şahidlik edib. Prezident İlham Əliyevin proqram xarakterli çıxışı isə yaddaqalan olub:

"Prezident V Qurultayı Zəfər qurultayı elan etdibildirdi ki, bu, zəfərimizdən sonra ilk qurultaydır. Eyni zamanda hər kəsin Zəfər yolu ilə Şuşaya gəldiyini vurğuladı. Bu qurultayın keçirilməsi böyük hadisədir. Tədbirdə 65 ölkədən 400-dən çox nümayəndə iştirak edirdi. Onların hər biri yaşadıqları ölkəyə qayıdandan sonra Azərbaycana səfərlərindən bəhs edəcək, vətənini tərənnüm edəcək, Şuşadan söz açacaq, işğaldan azad olunmuş ərazilərdəki dağıntılar, erməni vəhşilikləri və Azərbaycanın quruculuq işlərindən danışacaqlar. Cənab Prezident çıxışında dünya azərbaycanlılarına onların müxtəlif tədbirlərdə ermənilərlə görüşdüyünübunun çətin olduğunu bildiyini dedi. Eyni zamanda qeyd etdi ki, hər bir halda burada Azərbaycanın təbliği mühüm yer tutur".

Deputatın sözlərinə görə, Dünya Azərbaycanlılarının Qurultayını 50 milyon azərbaycanlının birliyi kimi xarakterizə etmək olar. Prezident İlham Əliyev də çıxışında məhz bu məsələyə toxunaraq dünya azərbaycanlılarının ildə bir dəfə Vətənə gəlmələrini məsləhət gördü.

Tahir Kərimli deyir ki, qurultayla bağlı təəssüratlar zəngindir. Əhəmiyyəti isə getdikcə daha çox bilinəcək: "İkigünlük qurultay dünya azərbaycanlılarını bir-birinə daha da yaxınlaşdıracaq, əlaqələr artacaq, bununla da  diaspor təşkilatları daha da güclənəcək. Onların müxtəlif ölkələrdə yaşayan nümayəndələrinin bir-biri ilə  şəxsi tanışlığı olacaq, əlaqələr möhkəmlənəcək. Beləliklə, Azərbaycanın mənafeyi daha yüksək səviyyədə təbliğ olunacaq. Qeyd edim ki, diaspor təşkilatları 44 günlük Vətən müharibəsində də özlərini yaxşı göstərdilər. Qurultayın sonunda iştirakçıların prezidentlə birlikdə "Qarabağ Azərbaycandır!" şüarını səsləndirmələri isə qurultaya daha da möhtəşəmlik verdi".

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 26 aprel.- S.4.