Azərbaycan və İsrail
arasında yeni nəsil ödəniş
vasitələri ilə bağlı müzakirələr
aparılıb
Aprelin 25-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində ölkəmizdə səfərdə olan İsrailin maliyyə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və İsrail arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi məmnunluqla qeyd olunub, iki ölkə arasında iqtisadi-maliyyə, kiber təhlükəsizlik, yeni hesablaşma sistemləri və yeni nəsil ödəniş vasitələri, dövlət maliyyəsinin idarə edilməsi, qabaqcıl təcrübə və texnologiyalar sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı məsələlər və əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Nazir Samir Şərifov israilli həmkarını İsrailin bir neçə gün əvvəl Asiya İnkişaf Bankına üzv qəbul olunması münasibətilə təbrik edib, digər sahələrdə olduğu kimi dövlətlərarası beynəlxalq maliyyə təşkilatları çərçivəsində də Azərbaycan və İsrailin qarşılıqlı fəaliyyətinin genişlənəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində Aviqdor Liberman İsrailin Asiya İnkişaf Bankına üzv qəbul edilməsində Azərbaycan tərəfinin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Söhbət zamanı
qarşılıqlı maraq doğuran digər məsələlər
üzrə də fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-
2022.- 26 aprel.- S.4.