Azərbaycan Respublikasının Baş Prokuroru ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb

 

Aprelin 25-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ölkəmizdə səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qonaqları salamlayan Baş prokuror Azərbaycanın ATƏT və onun institutları ilə əməkdaşlığının əhəmiyyətini vurğulayaraq, bu qarşılıqlı münasibətlərin dövlətimizin Avropa ilə inteqrasiya prosesində mühüm rol oynadığını bildirib.

Kamran Əliyev ölkəmizdə söz və mətbuat azadlığının bütün demokratik prinsiplərə cavab verdiyini vurğulayaraq, bu sahədə nailiyyətlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olması, müasir dövrdə isə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə söz və mətbuat azadlıqlarının inkişafı istiqamətində həyata keçirilən siyasət nəticəsində əldə olunduğunu qeyd edib.

Baş Prokuror ölkəmizdə prokurorluq orqanlarının sosial media siyasətini tənzimləyən sənədlər haqqında ATƏT-in media azadlığı üzrə nümayəndəsinə geniş məlumat verərək prokurorluq orqanlarının insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, qanunçuluq, hər kəsin qanun qarşısında bərabərliyi, fizikihüquqi şəxslərin hüquq və azadlıqlarına əməl və hörmət edilməsi, qərəzsizlik, siyasi bitərəflik prinsiplərinin rəhbər tutmasını vurğulayıb. Kamran Əliyev, həmçinin Baş Prokurorluq tərəfindən KİV-lərin nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq təşkil olunan görüş və brifinqlər barədə qonağa ətraflı məlumat verib.

Səmimi görüşə görə təşəkkürünü bildirən T.Ribeyro ikitərəfli münasibətlərə toxunaraq ATƏT-in Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və bütün sahələrdə müvəffəqiyyətlə inkişaf etdiyini bildirib.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Azərbaycan hökumətinin demokratiyanın möhkəmləndirilməsi, xüsusilə də söz və mətbuat azadlıqlarının istiqamətində atdığı addımların təqdirəlayiq olduğunu vurğulayıb və gələcəkdə ATƏT-in media azadlığı üzrə nümayəndəliyi tərəfindən azərbaycanlı jurnalistlər və müxtəlif qurumların mətbuat xidməti ilə əlaqəli sahədə çalışan əməkdaşları üçün təlimlərin keçiriləcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2022.-26 aprel.- S.5.