Şuşada Zəfər
Qurultayının bağlanış mərasimi keçirilib
Bağlanış
mərasimində Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının yeni tərkibi
müəyyən edilib
Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilən diaspor nümayəndələrinə “Əməkdar elm xadimi” fəxri adı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Dostluq” ordeni və “Tərəqqi” medalı təqdim edib.
Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva çıxışında diaspor nümayəndələrini əziz, doğma Şuşada görməkdən şad olduğunu bildirib.
Sonra Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov çıxış ediblər.
Bildirilib ki, Zəfər Qurultayının Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərində baş tutması mühüm tarixi hadisədir. Bu tədbir xaricdə yaşayan soydaşlarımızın doğma Vətən ətrafında daha sıx birləşməsinə və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanmasına mühüm töhfə verəcək.
Qeyd edilib ki, indi əsas məqsəd işğaldan azad edilmiş torpaqların bərpası və azərbaycanlıların ata-baba yurduna qayıdışını təmin etməkdir. Baxmayaraq ki, işğaldan əvvəlki dövrdə Şuşa şəhəri “Qarabağın cənnəti”, “Qafqazın konservatoriyası” adlandırılıb, son 30 ildə düşmən Şuşada azərbaycanlılara məxsus bütün tarixi-mədəni irsi dağıtmaqla məşğul olub. İndi Şuşanın, eləcə də bütünlüklə Qarabağın əvvəlki şöhrətini qaytarmaq, Qarabağı dirçəltmək qarşıda duran əsas məqsədlərdəndir. İşğaldan azad olunmuş ərazilərdə qısa müddətdə müasir yol infrastrukturunun qurulması, tarixi, dini və mədəni abidələrin bərpa edilməsi, bir sıra sosial layihələrin həyata keçirilməsi, Şuşanın Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı seçilməsi, tarixi Şuşa Bəyannaməsinin imzalanması və nəhayət, Dünya Azərbaycanlılarının V Qurultayının bu şəhərdə keçirilməsi bir daha sübut edir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Şuşa tezliklə dirçələcək, inkişaf edəcək, özünün əvvəlki şöhrətini qaytaracaq və yenə də mühüm mədəni tədbirlərin keçirildiyi məkana çevriləcəkdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız nəinki Şuşanın, eləcə də işğaldan azad olunmuş digər torpaqlarımızın gələcək sosial, iqtisadi və mədəni inkişafına öz fəaliyyətləri ilə töhfə verə bilərlər.
Eyni zamanda, vurğulanıb ki, tezliklə Şuşada, Daşaltı kəndində müasir beşulduzlu otellər, turizm və ictimai-iaşə mərkəzləri fəaliyyətə başlayacaq. Qarabağın səfalı təbiəti, füsunkar mənzərələri və turizm imkanlarını nəzərə alsaq, bu potensialın inkişafında və xarici turistlərin buraya cəlb olunmasında soydaşlarımız yaxından iştirak edə bilərlər.
Daha sonra bir qrup diaspor fəalına “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib.
Aparılan müzakirələr nəticəsində Qurultayın yekun sənədləri - qurultayın qətnaməsi, Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin dünya azərbaycanlılarına müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayının BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın Ermənistanın işğalından azad olunmuş ərazilərində yaratdığı mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciəti yekdilliklə qəbul edilib.
Tədbirdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olunub. Prezident İlham Əliyev Qurultay iştirakçıları tərəfindən Şuranın sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuranın icraçı katibi seçilib.
Yekun sözü ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diasporuna dövlət qayğısından, diaspor fəaliyyətinin yeni inkişaf mərhələsinə qədəm qoymasından, Komitə tərəfindən həyata keçirilən layihələr və tədbirlərdən, beynəlxalq sahədə əməkdaşlıq və perspektiv imkanlardan, milli kimliyin və ana dilinin qorunması məsələlərindən, rəhbərlik etdiyi qurumun informasiya və təşviqat fəaliyyətindən danışıb. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, pandemiya dövründə diasporla işin təşkili, Azərbaycan diasporunun Tovuz döyüşlərindən sonrakı fəaliyyətinə toxunan F.Muradov diasporumuzun Vətən müharibəsi dövründə fəaliyyətindən bəhs edib, xaricdə yaşayan soydaşlarımızın ölkəmizdə şəhid ailələrinə və qazilərə, Azərbaycan Diasporuna Dəstək Fonduna və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə, eləcə də Komitənin koordinasiyası ilə birbaşa yardımlar etdiklərini diqqətə çatdırıb. Azərbaycanın tanıtımı və təbliğatı istiqamətində görülən işlərə nəzər salan komitə sədri, həmçinin qarşıdakı problemlər və perspektivlər barədə məlumat verib. Vətən müharibəsindəki tarixi Zəfərdən sonra Azərbaycan dövləti kimi, xaricdəki Azərbaycan diasporunun da yeni mərhələyə qədəm qoyduğunu vurğulayan Fuad Muradov deyib: “Təbii ki, amalımız birdir, dəyişməyib və dəyişməyəcək – Azərbaycanın regionda və dünyada daha da güclü, qüdrətli dövlətə çevrilməsi və tanıdılması, yaşadıqları ölkələrdə dövlətimizin imicinin gücləndirilməsi, xalqlar arasında dostluğun gücləndirilməsi. Təbii ki, postmüharibə dövründə diaspor artıq yeni metod və yanaşmalar ortaya qoymalıdır. Gələcək fəaliyyət proqramımızda əsas yeri milli dövlətçiliyimizin intibah dövründə – Zəfər mərhələsində Azərbaycan diasporunu Qarabağın dirçəlişi prosesinə cəlb etmək tutur”.
Sonra
Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması və soydaşlarımıza azərbaycançılıq
ideologiyası və yeni məqsədlər uğrunda gələcək
fəaliyyətlərində uğurlar arzulanıb.
Azərbaycan.-2022.- 24 aprel.- S.2.