Beynəlxalq forumda Azərbaycanda Çin dilinin tədrisindən danışılıb

 

Çinin Hucou Pedaqoji Universitetində “Milli dillərin təbliği və Çin dilinin beynəlxalq tədrisi” adlı beynəlxalq forum keçirilib.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrdən 30-a yaxın alimin onlayn formatda iştirak etdiyi tədbirdə Azərbaycanı Pekin Xarici Dillər Universiteti Asiya fakültəsi Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, çinşünas alim Aqşin Əliyev təmsil edib. O, “Azərbaycanda Çin dilinin tədrisinin vəziyyəti və dillərin qarşılıqlı tədrisinin perspektivləri” mövzusunda çıxış edərək, “Kəmər və yol” təşəbbüsü çərçivəsində iki ölkə arasında humanitar-mədəni əlaqələrin inkişafı fonunda Çin dilinin Azərbaycanda tədrisinin, eləcə də Azərbaycan dilinin Çində tədrisinin əhəmiyyətini vurğulayıb.

A.Əliyev Azərbaycanda xarici dillərin tədrisi sahəsində son illər həyata keçirilən siyasətdən danışıb, ölkəmizin müvafiq tədris ocaqlarında Çin dilinin tədrisinin vəziyyətinə dair aparılmış sorğular nəticəsində əldə edilmiş tədqiqat-hesabatı təqdim edib. Qeyd olunub ki, dil bütöv bir mədəniyyətin daşıyıcısıdır və xalqların bir-birini daha yaxından anlamasının başlıca vasitəsidir. Dillərin tədrisi vasitəsilə iki ölkə arasında qarşılıqlı etimadın daha da dərinləşməsi, eləcə də xarici dil bilən kadrların yetişdirilməsi qarşıda duran əsas vəzifələr kimi dəyərləndirilib.

Çinşünas alimin Azərbaycanın müvafiq ali təhsil ocaqlarında apardığı tədqiqat nəticəsində əldə olunan Çin dilinin Azərbaycanda tədrisində qarşıya çıxan problemlər və çağırışlar qabardılıb və onların həlli yollarına dair təkliflər irəli sürülüb.

Aqşin Əliyev, eyni zamanda, Azərbaycan dilinin Çində tədrisi ilə bağlı mövcud vəziyyəti dəyərləndirib, 2017-ci ildən bəri Çində ilk dəfə olaraq Azərbaycan dilinin tədrisinə başlanılmasını iki ölkə arasında mədəni və təhsil əlaqələrinin inkişafında mühüm hadisə olduğunu xüsusi vurğulayıb.

Qeyd edək ki, Çinin nüfuzlu ali təhsil ocqlarından olan Pekin Xarici Dillər Universitetində Azərbaycan dili ixtisas kimi 2018-ci ildən tədris olunur. Bu, dünyada Azərbaycandan kənarda əcnəbilər üçün təşkil olunmuş ilk və yeganə Azərbaycan dili ixtisasıdır.

 

Azərbaycan.- 2022.-26 aprel.- S.5.