Dövlətin bir əli sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarının üzərindədir

 

 

Dünyada, o cümlədən regionda baş verən məlum hadisələr əksər ölkələrin sosial-iqtisadi düzənini pozmasına baxmayaraq, Azərbaycan həmin sınaqlardan ən az itki ilə çıxan dövlətlər sırasında oldu.

Üstəlik, bütün bu illər ərzində Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahının təmin edilməsi dayandı. Bu məqsədlə həyata keçirilən sosial islahatlar davamlı xarakter aldı və icra edilən həmin islahatlar ilk növbədə vətəndaşın məmnunluğuna hesablandı.

Məhz bu islahatlar sayəsində sosial müdafiə və aktiv məşğulluq proqramları daha da genişlənib, həssas qrupların sosial təminatı üçün ödənişlər artırılıb, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf şəkildə təmin edilməsi istiqamətində mühüm işlər görülüb.

Məlumdur ki, şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu kateqoriyadan olan insanların sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən onların mənzil, fərdi ev və avtomobillə təmin edilməsi bunun əyani nümunəsidir. Yeri gəlmişkən qeyd edək ki, 2018-ci ildən ötən ilin sonunadək 12300 şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin olunmuşdur. Amma bu sahədə görülən işləri daha da sürətləndirmək məqsədilə dövlət başçısı tərəfindən 2021-ci il 25 yanvar tarixli sərəncam imzalandı. Həmin sərəncamın icrası sayəsində həssas kateqoriyadan  olan ailələr 11 min mənzil və ya fərdi evlə təmin ediləcək. Prezident

İlham Əliyevin vurğuladığı kimi, dünyanın heç bir ölkəsində şəhid ailələrinə və müharibə əlillərinə belə bir qayğıkeşlik göstərilmir.

Sosial sahədə aparılan islahatlar və dövlət başçısı tərəfindən qəbul edilən qərarlar ardıcıl şəkildə davam edir. Məsələn, Prezident İlham Əliyevin 2021-ci il 16 oktyabr tarixli "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" sərəncamı sosial islahatların yeni mərhələyə keçməsinə imkan yaradıb. Həmin sənədin imzalanması ölkəmizdə 1,2 milyon vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılmasına imkan verib. Ümumiyyətlə, son 4 ildə dövlət başçısı tərəfindən əhalinin rifahının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm sənədlər imzalanmışdır. Bu dövrdə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın artmışdır. Minimum pensiyada 2,2, müavinət və təqaüddə orta hesabla 2,5 və ya 3 dəfə, bəzi istiqamətlərdə isə 3 dəfədən çox artım baş vermişdir. Ümumilikdə isə 2018-ci ildən sonra dövlət başçısının imzaladığı fərman və sərəncamlarla ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paketi icra olunmuşdur. Bu paketlərin maliyyə dəyəri  6,5 milyard manata çatmışdır.

Ölkəmizdə həssas kateqoriyadan olan şəhid ailələri və müharibə əlilləri daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə demişdir: "Bizim şəhid ailələri, müharibə əlilləri üçün inşa etdiyimiz evlərin, mənzillərin sayı artır. Bu həm işğal dövründə prioritet məsələlərdən biri idiİkinci Qarabağ müharibəsindən sonra bu məsələlər öz həllini tapır. Burada məsələ qoyulmuşdur ki, şəhid ailələrinin - həm Birinci Qarabağ müharibəsinin, həm də İkinci Qarabağ müharibəsinin şəhid ailələrinin, müharibə əlillərinin yaşayış məsələləri tezliklə öz həllini tapsın. Bu istiqamətdə bu il və keçən il önəmli addımlar atılmışdır".

Dövlət başçısına həmin müşavirədə məlumat verildi ki, ötən il 3 minədək, ilin birinci rübündə isə 200 mənzil bu kateqoriyadan olan insanlara təqdim olunub. Ümumiyyətlə, ilin sonunadək bu kateqoriyadan olan 1500 vətəndaşın mənzillə təmin olunması nəzərdə tutulub.

Şəhid ailələri üzvlərinin və müharibə əlillərinin mənzillə təminatı ilə yanaşı, məşğulluğu da unudulmur. Məşğulluq proqramlarının icrası zamanı görülən işlər sayəsində şəhid ailələrinin 11 min üzvü və müharibə əlili işlə təmin edilmişdir. Onların yarısı özünüməşğulluq proqramlarına cəlb edilmişya kiçik ailə təsərrüfatlarının qurulmasına imkan yaradılmışdır. Bununla yanaşı, məşğulluq marafonu çərçivəsində 2 mindən çox şəhid ailəsi üzvü və müharibə əlili işlə təmin edilmişdir.

Sonda bir daha vurğulayaq ki, dövlətin apardığı sosial siyasətin əsas məqsədi cəmiyyətin bütün kateqoriyalarından olan həssas insanların ehtiyacının ödənilməsidir. Sosial islahatların davamlı xarakter daşıması da bu məqsədə xidmət edir.

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2022.- 24 aprel.- S.4.