Möhtəşəmliyi ilə sevilən "Suşanın dağları"

 

Şuşa nəinki qarabağlıların, bütün azərbaycanlıların qürur və fəxarət yeridir. Bu qədim şəhərin əsrarəngiz təbiətinə, yaşıl xalılı yaylaqlarına, laləli çəmənlərinə, bir-birindən mənzərəli dərələrinə, dağlarına, mərcan sulu bulaqlarına, ruzi-bərəkət bolluğu çaylarına onlarca şeir yazılıb, musiqi bəstələnib. Bunların içərisində daha çox sevilən və əbədiyaşarlıq qazanan "Şuşanın dağları" mahnısı həmişə dinləyicilərə duyğulu anlar yaşadır.

20-ci əsrin birinci yarısında yaranmış bu mahnı geniş ictimaiyyət arasında xalq bəstəsi kimi tanınmış və populyarlaşmışdır. Mahnının müəllifi böyük ustad Xan Şuşinskidir. Musiqi tariximizdə həm görkəmli xanəndə, həm də bəstəkar kimi tanınmış Xan Şuşinski bir çox mahnın müəllifidir. Onun bəstələdiyi mahnılar o qədər sevilmişdir ki, hətta bəzən onların xalq bəstəsi olduğunu söyləyənlər də az olmamışdır. Şuşanın dağlarını, bağlarını, qızlar oylağını, həmçinin İsa bulağını, axşamlarını vəsf edən bu mahnı hər səslənəndə dinləyicilərdə başqa bir ovqat yaradır.

Xan Şuşinski Üzeyir bəy Hacıbəylidən başqa heç bir bəstəkara müraciət etməmişdir. Bunun əsas səbəbi Üzeyir bəyin Xan Şuşinskinin ifasında öz mahnılarını dinləməsindən xüsusi zövq alması idi. Mütəxəssislərin fikrincə, segah üstündə yazılmış bu bəstənin sözləri də Xanındır.

 

Şuşanın dağları başı dumanlı,

Qırmızı qoftalı, yaşıl tumanlı,

Dərdindən ölməyə çoxdu gümanım.

 

 

 

Nəqərat:

 

 

Ay qız, buqaş - göz, butel,

Ölərəm dərdindən, onu bil,

Danışmasan da balam, barı gül.

 

 

Şuşada axşamlar yanar ulduzlar,

Onlardan gözəldi gəlinlər, qızlar,

Oturub yol üstə yarını gözlər.

 

 

 

Nəqərat:

 

 

 

Şuşanın hər yandan gəlir sorağı,

Tərifə layiqdir İsa bulağı,

Dağları, bağları, qızlar oylağı.

 

 

Müəllif Xan Şuşinskinin sözlərinə əsasən, mahnıda Şuşanın təbiəti gözəl qızla müqayisə edilir. Şuşa dağlarının başı dumanla örtüldüyü kimi, qadın da yaylıqla başını örtür. Dağların orta hissəsinin lalə ilə bol olması qızın qırmızı köynəkli olmasına işarə edir. Dağın alt hissəsi isə onun yaşıl ətəyi ilə müqayisə olunur. Müəllifin dediyi kimi, əgər bu sözlər dəyişdirilərsə, mahnının mənası  itər. Bəzi mənbələrdə Şuşa dağlarının başının dumanla örtüldüyü mavi rəngi, "qırmızı qoftalı yaşıl tumanlı" bəndində isə müvafiq olaraq qırmızı və yaşıl rəngləri musiqisevərlərə bildirmək istəmişdir. Yəni Azərbaycan Xalq Cümruhiyyətinin bayrağını gizli mesajla dinləyicilərə çatdırmışdır. Onun gizli mesajına səbəb o zaman Azərbaycanın sovet imperiyasının  tərkibində olması idi.

Zamanında mahnı qrammofon valına yazılarkən Xan əmiyə bildirmişdilər ki, mahnıda "duman" və "ölürəm" kimi çoxlu kədərli sözlər var. Xanəndə cavabında Şuşanın dumanlı dağ zirvələrindən birinə işarə edərək söyləyib ki, dağların zirvələri elə dumanlı olmalıdır. "Ölürəm" kəlməsi isə həqiqi ölmək mənasında deyilmir. Buna baxmayaraq, Şuşinskidən mahnının sözlərinin dəyişdirilməsini tələb edərək eşitdirirlər ki,  sovet Şuşasının dağlarının başı "dumanlı" ola bilməz. Xanəndə vəziyyətdən çıxış yolu kimi, ilk sətri "Şuşanın dağları deyil dumanlı"  yazmalı olur. Lakin mahnı indiki günümüzdə də öz ilkin variantında ifa olunur.

Sonradan bu mahnı şifahi ənənələrdə geniş yayılaraq  xalq mahnısına çevrilib. İllərdir ki, bu mahnı Azərbaycanın ən məşhur muğam ustalarının repertuarında yer alıb. Böyük sənətkarlarımız Əbülfət Əliyev, Yaqub Məmmədov, Vəli Məmmədov və Arif Babayevin ifalarında "Şuşanın dağları" daha möhtəşəm səslənir.

2020-ci il noyabrın 10-da Zəfər qələbəsi ilə başa çatan Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və milli ordumuzun şücaəti sayəsində 30 illik erməni işğalından azad edilən Şuşada - Cıdır düzündə bu mahnı hər dəfə möhtəşəmliyi ilə səslənəndə sanki Xan Şuşinskinin təsvir etdiyi başı dumanlı dağların, qırmızı qoftalı, yaşıl tumanlı ellərin sinəsinə məlhəm qoyulur. İnsanlar öz dədə-baba yurdlarını azad, dağların başını dumansız görəndə nə qədər sevinirqürur duyurlar.

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2022.- 23 aprel.- S.8.