Behbudovlar

 

 

Behbudovların Azərbaycan tarixində, elm, mədəniyyət, incəsənət və ədəbiyyatın inkişafında xidmətləri olub. Onların ulu babaları Cavanşir elinin Sarıcalı oymağındandır. Qarabağda tanınan, sayılıb-seçilən Behbudovlarya Behbudalılar soy adlarını Behbudəli ağa İbrahimxəlil ağa oğlundan alıblar.

Behbudəli ağa Cavanşir 1695-ci ildə Sarıcalı obasında dünyaya gəlib. Mədrəsədə  təhsil alıb. O, Qarabağın igidliyi ilə tanınan bəylərindən biri olub. Pənahəli xanın qardaşı idi. Behbudəli ağa Qarabağ xanlığının qurucularından biri, Qarabağ qoşununun sərkərdəsi olub.

O, 1767-ci ildə Şuşa şəhərində dünyasını dəyişib. Oğulları Əbdüssəməd bəy, Mirzalı bəy və Qasım bəy də xanlıqda sayılıb-seçilənlərdən olub. Tarixçi Mirzə Camal Cavanşir Qarabağinin məlumatına görə, İbrahimxəlil xanın qardaşları, qardaşı oğlanları, öz övladları və əmisi uşaqları məruf bəy olub, mal-dövlət, nökər və cəlal sahibi idilər. Onların hər biri başqa vilayətlərin xanlarına bərabər idi.

Behbudəli ağanın nəvəsi, Qasım bəyin oğlu Ağalar bəy 1758-ci ildə Şuşa şəhərində dünyaya göz açıb. Mədrəsədə oxuyub. Qardaşları Hacı Bəylər bəy və Rüstəm bəy kimi, Ağalar bəy də Mehdiqulu xana xidmət edib. Xan onlara çox inanıb, xətirlərini əziz tutub, yüksək imtiyazlar verib.

Zabux, Şəki, Qarakilsə, Əngələvüd, Daşkənd, Qubadlı, Yuxarı Hal kəndlərinin, Hacıağalarbəyli, Şükür-Muğanlı, Bərgüşadlı, Əliyanlı, Tatar, Tatarlı, Xocamusaqlı, Eyvazsərkarlı, Zodmanlı, Çullu obaları Hacı Ağalar bəyə məxsus olub.

Ona kapitan rütbəsi 1810-cu ildə atası Qasım bəylə bərabər, Abbas Mirzənin qoşunlarına qarşı göstərdiyi şücaətə görə ruslar tərəfindən verilib.

O, xanlıq dövründə Sisyan, Tatev, Bərgüşad, Əcanan mahallarının naibi, Zəngəzur kəndlərinin kələntəri olub. Qarabağ xanlığının sonuncu xanı Mehdiqulu xan Cavanşir 1822-ci ildə İrana qaçdıqdan sonra ona yaxın olanların çətin günləri başlayıb. Hacı Ağalar bəyi həbs edib Rusiyanın ucqarlarına sürgün etmək istəyiblər. O, bu cəzadan qurtula bilib.

Hacı Ağalar bəy 1826-cı ildə Şuşada ruslara qarşı qiyam qaldırıb, o, bu dəfə də xilas ola bilib, İrana keçib. Abbas Mirzə ona xan ünvanı verərək ordusunun bir dəstəsinə başçı təyin edib. Tarixçi Mir Mehdi Xəzani Hacı Ağalar xanın Həkəri çayı yaxınlığında rus qoşununa zərbə vurduğunu yazıb: "Kapitan Hacı Ağalar bəy ki, mütai-Qızılbaş idi, xəbərdar olub, neçə nəfər bəyzadələrin ittifaqı ilə əkradın süvarə və piyadələri ilə gəlib, çayın bu tərəfini kəsiblər. Bir heyət ilə, iki tərəfdən macal verməyib, soldatı aralığa alıb və bəzisini qılıncla öldürmüş və bəzilərini giriftari-kəməndi-üsar etmişdilər ki, onlardan bir nəfəri fəllahi olub fərar etməyə macal və məqdur olmamışdı".

Hacı Ağalar bəy 1834-cü ildə Tehranda vəfat edib. Hacı Ağalar bəyin Qasım xan, Məhəmməd bəy adlı oğulları, Aftab bəyim, Xırda bəyim, Dürnisə bəyim, Şəhribanu bəyim adlı qızları olub.

Qasım bəyin digər oğlu Rüstəm bəy də Şuşada dünyaya gəlib. Mədrəsə təhsili alan Rüstəm bəy Mehdiqulunun xanlığı dövründə divanxanada möhürdar vəzifəsində xidmət göstərib. O, bacarıqlı sərkərdə kimi də tanınıb, Qarabağ xanlığına basqın edən qoşunlara qarşı qəhrəmanlıqla döyüşüb. Ruslar Qarabağı ələ keçirdikdən sonra Mehdiqulu xanın yaxın adamlarını öz tərəflərinə çəkmək istəyiblər. Rüstəm bəyə bu məqsədlə kapitan rütbəsi versələr də, məqsədlərinə nail ola bilməyiblər.

Xan 1822-ci ildə İrana qaçıb. Rüstəm bəy isə həbs edilib, sonra azad olunub. İrana qaçmış qardaşları Feyzi bəyə, Fərzi bəyə, Baxşalı bəyə görə onun başı bəlalar çəkib. 1826-cı ildə qardaşları Hacı Ağalar bəylə Hacı Bəylər bəy qiyam qaldırıb, ruslara xeyli zərər vurduqdan sonra onlar da Arazı keçiblər. Rüstəm bəy həbs olunub. Onun oğlu Əsəd bəy Mehdiqulu xanın yanına qaçıb. Rüstəm bəyin qardaşları İran tərəfindən ruslara qarşı döyüşüblər.

Rüstəm bəyin Əsəd bəy, Hüseyn bəy adlı oğulları, Zeynəb xanım, Nabat xanım adlı qızları olub.

Tərcüməçi, pedaqoq Səlim bəy Mehrəli bəy oğlu Behbudov 1885-ci ildə Şuşa qəzasının Üçoğlan kəndində dünyaya gəlib. Şuşa Realnı Məktəbində oxuyub. Təhsilini davam etdirmək üçün Rusiyaya yollanıb. 1905-ci ilin yanvarında Sankt-Peterburq Texnologiya İnstitutu rəsmi olaraq bağlanıb. Həbs olunmaq təhlükəsi ilə üzləşən Səlim bəy Şuşaya dönüb. Avropanın ali məktəblərindən birində təhsil almaq niyyəti ilə fransız dilini öyrənməyə başlayıb. Ancaq atası Mehrəli bəyin qəfil ölümündən sonra maddi vəziyyəti ağırlaşıb. Arzusundan dönməyən Səlim bəy xeyriyyəçi Əjdər bəy Aşurbəyova müraciət edib. Onun maddi yardımı ilə Paris Siyasi Elmlər Məktəbinin Diplomatiya fakültəsinə oxumağa gedib. Tələbə ikən həm müəllimlik edib, böyüklər üçün açılmış Berlits məktəbində rus türk dillərindən dərs deyib. 1910-cu ildə təhsilini bitirib. Parisdə qalaraq müqavilə əsasında Berlits məktəbində üç il müəllimlik edib. 1913-cü ildə Şuşaya qayıdıb. Əvvəlcə evlərdə fransız dili dərsi deyib. Bir müddət isə Şuşa Realnı Məktəbində progimnaziyasında fransız dilindən dərs deyib.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra o, Ağdama qaçqınlar üzrə müvəkkil təyin olunub. Bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra Səlim bəy yüksəkixtisaslı kadr kimi dövlət idarələrinə işə dəvət olunub. Bir müddət Qarabağ İnqilab Komitəsində katib, tərcümə şöbəsinin, Azərbaycan Kənd Təsərrüfatı Bankı Ağdam şöbəsinin, Ağdam İcraiyyə Komitəsində torpaq şöbəsinin müdiri vəzifələrində işləyib. Amma Şura hökuməti Səlim bəy Behbudova da bəy nəslindən olduğunu bağışlamayıb. Bir müddət keçəndən sonra o, işdən çıxarılıb. Səlim bəy Üçoğlan kəndində atasından qalma 25 desyatin torpaq sahəsini əmisi oğlu Cahangir bəylə şərikli kəhrizini kəndlilərə icarəyə verib. İşsiz qalan Səlim bəy Behbudov 1926-cı ildə Bakıya köçüb. O, burada dörd il Dövlət Plan Komitəsində mədəniyyət bölməsinin katibi, altı il isə Azərbaycan Sənaye Şurasında, "Azərxalça"da kadrlar üzrə iqtisadçı işləyib. Eyni zamanda Bakıdakı 25 nömrəli orta məktəbdə fransız dilindən dərs deyib. Səlim bəy Behbudov bir müddət "Azərnəşr"lə müqavilə əsasında əməkdaşlıq edib. İkinci Dünya müharibəsi ərəfəsində isə o, yalnız orta məktəbdə dərs deməklə həyatını yaşayıb.

Musiqini, poeziyanı çox sevən, böyük həvəslə folklor nümunələrini toplayan Səlim bəy dövri mətbuatda elm aləmində "Bəy Behbudov" ya "Behbud bəy Behbudov" kimi tanınıb.

Bəy nəslindən olan, xaricdə ali təhsil alan Səlim bəyə qarşı açılmış cinayət işində dövlət təhlükəsizlik leytenantı B.İ.Kalyagin qeyd edib: "Səlim bəy Behbudov antisovet ünsürdür. 1940-1942-ci illərdə o, hökumətdən narazı olan bir dəstə adamı başına toplayaraq müntəzəm surətdə sovet hakimiyyətinə qarşı gizli əksinqilabi təşviqat aparır. Köhnə bəy-xan ağalığı dövrünün qanun-qaydalarını tərifləyərək onun bərpa olunması mövqeyində dayanır. Kolxoz quruluşuna böhtan atır, sosialist tədbirlərinə, vergi siyasətinə qarşı çıxır. Faşistlərin müvəqqəti olaraq tutduqları rayonlarda dinc əhaliyə hərbi əsirlərə qarşı etdikləri vəhşiliklər barədə sovet informasiya bürosunun məlumatlarının yalan olduğunu təsdiqləyir".

 

Yanvarın 24-də Səlim bəy Behbudov tutulub. On bir ay həbsxanada işgəncələrə məruz qalıb. O, 1942-ci ildə güllələnib.

Mühəndis, Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının üzvü Lütfəli bəy Rəhim bəy oğlu Behbudov 1877-ci ildə Şuşa qəzasının Bayat kəndində dünyaya gəlib. Sankt-Peterburq şəhərində Dağ-Mədən Akademiyasında oxuyub. 1903-cü ildən Hacı Zeynalabdin Tağıyevin şirkətində mühəndis, sonra müdir işləyib. 1911-ci ildə Tağıyevlə münasibətləri korlanıb, məhkəməyə müraciət edib. Ona görə Hacı Zeynalabdin bütün qarabağlıları işdən çıxarıb.

Lütfəli bəy 1911-ci ildə yaratdığı "Kürətan" adlı aksioner cəmiyyətinə rəhbərlik edib. O, Zaqafqaziya Seymində poçt-teleqraf naziri vəzifəsində çalışıb. 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilib.

Lütfəli bəyin Dilarə bəyim, Pəri bəyim Leyla bəyim adlı qızları olub.

Behbudovlar nəslindən olan Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki, Türkiyə İstiqlaliyyət müharibəsinin iştirakçısı Baba bəy Behbud 1897-ci ildə Şuşada dünyaya göz açıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Gəncədə yaradılan hərbi məktəbdə oxuyub. Xidmətə Cümhuriyyət ordusunda Qarabağ süvari alayında başlayıb. Milli ordunun gənc zabiti Baba bəy Behbud Qarabağ süvari alayının tərkibində bir sıra döyüşlərdə iştirak edərək böyük şücaətlər göstərib.

Azərbaycan bolşeviklər tərəfindən işğal ediləndən sonra Qarabağda üsyan başlayıb. Baba bəy Behbud da Qarabağ süvari alayının tərkibində bolşeviklərə qarşı üsyana qoşulub. Üsyan böyük amansızlıqla yatırılıb. Baba bəy Azərbaycan Cümhuriyyəti ordusunun süvaripiyada alaylarının sağ qalan əsgərləriylə birgə İrana gedib.

Gənc zabit Baba bəy Behbud 1920-ci ilin payızından 1921-ci ilin əvvəllərinədək Şərqi Anadolunun ermənilərdən təmizlənməsiylə sona çatan Doğu hərəkatında igidliklə döyüşüb. Sarıqamışın, Qarsın, Gümrünün geri alınmasında iştirak edib. Baba bəy Azərbaycan birliklərinin tərkibində batı cəbhəsinə göndərilib. İzmirin yunan işğalından azad edilməsində Azərbaycan birlikləri böyük qəhrəmanlıqlar göstəriblər. Qurtuluş savaşında igidliklərinə görə Baba bəy Behbud Mustafa Kamal Atatürk tərəfindən "İstiqlal" ordeni ilə təltif olunub. Savaşdan sonra 1925-ci ilin fevralında Türkiyənin Güney doğusunda başlayan "Şeyx Səid" üsyanının, 1926-cı ildə birinci Ağrı, 1927-ci ildə ikinci Ağrı üsyanının yatırılmasında iştirak edib.

Baba bəy 1928-ci ildə İstanbulda Ali Hərbi Akademiyaya daxil olub. Təhsilini başa vurduqdan sonra Azərbaycan Cümhuriyyəti ordusunda birgə xidmət etdiyi bir neçə zabitlə orduda qalaraq hərbi xidmətini davam etdirib. Baba bəy Behbud 1933-cü ildə kapitan, 1940-cı ildə mayor, 1944-cü ildə polkovnik-leytenant rütbəsinə yüksəlib. 1948-ci ildə xidmətləri nəzərə alınaraq, Türkiyə Silahlı Qüvvələrinin komandanlığı tərəfindən polkovnik rütbəsinə layiq görülüb, Ankarada süvari alayının komandiri vəzifəsinə təyin edilib. 1955-ci ildə ehtiyata göndərilib.

Türkiyədə yaşadığı müddətdə azərbaycanlı mühacirlərlə sıx əlaqə qurub. Baba bəy Behbud Azərbaycan Kültür Dərnəyinin yaradılmasında və fəaliyyətində fəallıq göstərib. O, 1970-ci il iyulun 10-da İstanbulda vəfat edib.

 

 

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2022.- 23 aprel.- S.8.