Mədəniyyət beşiyimiz
Qalanın tarixinə dair həqiqətlər
Əzəli-əbədi yurd yerimiz Qarabağ Azərbaycan tarixinin dərin qatlarından üzübəri mədəniyyətin, söz sənətimiz ədəbiyyatın, elmin və maarifin, sənətkarlığın beşiyi olub. Bəllidir ki, Qarabağın ədəbi-mədəni keçmişi, ictimai-siyasi həyatı Pənahəli xanın adı ilə bağlıdır.
Bu ecazkar məkanın zümrüd qaşlı tacı olan, 1752-ci ildə əsası Pənahəli xan tərəfindən qoyulan Şuşa ilk çağlardan elə bu adı daşıyıb, xanın şərəfinə Pənahabad adlandırılıb. Şuşa sözünün etimologiyası ilə bağlı mövcud anlayışlar da maraq doğurur. Qədim Roma tarixçisi T.Korneliyə görə, bu, Qafqaz ərazisində yaşamış dondar türk tayfasına məxsus Sosu şəhəridir. Xalq əfsanəsinə görə, havası can məlhəmi, büllurtək saf olduğu üçün bu füsunkar şəhərə Şuşa (şüşə) adı verilib. Digər tədqiqatçıların fikrincə isə, Şuşa sözünün türk dilində mənası "uc", "yüksək", "şiş" məfhumları ilə bağlıdır.
Şuşa XVIII yüzillikdə öz inkişafı, tərəqqisi ilə qonşu dövlətlərin də diqqətini cəlb edən şəhərlərdən idi. Zaman-zaman başı bəlalar çəkmiş Qarabağın, Şuşamızın tarixi ilə əlaqədar tədqiqatlar aparılıb, çoxsaylı əsərlər yazılıb.
Elmi-bədii əsərlərdə, araşdırma yazılarında yurdumuzun Qarabağ bölgəsinin bəlli bir zaman kəsiyində - XVIII-XIX yüzilliklərdə təşəkkül tapmasından, bu məkanın ədəbi-mədəni mühitinin tərəqqisindən bəhs edilir. Şuşanın tarixi, əslində, Pənah xanın şəhərsalma ilə bağlı müdrik təşəbbüsünün tarixidir. Bu qurucu insan Qarabağda ənənəvi həyatın dəyişməz adət-ənənələrini, milli örnəklərin ilkin nümunələrini formalaşdıran bir şəxsiyyət kimi yaddaşlarda qalıb. "Qafqazın sənət məbədi", "kiçik Paris" adlandırılan Şuşanın tarixinə nəzər salanda Pənah xan XVIII-XIX yüzillliklərdə Qarabağ insanının düşüncəsində "ilk əcdad", Şuşa isə "ilk məkan" kimi xatırlanır.
Xan Şuşa qalasını Molla Pənah Vaqifin təbirincə desək, "Şişə dağı"nda ucaldır. Mirzə Adıgözəlbəyin araşdırmalarında qeyd edilir: "Hünərli ustalar, sənət sahibi və işbilən memarlar bürclər tikib, divar çəkdilər. O divarların asarı, yəni nişanəsi bəzi yerlərdə indi də durur. Xanlığın əlahiddə bayrağı, gümüş sikkəsi, damğaları, cəng vaxtı səsləndirilən döyüş nərələri vardı".
Tanınmış tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Rüstəm Kamalın "Pənah xanın ruhu" adlı əsərində Qarabağ dövlət kultunun əsasını məhz fövqəltəbii xüsusiyyətlərə malik bu qurucu, yaradıcı insana pərəstişin təşkil etdiyini vurğulayır. XVIII yüzilliyin ortalarından boy verən Şuşanın ilk çağlarında Pənah xan öz əshabələrini, necə deyərlər, qanadının altına almış, adil dövlət adamı kimi, sosial təsisatlar, ədalətli qanunlar yaratmış, fərmanlar imzalamışdır. "Pənah xan xanlıqda, bütün ətraflarda nizam-harmoniyanın qarantı idi. O, Qarabağ xanlığının pozulmuş sahmanını bərpa etmişdi. "Müəllif öz qəhrəmanının fövqəladə bacarığını, fədakarlığını diqqətə çatdırır: "Xorasandan, Nadir şahın əlindən qaçıb Qarabağa gələsən, burada bir dövlətin - xanlığın əsasını qoyasan və düşmənlərlə qalibiyyətlə savaşaraq varlığını qoruyasan, Şuşa kimi möcüzə şəhər salasan". Qarabağın qurucusu toplumun sabitliyinə nail olmaq üçün insanlar arasında tarixən formalaşmış sosial-mədəni münasibətlərin qorunub saxlanmasına da göz qoyur, mühüm əhəmiyyət verirdi.
Pənah xan qalanın əsasını qoymuş, möhkəm hasar çəkdirmiş, xəndəklər qazdırmış, bazar, hamam, məscid tikdirmişdi. Bütün ailəsini, qohumlarını və el ağsaqqallarının əhli-əyalını oraya toplamışdı. Xanın öz təbəəsi ilə gözəl rəftarını, xanlığın tərəqqisini eşidən, ətraf ərazidə yaşayan camaat qalaya axışırdı. Az qala əfsanələşdirilmiş bu şəxs barəsində xalq rəvayətləri yaranmışdı.
Mirzə Camal Cavanşirin yazdığına görə, Şuşa cəmiyyətinin tərəqqi etməsinin, qüdrətlənməsinin, varlığının təminatçısı olan Pənah xan Xorasan istiqamətində hərəkət edərək gələn qarabağlıları qarşılayıb onlar üçün qısa müddətdə yaşayış şəraiti yaradır. Nadir şah tərəfindən Xorasana köçürülmüş Cavanşir elləri ...özbaşına bütünlüklə oradan köçüb, vətənlərinə gəlir. "Pənah xan yanında olan adamlarla birlikdə Qarabağ ellərini qarşılamaq üçün İran və Azərbaycan sərhədinə qədər gedir, Qarabağ torpağına daxil olduqdan sonra hər kəs öz əvvəlki yurduna gedib rahatlanır..."
Pənah xanın Şuşanı yurd yeri, vətən kimi seçməsində onun qurub-yaratmaq, mühafizə etmək, tayfaya, boya məxsus olan qutsal ərazini - Şuşa qalasını göz bəbəyi kimi qorumaq missiyası, təbii ki, öndə olub. Məhz bu səbəbdən Şuşa "uca dağ başında", dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə, üç tərəfdən təbii müdafiəsi olan, meşələrlə örtülmüş, bir tərəfdən uçurum, digər tərəfdən sıldırım qayalarla əhatə olunmuş bir məkanda salınmışdı. Xanın bir neçə bilici və məlumatlı adamı qalanın yerini və ətrafını yoxladıqdan, buradakı iki-üç bulağı və digər su mənbələrini, quyular qazmağın mümkünlüyünü müəyyən edəndən sonra qalanın tikilməsinə qərar verilmişdi.
Tədqiqatçılar qala üçün yer seçilərkən mövcud siyasi durumun qeyri-sabitliyinin nəzərə alınması fikrini də istisna etmir, tutarlı dəlillər gətirirlər: Qala dağların arasında, möhkəm və keçilməz yerdə tikilməliydi ki, onu düşmən mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda yaşayan ellərin üzünə daim açıq olmalı və mahallarla əlaqə kəsilməməliydi. Sözün bu məqamında Vaqifin məşhur şeirinin bu misraları yada düşür:
Noluydu kim, olaydım
qasidin qoynundakı kağız,
Mən də Qələyə
bir yol gedəydim bu gedənlərtək...
Bu şeir parçasından bir daha aydın olur ki, Şuşaya xalq arasında qısa şəkildə "Qala" ("Qələ") deyilirdi. Xanın ölümündən sonra onun hakimiyyətini davam etdirən oğlu İbrahimxəlil xan Cavanşir (1763-1806) rusların Qarabağ torpağına müdaxiləsinədək atasının layiqli varisi kimi tanınır, öz hökmranlığı dövründə Qalanı böyüdür, elatı başına cəm edir, təbəəsinin rifahi üçün səylər göstərir.
Qarabağın dirçəlişində böyük əməyi olan tədbirli Pənah xanın fəhmi, uzaqgörənliyi ilə mədəniyyətimizin, sənətkarlığın təməl daşları qoyulan Şuşa tədricən mərkəzə çevrilir, qonşu dövlətlərlə ticarət və iqtisadi əlaqələri genişləndirir. Şuşanın sonrakı dövrünün inkişafı məhz keçmişə bağlı olub. Öncəki inkişaf sonrakı tərəqqi üçün özül rolunu oynayıb. Müəyyən zaman keçəndən sonra isə Şuşada söz ustaları, ədəbi fikir korifeyləri, yazıçılar, şairlər, dramaturqlar, maarifçilər, dahi müsiqiçilər həyat səhnəsinə çıxacaqdı.
Füsunkar təbii gözəlliyinə, zənginliyinə görə tarixin müxtəlif dönəmlərində Qarabağa, Şuşaya yadellilər diş qıcasalar da, müqavimətlə qarşılaşıblar. Lakin aradan uzun bir vaxt keçmiş, zaman qılıncını çəkmiş, xəzan yelləri əsmişdi. Qarabağımıza susayan erməni millətçiləri Şuşanı işğal etdikdən sonra şəhərin adını dəyişib "Şuşi" qoymuşdular.
Qarabağın bu gününə qayıdanda qəlbimiz dağa dönür. Müdrik sərkərdə, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun hünəri, şəhidlərimizin al-qanıyla 44 günlük müqəddəs Vətən savaşımız böyük zəfərlə bitmiş, 30 il əsarətdə, düşmən tapdağında qalan torpaqlarımız, o cümlədən gözəl Şuşamız işğaldan azad edilmişdir.
Zemfira MƏHƏRRƏMLİ,
Əməkdar jurnalist
Azərbaycan.-
2022.- 26 aprel.- S.10.