Yolumuz mədəniyyət
paytaxtınadır
Səfər
təəssüratları
Mən Şuşanı kiçik yaşlarımda ziyarət etmişdim. Yaddaşımda hələ də şəhərin o qaynar həyatı, yaşıllıqları, Cıdır düzünün insanlarla dolu mənzərəsi canlanırdı. Babalarım Qarabağ xanının vəziri Mirzə Vəli bəy Baharlının və Qayıbovların yaşadığı şəhəri yenidən ziyarət etmək məndə həyəcanlı duyğular yaratmışdı.
Qürur, həsrət dolu hisslərlə Bakıdan Şuşaya səfərimizə başladığımız ilk saatlardan xatirələr yada düşürdü. Yolumuz uzun və həyəcanlı idi. Səfərimiz də seçilirdi. Çünki geridə qoyduğumuz 30 ildə kədər və sevincin, həsrət və vüsalın qarşılaşması, zalım üzərində haqqın qələbəsi yaşanmışdı. İtkilərimiz çox olmuşdu. Bu torpaq uğrunda minlərlə qəhrəman vətən övladını şəhid vermişdik. Qadınlarımız, uşaqlarımız, qocalarımız vəhşicəsinə qətlə yetirilmişdi. Hələ də yüzlərlə azərbaycanlının taleyindən məlumatsızıq. Bütün bu itkilər yarımçıq qalmış ömürlər, arzular və bir də göz yaşları demək idi. Biz bu acıları 30 il yaşadıq. Sonda Ali Baş Komandanın müdrik siyasətinin və müzəffər ordumuzun igidliyi, döyüş əzmi sayəsində bizim olan torpaqlara qayıtdıq. Bu illər ərzində minlərlə soydaşımız torpaq nisgili ilə yaşadı, torpaq həsrətilə dünyasını dəyişdi. İndi həmin rahatsız ruhlar əbədiyyətdə rahatlıq tapmışdı.
Füzuli şəhərinə qədər Azərbaycanın müxtəlif bölgələrindən keçərək əvvəllər mütəmadi olaraq düşmənin atəş hücumlarına məruz qalmış yaşayış məntəqəsinə çatdıq. Artıq heç bir təhlükə yox idi. Təbiət də, günəş də sanki haqqın qələbəsinə sevinirdi. Növbəti mərhələ daha həyəcanlı idi. Çünki azad olunmuş torpaqlarımıza doğru irəliləyirdik. Bizə ərazini izah etmək üçün təhkim olunmuş bələdçi öncə minalardan təmizlənməmiş, əvvələr neytral bölgə sayılan əraziləri göstərdi. Məkan hələ də təhlükəli idi. Lakin təbiət öz gözəlliyini insanlara nümayiş etdirirdi.
Yol boyu Füzulinin azad olunmuş kəndlərini, rayon mərkəzini gördük. Əvvəllər xoşbəxt, qaynar həyatın olduğu yerlər viran qalmışdı. Düşmən buraların özününkü olmadığını, sahiblərinin geri dönəcəyini anlayaraq qarşısına çıxanı dağıtmaqdan başqa heç nə etməmişdi.
Bələdçinin gərgin döyüşlərin getdiyi, şəhidlər verdiyimiz Füzulinin kəndlərini göstərdikdə qürur və kədər hissləri bir-birinə qarışmışdı. Biz yenidən bu yerlərin sahibi idik. Bunun üçün canlarından keçmiş qəhrəman şəhidlərimiz və onların əzizlərinə borcluyuq. Qazilərimizə və veteranlarımıza, bu gün torpağımızın keşiyində durmuş hər bir vətən övladına minnətdarıq.
Yolumuz irəlilədikcə 30 ildə yaşananlar ixtiyarsız olaraq gözlərimizin önündən keçirdi. Getdikcə daha yüksəkliklərə qalxırdıq. 44 gün ərzində bu yollarda igid vətən oğullarının çəkdiyi əziyyət, döyüş əzmi xatırlanırdı. Bir-birinə arxa duran həmin dağları yaxından izləməsək də, ordumuzun şücaəti ilə çətin sayılan o yüksəkliklər düşmən tapdağından təmizlənmişdi. Xocavəndin dağları nadir rast gəlinən gözəllik idi. Təbiət incisi ilə qarşılaşmışdıq. Üzərinə parlaq günəş şüalarının sığal çəkdiyi dağlar ruha rahatlıq verirdi.
Bələdçinin uzaqdan Laçın dəhlizini, Xankəndini bizə göstərdiyində tezliklə o yerləri də ziyarət edəcəyimizə şübhəmiz yox idi.
Xocalının kəndlərinin və meşələrin üzərindəki yol ilə keçərkən kədərli hisslər daha da artdı. Kimi həmin o dəhşətli gecəni xatırlayaraq insanların qurtuluş üçün bu sıx meşələrdən keçmək cəhdini xatırlayıb kədərləndi, kimisi də o dəhşətli gecənin, şəhidlərimizin qisasının ordumuz tərəfindən alındığını düşünərək təskinlik tapmağa çalışdı.
Getdikcə Şuşaya yaxınlaşırdıq. Daşaltının viran qalmış mənzərəsi, dağıdılmış Topxana meşəsi düşmənin barbarlığından xəbər verirdi. Şuşanın dolamaları ayrı bir gözəllik idi. Uzaqdan ordumuzun əzmlə çıxdığı o sıldırım qayaları gördük.
Nəhayət, "Şərqin konservatoriyası", mədəniyyət mərkəzi və musiqi beşiyi Şuşaya çatdıq. Şəhərə daxil olduğumuz ilk dəqiqələrdən maraq hissimiz daha da artdı. Gözəl təbiəti, günəşi ilə bizi ilk salamlayan elə Şuşanın özü oldu. Sanki o da torpağın sahibləri üçün darıxmışdı. Yağı tapdağında qalmaq onun da bağrını incitmişdi. Burada heç bir quruculuq, abadlıq işləri aparılmamışdı. Düşmən təkcə torpaqlarımıza deyil, yaratdığımız quruculuq işlərinə də əl uzadaraq talan etmişdi. 30 il əvvəldən, bizlərdən qalmış binalar köhnəlmiş, dağılmışdı. Lakin Şuşa gözəlliyilə yenə də insanı valeh edirdi. Çünki onun memarı insan deyil, təbiətin özü idi.
Gəzinti zamanı ilk gördüyümüz yer Xanqızı bulağı oldu. Buz kimi soyuq, göz yaşı kimi duru suyu vardı. Zamanında şəhərin gözəl tikililərindən biri sayılan, qədim ornamentləri ilə gözoxşayan Xurşidbanu Natəvanın viran qalmış, dağılmış evinin önündən keçərkən isə düşmənin barbarlığının bir daha şahidi olduq.
Şuşa qalası zəhmini, əzəmətini yenə də qoruyub saxlayırdı. Sanki bu illər ərzində gözəl şəhərimizin düşmən tapdağına səbirlə, mətanətlə dözməsi üçün haqqın yetişəcəyi ana qədər ona dayaq olmuşdu. Şuşa sahiblərini qarşılayırdı. Hər kəs bu mənzərə ilə 30 illik həsrətin acısını ovundurmağa çalışırdı.
Şəhərin küçələrində düşmən tərəfindən dağıdılmış evlərə və buna cavab olaraq bizlərin quruculuq işlərinə şahid olduq. Onlar hər qarışı, hər daşı gələcək nəsillərə ötürəcəyimiz tariximizi əks etdirirdi.
Kədərli hisslər yaşadan mənzərələrdən biri də Güllü bağ adlanan yer idi. Vaxtilə biz bu bağı cənnətə çevirmişdik. İndi isə o bağdan heç bir iz qalmamışdı. Viran qalmış bağda güllər belə düşməndən üz çevirmişdi. Artıq əsl sahibləri gəliblər və onlar Güllü bağını yenidən dirçəldəcəklər.
Düşmənlərin viran qoyduğu abidələrimizdən biri də Vaqifin məqbərəsi idi. Dövlət başçısının göstərişi ilə təmir olunub abadlaşdırılan bu məqbərə yenə də qədim şəhərin gözəlliyini artırır.
Yavaş-yavaş
Cıdır düzünə doğru irəliləyirik.
Hər kəs bu yüksəkliyə can atır. Məhz bu yüksəklikdə - Cıdır düzündə
bir daha anlayırıq ki, Şuşa bizim
qürurumuz, şərəfimizdir.
Şuşa bizim baş
tacımızdır. Şuşa mədəniyyətimizin
beşiyidir. Şuşa yenə
də xoşbəxt günlərimizin şahididir.
Biz 30 il ondan uzaq qalmışdıq.
İndi bu həsrətə son qoyulub. Ali Baş
Komandanın müdrik
siyasəti və müzəffər ordumuzun
igidliyi, döyüş
əzmi sayəsində
biz yenidən Şuşamıza
qovuşmuşuq.
Ülkər ZAKİRQIZI,
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
aparıcı
elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru, dosent
Azərbaycan.-
2022.- 26 aprel.- S.10.