Azərbaycan gimnastları medal hesabını açdı

 

 

Qrup komandamız Dünya Kubokunun gümüş mükafatçısıdır

 

 

 

Bakıda  Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışları davam edir. Xəbər verildiyi kimi, mötəbər turnirdə 31 ölkədən 126 gimnast medallar uğrunda mübarizəyə qoşulub. İkiillik fasilədən sonra azarkeşlərin yarışlarda iştirak etməsi, idmançıların gimnastikasevərlərin hərarətli alqış sədaları altında səhnədə nümayiş etdirdikləri biri-birindən maraqlı çıxışları Dünya Kuboku uğrunda turnirə daha da böyük həyəcan qatıb.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, doğma divarlar arasında çıxış edən Azərbaycan komandası üçün azarkeşlərin dəstəyi əsl bayram əhvali-ruhiyyəsi yaşadıb. Təmsilçilərimiz onları ürəkdən dəstəkləyən azarkeşlərə öz peşəkar, rəngarəng çıxışları, tükənməyən əzmkarlıqları ilə ən xoş anlar yaşadırlar.

Dünya Kubokunun birinci günündə fərdi və qrup hərəkətləri proqramında çoxnövçülük üzrə təsnifat mərhələləri keçirilib. Əvvəlcə gimnastlar fərdi növdə tophalqa ilə hərəkətləri, daha sonra qrup hərəkətləri proqramında 5 halqa ilə çıxışlarını nümayiş etdiriblər. Ölkəmizi fərdi çoxnövçülük proqramında gənclər arasında dünya çempionatının gümüşbürünc mükafatçısı, Avropa çempionatının bürünc mükafatçısı Arzu Cəlilova və 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova təmsil ediblər. Arzu Cəlilova halqatopla hərəkətlərin cəminə görə çoxnövçülük üzrə təsnifat mərhələsini 63,050 xalla 3-cü pillədə başa vurub. Komandamızın digər üzvü Zöhrə Ağamirova isə hər iki hərəkətin (halqatop) cəminə görə çoxnövçülük üzrə təsnifat mərhələsində 61,300 xalla 5-ci pillədə qərarlaşıb. Yekunda Arzu Cəlilova həm top, həm də halqa ilə kompozisiyalarda 3-cü yeri tutaraq finala adlayıb. Zöhrə Ağamirova isə halqa ilə icra etdiyi proqrama görə 4-cü olubfinala vəsiqə qazanıb.

 

 Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamızın üzvləri 5 halqa ilə hərəkətlərin icrasına görə 33,050 xalla təsnifat mərhələsində ikinci olublar. Bu gün komandamız medallar uğrunda mübarizə aparacaq.

 

Dünən - yarışların ikinci günündə isə  gimnastlar fərdi proqramda lent və gürzlərlə, qrup hərəkətləri proqramında isə 3 lent və 2 topla çoxnövçülük yarışlarında çıxışlarını davam etdiriblər. Əvvəlcə Arzu Cəlilova və Zöhrə Ağamirova lentlə  kompozisiyada ustalıqlarını nümayiş etdiriblər. Təsnifat proqramının yekununda Arzu Cəlilova 29,750 xalla dördüncü nəticə göstərib və finalda medal uğrunda yarışmaq imkanı qazanıb. Zöhrə Ağamirova isə 27,600 xalla 12-ci pillədə qərarlaşıb. İlk üçlükdə bolqarıstanlı gimnast Boryana Kaleyn (29,950 xal), israilli idmançı Darya Atamanova (29,950 xal) və İtaliya gimnastı Sofiya Rafaelli (29,900 xal) qərarlaşıblar.

 

Sonra gürzlərlə təsnifat proqramı icra olunub. Yarışın yekununa görə Zöhrə Ağamirova 30,400 xalla 5-ci pillədə yer alıb və finala vəsiqə qazanıb. İlk üçlükdə italiyalı Sofiya Rafaelli (31,650 xal), Latviya təmsilçisi Yelizaveta Polstyanaya (30,850 xal) və daha bir italyan gimnastı Milena Baldassarri (30,600 xal) qərarlaşıblar. Digər gimnastımız Arzu Cəlilova 26,650 xalla 18-ci yeri tutub.

 

Mütləq birincilikdə Sofiya Rafaelli (125,150 xal, İtaliya) qızıl, Boryana Kaleyn (124,750 xal, Bolqarıstan) gümüş, Milena Baldassarri (121,550 xal, İtaliya) isə bürünc medallara sahıb olublar.  Arzu Cəlilova çoxnövçülükdə altıncı yeri tutub (119,450), Zöhrə Ağamirova isə 119,300 xalla yeddinci pillədə qərarlaşıb.

Axşam proqramında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta LuzanDarya Sorokinadan ibarət qrup hərəkətləri üzrə Azərbaycan komandası 3 lent və 2 topla öz kompozisiyasını icra edib. Gimnastlarımızın təsnifat mərhələsində çıxışı hakimlər tərəfindən 30,600 xalla qiymətləndirilib. Bu nəticə ilə qrup komandamız ikinci pillədə qərarlaşıb və bu gün keçiriləcək final yarışında qələbə uğrunda mübarizəyə qoşulacaq.

Son məlumata görə, Azərbaycan gimnastları medal hesabını açıb - qrup komandamız çoxnövçülükdə 63,650 xalla Dünya Kubokunun gümüş mükafatçısı olub. Qızıl medala İtaliya (64,600 xal), bürünc medala isə İsrail (63,150 xal) komandası layiq görülüb.

 

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2022.- 24 aprel.- S.12.