Azərbaycan işlərini qrafikə uyğun
yekunlaşdırır
Ermənistanda
isə hələ heç bir işə
başlanılmayıb
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev aprelin 26-da Rusiya
Federasiyasının Baş nazirinin müavini Aleksey
Overçuku qəbul edib.
AZƏRTAC xəbər verir ki,
dövlətimizin başçısı ölkələrimiz
arasında ticari-iqtisadi sahədə qarşılıqlı fəaliyyətin
yaxşı səviyyədə olduğunu qeyd edərək,
daha əvvəl əldə edilmiş razılıqların
yerinə yetirilməsindən məmnunluğunu bildirdi.
Prezident İlham Əliyev Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq
məsələləri üzrə Hökumətlərarası
Dövlət Komissiyasının fəaliyyətinə toxundu və
komissiyanın iclasında görülmüş işlərin
nəzərdən keçiriləcəyinə, həmçinin
ənənəvi əməkdaşlıq sahələrindən
başqa potensial istiqamətlərin, o cümlədən ticarət
və xidmətlərin həcminin daha da genişləndirilməsi
məsələlərinin müzakirə ediləcəyinə,
əməkdaşlıq üçün yeni sahələrin
müəyyənləşdiriləcəyinə ümidvar
olduğunu bildirdi.
Dövlətimizin başçısı Aleksey Overçukun ölkəmizə səfəri zamanı Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə üçtərəfli komissiyanın fəaliyyətinin və ilk növbədə, nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələlərinin müzakirə ediləcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev bununla əlaqədar dəmir yolunun Azərbaycan ərazisində artıq 60 kilometrlik hissəsinin tikildiyini və gələn il tikintinin tamamlanacağını bildirdi. Avtomobil yolu ilə də bağlı Azərbaycan tərəfindən işlər qrafikə tam uyğun şəkildə aparılır. Əfsuslar olsun ki, Ermənistan tərəfindən bunlarla bağlı heç bir işə başlanılmayıb, Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib. Azərbaycanın bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, Ermənistan tərəfindən bununla bağlı heç bir cavab gəlməyib.
Aleksey Overçuk Rusiya ilə Azərbaycan arasında bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyini məmnunluqla xatırlatdı. Qonaq Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin önəmini vurğuladı.
Görüşdə ticari-iqtisadi, nəqliyyat, tranzit,
logistika, maliyyə, bank,
energetika, neft-qaz sahələrində
əməkdaşlıq məsələləri müzakirə
olundu.
Azərbaycan.-
2022.- 27 aprel.- S.2.