Bakıda Azərbaycan ilə Rusiya
arasında iqtisadi əməkdaşlıq
məsələləri üzrə Hökumətlərarası
Dövlət Komissiyasının 20-ci iclası keçirilib
Aprelin 26-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiyanın Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayevin və Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Komissiyanın Rusiya tərəfdən həmsədri Aleksey Overçukun sədrlik etdikləri iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.
İclasda gündəlikdə duran məsələlər, həmçinin Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi, nəqliyyat-tranzit, sərmayə qoyuluşu, sənaye, enerji, kənd təsərrüfatı və bir çox digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olunub.
Azərbaycan-Rusiya dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. İki ölkə arasında çox geniş müqavilə-hüquq bazasının mövcud olduğu bildirilərək, cari ilin fevralında dövlət başçıları tərəfindən imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə qaldırdığı vurğulanıb.
Azərbaycan-Rusiya ticari-iqtisadi əlaqələrinin çox müsbət dinamikaya malik olduğu diqqətə çatdırılaraq, ticarət dövriyyəsinin 2021-ci ildə 12 faizdən çox artaraq 3 milyard ABŞ dollarına çatdığı məmnunluqla qeyd edilib. Bu müsbət tendensiyanın cari ilin ilk kvartalında da davam etdiyi bildirilərək qarşılıqlı ticarətin 8 faizə yaxın artdığı vurğulanıb.
Qarşılıqlı investisiya sahəsində əməkdaşlığın genişləndiyi diqqətə çatdırılıb. Bu baxımdan mütəmadi işgüzar missiyaların, həmçinin Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının rolu müsbət qiymətləndirilib.
İclasda uğurla həyata keçirilən müştərək sənaye layihələrinin əhəmiyyəti vurğulanıb. Rusiya şirkətlərinin Azərbaycanın sənaye parklarında həyata keçirilən layihələrdə iştirak imkanları nəzərdən keçirilib. Rusiya şirkətlərindən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi üçün 17 layihə üzrə müraciətlərin daxil olduğu bildirilib.
Qeyd edilib ki, kənd təsərrüfatı sahəsində əməkdaşlıq yaxşı dinamikaya malikdir. 2020-ci illə müqayisədə ötən il Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracının 6,3 faiz artdığı məmnunluqla bildirilib. Cari ilin ilk kvartalında isə 7 faiz artımın qeydə alındığı vurğulanıb.
Nəqliyyat-logistika sahəsində əməkdaşlığın səviyyəsi yüksək dəyərləndirilərək bu sahədə geniş imkanların açıldığı diqqətə çatdırılıb. İki ölkə arasında avtomobil daşımalarının həcminin ötən il 6,6 faiz, tranzit daşımalarının isə 14,3 faiz artdığı xüsusi vurğulanıb. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətinə toxunularaq layihə çərçivəsində görülən işlərdən bəhs olunub. Bildirilib ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə, dəhliz yalnız iştirakçı deyil, bu marşrut ilə ixrac-idxal əməliyyatlarını həyata keçirən digər ölkələrin də inkişafında müsbət rol oynayacaq, ticari-iqtisadi əlaqələrini genişləndirəcək.
Avtomobil daşımalarının həcminin davamlı şəkildə artmasının Azərbaycan-Rusiya sərhədində gömrük-sərhəd infrastrukturunun təkmilləşdirilməsini zəruri etdiyi diqqətə çatdırılıb. Hər iki ölkənin ərazisində gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən tikinti-quraşdırma işlərinin cari vəziyyəti nəzərdən keçirilib, bu istiqamətdə fəaliyyətin sinxronlaşdırılmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Enerji sahəsinin müxtəlif istiqamətlərində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub. İki ölkənin enerji sistemlərinin vahid sinxron zonasında paralel iş rejimində fəaliyyət göstərdiyi məmnunluqla qeyd edilib.
İki ölkə arasında humanitar sahədə əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Azərbaycanda rus dilində tədris keçən 340-a yaxın məktəbin olduğu diqqətə çatdırılıb. Cari ilin fevralında Moskvada Azərbaycan Günlərinin təşkil edilməsinin, mart ayında isə Azərbaycanda iki ölkə gənclərinin forumunun keçirilməsinin əhəmiyyəti qeyd olunub. Bu cür tədbirlərin xalqların bir-biri ilə daha da yaxınlaşmasına, insanlar arasında münasibətlərin möhkəmləndirilməsinə müsbət təsir göstərdiyi vurğulanıb.
Koronavirus pandemiyasının mənfi təsirinə məruz qalan turizm sahəsində əməkdaşlığın əvvəlki səviyyəsinin tədricən bərpa olunduğu məmnunluqla vurğulanıb. Cari ilin birinci kvartalında Azərbaycana gələn Rusiya vətəndaşlarının sayının 2020-ci ilin eyni dövrü ilə müqayisədə 174 faiz artdığı bildirilib.
Sonda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclasının Protokolunu imzaladılar.
Həmçinin
Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında pensiya təminatı
sahəsində əməkdaşlıq haqqında Müqavilə
və Azərbaycan Respublikasının Kiçik
və Orta Biznesin
İnkişafı Agentliyi ilə Rusiya Federasiyasının “Kiçik
və Orta Sahibkarlığın
İnkişafı üzrə Federal
Korporasiyası” Səhmdar Cəmiyyəti arasında Niyyət
Protokolu imzalanıb.
Azərbaycan.-
2021.- 27 aprel.- S.2.