Sülh, yoxsa "Dəmir yumruq"?
İlham Əliyev
Ermənistana seçim üçün son şans verdi
Günün prioritet siyasi mövzusu Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinə hazırlıq prosesidir.
Brüsseldə keçirilən üçtərəfli görüş iki ölkənin münasibətlərində müsbət irəliləyişin başlanğıc mərhələsi oldu. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin görüşdən sonrakı ümidverici bəyanatı da göstərdi ki, beynəlxalq təşkilatlar da regionda sülhün daha tez bir zamanda bərqərar olunmasının tərəfdarıdırlar.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə açıq şəkildə bəyan etdi ki, Azərbaycan Prezidentinin sülh sazişinin imzalanması üçün irəli sürdüyü 5 prinsipdən ibarət təklifi ilə də razıdırlar. Yəni, rəsmi İrəvan danışıqların Azərbaycanın maraqlarına uyğun formatda aparılmasının da lehinədir. Bu səbəbdən də Brüssel görüşündə sülh sazişinin imzalanması prosesinə hazırlıq üçün iki ölkənin xarici işlər nazirliklərinə bu istiqamətdə işçi qruplarının yaradılması həvalə edildi.
Aprelin 25-də isə İlham Əliyev Rusiyanın Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edərkən bildirdi ki, sülh müqaviləsinin hazırlanması istiqamətində sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibi artıq müəyyənləşib və Azərbaycan danışıqlara tam hazırdır.
Sülhə gedən yolda yenə
erməni məkri
Lakin təəssüflə qeyd etməliyik ki, məhz belə bir vaxtda, yəni, sülh sazişinin imzalanması istiqamətindəki proseslərin müsbət məcrada davam etdiyi zamanda Ermənistan tərəfindən sərhəddə yenə təxribat törədilir.
Aprelin 23-də dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu dövlət sərhədini keçməyə cəhd göstərir. Dövlət Sərhəd Xidməti tərəfindən təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməsinin qarşısı alınır və qrupun üzvü, hərbi qulluqçu Eduard Martirosyan saxlanılır. Bu isə hər zaman baş verən təxribatları təkzib edən Ermənistan qarşısında yetərli sübut olur ki, məğlub ölkə delimitasiya komissiyalarının yaradılması və digər müvafiq işlərin aparılmasına qarşı çıxır. Necə ola bilər ki, bir ölkənin rəhbərliyi sülh sazişinin imzalanmasına razılıq verir, digər tərəfdən bunu əngəlləyəcək çirkin oyunlar oynanılır.
Bütün bunlar təbii ki, yalnız Ermənistanı çətin duruma salır. Çünki Azərbaycan qalib ölkə kimi işğaldan azad edilən torpaqlarımızda həm yenidənqurma işlərini reallaşdırır, həm də yeni kommunikasiyaların yaradılması istiqamətində mühüm layihələr reallaşdırır. Xüsusən 10 noyabr Bəyanatının müddəalarına uyğun olaraq öhdəliyini yerinə yetirir. Ermənistan isə hələ də bu sənəddə göstərilən öhdəliyi ilə bağlı ciddi addım atmayıb.
Dünən Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edən İlham Əliyev bu məsələyə bir daha toxunaraq vurğuladı ki, Azərbaycan nəqliyyat-kommunikasiya xətlərinin açılması prosesi istiqamətində üzərinə düşən öhdəliyi yerinə yetirməkdədir. Belə ki, dəmir yolunun Azərbaycan ərazisində artıq 60 kilometrlik hissəsi tikilb və gələn il işlər tamamlanacaq. Avtomobil yolu ilə də bağlı Azərbaycan tərəfindən işlər tam qrafikə uyğun şəkildə aparılır. Əfsuslar olsun ki, Ermənistan tərəfindən bunlarla bağlı heç bir işə başlanılmayıb. Rəsmi İrəvan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib. Azərbaycanın bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, Ermənistan tərəfindən bununla bağlı heç bir cavab gəlməyib.
Müqavilənin mətni tezliklə hazırlana bilər
Hər şey açıq şəkildə ortadadır. İlham Əliyev konkret mövqe nümayiş etdirərək həm Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur, həm də sülh danışıqlarına hazır olduğunu əməlləri ilə sübuta yetirir.
Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında bir daha mövqeyini dünyaya bəyan edən qalib Komandan dedi ki, hazırda iki ölkənin xarici işlər nazirləri işçi qrupları formalaşdırır və yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır.
Vaxtın uzadılmasına tərəfdar olmayan Prezident xatırlatma edərək məhz beş prinsip əsasında sülh müqaviləsinin imzalanacağını diqqətə çatdırdı: "Müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk".
Azərbaycan Prezidenti hər zaman xoş niyyətini ortaya qoyduğu halda Ermənistan təxribata əl ataraq köhnə ənənəsindən əl çəkmir. Amma gec-tez məğlub ölkə sülh danışıqları masasına oturmaq məcburiyyətində qalacaq. Çünki Cənubi Qafqazda sülhün bərqərar olmasını tək Azərbaycan deyil, beynəlxalq təşkilatlar da istəyir. Avropa İttifaqı bu istiqamətdə vasitəçiliyi üzərinə götürüb. Yəni Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir.
Göründüyü kimi, yenə də gündəliyi Azərbaycan Prerzidenti müəyyənləşdirir. Bütün ağrılı məqamlara, işğala, törədilmiş erməni vəhşiliklərinə baxmayaraq, İlham Əliyev bölgənin gələcəyi naminə sülh gündəliyi təqdim edir. Ermənistanın düşdüyü sosial-iqtisadi bataqlıqdan qurtulması üçün yol göstərir.
Ancaq məğlub ölkənin rəhbərliyi Qarabağın kiçik hissəsində olan revanşistləri zərərsizləşdirə bilmir. Qalib Komandan isə bəyan edir ki, lazım olsa, Azərbaycan həmin qüvvələri bir neçə saat ərzində antiterror əməliyyatı ilə tamamilə zərərsizləşdirə bilər.
Elə Şuşadakı Zəfər qurultayında da İlham Əliyev Ermənistana sonuncu dəfə şans verərək ciddi mesaj ünvanladı: "Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq".
İlham Əliyevin bu mesajı 2 yol göstərir. Ya 5 prinsipi qəbul edib sülh sazişi imzalanmalı, ya da "dəmir yumruq" yenidən işə düşməlidir. Təbii ki, 44 günə diz çökən Ermənistan bir daha ağır zərbə almaq istəməz. Bu, Ermənistanın hərtərəfli çöküşü, məhvi ilə nəticələnməsi deməkdir. Görünən odur ki, Ermənistan rəhbərliyi ölkənin daha acınacaqlı duruma düşməməsi üçün Azərbaycanın bütün tələblərini yerinə yetirməklə sülh sazişini imzalamağa məcburdur. Yəni, Ermənistanın qurtuluşu sülh sazişindən keçir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2022.- 27 aprel.- S.4.