Həmrəyliyin Şuşa zirvəsi
Həmvətənlərimiz sarsılmaz və əbədi
birlik mesajlarını bu
dəfə dünyaya Qarabağdan
bəyan etdilər
"...Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz".
Müzəffər Komandan İlham Əliyevin Qarabağın qürur qalası Şuşada, Dünya Azərbaycanlılarının V Qurultayında bəyan etdiyi kimi, harada yaşamasından asılı olmayaraq, bu gün Azərbaycan xalqının hər bir üzvü özünü qürurlu, xoşbəxt sanır.
Haqq və ədalətin qələbəsi
Xalqımız illər idi ki, addım-addım bu fəxarətli günlərə qovuşmağa yol almışdı...
Bir qərinəyə yaxın idi ki, arzuladığımız, həsrətində olduğumuz Şuşanın, Ağdamın, Laçının, Kəlbəcərin, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Qarabağımızın qurtuluş müjdəsini alacağımız günləri gözləmişdik...
Və nəhayət gün o böyük gün oldu...
Haqq, ədalət uğrunda apardığımız Vətən müharibəsi sayəsində arzularımızın, ümidlərimizin gerçəkləşdiyi müqəddəs məqama yetdik.
2020-ci ilin 27 sentyabrı ruhumuza diriliş, milli kimliyimizə oyanış günü kimi həkk olundu. İllərdir zəfərə, qalibiyyətə susamış xalqım torpaq nisgilinə, Vətən həsrətinə son qoymaq üçün dünyanın dörd bir yanında ayağa qalxdı. Azərbaycan xalqının ən qürurlu, ən parlaq zəfərinə imza atdı...
2020-ci ilin 8 noyabrını, mənəvi qibləmiz Şuşanın azadlığı - Qarabağ Zəfəri kimi könül səltənətimizin şah zirvəsində qərar tutan möcüzəvi tarixə çevirərək salnamələrə həkk etdik.
Amalımız bir oldu
44 günlük Vətən müharibəsində bir amal ətrafında tarixin heç bir dönəmində olmadığımız kimi həmrəy olduq, haqq savaşımız uğrunda hər birimiz irəli atıldıq.
Bu zəfər çələngini Azərbaycan xalqının hər bir övladı öz əlləriylə zərrə-zərrə hördü. Tək ölkəmizin daxilində deyil, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız da haqq savaşı uğrunda birləşərək beynəlxalq aləmə səsimizi çatdırmaq, həqiqətlərimizi anlatmaq üçün informasiya cəbhəsində mübarizəyə başladılar, sözün əsl mənasında, erməni yalanlarının qarşısında keçilməz səddə çevrildilər, Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır!" haqq nidasına dəstək verdilər.
Milli həmrəyliyimizin təntənəsi olan Vətən müharibəsində diaspor təşkilatlarımızın dünyanın 30-dan çox ölkəsində keçirdikləri 200-dək aksiyada 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etdilər. Eyni zamanda müharibə günlərində 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərmişdilər.
Elə bu birlik və bərabərliyimizin nəticəsidir ki, bir amal ətrafında "dəmir yumruğ"a çevrilərək cəmi 44 günlük qısa bir zamanda düşmənin belini sındırdılar.
Həmrəyliyin tarixi
Dünyada yaşayan həmvətənlərimizlə əlaqələrin yaradılması Azərbaycan öz dövlət müstəqilliyini elan edəndən sonra reallaşdırılıb. Azərbaycançılıq ideyasının uğurlu inkişafı və həmrəylik zirvəsinə ucalması isə Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.
1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib.
Həmin vaxtdan bütün dünyada azərbaycanlılar bu günü böyük sevinc və qürurla bayram kimi qeyd edirlər. Bu günün mühüm məram və mahiyyəti barədə Ümummilli Lider xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərinin birində deyib: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır..."
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Milli həmrəyliyimizin nümayişi olan bu möhtəşəm qurultayda Ümummilli Lider nitqində bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır deyə xüsusi vurğulamışdı: "Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik".
Ümummilli Lider Heydər Əliyevin böyük iftixarla söylədiyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı həmrəyliyimizin əsas kod cümləsi kimi dillər əzbərinə çevrilib.
Dünya Azərbaycanlılarının ikinci qurultayı 2006-cı il martın 16-da, üçüncü qurultayı 2011-ci il iyulun 5-6-da, dördüncü qurultayı 2016-cı il iyunun 3-4-də keçirilib.
Zəfər titullu qurultay
Dünya Azərbaycanlılarının beşinci qurultayı isə tariximizə Zəfər qurultayı kimi fəxarətli titulla düşdü. Parlaq zəfərimizdən sonra, ilk dəfə 2022-ci ilin aprelində dünya azərbaycanlıları azad Qarabağda, azad Şuşada toplaşdılar, qurultay keçirdilər. Öz sarsılmaz və əbədi həmrəyliklərini bir daha qürur ünvanımız Şuşadan bütün dünyaya, dosta-düşmənə nümayiş etdirdilər.
Bu möhtəşəm tədbirdəki çıxışı zamanı Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra Azərbaycan xalqının müzəffər xalq kimi əbədi yaşayacağı, dövlətimizin qalib dövlət kimi sonsuzadək var olacağının mesajını verdilər: "Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər".
Azərbaycan Prezidenti nitqində o məqama da xüsusi diqqət çəkdi ki, bizim xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Çünki xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir və onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir: "Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq öz fəaliyyətimizdə həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir. Mən də öz həmkarlarımla, harada ki, azərbaycanlılar yaşayır, o ölkələrin rəhbərləri ilə daim bu məsələyə diqqət yetirirəm".
Vətən müharibəsində yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətlərinin çatdırılmasında uğurlu fəaliyyət göstərən diasporumuzun nümayəndələri də Qarabağın azad olunmasından sonra ilk böyük görüşlərini qürur ünvanımız Şuşada keçirmələrinin, azad torpaqlarımıza qürurla qədəm basmağın xoşbəxtliyini yaşadılar. Dünya durduqca var olması üçün, Yer üzünün hər yerində tarixi vətənləri Azərbaycanın daim təbliğatçısına, mənafeləri uğrunda müdafiəçisinə çevrilməyə, elə Şuşada, Qarabağın qürur qalasında müqəddəs and içdilər...
Yasəmən MUSAYEVA,
Azərbaycan.- 2022.- 27 aprel.- S.4.