Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlər yüksək səviyyədədir

 

Aprelin 27-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfiri Həməd bin Abdulla bin Səud bin Xudeyr ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Kamran Əliyev xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafının yüksək səviyyədə olduğunu məmnuniyyətlə vurğulayaraq, bu sahədə dövlət başçıları İlham Əliyev və Kral Salman bin Əbdüləziz Al Səudun misilsiz xidmətlərini qeyd edib.

Baş prokuror Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə dəstəyinə görə təşəkkürünü bildirib.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının bütövlükdə müsəlman dünyası üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Görüşdə Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru şeyx Səud bin Abdullah əl Müacibin rəhbərlik etdiyi nümayəndə heyətinin yaxın vaxtlarda ölkəmizə səfəri və qarşılıqlı maraq doğuran digər mövzulara dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2022.-28 aprel.- S.2.