Gürcüstan XİN-in
başçısı: “Azərbaycanın
sülhün əldə edilməsi səylərini
alqışlayırıq”
Aprelin 27-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər arasında təkbətək başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Nazir Ceyhun Bayramov Azərbaycan ilə Gürcüstan arasında mövcud olan ənənəvi dostluq, mehriban qonşuluq, strateji tərəfdaşlıq münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu, beynəlxalq hüququn prinsiplərinə əsaslandığını qeyd edib. O, gürcü həmkarının xarici işlər naziri qismində ilk səfərinin məhz Azərbaycana etməsinin ölkələrimiz arasındakı dostluğun bariz nümunəsi olduğunu bildirib. Nazir iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun, intensiv qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişafına müsbət təkan verdiyini vurğulayıb.
Nazir İliya Darçiaşvili Azərbaycan dövlət başçısı ilə keçirilən görüşə məmnunluqla istinad edib. Nazir bu il 30 illiyini qeyd etdiyimiz əlaqələrin dinamik şəkildə inkişafından məmnunluq ifadə edib. Həmçinin nazir Ceyhun Bayramovu Gürcüstana səfərə dəvət edib.
Görüşdə ölkələrin bir-birinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı şəkildə verdiyi birmənalı dəstək xüsusi vurğulanıb.
Tərəflər iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, enerji, nəqliyyat, humanitar və mədəniyyət, turizm və s. sahələrdə əməkdaşlığın inkişafı perspektivləri üzrə fikir mübadiləsi aparıblar. İki ölkə arasında ticarət dövriyyəsində artımın müşahidə olunması sevindirici hal kimi qeyd edilib və bu sahədə hələ də böyük potensialın olduğu, birgə səylərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda, Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti qeyd edilib.
Nazir Ceyhun Bayramov həmkarına postmünaqişə mərhələsində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, habelə azad edilmiş ərazilərdə Azərbaycan hökuməti tərəfindən görülən işlər, o cümlədən minaların təmizlənməsi, bərpa və quruculuq işləri barədə məlumat verib.
Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili Azərbaycanın sülhün əldə edilməsi səylərini alqışladıqlarını və öz növbəsində Gürcüstanın bu prosesi dəstəklədiyini ifadə edib.
Tərəflər, həmçinin çoxtərəfli platformalarda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi, Ukraynadakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Görüşdən sonra mətbuat nümayəndələri üçün brifinq keçirilib.
Azərbaycan.-
2022.- 28 aprel.- S.2.