Azərbaycan təkcə regionda deyil, dünyada mühüm mövqeyə sahibdir
Aprelin 27-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan Rumıniya parlamentinin deputatı, Rumıniya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Kristian İvanutsanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarovanın adından qonaqları salamlayan vitse-spiker, belə səfərlərin Azərbaycan-Rumıniya münasibətlərinin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Azərbaycan və Rumıniyanın iki dost ölkə olduğunu deyən Adil Əliyev münasibətlərimizin daim yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluğunu bildirib.
Vitse-spiker dövlət başçılarının siyasi iradəsi nəticəsində dostluğumuzun strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bu sahədə imzalanmış sənədlərin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Azərbaycan-Rumıniya münasibətlərinin möhkəmlənməsində parlamentlərin və parlamentlərarası işçi qruplarının fəaliyyətini yüksək qiymətləndirən vitse-spiker qarşılıqlı təcrübə mübadiləsində işçi qruplarının rolunu mühüm hesab etdiyini bildirib.
Rumıniya parlamentinin deputatı, Rumıniya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Kristian İvanutsa səmimi qəbula görə minnətdarlığını bildirərək, ölkələrimiz arasındakı münasibətlərin inkişafının hər iki ölkənin maraqlarına uyğun olduğunu qeyd edib. O, Rumıniyanın Azərbaycanla strateji tərəfdaş olması ilə yanaşı, iki ölkə arasında artan ticarət dövriyyəsinin iqtisadi əlaqələrimizə mühüm təsir etdiyini qeyd edib. Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsindən danışan qonaq, Ələt qəsəbəsində ticarət limanının fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edib.
Ölkələrimiz arasında münasibətlərin həm ikitərəfli, həm də beynəlxalq müstəvidə uğurla davam edəcəyindən əminliyini ifadə edən Kristian İvanutsa, Azərbaycanın təkcə regionda deyil, eləcə də dünyada mühüm mövqeyə sahib olmasından məmnunluğunu bildirib.
Sonra
görüşdə tərəfləri maraqlandıran digər
mövzularda fikir
mübadiləsi aparılıb.
Əsmər
Qardaşxanova
Azərbaycan.-
2022.- 28 aprel.- S.3.