Əməyin mühafizəsi sosial siyasətin məqsədlərindən
biridir
28 Aprel
Ümumdünya Əməyin Mühafizəsi
Günüdür
Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə 2003-cü ildən elan olunan 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü hazırda dünyanın yüzdən çox ölkəsində qeyd edilir. Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunmasında məqsəd cəmiyyətin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələlərinə cəlb etməkdir.
Azərbaycan
BƏT-in konvensiyalarını ratifikasiya edib
Əməyin mühafizəsi
işçilərin təhlükəsiz və sağlam şəraitdə
işləmək hüququnu təmin etmək məqsədi ilə
nəzərdə tutulan texniki təhlükəsizlik,
sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri,
normaları və standartları sistemidir. Məhz təhlükəsizlik
və layiqli əmək şəraitində
çalışan işçinin əmək məhsuldarlığı
yüksəlir. Bu isə istehsal prosesinin
daha da yaxşılaşmasına və məhsuldarlığına
səbəb olur.
BƏT-in məlumatına görə,
dünyada hər il istehsalatla əlaqəli bədbəxt hadisələr,
peşə xəstəlikləri nəticəsində təxminən
2,34 milyon nəfər həlak olur. Bu, hər gün orta hesabla 6 min insan deməkdir.
Hər il 160 milyondan çox insan müxtəlif
dərəcəli bədən xəsarəti alır və ya
peşə xəstəliklərinə tutulur. İstehsalat qəzaları
nəticəsində dünya üzrə ümumi daxili məhsulun
4 faizinin və ya 2,8 trln. ABŞ
dollarının itirilməsi ilə nəticələnir.
Bütün bunlar dünyada əməyin
mühafizəsini aktuallaşdıran problemlər kimi
çıxış edir. BƏT-in qəbul
etdiyi və dövlətlərin qoşulduğu
konvensiyaların böyük əksəriyyəti məhz əməyin
təhlükəsizliyi, layiqli əməyin təmin
olunması məsələlərini əhatə edir.
Əməyin mühafizəsi
Azərbaycanda dövlətin sosial siyasətinin əsas məqsədlərindən
biridir. Azərbaycan 1992-ci ildən bəri üzvü
olduğu BƏT-in bu sahədə olan bütün
konvensiyalarına qoşulub. Daha dəqiq ifadə etsək,
ölkəmiz tərəfindən BƏT-in əsas
işçi hüquqları ilə bağlı 58
konvensiyası, o cümlədən əməyin mühafizəsi
və təhlükəsizliyinə dair 21 konvensiyası
ratifikasiya olunub. 2004-cü
ildən etibarən Azərbaycanda da Ümumdünya Əməyin
Mühafizəsi Günü qeyd olunur.
Heydər
ƏLİYEV: "Azərbaycan dövlətinin ən qiymətli
sərvəti onun insanlarıdır"
Azərbaycanda hüquqi
dövlət və demokratik cəmiyyət quruculuğu prosesi
sivil dünya ənənələrini əhatə etməklə
yanaşı, həm də ölkə vətəndaşlarının
hüquq və mənafelərinin ən yüksək səviyyədə
təminatına xidmət edir. Vətəndaşın bir
işçi olaraq hüquqlarının qorunması, əməyinin
mühafizəsi, onun üçün sağlam və təhlükəsiz
iş şəraitinin təşkili dövlət siyasətinin
prioritet məsələləri sırasındadır.
Lakin məlum olduğu kimi, müstəqilliyimizin
ilk illərində ölkəni bürüyən iqtisadi
böhran əmək münasibətlərinin də
pozulmasına gətirib çıxarmışdı.
Həmin dövrdə iş yerlərinin
bağlanması, işsizliyin baş alıb getməsi dərin
sosial problem kimi özünü göstərirdisə,
mövcud iş yerlərində əməyin təhlükəsizliyi
də arxa plana keçmişdi.
Sosial sahənin bütün istiqamətlərində
olduğu kimi, əməyin təhlükəsizliyi
sferasında da dəyişikliklər yalnız Ulu Öndər
Heydər Əliyevin 1993-cü ildə respublikamıza rəhbərliyə
gəlişindən sonra baş verdi. Bu baxımdan əməyin təhlükəsizliyi sahəsində
həyata keçirilən tədbirlər Ümummilli Lider Heydər
Əliyevin müəllifi olduğu sosial siyasətlə
bağlıdır. Belə ki, Ulu Öndərin
ölkəmizə rəhbərliyə başlamasından sonra
əmək münasibətləri və əməyin
mühafizəsi sahəsində beynəlxalq prinsiplərə
uyğun normativ-hüquqi aktlar qəbul olunub, BƏT-in
konvensiyaları ratifikasiya edilib.
"Azərbaycan dövlətinin
ən qiymətli sərvəti onun insanlarıdır", -
deyən Ulu Öndərin müəllifi olduğu Azərbaycan
Respublikası Konstitusiyasının 35-ci maddəsində hər
kəsin təhlükəsiz və sağlam şəraitdə
işləmək hüququ təsbit olunub. Həmin maddənin
altıncı bəndində yazılır: "Hər kəsin
təhlükəsiz və sağlam şəraitdə işləmək,
heç bir ayrı-seçkilik qoyulmadan öz işinə
görə dövlətin müəyyənləşdirdiyi
minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq
hüququ vardır". Həmçinin Ana Qanuna əsasən,
hər kəsin əməyə olan qabiliyyəti əsasında
sərbəst surətdə özünə fəaliyyət
növü, peşə, məşğuliyyət və iş
yeri seçmək hüququ var, heç kəs zorla işlədilə
bilməz.
İnsan amilini rəhbər
tutan siyasət
Hər bir vətəndaşın
layiqli yaşayış və iş yeri ilə təmin
olunması Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi
inkişaf strategiyasının əsas prioritetlərindəndir.
Bu, ölkə rəhbərinin hər bir vətəndaşın
firavanlığına xidmət edən uğurlu siyasəti, əməkçilərin
hüquqlarının təminatına daim xüsusi diqqət və
qayğı göstərməsi ilə bağlıdır.
Təsadüfi deyildir ki, son illərdə
iqtisadi və sosial inkişaf strategiyasından irəli gələrək
dövlət tərəfindən əmək münasibətləri
iştirakçılarının hüquq bərabərliyinin
təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək
müqaviləsi üzrə öhdəliklərinin icrasına
hüquqi təminatın yaradılması istiqamətində
sistemli və məqsədyönlü tədbirlər həyata
keçirilib.
Görülmüş tədbirlər
nəticəsində iqtisadi artımın bazasında əhalinin
gəlir əldə etmək imkanları daha da genişləndirilib,
makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun
inkişafı, bu sahədə əlverişli şəraitin
yaradılması vasitəsilə tarazlı və bilavasitə
yoxsulluğun azaldılmasına istiqamətlənən
inkişafın reallaşdırılması, eləcə də
müasir prinsiplər əsasında fəaliyyət göstərən
sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi
mühitinə inteqrasiyasının prioritet kimi müəyyən
olunması milli iqtisadiyyatın sosial
yönümlülüyünü daha da artırıb.
Onu da xatırladım ki,
respublikamız Birləşmiş Millətlər Təşkilatının
üzvü olan dövlətlərin 2015-ci ildə keçirilən
Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər
üçün təsdiqlənmiş Dayanıqlı
İnkişaf Məqsədlərinə qoşulub.
Dayanıqlı İnkişaf Məqsədlərinin
əsas hədəflərindən biri hamı
üçün layiqli məşğulluğu və layiqli əməyi
təşviq etməkdir.
Prezident İlham Əliyevin
sosial sahəyə xüsusi qayğısı və həyata
keçirdiyi siyasətin mərkəzində insan amilinin
dayanması sağlam və təhlükəsiz əmək
şəraitinin yaradılması istiqamətində də məqsədyönlü
dövlət siyasətinin aparılmasına imkan verib. Respublikamızda
standartlara uyğun əmək şəraitinin
yaradılmasına, əməyin mühafizəsinin və
texniki təhlükəsizlik qaydalarının təmin edilməsinə,
istehsalatda baş verən qəza hallarının, əmək
xəsarətinin və peşə xəstəliklərinin
qarşısının alınması yönündə fəal
dövlət siyasəti həyata keçirilir.
Əmək təhlükəsizliyi
hüquqi prizmada
Əməyin mühafizəsi
sahəsində beynəlxalq təcrübənin mütərəqqi
cəhətləri əxz olunmaqla qanunvericilik bazasının
təkmilləşdirilməsi və konkret əməli tədbirlərin
həyata keçirilməsi baxımından Azərbaycan
regionda qabaqcıl ölkədir. MDB məkanında ilk
dəfə olaraq Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər
dövrünə uyğun Əmək Məcəlləsi qəbul
edilmiş və 1999-cu ildə qüvvəyə minmişdir.
Məcəllədə əmək münasibətlərində
olan işçilərin və işəgötürənlərin
hüquq və vəzifələri, qarşılıqlı məsuliyyətləri,
habelə əməyin mühafizəsini tənzimləyən norma, qayda və prinsiplər öz əksini
tapmışdır.
Əmək Məcəlləsinin 3-cü maddəsinin
10-cu bəndində qeyd olunur ki. əməyin mühafizəsi
işçilərin təhlükəsiz və sağlam şəraitdə
işləmək hüququnu təmin etmək məqsədi ilə
bu Məcəllədə və digər normativ-hüquqi
aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə,
əmək müqavilələrində nəzərdə
tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika
tədbirləri, normaları və standartları sistemidir.
Məcəllənin 207-239-cu maddələri məhz bu məsələləri
əhatə edir. Əmək Məcəlləsinin
207-ci və 215-ci maddələrinə əsasən əməyin
mühafizəsi üzrə normativ-hüquqi aktların tələblərinə
işəgötürən və işçilər tərəfindən
əməl edilməsi məcburidir. Təşkilati-hüquqi
və mülkiyyət formasından asılı olmayaraq, hər
bir müəssisənin işəgötürəni müəssisənin
istehsal etdiyi məhsuldan, gördüyü işdən,
göstərdiyi xidmətdən asılı olmayaraq,
işçilərinə iş yerlərində sağlam və
təhlükəsiz əmək şəraiti
yaratmalıdır. İşəgötürən
həmçinin işçilərin əməyin mühafizəsi
normaları, qaydaları və standartlarına əməl etmələrinə
daim diqqət yetirməlidir. İşəgötürən
tərəfindən sağlam və təhlükəsiz əmək
şəraitinin yaradılması öhdəlikləri Əmək
Məcəlləsinin 215 və 225-ci maddələrində, eləcə
də müəssisələr haqqında əsasnamələrdə
(nizamnamə), kollektiv müqavilələrdə təsbit
olunur. Əmək Məcəlləsində əməyin
mühafizəsinin dövlət tərəfindən tənzimlənməsi
(maddə 212), icra hakimiyyəti orqanlarının (maddə
213), bələdiyyələrin (maddə 214) səlahiyyətləri,
mülkiyyətçinin və işəgötürənlərin vəzifələri (maddə
215) müəyyən edilmişdir.
Sağlam və təhlükəsiz
əmək şəraitini yaratmaq işəgötürənlərin
vəzifəsi olsa da, əmək müqaviləsi ilə
işləyən hər bir işçinin də əməyin
mühafizəsi sahəsində qanunvericiliklə müəyyən
edilmiş vəzifələri var. Qanunvericilik müəssisədə
əməyin mühafizəsinin təmin olunması ilə
bağlı işçilərin də vəzifələrini
müəyyən etmişdir. Əmək Məcəlləsinin
216-cı maddəsində əməyin mühafizəsi üzrə
işçilərin vəzifələri ifadə olunub.
Buraya əməyin mühafizəsi üzrə müvafiq
normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi,
gigiyenası və yanğına qarşı mühafizə tələblərini
öyrənmək, mənimsəmək və onlara əməl
etmək, əmək funksiyasını özünü və
başqa işçiləri təhlükəyə məruz
qoymayacağı təqdirdə icra etmək, şəxsi
buraxılışı olmadan qurğularda, dəzgahlarda,
partlayış və həyat üçün təhlükəli
digər mənbələrdə iş görməmək, digər
vəzifələr daxildir. Əmək Məcəlləsinə
əsasən, əməyin mühafizəsi üzrə
normativ-hüquqi aktların tələbləri, əməyin
mühafizəsi normaları, standartları, qaydaları əmək
münasibətlərinin tərəfləri və digər
fiziki və hüquqi şəxslər üçün məcburidir.
Ona görə də müəssisə rəhbərləri
əməyin mühafizəsinin idarə olunması məsələsinə
ciddi əhəmiyyət verməlidirlər. Belə ki, müəssisədə əməyin
mühafizəsinin yüksək səviyyədə təşkil
olunması işçilər üçün sağlam və
təhlükəsiz əmək şəraitinin
yaradılması ilə yanaşı, keyfiyyətli məhsul
istehsalına da təminat verir. Qabaqcıl
dünya təcrübəsində də əməyin
mühafizəsi müəssisədə yalnız
işçinin təhlükəsizliyi üçün deyil,
iqtisadi artım üçün də vacib amil kimi qəbul
olunur.
Məcəllə əsasında əməyin
mühafizəsi,
o cümlədən texniki təhlükəsizlik, əməyin
gigiyenası, sanitariya, müalicə-profilaktika məsələlərinə
dair çoxlu qanunvericilik və normativ sənədlər qəbul
edilib.
2010-cu ildə isə
"İstehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul
edilib. İstehsalatda bədbəxt hadisələr və
peşə xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari
sığorta sahəsində münasibətlər məhz bu
qanunla tənzimlənir.
Bütün bunlar göstərir ki,
respublikamız əmək qanunvericiliyi, əməyin
mühafizəsi, iş yerlərində sağlam və təhlükəsiz
əmək şəraitinin yaradılması ilə
bağlı dolğun qanunvericilik bazasına malikdir. Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi
sürətli və davamlı sosial-iqtisadi inkişafla əlamətdardır.
Bütün bunlar ölkəmizdə yeni iş yerlərinin
açılmasına səbəb olmuşdur. Təbii
ki, inkişaf həm də yeni çağırışlar
formalaşdırır. Bundan irəli gələrək
əmək hüquqlarının da qorunması və əməyin
mühafizəsinin möhkəmləndirilməsi istiqamətində
qanunvericilikdə dəyişikliklər edilib ki, bu da işəgötürənlərin
işçilərin əmək hüquqlarına olan
münasibətlərində məsuliyyətlərinin daha da
artmasına səbəb olmuşdur. Azərbaycanda
əməyin mühafizəsi ilə bağlı dövlət
siyasəti həm də ümumbəşəri prinsiplərə
əsaslandığı üçün əmək qanunvericiliyi
daim təkmilləşdirilir, yeni normativ aktlar qəbul edilir.
İcbari tibbi
sığortanın tətbiqi əmək münasibətlərində
mütərəqqi sosial addımdır
Vətəndaşların
sağlamlığının qorunmasına, eləcə də
təhlükəsiz və sağlam əməyin təmin
olunmasına xidmət edən mütərəqqi addımlardan
biri də icbari tibbi sığortanın tətbiqidir. İcbari tibbi
sığorta tibbi xidmətlərin hər kəs, o cümlədən
işçilər tərəfindən tam ödənişsiz
əldə olunması üçün mükəmməl
sosial sistemdir. Məqsədi tibbi xidmətləri
əlçatan etmək, əhalini sağlamlığı ilə
bağlı maliyyə risklərindən qorumaqdır.
İcbari tibbi
sığortanın tətbiqi həm də qeyri-leqal məşğulluğun
aradan qaldırılmasına da təsir edən mühüm təşəbbüsdür. Sirr deyil ki, əmək
müqaviləsini bağlayarkən işçini
maraqlandıran məsələlərdən biri də onun
dövlət tərəfindən təmin olunduğu sosial xidmətlərdən
yararlana bilmək imkanlarının olmasıdır.
Vətəndaşların məşğulluğuna
dair məlumatlar məşğul şəxslərin reyestrinə
daxil edilmədikdə o, aidiyyəti qurumlar tərəfindən
qeyri-formal məşğul hesab edilir. Qeyri-formal məşğulluğu
dəstəkləyən faktorların təsbit edilməsi və
aradan qaldırılması istiqamətində konkret
addımların atılması məqsədi ilə Azərbaycan
Prezidenti 2019-2030-cu illər üçün Azərbaycan
Respublikasının Məşğulluq Strategiyasını təsdiq
edib.
Qeyri-leqal əmək münasibətlərinin
iştirakçıları bütün sosial hüquqlardan, o
cümlədən həyat sağlamlığını və
əməyin mühafizəsini təmin edən şəraitdə
çalışmaqdan, tibbi sığortadan, əmək məzuniyyətindən
məhrum olurlar. Bu baxımdan icbari tibbi
sığortanın tətbiq olunması qeyri-leqal məşğulluğun
qarşısını almaqla yanaşı, həm də əməyin
mühafizəsinə yönəlmiş vacib sosial
addımdır.
Pandemiya
dövründə dövlət iş yerlərini və əməkhaqqı
gəlirlərini qorudu
2020-ci ilin sonundan COVID-19
pandemiyasının yayılması bütün dünyada əməyin
mühafizəsi məsələlərini daha da
aktuallaşdırdı. Bir çox ölkələr bu sınaqdan çıxa
bilmədilər, dünyada yüz milyonlarla insan iş yerini
itirdi, gəlirdən məhrum oldu. Lakin Azərbaycanda
vəziyyət fərqlidir. Ölkəmizdə
pandemiya dövründə geniş sosial dəstək paketinin əsas
istiqamətlərindən biri kimi pandemiyanın əmək
sferasına mənfi təsirlərinin azaldılması,
işçilərin təhlükəsizliyi təmin olundu.
Qeyd etmək lazımdır
ki, Prezident İlham Əliyevin tapşırığı ilə
pandemiya dövründə ölkəmizdə icra olunan, məşğulluq
və sosial rifaha dəstək məqsədilə müxtəlif
istiqamətlər üzrə sosial dəstək paketi həyata
keçirilib.
Bunun nəticəsində dövlət və özəl sektorda
muzdla çalışan işçilərin iş yerləri
və əməkhaqqı gəlirlərinin qorunmasına nail
olunub. İşçilərin əsassız yerə
işdən çıxarılmasına, ixtisarına yol verilməməsi
və əməkhaqlarının saxlanması
üçün e-sistem üzərindən daimi nəzarət
həyata keçirilib.
Bütün bunların nəticəsi
kimi əmək müqavilələrinin sayı azalmayıb, əksinə,
artım müşahidə edilib. Habelə ödənişli ictimai
iş yerlərinin sayı 90 minə
çatdırılıb, özünüməşğulluq
proqramının əhatə dairəsi genişləndirilib.
Vətən müharibəsindən
sonra azad olunmuş ərazilərimizdə aparılan bərpa
və yenidənqurma işləri xüsusən ərazilərin
ermənilər tərəfindən minalanması səbəbindən
əməyin təhlükəsizliyinin nə qədər
aktual məsələ olduğunu göstərir.
Azərbaycan sosial dövlətdir.
Bundan irəli gələrək əməyin
təhlükəsizliyi ilə bağlı dövlət siyasəti
və qanunvericilik təkmildir. Əlbəttə,
iş olan yerdə əməyin mühafizəsində
arzuolunmaz halların baş verməsi də
mümkündür. Lakin əsas odur ki, Azərbaycanda
vətəndaşların əmək təhlükəsizliyinin
təmin olunması istiqamətində böyük iradə və
mütərəqqi fəaliyyət var.
Hadi
RƏCƏBLİ,
siyasi elmlər doktoru, professor
Azərbaycan.- 2022.-28 aprel.- S.8.