Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Aprelin 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunanSağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2021-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən müəyyən olunmuş 2022-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü - “Pozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət” devizi altında təşkil olunan tədbirdə çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ötən il ölkəmizin artan iqtisadi göstəricilərindən, əldə olunmuş nailiyyətlərdən, Şərqi Zəngəzurda və Qarabağda aparılan sürətli abadlıq-quruculuq işlərindən, həmin ərazilərin iqtisadi potensialındanbiznes imkanlarından söz açıb.

AHİK-lə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında əmək, əmək münasibətləri, əmək hüququ, əməyin təhlükəsizliyi və mühafizəsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahələrində əməkdaşlığın daim genişlənməsi ilə müşahidə olunan fəal əlaqələrin qurulduğunu qeyd edən S.Möhbalıyev respublikamızın BƏT-in 58 konvensiyasının ratifikasiya etdiyini, bu sənədlərin tələblərinin Azərbaycanın Əmək, Mülki, Cinayət Prosessual, İnzibati Xətalar məcəllələrində öz əksini tapdığını deyib. O qeyd edib: “BƏT-nin məlumatına görə, hər il dünyada istehsalat sahəsində 339 milyon bədbəxt hadisə baş verir. Bunun nəticəsində 160 milyon nəfər xəsarət alır, 2,34 milyon nəfər həlak olur. MDB üzrə statistik məlumatlara əsasən, hər il region ölkələrində istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində iki min insan həyatını itirir. Bunun nəticəsində də dünya iqtisadiyyatı 2,8 trilyon ABŞ dolları dəyərində və ya dünyada istehsal olunan ÜDM-in 4 faizi həcmində itkiyə məruz qalır”.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Əmək Təşkilatı 2022-ci ildə Ümumdünya Əməyin Mühafizəsi GününüPozitiv, təhlükəsiz və sağlam həyat mədəniyyəti üçün birgə fəaliyyət” devizi ilə qeyd etməyi tövsiyə edib. 2022-ci ilin əsas mövzusu sosial dialoqun əhəmiyyəti və yerində müsbət təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına bütün maraqlı tərəflərin cəlb edilməsidir. Həmkarlar ittifaqının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə müəssisələrdə nəzarət-profilaktika işi aparıb, yerlərində əmək şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi fəaliyyət göstəriblər. 2021-ci il ərzində onlar 175 müəssisə və təşkilatda ictimai müayinə işi aparıb, aşkar edilən pozuntuların 90 faizinin aradan qaldırılmasına nail olublar. Nəticədə 169 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 507 nəfərin şəraiti yaxşılaşdırılıb. Həmkarlar ittifaqlarının xidmət dairəsinə daxil olan müəssisələrdə 2021-ci il ərzində bədbəxt hadisə nəticəsində ölənlərin sayı 26 faiz azalaraq 17 nəfər olub.

Əməyin mühafizəsi sahəsində təbliğat işinin daha da təkmilləşdirilməsi məqsədilə əməyin mühafizəsi üzrə 12 yeni kabinetin və 346 guşənin yaradıldığını, bununla da kabinetlərin sayının 81-ə, guşələrin sayının isə 738-ə çatdığını deyən S.Möhbalıyev AHİK-in təşəbbüsü ilə 2009-cu ildən başlayaraq hər ilSağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə keçirildiyini bildirib. “Ötən dövr ərzində bu tədbirə 16 min 498 müəssisə və təşkilat qatılıb, onlardan 481-i bu yüksək ada layiq görülərək fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb. 2021-ci ildə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə əlaqədar AHİK-in müsabiqə komissiyasına müsabiqədə iştirak etmək üçün 1960-dan artıq müəssisə, təşkilat, sex və sahədən 167 müəssisənin sənədi daxil olub. Müsabiqə komissiyasının iclasında daxil olmuş sənədlərin hamısı müzakirə edilibyekdil qərarla 48 müəssisə, təşkilat, sex və sahənin yüksək göstəriciləri müəyyənləşdiriləcək İcraiyyə Komitəsinin müzakirəsinə təqdim edilib. Müsabiqənin keçirildiyi dövrdə ilk həmkarlar ittifaqı komitələrinin 143, əməyin mühafizəsi komissiyalarının 115 iclasında əməyin mühafizəsi və təhlükəsizliyi müzakirə mövzusu olub. Bu dövrdə işəgötürənlərlə işçilər arasında yaranmış 26 mübahisəli məsələ həll edilib və həmin məsələlərin yuxarı həmkarlar ittifaqı qurumlarında və ya məhkəmələrdə araşdırılmasına ehtiyac qalmayıb”, - deyə AHİK sədri qeyd edib.

S.Möhbalıyev sonda müsabiqənin qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə təbrik edərək, onlara gələcək əmək fəaliyyətlərində uğurlar diləyib.

Sonra çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək münasibətlərindən, əməyin mühafizəsindən, leqallaşdırılmasından, sağlam və təhlükəsiz əmək şəraitindən, işəgötürənlərin və işçilərin hüquqlarından, qanunvericilik bazasındanbu sahədə qarşıda duran vəzifələrdən danışıb.

Digər çıxış edənlər - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, “Mətanət A” şirkətinin Müşahidə Şurasının sədri Elxan Bəşirov əməyin mühafizəsi sahəsində ölkəmizdə görülən işlərdən, bu istiqamətdə sahibkarların üzərinə düşən vəzifələrdən, qurumların bu sahəyə nəzarət mexanizmlərindən bəhs ediblər.

Tədbirin sonunda müsabiqənin qalibi olmuş Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurasını və 22 sahə üzrə həmkarlar ittifaqını təmsil edən 48 müəssisəyə diplomlar və hədiyyələr təqdim olunub.

 

Azərbaycan.- 2022.- 28 aprel.- S.9.