Ermənistanda siyasi böhran getdikcə daha da dərinləşir

 

Müxalifət İrəvanda ümumxalq mitinqi keçirməyə hazırlaşır

 

İrəvanda iki həftəyə yaxındır davam edən aksiyalar daha gərgin mərhələyə qədəm qoyub. Etiraz edənlərin yeganə tələbi Paşinyanın hakimiyyətdən getməsidir. Siyasi ekpertlər hesab edirlər ki, bu baş tutmasa, Ermənistanda vətəndaş müharibəsi qaçılmaz olacaq. Mayın 1-də İrəvanda planlaşdırılan ümumxalq mitinqinə qatılmaq üçün artıq ölkənin müxtəlif bölgələrindən paytaxt istiqamətində piyada yürüşü başlanıb.

İrəvandakı etirazlara tələbələr qoşulub. "Gəncliyin səsi" hərəkatının üzvləri 15 ali təhsil müəssisəsində "Oyan, tələbə" adlı aksiya keçirib. Etirazçılar universitetlərin qarşısına "Oyan, tələbə" yazılmış plakatlarla toplaşıblar. Baş nazir Nikol Paşinyanın onun komandasının tərəfdarları isə İrəvanda parlament binasının qarşısında aksiya keçiriblər.

Müxalifətin son mitinqində minlərlə insan küçələrə axışaraq etiraz aksiyasına dəstək verib. Çünki xalqın əksəriyyəti siyasi proseslərdən deyil, həyat standartlarından narazıdır. Bu etirazlar, əsasən, ölkənin müxtəlif strukturlarında hökm sürən korrupsiya, ədalətsizlik qanunsuzluq hallarına qarşı yönəlib. Ermənilər özləri etiraf edirlər ki, ölkədə işsizliyin səviyyəsi hər ay artır vətəndaşlar ölkəni tərk etmək məcburiyyətində qalırlar.

"4rd.am" saytının hazırladığı reportajda qeyd olunur ki, aksiyanın əsas fəallarından olan Suren Minosyan kütləvi etirazlara çağırışlarına görə həbs olunub. Onun ailə üzvləri işdən çıxarılıb. Etirazçının qardaşı Manvel Minosyan bildirib ki, Suren hazırda polis bölməsində saxlanılır ən ağır işgəncələrə məruz qalır. Bildirilir ki, ölkə üzrə həbs edilənlərin sayı yüzlərlə ölçülür. Vurğulanır ki, bu həbslər Ermənistanda etirazların qarşısını ala bilməyəcək hakimiyyətə qarşı çıxanların sayı artacaq.

Aksiyada müharibədə məhv edilmiş erməni hərbi qulluqçu, baş leytenant Levon Avetisyanın atası Misak Avetisyan çıxış edərək deyib ki, mayın 8-nə qədər aclıq elan edib. O, İrəvanda, Azadlıq meydanında jurnalistlərə verdiyi açıqlamada Ermənistan Baş Prokurorluğu Milli Təhlükəsizlik Xidmətindən baş nazir Nikol Paşinyanın həbs olunmasını tələb etdiyini deyib: "Paşinyan bəyanat verdi ki, müharibəni dayandıra bilərdim. Amma müharibəni davam etdirməyə icazə verdi. Ermənistanın necə məhv olduğuna baxa bilmərəm. İfrat addıma gedirəm, mayın 8-nə qədər aclıq aksiyası elan edirəm. Bu cür yaşamaq mümkün deyil. Baş nazir deyilən adamdan qurtulmaq üçün daha nələr ola bilər, təsəvvür edə bilmirəm".

Daha sonra Avetisyan hüquq-mühafizə orqanlarının əməkdaşlarının mayın 8-dək Paşinyanı həbs etməyəcəkləri halda həmin gün İrəvanda, Respublika meydanında özünü yandıracağını bildirib.

Bütün bunların fonunda siyasi ekspertlər hesab edirlər ki, müxalifətlə hakimiyyət arasında hansısa dialoq əsla baş tutan deyil. Erməni politoloq Vazgen Xaçaturyanın sözlərinə görə, hakimiyyətin vəzifəsi təkcə polisə qoşunlara əmr verməkdən ibarət deyil: "Yəni ölkədə hakimiyyət olması, əmrlərin yerinə yetirilməsi üçün cəmiyyət iqtidara inanmalıdır. İndi bu inam yoxdur. Ermənistan baş naziri legitimliyini itirməyə doğru gedir. Onsuz da onun legitimliyi yox idi. İndi o xarici siyasəti, daxili siyasəti müəyyənləşdirə bilir". Politoloqun fikrincə, siyasi partiyalar vəziyyətdən sui-istifadə etməyə can atmaq əvəzinə böhrandan çıxış yolunu aramalıdır: "Problemin həlli N.Paşinyanın mövqeyində yox, cəmiyyətin konkret qərarlar qəbul etməsindədir. Cəmiyyət isə indiki hakimiyyətin iqtidardan getməsini tələb edir bu hal Paşinyan komandasının durumunu daha da ağırlaşdırır".

Beləliklə, sosial-iqtisadi çətinliklər məngənəsində boğulan Ermənistanda müharibədən iki il ötməsinə baxmayaraq, sosial-iqtisadi siyasi vəziyyət getdikcə daha da çökməkdədir. Dərin ruh düşkünlüyünə qərq olan əhali çıxış yolunu mühacirətdə görür. Əhalinin sayı yenə sürətlə azalmaqda davam edir, xaricə köçənlərin sayı artır. Əhalinin təbii artım səviyyəsinin get-gedə aşağı düşməsi isə erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub. Real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir. Erməni sosioloqu Samvel Manukyan deyib ki, bir il içində 150-200 min erməni mühacirət edə bilər. Köç edənlərin əksəriyyəti isə Rusiya istiqamətini seçəcək. Çünki Rusiya onlara yeni həyat qurmaq üçün daha çox imkanlar vəd edir. Asan sosiallaşma, mövcud məşğulluq imkanları Rusiyada daha böyükdür. Üstəlik, bu ölkədə dil maneəsi yoxdur.

Bütövlükdə bütün bunlar Ermənistanın böyük tənəzzül yaşadığını göstərir. Görünən budur ki, sülh müqaviləsinin imzalanmasının uzadılması fonunda İrəvan üzləşdiyi problemlərdən hələ uzun müddət xilas ola bilməyəcək.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.-28 aprel.- S.11.