Naxçıvan şəhərində "Oxu günü" olub

 

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən elan olunan "Mütaliə aylığı" çərçivəsində Naxçıvan şəhərində "Oxu günü" adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək mütaliənin əhəmiyyətindən danışıb. Bildirib ki, mütaliənin şagirdlərin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq Təhsil Nazirliyi tərəfindən şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin mütaliəsinə təşviq olunması, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması məqsədilə aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində "Mütaliə aylığı" elan edilib. Bu ay çərçivəsində bir sıra tədbirlər keçirilir. "Oxu günü"nün də məqsədi şagirdlərdə mütaliəyə diqqətin artırılması, onlar arasında oxu vərdişlərinin inkişaf etdirilməsidir.

Tədbirdə şagirdlərə mütaliə etdikləri "Oxunması zəruri olan kitabların siyahısı"nda olan əsərlər barədə məlumat verilib. Azərbaycan şairlərinin şeirləri də şagirdlər tərəfindən bədii qiraət olunub, həmçinin şagirdlər kiçik parçaları səhnələşdiriblər. Tədbir çərçivəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub.

 

Azərbaycan.- 2022.- 28 aprel.- S.12.