Tarixi həqiqətlərdən uzaq qondarma "erməni soyqırımı"

 

Burulğan

 

Tarixi həqiqətlərin üzərinə nə qədər qara pərdə çəkərək gizlətməyə çalışsalar da, buna nail olmağa gücləri yetmir. Xislətində məkr, yalan, qəddarlıq olan ermənilər bir əsrdən çoxdur ki, aprelin 24-nü, guya, türklər tərəfindən soyqırımına məruz qaldıqları gün kimi qələmə verirlər. Heç bir mənbəyə söykənməyən, zərrəcə doğruluq payı olmayan "soyqırımı" məsələsini bütün ölkələrin, xüsusilə böyük dövlətlərin parlamentlərinin gündəminə gətirməyə cəhd göstərirlər. Havadarlar arayır, bunun üçün hər vasitəyə əl atırlar.

 

Yalan "erməni soyqırımı"nın gerçək tarixi

 

Əsl tarix isə hər kəsə gün kimi aydındır. Ermənilərin qeyd etdikləri tarixdə - 1915-ci il aprelin 24-də, əslində, soyqırımına məruz qalan ermənilər olmayıb. Onların 1915-ci ildə türklərə qarşı genişmiqyaslı hücumlar təşkil etdiklərini, qırğınlar törətdiklərini tarixi faktlar təsdiq edir. Vəziyyət dəhşətli həddə çatıb. Qəddar ermənilər əllərinə keçən günahsız insanlara işgəncələr verərək öldürüblər. Erməni üsyanlarının və türklərə qarşı törədilən qırğınların qarşısını almaq üçün Osmanlı dövləti təhlükəsizlik tədbirləri görməli olub. Beləliklə, erməni komitələri və partiyalarının fəaliyyətinə son qoyulub, İstanbulda 2345 erməni terroristi həbs edilib. 1915-ci il aprelin 24-nü, yəni bədxah "Daşnaksütyun",  "Hnçak", "Ramqavar" komitələrinin üzvlərinin həbs olunduğu həmin tarixi isə ermənilər "soyqırımı" günü elan ediblər.

Ermənilərin osmanlılar tərəfindən köçürülməsinə gəlincə, bu tarixin də 24 aprelə heç bir aidiyyəti yoxdur. Belə ki, onların yerlərinin dəyişdirilməsinə qərar verilən "Təhcir qanunu" 1915-ci il mayın 27-də qəbul edilib. Həmin  qanun isə yalnız ermənilərə deyil, ümumilikdə Osmanlı dövlətinə qarşı üsyana qoşulanlara, düşmənlərlə əməkdaşlıq edənlərə tətbiq olunub. Ümumiyyətlə, "Təhcir qanunu"nun mətnlərində "erməni" kəlməsi yoxdur.

Faktlar təsdiq edir ki, Osmanlı dövləti tarix boyu etnik azlıqlarla münasibətlərində humanizm prisiplərini əsas götürüb, münaqişələrin meydana çıxmasına rəvac verməyib. Bunun sayəsində hər dövrdə öz mənfəətlərini düşünən ermənilər Osmanlı dövlətində də rahat yaşamağı bacarıblar. O vaxta qədər ki, tarixin suları bulanmağa, ictimai-siyasi vəziyyət mürəkkəbləşməyə başlayıb. Onda ermənilər yenə də vəhşi xislətlərinə uyğun olaraq, hərəkətə keçib, qoca, cavan, uşaq, qadın, əlil demədən qarşılarına çıxan türkləri qətlə yetirib, şikəst ediblər.

 

Bitmək bilməyən erməni məkrinin günahsız qurbanları

 

Sonrakı dövrlərdə də ermənilər öz xəstə düşüncələrindən əl çəkməyiblər. Çox uzaq tarixi deyil, elə 30 il öncəni xatırlasaq, onların nə qədər insani duyğulardan uzaq olduqlarını deyə bilərik. Geniş ərazilərin işğalı hesabına qurulmuş SSRİ adlı imperiya XX əsrin sonlarında dağılırdı. O zaman da təcavüzkar ermənilər ziddiyyətli, qarışıq ictimai-siyası hadisələrdən öz xeyirlərinə istifadə etməyə cəhd göstərdilər. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinə qarşı olan qüvvələrdən hər cür yardım alan ermənilər soydaşlarımıza qarşı təxribatlara başladılar. Onlar həmin illər ərzində saysız-hesabsız dəhşətli cinayətlər törətdilər.

Birinci Qarabağ müharibəsi zamanı - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini işğal edərkən etnik azərbaycanlılara qarşı soyqırımı həyata keçirdilər. 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Hələ bunacan 1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələrinin həmin 366-cı motoatıcı alayın hərbi qüvvəsi və texnikası ilə birlikdə Xocavəndin Qaradağlı kəndinə hücumu nəticəsində 117 nəfər əsir götürülmüş, 90-a yaxın mülki şəxs şəhid edilmişdi. 146 uşaq valideynlərini itirmişdi. Qətlə yetirilənlərdən 21-i ahıl və qoca, 10-u qadın, 8-i məktəbli idi. Onların bir çoxu xüsusi amansızlıqla öldürülmüşdü. Kəndin 3 sakininin üzərinə ermənilər dizel yanacağı tökərək yandırmış, 2 nəfərin başını kəsmişdilər.

Ermənistanda hazırlanmış plana uyğun olaraq ermənilər 1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban kəndində də soyqırımı törətmişlər. Bu dəhşətli faciə nəticəsində erməni vandalları 130 evdən ibarət Ağdaban kəndini tamamilə məhv etmişlər. Kəndin 779 nəfər dinc sakininə müxtəlif işgəncələr vermiş, 67 sakinini vəhşicəsinə qətlə yetirmişlər. 90-100 yaşlı 8 qoca, 2 azyaşlı uşaq və 7 qadın diri-diri yandırılmışdır.

Qeyd etdiklərimiz ermənilərin Birinci Qarabağ müharibəsində törətdikləri sayı bilinməyən ağır cinayətlərin bir hissəsidir. Təəssüf ki, həmin cinayətlərin törədilməsinə rəhbərlik edən, sonradan Ermənistanda prezident olan Robert KoçaryanSerj Sarkisyanı hələ də beynəlxalq ictimaiyyət cəzalandırmayıb.

 

Tarixi faktlar erməni yalanlarını ifşa edir

 

Ermənistan cinayətkar əməllərini ört-basdır etmək üçün illərdir ki, yalanlarına ortaq axtarır. Təəssüf ki, Fransa Prezidenti Emmanuel Makron 2019-cu il aprelin 10-da ölkəsində qondarma "erməni soyqırımını anım günü" elan etdi. Ermənilərin uydurmaları ABŞ-da da prezident səviyyəsində "etiraf" edildi. Belə ki, həmin ölkənin dövlət başçısı Cozef Bayden 2021-ci il aprelin 24-də "soyqırımı" ifadəsini işlətdi: "Amerika xalqı 106 il əvvəl başlayan soyqırımı nəticəsində ölən bütün ermənilərin xatirəsini yad edir". O, bu hadisələrin bir daha təkrarlanmaması üçün öhdəlik götürdüklərini dilə gətirdi. Ancaq bu haqsızlıqlar, tarixi saxtalaşdıraraq erməni yalanlarına ortaq olmaq Türkiyənin regionda gündən-günə  artan gücünə heç bir xələl gətirə bilmədi.

Bu gün iki qardaş ölkə - Azərbaycan və Türkiyə siyasi, iqtisadi və mədəni inkişafı ilə  bütün dünyaya nələrə qadir olduqlarını göstərirlər.

Görkəmli Azərbaycan şairi Səməd Vurğunun yazdığı kimi:

 

Günəşi örtsə də qara buludlar,

Yenə Günəş adlı bir qüdrəti var...

 

Həqiqət də Günəşə bənzəyir. Onun nurlu şəfəqləri qaranlıqları və qaralamaları sevənlərin arzularını hər zaman gözündə qoyur. Ermənistan da müxtəlif illərdə ermənilərin bir çox ərazilərdə türk-müsəlman əhalisinə qarşı törətdikləri dəhşətli qırğınları, soyqırımlarını gizlətməyə çalışsa da, buna nail ola bilmir. Ermənilərin heç bir mənbəyə əsaslanmayan "erməni soyqırımı" uydurmaları, fitnəkarlığı vicdanlı tarixçilərin araşdırmaları qarşısında həmişə puça çıxır.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2022.- 29 aprel.- S.11.