1948-ci il deportasiyası azərbaycanlılara qarşı soyqırımı siyasətinin tərkib hissəsidir

 

Unudulmayan tarix

 

Azərbaycan xalqının dəfələrlə məruz qaldığı soyqırımı faciələrindən biri də 1948-ci il deportasiyasıdır. XX əsr Azərbaycan tarixinin ən acınacaqlı səhifələrindən olan bu deportasiyanın "baş qəhrəmanı" İ.Stalin, eləcə də A.Mikoyan və digər erməni şovinistləri olmuşdur.

SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında"  1948-ci il 10 mart  tarixli qərarına əsasən, soydaşlarımız dədə-baba torpaqları olan Qərbi Azərbaycandan kütləvi şəkildə zorakılıqla deportasiya olunmuşlar. Erməni millətçilərinin riyakar və məkrli siyasəti nəticəsində on minlərlə azərbaycanlı "könüllülük" pərdəsi altında göz yaşları içərisində, itkilər verə-verə doğma yurdlarından zorla çıxarılmış, sürgünə məruz qalmışdır.

Ulu Öndər Heydər Əliyevin 1997-ci il dekabrın 18-də imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" Fərmanında göstərilmişdir: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir".

Erməni millətçiləri Moskvadakı və xaricdəki havadarlarına arxalanaraq vaxtaşırı öz məkrli niyyətlərini həyata keçirməyə çalışmışlar. Ötən əsrin 40-cı illərində Moskvanın, bilavasitə daşnak A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda "Qarabağ hərəkatı" və "Qarabağ komitəsi" yaradılmışdı. 1945-ci ilin payızında Ermənistan KP MK-nın birinci katibi Q.Arutyunov Dağlıq Qarabağ bölgəsinin onlara verilməsi haqqında məsələni qaldırmış və bu barədə Stalinə məktubla müraciət etmişdi. Stalinin dərkənarı ilə məktub Malenkova göndərilmişdi. Erməni şovinistinin həyasızlığı o yerə çatmışdı ki, əgər məsələ müsbət həll olunardısa, onda Qarabağın keçmiş mərkəzi və 1920-ci ildə dağıdılmış Şuşanın bərpası haqqında hazırlanmış əlavə təkliflər də hökumətə təqdim olunacaqdı.

ÜİK(b)P MK-nın ovaxtkı katibi G.M.Malenkov məsələyə dərhal reaksiya verir və məktubu rəy üçün 1945-ci il noyabrın 28-də Azərbaycan K(b)P MK-nın birinci katibi M.Bağırova göndərir. M.Bağırov dekabrın 10-da (tam məxfi qrifi ilə) ona kəsərli cavab məktubu yazır. Burada Ermənistanın Dağlıq Qarabağla bağlı bütün iddialarının heç bir elmi əsası olmadığı bildirilir, eyni zamanda göstərilir ki, Şuşa istisna olmaqla, Azərbaycan həmin təklifə etiraz etmir, ancaq bir şərtlə - Ermənistan SSP-də, Gürcüstan SSR-də və Dağıstan MSSR-də əhalinin əksəriyyəti azərbaycanlılar olan, Azərbaycanla həmsərhəd, tarixən Azərbaycan torpağı olan ərazilər geri qaytarılsın. Belə tutarlı faktlar qarşısında qalan Kreml rəhbəri məsələyə nöqtə qoyub məktubları arxivdə "dəfn" etməyə qərar verir.

Buna baxmayaraq, erməni fitnəkarları dinc dayanmır, müxtəlif avantürist planlar hazırlayırlar. Növbəti dəfə azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi şəkildə köçürülməsi siyasəti ortaya atılır. Azərbaycan xalqına qarşı yönəlmiş bu xəyanətin tarixçəsi belə olmuşdur: İkinci Dünya müharibəsinin qızğın çağında - 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək Stalin, RuzveltÇörçillin iştirakı ilə keçirilən Tehran konfransında SSRİ-İran münasibətləri müzakirə olunarkən erməni diasporu SSRİ-nin xarici işlər naziri V.Molotova müraciət edib İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsinə icazə istəmişdi. Məsələ ilə bağlı Molotov elə oradaca Stalinlə danışdıqdan sonra ermənilərin köçürülməsinə razılıq vermişdi. Arutyunov bu fürsətdən istifadə edib köçürülmə ilə əlaqədar azərbaycanlıların dədə-baba torpaqlarından deportasiyası barədə qərar verilməsinə nail olur. SSRİ Ali Soveti Rəyasət Heyətinin bu barədəki 19 oktyabr 1946-cı il tarixli fərmanı qərəzli və fərqli idi. Fərq də ondan ibarət idi ki, sənəddə yalnız "repatriasiya" (vətənə qaytarılma) terminindən istifadə olunurdu. Başqa sözlə, SSRİ-yə qayıdan hər hansı bir millətin nümayəndəsi, sadəcə, "emiqrant", daha dəqiq söyləsək, "demiqrant" (mühacirətdən qayıdan adam) olduğu halda, erməni "repatriant", yəni "vətənə qaytarılan" adlanırdı.

Beləliklə, azərbaycanlıların Ermənistan SSR adlanan ərazisindəki dədə-baba torpaqlarından kütləvi şəkildə qovulması prosesinin növbəti mərhələsi başlanır. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar verir. Bu qərar Azərbaycan xalqı üçün gözlənilməz zərbə idi. Qərara "kolxozçu" sözünün əlavə edilməsi siyasi manevrdən başqa bir şey deyildi. 1948-ci il mart ayının 10-da SSRİ Nazirlər Sovetinin "Kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında" yeni qərarında göstərilirdi ki, bu, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli qərarına əlavədir. Hər iki qərarı Stalin imzalamışdı.

O günlərin canlı şahidi, tibb elmləri doktoru, professor, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski deyir: "Uşaq idim, 8 yaşındaydım, köçürülmənin mahiyyətini böyüklər qədər anlamasam da, hiss edirdim ki, bu qərarın narahatçılığı bütün Böyük Vedini başına götürüb. Nəinki Vedidə, qonşu Qafan və Ğöyçə rayonlarının əhalisi də  xiffət içində idi. Hara getsən, hansı kəndə, hansı qohum evinə dönsən, insanlar min illərlə yaşadıqları dədə-baba yurdlarından  zorla köçürüləcəklərindən danışırdılar. Elələri var idi ki, ölsəm də, öldürsələr də evimi-eşiyimi, ölümü-dirimi burada qoyub getməyəcəyəm, - deyirdi. İnsanlara pis təsir edən o idi ki, köçürülməzdən əvvəl Ermənistan respublikasının təşkilatçılığı ilə müsəlman kəndləri İrandan gətirilmiş ermənilərin yerləşdirilməsi üçün bölgü edilmişdi. Atam məktəb direktoru olduğundan hadisələrin gedişindən  məlumatlı idi. Odur ki, birinci deportasiyadan sonra vəziyyətin gərginliyini nəzərə alıb, təcili o vaxt Şamxor Rayon Partiya Komitəsinin birinci katibi, ailəmizin yaxını Rza Aslanovun yanına getdi, Şamxora  köçəcəyimizi məsləhətləşdi.

1948-ci ilin qızmar iyul günlərində bizim ailə də daxil olmaqla Böyük Vedi əhlisinin bir hissəsini vay-şivən içərisində Dəvəli stansiyasına gətirib yük vaqonlarına doldurdular. Körpələr heç dözmürdülər, nə qədər xəstələnən, hətta  ölənlər oldu. Sürgün qatarındakıların çoxunu Beyləqan, İmişli, Sabirabad, Bərdə, Tərtər, Yevlax rayonlarına verdilər. Bizim ailə isə atam Əməkdar müəllim olduğuna və Şəmkirdə müəllimə ehtiyac səbəbindən burada saxlanıldı. Atam, anam və 7 uşaq Leninkənddə (indiki Çinarlı) kiçik mətbəxdən ibarət birotaqlı mənzildə yerləşdirildik".

Mütəxəssislərin araşdırmalarına görə, azərbaycanlılara qarşı soyqırımı siyasətinin tərkib hissəsi olan 1948-ci il deportasiyası zamanı Ermənistan SSR-dən respublikamızın Kür-Araz ovalığına 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min azərbaycanlı zorla köçürülmüşdür.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2022.- 29 aprel.- S.11.