Bütün istiqamətlərdə
təşəbbüs Azərbaycandadır
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev dedi:
Zati-aliləri cənab Prezident. Zati-alilərinizi illik beynəlxalq
konfransımızda salamlamaqdan şərəf və
böyük iftixar hissi duyuruq. Eyni zamanda, mən məmnunluqda
Azərbaycana 23 ölkədən gəlmiş 40 konfrans
iştirakçısını salamlayıram. Ötən il
Böyük Qələbəyə və Azərbaycan
torpaqlarının işğaldan azad olunmasına həsr
edilmiş birinci forumumuz zamanı Siz, cənab Prezident, professor
Əhməd Yükselin regional sülhün, təhlükəsizliyin
və inkişaf məsələlərinin müzakirə
olunması məqsədilə bu tədbirin illik əsaslarla
keçirilməsi və beynəlxalq ekspertlərin, beyin mərkəzləri
nümayəndələrinin dəvət olunması təklifini
nəzakətlə dəstəklədiniz. Siz bunun icrası
üçün bizə təlimat verdiniz və şadıq
ki, bu il biz bu tədbiri “Beynəlxalq Şuşa Forumu” kimi yeni
ad altında təşkil edə bilmişik.
Dünən xarici
iştirakçılarımız Azərbaycan mədəniyyətinin
incisi Şuşa şəhərinə səfər etmişlər.
Yolda olarkən, onlar azad edilmiş Qarabağda bir sıra
mühüm yenidənqurma və inkişaf layihələri, o cümlədən
Füzulidəki hava limanı və yeni Zəfər yolu ilə
tanış ola bildilər. Cəsur əsgərlərimiz həmin
yol boyunca irəliləyərək Şuşa şəhərini
azad etmişlər. Səfər zamanı qonaqlarımız, həmçinin
erməni işğalından sonra miras qalan bəzi barbar
dağıntıları görə bilmişlər.
İndi isə bu, dövlətimizin
mühüm məqsədidir və Prezident İlham Əliyevin
fərdi məramında öz əksini tapıb: Qarabağ
dünyanın ən çiçəklənən və dinc
bölgəsinə çevrilməlidir! İnanıram ki,
iştirakçılarımız Şuşadan sevinc və təəssürat
dolu qayıdıblar. Qarabağın tarixi, azadlıq
müharibəsinin nəticələri, regional inteqrasiya, təhlükəsizlik
və inkişaf məsələlərinə aid
çağırışlar forumda müzakirə olunacaq
mövzular sırasındadır. Ümid edirik ki, panel
müzakirələrdə səsləndirilən mesajlar və
mülahizələr bütün dünyaya məqalələr,
sosial şəbəkələr vasitəsilə yayılacaq.
Şuşa sessiyası zamanı bir sıra natiqlər təklif
və tövsiyələrlə çıxış
etmişlər və hesab edirəm ki, cənab Prezident, Sizin rəyinizi
bilmək üçün iştirakçılar onları bu
gün də təqdim edə bilərlər.
Cənab Prezident, bu foruma güclü
dəstək verdiyinizə, regionda davamlı sülhün
qurulmasında müdrik rəhbərliyinizə görə
bütün iştirakçılar adından mən Sizə səmimi
təşəkkürümüzü bildirmək istərdim.
Cənab Prezident, fürsətdən
istifadə edərək mən, həmçinin ADA Universitetinə
hər zaman dəstək verdiyinizə görə Sizə təşəkkürümü
bildirmək istəyirəm. İndi isə sözü
Zati-alinizə veririk və Sizin giriş nitqinizi səmimiyyətlə
arzulayırıq və dinləməkdən məmnun
olardıq. Sağ olun.
Prezident İlham
Əliyev dedi: Çox
sağ olun. Sabahınız xeyir, xanımlar və cənablar, əziz
qonaqlar. Əvvəlcə, mən bu tədbirə ev sahibliyi
etdiyinə görə ADA Universitetinə təşəkkürümü
bildirmək istəyirəm. Bu, artıq bir ənənədir.
Sonuncu dəfə biz ötən ilin aprelində burada
görüşdük və münaqişədən
sonrakı vəziyyətə aid bir çox məsələləri
müzakirə etdik. Əlbəttə ki,
planlarımızı, niyyətlərimizi daha yaxşı
anlamaq və görülmüş işləri nəzərdən
keçirmək məqsədilə bizim üçün və
fikrimcə, beynəlxalq ictimaiyyət üçün bu ənənəvi
görüşlərin təşkili çox vacibdir.
Şadam ki, ADA Universiteti belə
mühüm təşəbbüslə çıxış
etdi. Bildiyiniz kimi, o, Azərbaycanda çox yüksək səviyyəli
təhsili, çox yaxşı beynəlxalq əlaqələri
ilə seçilən və genişlənən
aparıcı universitetlərdən biridir. Bu yaxınlarda təhsildə
yeni beynəlxalq tərəfdaşlıq formatı
qurulmuşdur və əminəm ki, yaxın zamanlarda ADA
yanında İtaliya-Azərbaycan Universiteti öz
qapılarını tələbələrin üzünə
açacaq.
Mən ölkəmizə və
Şuşaya səfər etdiklərinə görə
bütün iştirakçılara, qonaqlarımıza təşəkkürümü
bildirmək istərdim. Əminəm ki, Qarabağın gözəlliyini
seyr etmək və eyni zamanda, Şuşaya aparan yol boyunca və
Şuşanın özündə dağıntıları
görmək üçün bu, maraqlı səfər oldu.
Hesab edirəm ki, gördükləriniz 30 illik işğal ərzində
çəkdiyimiz əziyyətlərin ən yaxşı təzahürüdür.
Həmin kütləvi dağıntılar Birinci Qarabağ
müharibəsinin deyil, 30 il çəkən işğal
zamanı Ermənistanın törətdiyi barbarlıq və
vandalizmin nəticəsidir. Bir sözlə, bütün kəndlərimiz
və şəhərlərimizin əksər hissəsi
dağıdılıb və yerlə-yeksan edilib. Bəzi
rayonlarda, məsələn, Kəlbəcərdə,
Laçında və qismən, Zəngilanda və
Şuşada rəsmən Ermənistan hökumətinin
sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata
keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud
pozulmasıdır. Qarabağı və Şərqi Zəngəzuru
yenidən qurmaq planlarımız barədə sizə məlumat
verilib. Bu planlar həqiqətən genişmiqyaslıdır və
biz onları büdcəmizdən ayrılan vəsaitlərimiz
hesabına icra edirik. İcra işlərində beynəlxalq
şirkətlər bizə dəstək verir. Lakin bundan
başqa, ötən ilin aprelində
görüşdüyümüz və müzakirə etdiyiniz
zaman qarşımızda olan mühüm vəzifələrdən
biri yeni reallıqları möhkəmləndirmək və
regionda öz işimizi, baxışlarımızı təqdim
etmək üçün aparıcı beynəlxalq təşkilatlarla
işləməkdən ibarət idi. Həmçinin vacib idi
ki, beynəlxalq ictimaiyyət və aparıcı beynəlxalq
təşkilatlar formalaşmış yeni reallıqları qəbul
etsinlər. Bu, baş tutdu.
Eyni zamanda, biz Qafqazda yeni eranı,
sülh və əməkdaşlıq erasını fəal
şəkildə təşviq edirdik. Nəhayət biz bu
yaxınlarda Ermənistandan müsbət cavab aldıq.
Onların hökuməti Azərbaycanın irəli
sürdüyü 5 təməl prinsipi qəbul etdi. Bu prinsiplər
Ermənistanla sülh müqaviləsinin əsasını təşkil
etməlidir. Həmçinin Azərbaycanın təklifinə
uyğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya
prosesinə başlamaq üçün Azərbaycanla birgə
işçi qrupunun yaradılmasına, nəhayət
razılıq verib. Fikrimcə, bunlar son hadisələrin
mühüm təzahürüdür və onlar, həmçinin
göstərir ki, hazırda, İkinci Qarabağ müharibəsindən
ilyarım keçdikdən sonra Ermənistan rəhbərliyi və
ümid edirəm ki, onun əhalisi sülhün zəruriliyini
anlayır. Əgər sülh müqaviləsi imzalanarsa və
həmin təməl prinsiplər həyata keçərsə,
onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı
olacaq. Niyyətimiz budur. Hesab edirəm ki, nümayiş
etdirdiyimiz və elan etdiyimiz addımlar Qafqazda sülhə
töhfə vermək üçün iradəmizin bariz
nümunəsidir. Biz Qarabağı yenidən qururuq,
iqtisadiyyatımızı gücləndirmək
üçün resurslarımızı səfərbər
edirik, çünki onsuz gözəçarpan vəsaitləri
ayırmaq asan olmaz. Eyni zamanda, biz Qafqazda sülh gündəliyini
təşviq edirik. Hesab edirəm ki, bütün istiqamətlərdə
təşəbbüs bizim əlimizdədir. Həmin təşəbbüs
sülhə xidmət edir və etməlidir.
Ola bilsin, bununla mən giriş nitqimi
yekunlaşdırım və müzakirələrimizə
müəyyən vaxt saxlayım. Bir daha bizimlə
olduğunuza görə sağ olun. Əminəm ki, ənənəvi
toplantı formatı davam edəcək. Hafiz Paşayev dedi ki,
iştirakçılardan biri bu təkliflə
çıxış etmişdir. Mən isə sadəcə,
onu əlavə etmək istərdim ki, dövri əsaslarla
keçiriləcək Şuşa Beynəlxalq forumları
arasında qarşılıqlı fəaliyyət
üçün müəyyən vaxt olsun. Bəlkə
görüşlərin və konfransların bu arada başqa
forması da olsun. Bu, başqa şəhərlərdə də,
məsələn, Ağdamda, Zəngilanda və azad etdiyimiz
digər şəhərlərdə keçirilə bilər.
Hesab edirəm ki, beləliklə, biz qarşılıqlı fəaliyyətimizi
daha səmərəli edə bilərik. Çünki bizim
üçün beynəlxalq ictimaiyyət tərəfindən
nəyin baş verdiyinin, işğal illəri barədə
tam həqiqətin, sülhün qurulmasında
planlarımızın və niyyətlərimizin bilinməsi
vacibdir. Bu səbəbdən, fikrimcə,
iştirakçılarımız və bu gün bizimlə
ola bilməyən ekspert dairələrinin üzvləri
arasında daimi əlaqə xətti olmalıdır. Bu,
işçi proqramın növbəti mərhələsi
üçün mənim təklifimdir. Lakin, əlbəttə
ki, sizin tərəfinizdən veriləcək bütün təkliflər
lazımınca nəzərdən keçiriləcək. Bir
daha sağ olun və sizə Azərbaycanda xoş səfər
arzulayıram.
Rektor Hafiz
Paşayev: İcazə
versəniz, Şuşaya səfərlə bağlı mən
bir neçə söz əlavə edim. Növbəti
toplantının Laçında keçirilməsi ilə
bağlı artıq təklif var.
Prezident İlham
Əliyev: Razıyam.
Bilirsiniz, hazırda Laçında beynəlxalq hava
limanının tikintisi mərhələsindəyik. Zəngilanda
hava limanı bu il açılacaq. Laçında, ola bilsin,
2024-cü ildə baş verəcək. Lakin oraya asan və
rahat formada səfərin təşkil olunmasını təmin
edəcəyik.
Azərbaycan
Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev: Sağ olun, cənab
Prezident. İcazənizlə biz sual-cavab sessiyasına
başlaya bilərik. Xeyli sayda
iştirakçılarımız suallarla müraciət edib və
icazənizlə, birinci sualı vermək üçün mən
cənab Svante Korneldən başlamaq istərdim. Mən
iştirakçımızdan təmsil etdiyi ölkəni və
qurumu təqdim etməyi xahiş edirəm. Sağ olun.
Təhlükəsizlik
və İnkişaf Siyasəti İnstitutunun direktoru
(İsveç) Svante Kornel: Çox sağ olun. Bu dəvətə və konfransa
görə təşəkkür edirəm, cənab Prezident.
Burada olmaq şərəfdir. Azad olunmuş Şuşanı
ilk dəfə görmək xüsusi şərəf oldu.
Adım Svante Korneldir. Mən Vaşinqtonun “Mərkəzi Asiya
və Qafqaz” İnstitutunu və İsveçin “Təhlükəsizlik
və İnkişaf Siyasəti” İnstitutunu təmsil edirəm.
Sualım söylədiyiniz sülh erası ilə
bağlı olacaq. Biz anlayırıq və fikrimcə, bunu
xüsusi qeyd edirəm ki, 25-30 il ərzində tədqiqatları
aparmaq bir məsələ, lakin Şuşanı öz
gözlərinizlə görmək tam başqa məsələdir.
Bu torpaqlarda törədilmiş dağıntılardan sonra irəliyə
nəzər salmağın da çətin olduğunu
anlayırıq. Lakin sülhün qurulmasına gəldikdə,
Sizə sualım Qafqazda yeni era naminə inkişaf məsələləri
ilə məşğul olan təşkilatların regional səviyyədə
dəstəyinin verilməsi ilə bağlıdır.
Düşünürəm ki, Qarabağın azad edilməsi
bütöv bölgəyə dəyişiklik gətirən məqam
ola bilər və 1990-cı illərdə Qarabağın
işğalına aparan separatizm nəticəsində baş
vermiş ayrılmalar, münaqişələrlə dolu
prosesin geriyə çevrilməsi üçün tarixi
fürsət ola bilər. Bütün bunlar fərqli proses və
era ilə əvəzlənə bilər. Bu, nəinki
Qarabağda, bütövlükdə, Qafqazda baş verə bilərdi.
Əməkdaşlıq və inkişaf məsələlərinin,
həqiqətən, regional miqyası var. Fikrimcə, bunun
üçün təsisatlara ehtiyac duyulacaq və bu cür təsisatların
yaradılmasında Azərbaycan etimad doğuran və resurslara
malik olan yeganə ölkədir. Sizin fikrinizcə, Cənubi
Qafqazda regional təsisatların yaradılmasına ölkəniz
rəhbərlik edə bilərmi? Xüsusən də, maliyyə
təsisatlarına gəldikdə... məsələn, Regional
İnkişaf Fondu və sairə. Təşəkkür edirəm.
Prezident İlham
Əliyev: Bəli,
toxunduğunuz çox maraqlı məsələdir və biz
regional maliyyə zərfinin olması ilə bağlı
ekspert dairələri və hökumətlə məsləhətləşməliyik.
Lakin aydındır ki, hazırda əsas diqqətimiz
Qarabağın yenidən qurulmasına və keçmiş məcburi
köçkünlərin tezliklə qayıtmasına yönəlir.
Eyni zamanda, ictimaiyyət qarşısında
açıqlanmış və beynəlxalq ictimaiyyət tərəfindən
dəstəklənmiş sülh gündəliyimiz və təşəbbüslərimiz
regional inkişafa, Cənubi Qafqazda onun yeni imkanlarına
yönəlir. Nəinki Azərbaycan ilə Ermənistan
arasında, - əlbəttə ki, bu, regional əməkdaşlığın
ən vacib elementlərindən biridir, - o cümlədən
bütövlükdə Cənubi Qafqaz regionunda əməkdaşlıq
nəzərdə tutulur. Biz separatizm, erməni təcavüzü
səbəbindən otuz il həmin fürsəti əldən
qaçırmışıq. Cənubi Qafqaz inteqrasiya etməmişdir.
Bəli, Azərbaycan və Gürcüstan arasında ikitərəfli
və artıq beynəlxalq səviyyədə çox sıx
əməkdaşlıq var. Bu, vacibdir. Lakin, eyni zamanda, hesab
edirəm ki, Ermənistanda, həmçinin
anlamalıdırlar ki, onlar bu bölgədə təcrid
olunmuş ada kimi yaşamaqda davam edə bilməzlər. Onlar
bizimlə münasibətləri
normallaşdırmalıdırlar, Azərbaycana və
Türkiyəyə ərazi iddialarına son
qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli
səviyyədə hər hansı qarşılıqlı təmasdan
çəkinməli deyillər. Mən bunu ona görə
söyləyirəm ki, aparıcı beynəlxalq təşkilatların
dəstəyi ilə müxtəlif səviyyələrdə
üçtərəfli görüşlərin təşkilinə
dair Azərbaycandan artıq bir neçə dəfə təkliflər
olub. Biz xarici işlər nazirləri səviyyəsində
görüşü təklif etmişik. Ermənistan imtina
etdi. Sonra təklif olundu ki, bu görüş ekspertlər səviyyəsində
keçirilsin. Ermənistan yenə imtina etdi. Sonra təklif
etdik ki, vətəndaş cəmiyyəti səviyyəsində
görüş təşkil olunsun. Bir daha Ermənistan imtina
etdi. Bu, tərəfdaşlarımıza məlumdur. Səbəbini
başa düşmürük, niyə? Bilirik ki, bu imtina əks
nəticə verir. Biz gələcəyə baxmalıyıq və
Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və
əməkdaşlıq, eləcə də ümumi rifah məkanı
olmalıdır. Bu halda, Ermənistanın siyasəti heç
bir məntiqə sığmır. Ola bilsin, onlara bir az vaxt
lazımdır. Bəlkə də onlar öz fikirləri əsasında
ola biləcək riskləri qiymətləndirməlidirlər.
Lakin hesab edirəm ki, bu, qaçılmazdır. Biz
hazırıq. Gürcü həmkarlarımız da
hazırdır. Fikrimcə, bu, birinci addım ola bilərdi.
Region üçün maliyyə zərfinə gəldikdə,
enerji və daşımalar marşrutlarını nəzərə
alsaq, Azərbaycan və Gürcüstanın necə inteqrasiya
etdiyini siz bilirsiniz. Bu sahədə siz yaxşı ekspertsiniz.
Hesab edirəm ki, Ermənistanın regional inkişafın bir
hissəsi olması üçün bu ölkəni dəvət
etməyə imkan var. Onlar bundan faydalanacaqlar. Onlar enerji
resurslarımıza çıxışdan bəhrələnə,
müəyyən dərəcədə beynəlxalq
daşımalar dəhlizinin bir hissəsinə çevrilə
bilərlər. Bu isə, öz növbəsində, əlavə
dəyər gətirəcək.
Əlbəttə, Azərbaycanla əlaqələrin
normallaşdırılması Ermənistan üçün elə
imkan açacaq ki, bu gün onu proqnozlaşdırmaq belə
çətin olardı. Bir sözlə, planlarımız
bundan ibarətdir. Təsisatların qurulması, fikrimcə,
müxtəlif istiqamətlərdə getməlidir. Əvvəlcə,
biz siyasi çərçivədən başlamalıyıq.
Ən vacibi isə Ermənistanın hansı nöqtəyə
qədər irəli gedə biləcəyindən ibarətdir,
çünki işğal dövründə və mənim
Ermənistan rəhbərləri ilə çoxsaylı təmaslarımda,
hər zaman görürdük ki, irəliləyiş
üçün çox həlledici məqama gəlib
çatanda, onlar hər zaman geriyə addım
atırdılar. Etimad çox az idi. Deyə bilərəm ki,
hələ də etimad çox deyil. Əgər, belə demək
olarsa, onların davranışında bu, görünür,
çünki bəzən onlar çox ziddiyyətli bəyanatlarla
çıxış edirlər. Bir sözlə, siyasi çərçivədə,
fikrimcə, onların nümayəndəsinin müzakirələrimizdə
iştirakı mühüm töhfə ola bilərdi. Məsələn,
biz bunu dəstəkləyə bilərdik. Həmçinin biz
QHT-lər səviyyəsində şəxslər arasında təmaslar
haqqında düşünürük. Öncə söylədiyim
kimi, bunun müəyyən regional miqyası ola bilər. Eyni
zamanda, biz regional inkişafa daha geniş miqyasda
baxmalıyıq, çünki bilirsiniz ki, Avropa
İttifaqı Ermənistan üçün 2,6 milyard avro həcmində
çox böyük maliyyə paketini elan edib. Sonradan Azərbaycan
üçün də bunu elan edib. Həmin ehtiyatların bir
hissəsi əlaqələrin qurulmasına və insanlar
üçün daha yaxşı imkanların
yaradılmasına sərf oluna bilər. Ermənistanın
çox az sayda əhalisini nəzərə alsaq ki, fikrimcə,
bu, revanş və qonşularına hədə yaratmaq cəhdləri
üçün deyil, sülh işlərinə sərf edilərsə,
onda artıqlaması ilə kifayət edəcək.
Haider Global BVBA
şirkətinin icraçı direktoru (Birləşmiş
Krallıq) Sacat Karim: Cənab Prezident mən Avropa Parlamentinin deputatı və
Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri
olmuşam. Bakıda yenidən olmağımdan çox məmnunam.
Ötən görüşümüzdən sonra vəziyyət
olduqca dəyişib. Şəxsən Sizi və Azərbaycan
xalqını uzun sürən bu haqsızlığa son
qoyulması kimi mühüm nailiyyət münasibətilə
təbrik etmək istəyirəm.
Bizim nümayəndə heyəti ilə
keçirdiyiniz bütün görüşləri belə
xatırlayıram ki, Siz inkişafla bağlı baxışınızı
heç vaxt Azərbaycanla məhdudlaşdırmırdınız.
Siz hər zaman bütün Cənubi Qafqazda sülh və
inkişaf haqqında danışırdınız. Hazırda
Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan
və Ermənistan arasında sülh sazişi və Türkiyə-Ermənistan
münasibətləri ilə bağlı müəyyən irəliləyiş
var. Necə düşünürsünüz, Azərbaycan və
onun dostları, müttəfiqləri baş nazir Nikol
Paşinyana müəyyən bir siyasi imkan yarada bilərmi ki,
o, Ermənistan daxilində, ABŞ və Avropada olan erməni
diasporunun iştirakı ilə öz xalqı tərəfindən
sülhü dəstəkləmək ideyasına təkan verə
bilsin. Təşəkkür edirəm.
Prezident İlham
Əliyev: Sağ
olun. Biz ümid edirik ki, bu, məhz belə olacaq. Əlbəttə,
hər bir hökumətin özünün gündəliyi var
və biz Ermənistan hökumətinin də sülh gündəliyini
elan etməsinin şahidi olduq. Bunlar olduqca müsbət bəyanatlardır.
Ancaq, eyni zamanda, burada hərəkət olmalıdır.
Hazırda biz hərəkət görürük. Ermənistan
hökuməti tərəfindən regionda yeni reallıqlara və
beynəlxalq hüquqa əsaslanan sülhə yönəlmiş
bəyanatlar verilir. Biz hər zaman bunun tərəfdarı
olmuşuq. Reallıqlar dəyişib və bu, hətta vasitəçilər
tərəfindən qəbul edilib. Rusiya-Ukrayna müharibəsindən
əvvəl belə Minsk qrupunun həmsədrləri
arasında gələcək fəaliyyətləri ilə
bağlı məyusluq var idi. Çünki Azərbaycan
özü Madrid prinsiplərini həyata keçirdi və mən
müharibə bitəndən sonra Minsk qrupunun nümayəndələri
ilə görüşərkən bildirdim ki, onlar nə edəcəkləri
ilə bağlı təklif versinlər. Onların gündəliyi
nədən ibarət olacaqdır? Mən bilirəm ki, onlar
üçün hər hansı praktiki təkliflər vermək
çətin oldu. Rusiya-Ukrayna müharibəsindən sonra elan
edildi ki, Minsk qrupu həmsədrliyi artıq fəaliyyət
göstərmir. Bu isə onu nümayiş etdirir ki, yeni
reallıqların öz təsiri var.
Beləliklə, Ermənistan hökuməti
və ölkənin siyasi spektrinin bunu tam olaraq dərk etməsi
və qisas almaq cəhdlərindən birdəfəlik əl
çəkməsi vacibdir. Birincisi, bu qeyri-məhsuldardır,
çünki bunun baş verməsi Ermənistan
üçün əvvəlkindən daha ağrılı
olacaq. İkincisi isə bu, regionun və beynəlxalq ictimaiyyətin
tələblərinə zidd olacaqdır. Həmin tələblər
isə regionda nəhayət ki, davamlı sülhə nail
olunmasından ibarətdir.
Biz öz tərəfimizdən
müsbət meyillərin dəstəklənməsi
üçün əlimizdən gələni edirik. Uzun
sürən müharibələrin, işğalların və
dağıdıcılığın tarixinə nəzər
salsanız görərsiniz ki, bizim halda, düşmənçilik
mərhələsindən sülhə doğru keçid
çox sürətlidir. Bu isə bir daha qeyd etmək istəyirəm
ki, bizim təkliflərimiz əsasında baş verir. Mən
şəxsən bir ildən artıq müddətdir ki, Ermənistanla
sülh sazişinin bağlanmasının vacibliyini bəyan
edirəm. Nəhayət ki, yalnız bir neçə həftə
bundan əvvəl onlar buna razı oldular. Buna qədər
sükut hökm sürürdü. Bizim ərazi
bütövlüyümüzü şübhə altına
alan bəyanatlar verilirdi. Sərhədlərin
delimitasiyasına start verilməsini də biz təklif etdik. Bu
təklif də bir ildən artıq Ermənistan tərəfindən
cavabsız qoyulmuşdur. Nəhayət ki, onlar buna
razılıq verdilər və deyə bilərəm ki,
çox tezliklə birgə işçi qrupları
görüşəcəklər.
Nə üçün onlar bir il
itirdilər? Bunu anlamaq mümkün deyil. Beləliklə, bizim
bütün səylərimiz müsbət meyillərin gücləndirilməsinə
yönəldiləcək. Lakin biz bunu birtərəfli qaydada
edə bilmərik. Biz Ermənistan hökuməti simasında
etibar edə biləcəyimiz və davamlı sülhə nail
olmaqla bağlı razılığa gələ biləcəyimiz
tərəfdaş görməliyik. Düşünürəm
ki, bu, mümkündür, ancaq bunlar Ermənistanda daxili siyasi
proseslərlə bağlı olacaqdır. Bunu anlamaq olar,
çünki onların ideoloji təməlləri
sarsılıb. Çünki onların bütün
ideologiyası işğal və onun legitimləşdirilməsi
üzərində qurulmuşdu. Azərbaycanın mədəni
irsinin silinməsindən tutmuş Ağdam və Şuşa
da daxil olmaqla bütün şəhərlərimizin
adlarının dəyişdirilməsinə qədər –
bütün səylər de-fakto işğalı de-yure
ilhaqın qanuniləşdirilməsinə yönəldilmişdi.
İndi isə bu ideoloji təməl
artıq mövcud deyil. Biz anlayırıq ki, hazırda onlar
üçün yeni hədəf müəyyən etmək
asan deyil. Bizə gəldikdə isə hədəf çox
aydın idi – müstəqilliyin gücləndirilməsi. Biz həmişə
işğal dövründə yalnız Qarabağı geri
qaytarmaq üzərində düşünmürdük. Biz
müstəqilliyimizin gücləndirilməsi və onun
dönməz xarakter alması, habelə heç kəsdən,
nə siyasi, nə iqtisadi, nə də enerji cəhətdən
asılı olmamağımız üzərində
çalışırdıq. Biz buna nail olduq. Biz tam olaraq
müstəqil olduq, müstəqil siyasət aparmaq
imkanını əldə etdik və Qarabağı geri
qaytardıq. Ermənistan isə, həqiqətən müstəqil
ölkə olmaq şansını əldən verdi. Çox
da təfərrüata varmaq istəməzdim, oranın siyasi
konfiqurasiyası hər kəsə məlumdur. Bununla
yanaşı, onlar özlərinə məxsus olmayan
torpaqları itirdilər. Yəni, onlar bunu dərk etməli və
özləri üçün yeni hədəf müəyyən
etməlidirlər.
Zənnimcə, həmin hədəf
sülh, əməkdaşlığın bəhrəsi, Azərbaycan
və Türkiyəyə qarşı ərazi iddialarından
imtina edilməsi olacaqdır. Bilirsiniz, Türkiyə kimi
iqtisadi gücə və dünyada barmaqla sayıla biləcək
aparıcı orduya sahib olan ölkəyə qarşı ərazi
iddiasının olması tamamilə qeyri-rasionaldır. Biz
Türkiyə-Ermənistan prosesini dəstəkləyirik. Hesab
edirəm ki, bu, Ermənistan hökuməti və siyasətçiləri
üçün fürsətdir. Gələcəkləri necə
olacaq və özlərini regionda necə görürlər.
Bax, bu haqda yaxşı düşünməlidirlər. Fikrimcə,
onların aydın anlayışı yoxdur. Onlar bütün
illüziyaları bir kənara qoymalı, ordunu yenidən
qurmaq, 5 milyon nəfər əhaliyə sahib olmaq və güc
toplayaraq torpaqları geri qaytarmaq kimi fikirlərdən vaz
keçməlidirlər. Əks halda, bu, onların dövlətçiliyinin
rəsmi süqutu olacaqdır.
Biz müsbət meyilləri dəstəkləməyə
hazırıq və bunu edirik. Bizim ümidlərimiz var, ancaq
biz erməniləri sınamalıyıq, çünki bu
günədək onlarla sülh ətrafında danışıqlar
aparmamışıq. Artıq bunun vaxtı çatıb.
Dediyim kimi, sərhəd məsələsi ilə bağlı
danışıqlar tezliklə başlayacaq. Sülh müqaviləsi
ilə bağlı danışıqlara gəldikdə, biz
başlamağa hazırıq və Ermənistan hökuməti
tərəfindən tarixlərin verilməsini gözləyirik.
Türkiyənin
Maltəpə Universitetinin Siyasi elmlər və beynəlxalq
münasibətlər fakültəsinin müəllimi Həsən
Unal: Cənab
Prezident, Sizin bizimlə ötənilki
görüşünüzdə mən də iştirak
edirdim. Mən Sizi misilsiz miqyaslı olan bir Zəfər
münasibətilə təbrik etdim. Həmin Qələbə
regionun siyasi mənzərəsini dəyişdi. Sizin rəhbərliyinizlə
Azərbaycan Silahlı Qüvvələri vəzifənin
öhdəsindən çox yüksək səviyyədə
gəldilər. Siz Ermənistanın təkcə ekspansiya
xülyalarına son qoymadınız. Siz onları
reallığa qaytardınız ki, cəzasız şəkildə
istədiklərinə nail ola bilməzlər.
Bu il Sizi xüsusilə iki məsələ
münasibətilə təbrik etmək istəyirəm.
Birincisi, azad olunmuş ərazilərdə yenidənqurma ilə
bağlı görülən işlərdir və biz dünən
Füzuli və Şuşa daxil olmaqla bu işlərin bir hissəsi
ilə tanış olduq. İkincisi isə münaqişənin
diplomatik həlli ilə bağlı yorulmaz səylərinizdir.
Buraya Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan
arasında münasibətlər daxildir.
Bu məqamda Sizə sualım Rusiya ilə
bağlıdır. Zənnimcə, bu sual yerinə düşər,
çünki bu gün Qərbdə Rusiya tənqid edilir. Siz
Rusiya ilə münasibətləri peşəkarcasına həyata
keçirirsiniz. Ötən il Siz Türkiyə ilə
müdafiə sahəsində əməkdaşlıq
müqaviləsi imzaladınız və onu Azərbaycan-Türkiyə-NATO
müqaviləsi adlandırdınız. Türkiyədə bu,
bizi məmnun etdi. Bu il isə Siz Moskva ilə bəyannamə
imzaladınız ki, orada müxtəlif mövzular
sırasında müdafiə sahəsində əməkdaşlıq
və Cənubi Qafqazda münaqişələrin sülh yolu
ilə həlli kimi məsələlər də yer alıb.
Beləliklə, demək olar ki, burada
bir növ Ankara-Bakı-Moskva üçbucağı
yaranıb və işlər nizamla gedir. Qərbdə Rusiya ilə
bağlı tənqidlərin hökm sürdüyü vaxtda
bununla əlaqədar fikrinizi bilmək istərdim. Daha bir
sualım - Sizin Rusiya ilə münasibətlərinizin Ermənistana
hər hansı bir təsiri varmı? Çox sağ olun.
Prezident İlham
Əliyev: Azad
olunmuş ərazilərdə gördüyümüz işlərlə
bağlı xoş sözlərə görə sağ olun.
Keçən il və bu il bizimlə bir yerdə olduğunuza
görə təşəkkür edirəm. Sualınıza gəldikdə,
artıq qeyd etdiyim kimi, bunlar Azərbaycanın xarici siyasətinin
müstəqil xarakterini nümayiş etdirir. Həmin siyasət
bizim milli maraqlarımıza əsaslanır və maksimal
nailiyyətlərin əldə olunmasına yönəlib. Biz
regionumuzda təhlükəsizlik və əməkdaşlığa
bu günümüz və sabahımız prizmasından
baxmalıyıq. Təhlükəsizlik olmadan əməkdaşlıq
və iqtisadi faydadan söhbət gedə bilməz. Azərbaycanın
iqtisadi fəaliyyəti də, hansı ki, öz
resurslarımız hesabına həyata keçirilir, sabitlikdən
qaynaqlanır. Davamlı sabitlik isə təhlükəsizliyin
tərkib hissəsidir.
Beləliklə, qeyd etdiyiniz
mühüm hadisələr – ötən ilin iyun ayında
Prezident Ərdoğanla Şuşa şəhərində
imzalanmış Şuşa Bəyannaməsi bizim Türkiyə
ilə əməkdaşlığımız və
qardaşlığımızın mahiyyətini əks
etdirir. Biz, sadəcə, bu əməkdaşlığın
mahiyyətini rəsmiləşdirdik, çünki biz onsuz da
istənilən şəkildə müttəfiq idik,
bütün sahələrdə, o cümlədən hərbi
və müdafiə sənayesi sahəsində. İndi isə
bu tarixi şəhərdə Şuşa Bəyannaməsini
imzalamaqla bütün dünyaya nümayiş etdirdik ki, biz
sözümüzlə və imzamızla birlikdəyik.
Azərbaycan ilə Rusiya arasında
müttəfiqlik qarşılıqlı fəaliyyəti
haqqında Bəyannamənin imzalanması da bizim strateji
maraqlarımıza əsaslanır, çünki Rusiya bizim
qonşumuzdur. Bu ölkə İkinci Qarabağ müharibəsinin
sona çatdırılmasında fəal iştirak edib və
onların sülhməramlı qüvvələri müvəqqəti
olaraq Azərbaycanda, Qarabağdadır. Bundan əlavə, bizim
Rusiya ilə üzərində uzun illər ərzində
çalışdığımız çoxsaylı məsələlər
var – iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və
humanitar sahələrdə. Əlbəttə, biz Rusiyadan
böyük həcmdə silah və avadanlıq alırıq.
Bəli, biz həmin silahları Ermənistandan fərqli olaraq
bazar qiymətinə alırdıq. Ermənistan isə
onları havayı əldə edirdi. Onlar bunun
üçün guya kredit alırdı, lakin həmin kreditlər
heç vaxt qaytarılmırdı. Yəni, fərq bundan ibarət
idi.
Eyni zamanda, hesab edirəm ki, bu,
regional oyunçulara bir növ mesaj idi – regionda sülh
olmalıdır. Həm Türkiyə, həm də Rusiya
müharibədən sonra regionda yeni konfiqurasiyanın
iştirakçılarıdır. Bildiyiniz kimi, vəziyyətə
nəzarət edən Türkiyə-Rusiya Monitorinq Mərkəzi
Ağdamda yerləşir. Hesab edirəm ki, belə bir format
tarixdə ilk dəfə mümkün olmuşdur. Bundan əlavə
Türkiyə-Rusiya münasibətləri də nəzərə
alınmalıdır. Bu gün biz görürük ki,
Prezident Ərdoğan Ukraynada atəşkəsin əldə
olunmasında vasitəçilik edir. Bütün bunlar regional
təhlükəsizlik və sabitliyə xidmət edir və
dediyim kimi, bizim əməkdaşlığımızın
müstəqil xarakterini ortaya qoyur. Bizim bütün etdiklərimiz
Azərbaycan xalqının maraqları naminədir ki, bu xalq
uzun illər sürən işğaldan sonra sülh
arzusundadır.
Əlbəttə, siyasi və iqtisadi
dialoq davam etməlidir və biz bunun tərəfdarıyıq.
Siz Azərbaycan-Türkiyə-Rusiya üçbucağına
toxundunuz. Bu, hələ baş verməyib, heç bir səviyyədə
hər hansı rəsmi təmaslar başlamayıb. Lakin bir
sıra məsələlər var ki, onlar bir-biri ilə
bağlıdır, xüsusilə də nəqliyyat və
enerji sahələrində. Bizim ayrıca olaraq bu sahədə
hər iki ölkə ilə fəal dialoqumuz var. Onların
öz aralarında münasibətləri var, ancaq bu, heç
vaxt üçtərəfli formatda olmayıb. Hesab edirəm
ki, bu gün bu haqda danışmaq hələ tezdir.
Hazırkı regional konfiqurasiya bizi qane edir. Bizim bütün
qonşularla yaxşı münasibətlərimiz var - təkcə
Rusiya və Türkiyə ilə deyil, Gürcüstan və
İranla da. Ümid edirik ki, Ermənistanla da yaxşı
münasibətlər olacaq və beləliklə, biz sabitlik məkanı
ilə əhatə olunacağıq. Bizim istəyimiz də məhz
budur. Biz sülh gündəliyinə və iqtisadiyyata diqqətimizi
ayırmalıyıq ki, hər il milyardları silah
alınmasına yox, iqtisadi inkişafa yönəldək.
Yerdən replika: Rusiyanın Ermənistanın
davranışına təsir edə biləcəyini
düşünürsünüzmü?
Prezident İlham
Əliyev: Demək
çətindir. Ermənistanda gözləntilər var idi ki,
Rusiya Qarabağda müharibəyə müdaxilə edəcək.
Bu, baş vermədi, çünki biz öz ərazimizdə
döyüşürdük. Ermənistan Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı
öhdəliklərə dair manipulyasiya cəhdləri edirdi.
Lakin KTMT-nin mandatına üzv dövlətləri öz ərazilərində
müdafiə etmək daxildir. Biz isə öz ərazimizdə
döyüşürdük. Beləliklə, bu, baş vermədi.
Bununla yanaşı, bu, hər kəsə məlumdur və biz
44 günlük müharibə zamanı bunu ictimai şəkildə
dəfələrlə bəyan etdik ki, müntəzəm
qaydada, gündə bir neçə dəfə Rusiyadan təyyarələr
vasitəsilə Ermənistana silah daşınırdı. Biz
bütün marşrutları izləyirdik – Rostovdan və Mozdokdan
silah daşınırdı. Biz gürcüstanlı
dostlarımızdan hava məkanını bağlamağı
xahiş etdik və onlar bunu etdilər. Bundan əlavə, biz
gürcüstanlı dostlarımızdan xahiş etdik ki, quru
yolu vasitəsilə Rusiyadan Gürcüstan ərazisindən
silahların daşınmasının qarşısını
alsınlar və onlar belə də etdilər. Biz buna görə
minnətdarıq. Biz bütün Xəzəryanı ölkələrə
məktublar göndərdik ki, Rusiyadan Ermənistana silah
daşıyan yük təyyarələrinə uçuş
icazəsi verilməsin. Belə məktublar Qazaxıstan,
Türkmənistan və İrana göndərildi. Təəssüf
ki, bu təyyarələr həmin ölkələrin hava məkanından
istifadə edərək Ermənistana daxil olurdu.
Yəni, vəziyyət belə idi və
biz 44 günlük müharibənin bu hissəsini gizlətməməliyik.
Lakin Ermənistanın gözləntiləri daha yüksək
idi. Onlar hesab edirdilər ki, Rusiya ordusu bura gələrək
separatizmi müdafiə edəcək. Bu isə baş vermədi.
Orada müəyyən məyusluq var idi, ancaq işğal illəri
ərzində bizim Ermənistan hökuməti və diasporunun
necə fəaliyyət göstərməsi ilə
bağlı məlumatımız var idi. Onlar hesab edirdilər
ki, bütün dünyanın onlara borcu var və kimsə gəlib
onları müdafiə edəcək, onların əvəzindən
döyüşəcək, gəlib onlara pul verəcək,
digər yardım edəcək. Bunlar isə oturacaqlar və bu
şübhəli “faciədən” sui-istifadə edəcəklər.
Hər bir xalqın özünün tarixində faciəvi məqamları
olub. Onların problemi isə ondan ibarətdir ki, onların
ideologiyaları gələcəyə baxmaq əvəzinə
şübhəli və qondarma tarixi faktlara əsaslanır.
Nəzərə alsaq ki, Rusiya-Ukrayna
müharibəsinin başlanmasından iki ay sonra – aprelin 19-da
baş nazir Paşinyan Rusiyaya rəsmi səfər edib, bu, iki
ölkə arasında münasibətlərin əla
olduğunu nümayiş etdirir. Biz isə qonşuluqda olan
ölkələr arasında münasibətlərin hər
zaman yaxşı olmasının tərəfdarıyıq və
bu, bizim sülh gündəliyimizin tərkib hissəsidir.
Amerika Birləşmiş
Ştatları Ali Hərbi Dəniz Donanma Məktəbinin
müəllimi, professor Brenda Şafer: Salam cənab Prezident. Bizim
üçün gözəl Şuşa şəhərinə
səfərin təşkil edilməsinə görə təşəkkür
edirəm. Mən hazırda ABŞ Ali Hərbi Dəniz Donanma Məktəbinin
müəllimiyəm və yenidən Azərbaycanda
olmağımdan məmnunam. Siz Ermənistanın
davranışı və münaqişə haqqında
danışdınız. Beynəlxalq münasibətlər
sistemində danılmaz bir razılıq varsa, o da minalardan
istifadədir. Bəzən terrorçuluq haqqında
danışarkən biri bunu terrorçuluq, digəri
azadlıq mübarizəsi adlandırır. Ancaq çətin
ki, elə bir insan tapılsın ki, minalardan istifadəni
legitim adlandırsın. Bu münaqişədə isə
minalardan xüsusi olaraq istifadə edilib. Bu, yalnız müdafiə
xətlərinin yaradılması deyil, hətta Kəlbəcərdə
humanitar məqsədlərlə 10 günlük əlavə
vaxt istənilən zaman belə orada əlavə olaraq minlərlə
mina yerləşdirilmişdir. Bununla yanaşı, Azərbaycan
Ordusunun şəhidlərinin cəsədləri altına
minalar yerləşdirilirdi ki, onları daşımaq və ailələrinə
təhvil vermək üçün yaxınlaşan həkimlər
və tibb işçiləri qətlə yetirilsin və
yaralansın. Bu, müasir dövrdə misli görünməmiş
hallardır. Beynəlxalq ictimaiyyət buna rəvac verməlidirmi?
Məsələn, ABŞ Konqresi demək olar ki, hər il
Qarabağın minalardan təmizlənməsinə vəsait
ayırırdı. Ancaq mənə elə gəlir ki, həmin
vəsait minalı ərazilərin yaradılmasına sərf
edilib. Sizin də dediyiniz kimi, Avropa İttifaqı Ermənistana
qeyd-şərtsiz olaraq 3 milyard vəsait ayırır. Sizdən
isə soruşmurlar ki, bəlkə minatəmizləmə
işləri üçün sizə də maliyyə vəsaiti
lazımdır. Necə hesab edirsiniz, bu cür fəaliyyətə
göz yuman beynəlxalq ictimaiyyət həmin bölgələrdə
minatəmizləmə əməliyyatlarına vəsait
ayırmalı deyilmi?
Prezident İlham
Əliyev: Sizinlə
tamamilə razıyam və bu məsələni
qaldırdığınıza görə sizə təşəkkür
edirəm. Bu, ən böyük problem və ən
böyük faciələrdəndir. Çünki müharibənin
bitməsindən sonra minalar səbəbindən 200-dən
artıq hərbçi və mülki vətəndaşımız
minaya düşərək həlak olmuş və ya
ağır yaralanmışdır. Düzgün qeyd etdiniz ki,
onlar minaları müharibədən sonra yerləşdiriblər
və Kəlbəcərdə yeni basdırılmış
minanın partlaması nəticəsində faciə baş
vermiş və iki jurnalistimiz həlak olmuşdur. Hazırda
bütün əraziləri minalardan təmizləmək
olduqca çətindir, çünki bizim buna fiziki imkanlarımız
yetmir. Bizim Minatəmizləmə Agentliyimiz illər əvvəl
yaradılıb və hazırda biz heyətin sayını
artırır və yeni avadanlıqlar alırıq, o cümlədən
minalanmış əraziləri müəyyən edən
dronlar əldə edirik, lakin bu, çox vaxt və zəhmət
tələb edir.
Bu günə qədər türkiyəli
mütəxəssislər bizə minatəmizləmə
işlərində kömək edirlər, ancaq bizim daha
geniş beynəlxalq əməkdaşlığa
ehtiyacımız var. Təəssüflər olsun ki, bu cür
dəhşətli davranışa görə Ermənistana
heç irad belə tutulmayıb. Bizim hazırda
tapdığımız minalar yeni basdırılanlardır və
həmin ərazilər onları aşkar etmək
üçün çox əlverişsizdir. Bu, bir daha
onların davranışının göstəricisidir.
Düzgün qeyd etdiniz, biz onlara 10-20 gün arası vaxt verdik
ki, noyabrın 10-da imzalanmış razılaşmaya əsasən
tərk etməli olduqları ərazilərdən
çıxsınlar. Lakin onlar bu müddəti minaların
basdırılması, özlərinə məxsus
olmadığı, lakin içində yaşadıqları
evlərin yandırılması, ağacların kəsilməsi
və digər ekoloji fəlakətlərə yol açan əməllərə
sərf etdilər.
Yəni, bu, onların davranışını
göstərir və bu, açığı desək, təkcə
hökumətin davranışı deyil. Bu, onlara heç bir
pislik etməmiş, oraya yalnız sahib olduqlarını
qaytarmağa gələnlərə və doğma
yurdlarında yaşamağa gələnlərə
qarşı olan nifrətin səviyyəsidir.
Beynəlxalq dəstəyə gəldikdə,
təəssüf ki, bu günədək biz heç bir beynəlxalq
təşkilatdan hər hansı bir dəstək
almamışıq. Görülən bütün işləri
öz hesabımıza görürük. Biz bir neçə
beynəlxalq şirkətlə müqavilə bağlamaq istədik
ki, bizə prosesi sürətləndirməyə kömək
etsin. Lakin onların təklif etdiyi xidmət haqqı bizim minatəmizləmə
agentliyimizə başa gələn qiymətdən bir neçə
dəfə artıq oldu. Onlar bu işə kommersiya
nöqteyi-nəzərdən yanaşdılar və biz bunu
anlaya bilərik, çünki bunlar özəl şirkətlərdir.
Ancaq onlar bir kvadratmetr əraziyə astronomik qiymət tələb
edirlər, bu isə bizim işimizə yaramır.
Avropa İttifaqı Ermənistana 2.6
milyard, Azərbaycana isə 140-160 milyon avro yardım paketini
elan edəndə, əlbəttə ki, biz ən yüksək
səviyyədə səsimizi ucaltdıq. Bu, bir daha ikili
standartların təzahürü idi. Artıq dediyim kimi, Ermənistanda
bir dənə də olsun ev dağıdılmayıb. Nə
üçün onlara 2.6 milyard verilir? Həmin vəsaitin
böyük hissəsi kredit deyil, qrant olacaq, yəni hədiyyə.
Azərbaycana isə yüz neçə milyon. O ölkəyə
ki, onun 10 min kvadratkilometrlik ərazisi tamamilə
dağıdılıb. Bunun cavabı olmadı. Müsbət
haldır ki, daha sonra Avropa İttifaqı bu məsələyə
baxdı və mənim Avropa İttifaqı
Şurasının Prezidenti cənab Şarl Mişel ilə
sonuncu söhbətimdə o mənə dedi ki, minatəmizləmə
işlərinə 5 milyon avro ayrılacaq. Biz buna görə təşəkkür
edirik. Lakin bu rəqəmin böyük təsiri
olmayacaqdır. Bizim ciddi dəstəyə ehtiyacımız
var. Bundan əlavə, mina problemi ilə məşğul olan
beynəlxalq QHT-lərin dəstəyinə ehtiyac duyuruq.
Onların hələ ki, heç biri Azərbaycana nəzər
salmayıb. Biz bilirik ki, minaların təmizlənməsinə
yardım edən bir sıra QHT və fondlar var. Bizə gəldikdə,
heç kəs yardım etmir. Azad olunmuş ərazilərdə
görülən bütün işlər Azərbaycanın
dövlət büdcəsi hesabına həyata keçirilir.
Heç bir ölkədən və ya beynəlxalq təşkilatdan
bir dollar belə almamışıq.
Əlbəttə ki, bu, ədalətsizlikdir.
Bu, ikili standartlardır, ancaq nə etmək olar. Bu, bizim
yaşadığımız dünyadır. Bununla belə,
kiminsə bizə yardım edib-etməməsindən
asılı olmayaraq biz bütün əraziləri təmizləyəcəyik,
əlbəttə, bu, daha çox vaxt aparacaq. Biz
keçmiş məcburi köçkünlərin
hamısını geri qaytaracağıq və Qarabağı
dünyaya nümunə olacaq şəkildə yenidən
quracağıq. Sağ olun Brenda, sizi görməyimə
çox şadam.
Enerji təhlükəsizliyi
üzrə ekspert (Birləşmiş Krallıq) Con Roberts: Əvvəlcə, burada
olmağınıza və bu konfransı təşkil etdiyinizə
görə təşəkkür edirəm. Sülhə nail
olmaq bir çox hallarda müharibəni udmaq qədər
çətin, bir çox hallarda isə ondan daha da mürəkkəb
məsələdir. Mənim iki sualım var və onlar mənim
sahəm olan enerji ilə əlaqəlidir.
Sülhün bərqərar olması
mexanizmi kimi Ermənistana və Qarabağa neft və qazın nəqli
məsələsi gündəmdədirmi?
Digər sualım isə, Türkiyə
və Türkmənistanla üçtərəfli Zirvə
Görüşü ilə bağlı planlar nə yerdədir
və enerji sahəsinə aid hansı məsələlər
müzakirə ediləcəkdir?
Prezident İlham
Əliyev:
Qarabağa neft və qazın nəqlinə hələ
başlanılmayıb. Əlbəttə, Qarabağın
hazırda tərəfimizdən yenidənqurma işlərinin
aparıldığı hissəsində qaz xətlərinin
inşası planımızdadır. Biz elektrik
stansiyalarını inşa edirik. Həcm o qədər də
böyük olmasa da, 20 meqavatlıq yeni stansiya ötən il
inşa edilib və bu il daha bir 25 meqavatlıq stansiya istifadəyə
veriləcəkdir. Bütün Qarabağ və Şərqi Zəngəzur
elektrik xətləri ilə birləşdirilib. Bəzi hallarda
həmin elektrik xətləri ilin altı ayı qarlı olan
3500 metrlik dağlar üzərindən salınmalı olub. Yəni,
elektrik enerjisi təminatı var. Rusiya sülhməramlılarının
müvəqqəti nəzarətində olan ərazilərə
gəldikdə, biz oraya enerji nəql etmirik. Lakin Ermənistandan
Xankəndiyə gedən qaz xətti bizim nəzarətimizdə
olan ərazidən keçir. Bu yaxınlarda orada qəza
baş vermişdi və bir neçə gün ərzində
qazın nəqlində fasilə yaranmışdır.
Təəssüflər ki, bizi dərhal
orada humanitar fəlakətə səbəb olmaqda ittiham etdilər.
Bu, bir daha ikili standartlardır, çünki Birinci Qarabağ
müharibəsi başlayanda ermənilər Azərbaycanın
əsas ərazisindən Naxçıvana gedən qaz xəttini
kəsdilər və 15 il ərzində o zaman 400 min əhalisi
olan Naxçıvan təbii qazsız yaşamalı oldu. Orada
qış sərt olur, temperatur mənfi 30 dərəcədən
aşağı düşür və heç kəs Ermənistanı
Naxçıvanda humanitar fəlakətə səbəb
olmaqda ittiham etmədi. Yalnız 2005-ci ildə biz İranla
razılığa gələrək oraya qaz kəməri
inşa etdik və bu gün Naxçıvan 100 faiz qazla təmin
edilir. Biz isə nə etdik? Biz Ermənistandan Qarabağın
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində
olan hissəsinə gedən kəməri təmir etdik və
qazın nəqli bərpa olundu.
Mən bilmirəm gələcəkdə
necə olacaq? Bizim enerji ehtiyatımızdan istifadəyə
ehtiyac yaranarsa, bu, daha rahat ola bilər. Çünki
Ağdamdan Xankəndiyə qazın nəqli daha ucuz başa gələr,
nəinki həmin qazın Rusiyadan Gürcüstana, oradan Ermənistana
və daha sonra isə Azərbaycana, Xankəndiyə nəqli.
Yəni, belə bir müraciət olsa, biz onu nəzərdən
keçirərik.
Azərbaycan-Türkiyə-Türkmənistan
üçtərəfli Zirvə Görüşünə gəldikdə,
bəli, belə bir plan var idi, ancaq hələ ki, tarixlər
müəyyən edilməyib və biz tərəfdaşlarımızdan
məlumat gözləyirik. Görüşün təşəbbüskarı
Türkmənistan idi, zirvə görüşü orada
baş tutacaq və biz tarixlərin təqdim olunmasını
gözləyirik.
Hikmət
Hacıyev: Siyahıda
həm də Amanda Pol var. Buyurun, Amanda.
Avropa Siyasət Mərkəzinin
Baş Analitiki (Belçika) Amanda Pol: Sabahınız xeyir, cənab
Prezident.
Prezident İlham
Əliyev:
Sabahınız xeyir.
Amanda Pol: Dəvətiniz
üçün çox sağ olun. Buraya gəlmək və
Şuşaya səfər etmək imkanını əldə
etmək, - mən uzun müddət idi ki, oraya səfər etmək
istəyirdim, - məndə həm şərəf, həm də
məmnunluq hissi doğurur. Belə demək olarsa, bu, sanki xəyallarımın
gerçəkləşməsi idi. Mən Brüsseldə
beyin mərkəzi olan Avropa Siyasət Mərkəzindənəm.
Avropa İttifaqından gəldiyim üçün Sizə
Avropa İttifaqı ilə bağlı sual ünvanlamaq istəyirəm.
Sizin və baş nazir Paşinyan arasında dialoqun
qurulmasına vasitəçilik etmək və gündəliyi
irəli çəkmək üçün Şarl Mişel
çox fəallıq göstərmişdir. Bu prosesdə
Avropa İttifaqının oynadığı rolu necə
xarakterizə edərdiniz? Əgər səhv etmirəmsə,
bu vaxtadək iki görüş keçirilmişdir. Siz Avropa
İttifaqının rolunu nədə gördüyünüzlə
bağlı fikrinizi daha da inkişaf etdirə bilərsinizmi?
Avropa İttifaqı doğru iş görürmü? O, daha
çox işlər görə bilərmi? Siz Avropa
İttifaqının daha çox hansı məsələlərlə
məşğul olmasını görmək istərdiniz?
Prezident İlham
Əliyev:
Çox sağ olun. Bu sual üçün təşəkkür
edirəm. Bizim planları və regional əməkdaşlıq
perspektivlərini başa düşmək üçün bu,
önəmli məsələdir. Biz postmünaqişə
dövründə münasibətlərin normallaşması
prosesində Avropa İttifaqının və xüsusilə
Avropa İttifaqı Şurasının Prezidenti Şarl
Mişelin rolunu yüksək qiymətləndiririk. O, ötənilki
səfəri ərzində planlarımız, Avropa
İttifaqının mövqeyi ilə bağlı bizim onunla
birinci dəfə çox uzun və çox konstruktiv
müzakirələr apardığımız regiona, Azərbaycana
və Ermənistana səfər etmişdir. Eyni zamanda, biz
çox minnətdarıq ki, onlar bizi narahat edən məsələni
ciddi şəkildə həll ediblər. Mənim artıq qeyd
etdiyim kimi Ermənistana və Azərbaycana verilmiş maliyyə
paketi arasında böyük fərq mövcud idi və buna
düzəliş olunmuşdur. Biz indi konkret təfərrüatları
gözləyirik. Çünki bizim mövqeyimiz ondan ibarət
idi və bu mövqe Avropa İttifaqının rəhbərliyinə
çatdırılmışdır ki, Azərbaycan eyni
proporsiyada Ermənistanın aldığı qədər almaq
istəyir. Avropa banklarından eyni faiz dərəcəsi ilə
eyni həcmdə olan kreditləri və eyni həcmdə olan
qrantları. Hesab edirəm ki, bu, çox ədalətli
mövqedir. Sonra sizin də bildiyiniz kimi, aramızda bir
neçə qarşılıqlı təmas
görüşləri oldu. Dekabr və aprel aylarında
Brüsseldə cənab Şarl Mişel tərəfindən
üçtərəfli görüşlər təşkil
olunmuşdur. Fevral ayında Fransa Prezidentinin iştirakı ilə
videokonfrans vasitəsilə görüş olmuşdur. Həmçinin
biz müntəzəm olaraq telefon vasitəsilə ünsiyyət
qururuq. May ayının əvvəlində yenə də
Brüsseldə Ermənistan və Azərbaycan nümayəndələrinin
növbəti görüşünün keçirilməsi
planlaşdırılır. Beləliklə, biz bu səyləri
yüksək qiymətləndiririk. Bizim üçün Avropa
İttifaqı çox önəmli tərəfdaşdır.
Bizim Avropa İttifaqı ilə çox geniş gündəliyimiz
mövcuddur. Ermənistan-Azərbaycan münaqişəsi
heç vaxt onun bir hissəsi olmamışdır.
Çünki bu məsələ ilə Minsk qrupu məşğul
olurdu və Avropa İttifaqı bu məsələdən bir
az uzaq idi. Lakin indi ticarət, enerji, nəqliyyat, humanitar və
demokratik inkişaf məsələləri ilə birlikdə
bu məsələ də gündəliyimizdədir. Biz Avropa
İttifaqını ədalətli vasitəçi kimi hesab
edirik və onun səylərini alqışlayırıq. Hesab
edirəm və düşünürəm ki, indi Minsk qrupunun
həmsədrliyi disfunksional olduğu üçün Avropa
İttifaqı normallaşma prosesində çox fəal rol
oynaya bilər və oynayır da. Biz bunu dəstəkləyirik
və faydalarını görürük. Yeri gəlmişkən,
mənim ermənistanlı həmkarımla son təmaslarım
da Brüsseldə olmuşdur. Beləliklə, Brüssel indi mənim
səfərlərimin əsas təyinat məntəqəsinə
çevrilib. Bir məsələni də əlavə etmək
istəyirəm. Biz indi Avropa İttifaqı ilə yeni
sazişimiz üzərində bəzi məsələlərin
razılaşdırılmasının son mərhələsindəyik.
Bu razılaşmanın 90 faizdən çox hissəsi bizim və
Avropa İttifaqının dəyərləndirilməsinə
görə hazırdır. Müharibə gedirdi, COVID problemi
var idi və buna görə bu məsələ bir az gözləməli
oldu. Lakin hesab edirəm ki, bu məsələni kifayət qədər
tezliklə yekunlaşdıra bilərik. Bizim aramızda
razılaşma var idi, lakin o uzun illər bundan öncə
imzalanmışdır. Yeni razılaşma çox hərtərəflidir.
İkinci Qarabağ müharibəsindən sonra reallıqları
əks etdirir və əlbəttə ki, dünyada cərəyan
edən yeni vəziyyətə də toxunulacaqdır.
Hikmət
Hacıyev: Siyahımızda
həm də Fransadan doktor Maksim Qoən var. Cənab Prezident, məlumat
üçün bildirmək istəyirəm ki, Maksim Qoən
fransız məhkəməsində 10 ildən çoxdur erməni
lobbi qrupları ilə mübarizə aparır. Cənab Qoən,
söz sizindir.
Avrasiya
Araşdırmaları Mərkəzinin fransalı tədqiqatçısı
Maksim Qoən: Bu
konfransda bizi qəbul etdiyinizə görə çox sağ
olun, cənab Prezident. Mən Sizə iki sual vermək istəyirəm.
Birincisi, əvvəllər işğal olunmuş ərazilərdə
mədəni abidələrin dağıdılması ilə
bağlıdır. Hamımız bu ərazilərdə kimin nəyi
dağıtdığını və kimin bu əraziləri
yenidən qurmağa hazır olduğunu gördük.
Əfsuslar olsun ki, heç kəs Avropa Parlamentinin qurbanı
günahlandırmağı üstün tutduğunu başa
düşmür. Bildiyim qədər, UNESCO da bu məsələni
kifayət qədər başa düşmədi. Mən
UNESCO-nun rəhbərinə ünvanlanmış məktuba
imza atmış şəxslərdən biriyəm. Beləliklə,
bədxah niyyətə nə aiddir, informasiyanın
çatışmazlığına nə aiddir, bunu qiymətləndirə
bilərikmi? Hər iki halda daha yaxşı anlaşma
üçün nə etmək olar? Mən ciddi şəkildə
əminəm ki, Avropa İttifaqı şəhərlərinin
və Avropa İttifaqı vətəndaşlarının əksəriyyəti
düzgün məlumata çıxışı olduğu
halda ədalətli qiymətləndirməyə hazırdır.
İkinci sualım ondan ibarətdir ki, əməkdaşlıqda,
əvvəllər işğal olunmuş ərazilərin yenidən
qurulmasında öz ölkələrinə, yəni, Azərbaycana
sadiq qalan, - mən ilk öncə bu gün Bakıda və Gəncədə
yaşayan etnik erməniləri nəzərdə tuturam, -
onların gələcəkdə rolunu nədə
görürsünüz? Çox sağ olun.
Prezident İlham
Əliyev: Təşəkkür
edirəm. Birinci suala gəldikdə deyərdim ki, əlbəttə,
münaqişəyə və illərdir davam edən
işğala qeyri-müvafiq münasibətə təkcə məlumat
çatışmazlığının səbəb
olmaması, faktlarla bilərəkdən manipulyasiya edilməsi
bizi çox məyus edir. Çünki bu ədalətsizliklə
üzləşməyə başlayanda bizə belə gəldi
ki, öz işimizi təqdim etmək, işğaldan əziyyət
çəkənlərin Azərbaycan xalqının
olduğunu, bizim torpaqların təcavüzün qurbanı
olduğunu izah etmək üçün biz daha gərgin
çalışmalı idik. Biz hesab edirdik ki, bunu söylədikdən
sonra hər kəs bunu başa düşəcək və
bizimlə ədalətli davranacaqdır. Sonra biz dərk etdik
ki, dediklərimizin nədən ibarət olduğuna baxmayaraq,
çox güclü erməniyönümlü qruplar və
mövqelər, qavranış və inanclar var. Ermənilərin
işğal dövründə etdiklərinə baxmayaraq,
onların heç bir əməli heç vaxt hər hansı
bir cəzalandırma və ya hətta qınaq obyekti deyildi. Mən
uzun illər idi deyirdim ki, Ermənistana qarşı sanksiyalar tətbiq
edin. Bu, münaqişənin həll edilməsi, müharibəyə
yol verilməməsi üçün yeganə yoldur. Ermənistana
qarşı sanksiyalar tətbiq etməsəniz, onlar heç
vaxt o əraziləri tərk etməyəcəklər.
Üç həmsədr ölkədə belə
güclü lobbi mövqeyinə malik olduğunu, bu ölkələrlə
xüsusi və hərbi əməkdaşlığının
olduğunu nəzərə alaraq onlar heç vaxt
könüllü şəkildə oranı tərk etməyəcəkdilər.
Lakin əfsuslar olsun ki, bu, baş vermədi. Başqa
münaqişələrdə sanksiyaların tətbiq
olunduğunu gördükdə, biz yenə də ikili
standartları görürük. Müharibədən sonra
çox qəribə və yenə də feyk faktlara, deyərdim
ki, Azərbaycanofobiyaya əsaslanan bir hekayə var idi ki, Azərbaycan
bizim işğaldan azad etdiyimiz ərazilərdə Ermənistanın
mədəni irsini dağıdacaq. UNESCO qapımızda idi və
səfər etməyi planlaşdırırdı. Əlbəttə
ki, biz onlarla işləyirdik, çünki bizə
yazışmamızın müvafiq mətndə olması
lazım idi, bizə onların açıq bəyanatlarında
Azərbaycanın ərazi bütövlüyünə tam
şəkildə riayət edilməsi lazım idi. Yekun olaraq
biz mətnin və missiyanın tərkibi üzərində
razılığa gəldik. Qeyd etmək istəyirəm otuz
ildir ki, biz UNESCO-dan işğal olunmuş ərazilərə
gəlməyi və şahid olduqlarını bildirməyi
xahiş edirdik. Onlar həmişə imtina edirdilər.
İkinci Qarabağ müharibəsindən bir il və ya ola
bilsin bir il yarım əvvəl bizim ovaxtkı xarici işlər
naziri UNESCO-da idi və bu sualı onlara vermişdi. Cavab isə
belə oldu ki, UNESCO siyasi məsələlərlə məşğul
olmur.
Müharibə bitəndən sonra vəziyyət
dəyişdi. Nəyə görə? Çünki belə
bir qavrayış var idi ki, erməni tarixi irsi
dağıdıla bilər. Lakin 67 məsciddən 65-nin ermənilər
tərəfindən dağıdılmasına heç bir məhəl
qoyulmamışdır. Sanki heç bu, bir tarixi irs deyil, sanki bu,
bir dini irs deyil. Bu, bizim üzləşdiyimiz vəziyyətdir.
Lakin minlərlə, on minlərlə beynəlxalq nümayəndənin
Şuşanı ziyarət etməsi və onların
hamısının erməni kilsəsinə
toxunulmamasını görmələri faktı, əksinə
olaraq ermənilərin dağıtdığı məscidlərə
rəğmən bu kilsənin bərpa ediləcəyi
faktı indi UNESCO-nun regiona gəlmək marağını
aşağı salır. Çünki onlar gəldiyi zaman və
ya gəldiyi təqdirdə nə haqqında hesabat verəcəklər?
Onlar 65 dağıdılmış məscid haqqında hesabat
verməli olacaqlar. Onlar ermənilərin Ağdam məscidində
donuz və inək saxladıqları haqqında hesabat verməli
olacaqlar. Onlar erməni, xristian və alban dini irsinin toxunulmaz
qaldığı haqqında hesabat verməli olacaqlar. Biz bunu
heç vaxt etməzdik və biz bunu heç vaxt etməmişik
də. Burada, Bakıda, şəhərin mərkəzində
erməni kilsəsini görə bilərsiniz. Orada beş min
erməni kitabı var. İrəvanda bəs nə
görürük? Onlar Azərbaycan məscidinin adını dəyişiblər,
onu fars məscidi adlandırıblar. Şuşadakı məscidi
də fars məscidi adlandırırlar. Onlar məscidin mənşəyini
dəyişmək, bəzi təmir işlərini aparmaq
üçün hətta İrandan mütəxəssis də
dəvət ediblər. Diplomatik nota verilmişdir,
İranın Azərbaycandakı səfiri Xarici İşlər
Nazirliyinə dəvət edilmişdir və biz buna son
qoyulmasını tələb etdik. Çünki bu da müsəlman
irsinin dağıdılmasının legitimləşdirilməsinin
bir hissəsi idi. Beləliklə, fərq burasındadır.
Bizim Azərbaycandakı dini və tarixi irsimiz bütün Azərbaycan
xalqına məxsusdur. Zərdüştlük məbədi, məscid,
katolik kilsə, pravoslav kilsə, erməni kilsəsi və
sinaqoq - bütün bunlar bizim milli irsimizdir və biz onları
qoruyub saxlayırıq. Bakını, Şuşanı,
Qubanı və digər yerləri ziyarət edən hər kəs
bunu görə bilər. Lakin, əlbəttə, bu ikili
standartlar yanaşması belə bir məsələdir ki, əfsuslar
olsun, biz artıq onunla yaşamağa öyrəşmişik.
Lakin yenə də düşünürəm ki, belə
görüşlər və Şuşanın hər həftə
çox mühüm beynəlxalq tədbirlərin
keçirildiyi bir şəhər olması və orada tezliklə
on ölkənin folklor qrupunun iştirak edəcəyi növbəti
“Xarıbülbül” festivalının keçiriləcəyi
heç kimin məhəl qoya bilmədiyi və göz yuma bilmədiyi
bir məsələdir.
İkinci məsələdə də
bizim mövqeyimiz çox aydındır. Mən artıq
demişəm ki, biz Qarabağda yaşayan erməniləri
öz vətəndaşlarımız hesab edirik. Ümid
edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları
kimi yaşamaqla onların bütün hüquqları və təhlükəsizliyi
təmin olunacaq. Azərbaycan Ermənistandan fərqli olaraq
çoxlu etnik xalqların yaşadığı bir ölkədir.
Burada bütün etnik qruplar, ermənilər da daxil olmaqla
sülh və ləyaqət içində yaşayırlar.
Bizdə erməni azlığı var və onların bu mənada
heç vaxt heç bir problemi olmamışdır. Lakin bunun
üçün Ermənistanda Azərbaycanofobiyaya yönəlmiş
təbliğata son qoyulmalıdır. Azərbaycanlıları
iblisləşdirmək, bizim haqqımızda mifologiyalar
yaratmaq sülh işinə xidmət etməyəcək.
Müharibədən sonra baş verənlər onu göstərir
ki, bizim heç bir pis niyyətimiz yoxdur. Biz sülh, ərazi
bütövlüyümüzün tanınmasını istəyirik
və Azərbaycanda yaşayış standartları Ermənistandakından
qat-qat yüksəkdir. Mən heç Qarabağda rus sülhməramlılarının
müvəqqəti olaraq nəzarət etdiyi əraziləri
demirəm. Buna görə düşünürəm ki, onlar
özləri bunu dərk edəcəklər. Bizə artıq
Qarabağdakı ermənilərdən mesajlar daxil olur. Bunlar
çox müsbət mesajlardır. Biz artıq müxtəlif
səviyyələrdə ilkin təmaslara
başlamışıq. Bunun təfərrüatlarına
varmaq istəmirəm, lakin proses artıq başlayıb və
bu, bir daha bizim niyyətimizi göstərir. Onlar sürətli
iqtisadi inkişafın bir hissəsi ola bilərlər, onlar
vahid Azərbaycan dövlətində özlərini daha
çox təhlükəsiz, rahat hiss edə bilərlər,
lakin onlar separatçı tendensiyalardan və
separatçı istəklərindən vaz keçməlidirlər.
Onlar həm də reallığı başa düşməlidirlər.
Onlar xəritəyə baxmalı, coğrafiyaya nəzər
salmalı və başa düşməlidilər ki, yüz
minlərlə azərbaycanlı yaxın gələcəkdə
Kəlbəcərə, Laçına, Şuşaya,
Ağdama qayıdacaqdır. Onlar bu mühitdə
yaşamalı olacaqlar. Qonşu kimi yaşamalı,
düşmənçiliyi bir kənara qoymalı,
separatçıları təcrid etməli,
separatçıları məsuliyyətə cəlb etməli
və bundan sonra düşünürəm ki, onlar da
faydaları görəcəklər.
Hikmət
Hacıyev: Siyahımızda
Ventzeslav Sabev var. Ventzeslav, buyurun.
Cenevrə
Universiteti İdarəçilik və Etiqad Mərkəzinin
direktoru (İsveçrə) Ventzeslav Sabev: Təşəkkür edirəm,
Zati-aliləri. Sabahınız xeyir, cənab Prezident. Mənim
adım həm də mənim mənşə ölkəmi
bildirir. Baxmayaraq ki, İsveçrəni təmsil edirəm mən,
ölkəmizin təhlükəsizliyini bu həftə bərpa
etdiyinizə görə Sizin ölkənizə minnətdar
olan Bolqarıstandakı qardaşlarınızdanam. Bu, vacib
yardım idi. Bolqarıstandan olduğumu, İsveçrəni
və Cenevrə Universitetini təmsil etdiyimi nəzərə
alaraq, mən etiqadlararası və mədəniyyətlərarası
dialoq üzərində işləyirəm. Siz əvvəlki
cavabınızda Azərbaycandakı mədəni və mədəniyyətlərarası
ənənələri xatırladaraq bu suala cavab verdiniz. Bu,
regionda yaxşı işləyən bir modeldir. Biz bu modelin
bütün regionda və hətta ondan kənarda tətbiq
edilməsini səbirsizliklə gözləyirik. Siz, həmçinin
çox aydın mesaj bildirdiniz, bu, həmçinin Qərbi
Avropadakı təşkilatlara bir müraciət idi. Siz dediniz
ki, QHT səviyyəsində xalqlar arasında təmaslar
üçün lazımi vaxt yetişib. Son bir neçə
ayda bu tip tədbirləri təşkil etməyə
çalışanda bizə dedilər ki, tarix və gələcəyə
doğru mesaj arasında olan hissədə tarazlığın
qorunması üçün ehtiyatlı olmalıyıq. Biz səylərimizi
yenidənqurmaya, icmaların yaradılmasına, inteqrasiya edilməsinə
yönəltmək istəyirik. Saxta tarixlə, təhrif
olunmuş tarixdən bəhs edən mesajla mübarizə
aparmaqla gələcəyə yönəlmiş icmaların
inteqrasiyasından bəhs edən mesaj arasında
tarazlığın idarə edilməsi üçün məsləhətiniz
nə olardı?
Prezident İlham
Əliyev: Hesab
edirəm ki, əvvəlcə tarixin hansı hissəsinin saxta
olduğunu və saxta olmadığını aydın anlamaq
lazımdır. Çünki əfsuslar olsun ki, erməni
tarixşünaslıq elmində hər bir addımda
saxtakarlıq görürük. O cümlədən Azərbaycan
əraziləri ilə bağlı, Qarabağın tarixi ilə
bağlı. Yeri gəlmişkən, sizə deyə bilərəm
ki, bu saxta tarix siyasəti son beş-altı ildə hətta
yeni bir forma almışdı. Onlar Azərbaycan şəhərlərini
rəsmən erməni adları ilə, saxta adlarla adlandırmağa
başladılar. Buraya məsələn, Şuşa şəhəri
də aiddir, onlar onu “Şuşi” adlandırmağa
başladılar. Bu şəhər heç vaxt “Şuşi”
olmamışdır və yeri gəlmişkən mən
“Şuşi”nin nə məna daşıdığını
və nəyə görə erməni adı hesab edilməli
olduğunu bilmirəm. Mən başa düşmürəm.
Bütün xəritələrə baxsanız, tarixi xəritələrə
baxsanız, sovet ensiklopediyasına baxsanız Şuşa
görərsiniz. Lakin bu, son 5-6 ildə baş verənlərin
nəticəsi idi. Həmçinin Azərbaycanda olan ermənilər
haqqında saxta tarix var. Biz tarixi bilirik və aydındır
ki, bunu Vikipediyada da görmək olar. 1805-ci il tarixli Kürəkçay
sülh sazişinə baxın. Onu kim imzaladı? İbrahim
xan, Qarabağ, Şuşa xanı və Rusiya generalı. Orada
ermənilər qeyd edilmir.
Ermənilər daha sonra - Türkmənçay
və Gülüstan müqavilələrindən sonra
Persiyadan və Şərqi Anadoludan həmin ərazilərə
gətirilməyə başladılar. Bütün bunlar tarixi
faktlardır. Biz onların iki yüz il ərzində
Qarabağda yaşadıqlarına görə etnik təmizlənməli
olduğunu demirik. Xeyr. Lakin tarix manipulyasiya edilməməlidir.
Eyni məsələni onların təqdim etməyə
çalışdığı dırnaqarası tarixi sənədlərə
də şamil etmək olar. Lakin hesab edirəm ki, əgər
biz məqsədə nail olmaq istəyiriksə, əsas səylərimizi
gələcəyə cəmləşdirməliyik.
Çünki həddən artıq tarixi keçmişə
getmək, əslində, Ermənistanın uğursuzluğunun
səbəbidir. Çünki onlar həmişə
düşündüyünə görə özlərinin
itirmiş olduqlarına necə nail ola biləcəkləri
haqqında xəyal edirdilər. Onlar həmişə öz
ideologiyası, öz təhsilini keçmişə əsaslandırırdılar
və gələcəyi də əldən verdilər. Gələcəyə
gəldikdə, hesab edirəm ki, vətəndaş cəmiyyəti
üzvləri arasında təmaslara başlamaq indi önəmli
olacaq. Biz buna hazırıq, biz bunu Avropa İttifaqının
nümayəndələri ilə, ABŞ hökumətinin
nümayəndələri ilə müzakirə etmişik və
bu təmasların təşkil edilməsi üçün təkliflərimizi
vermişik. Həmçinin Rusiya hökuməti tərəfindən
təşkil olunmuş bir təmas da var idi. Moskvada Azərbaycan
və Ermənistandan olan ziyalılar qrupu
görüşmüşdür və düşünürəm
ki, bu formatı da davam etdirmək olar. Hesab edirəm ki, bu
görüşləri Bakıda və İrəvanda da
keçirə bilərik. Başqa sözlə, bir-birimizlə
danışmağa başlamalıyıq, çünki Ermənistan
hökuməti ilə sülhlə bağlı
razılığa gəlsək, bu razılaşma, həmçinin
milli konsensusun da bir hissəsi olmalıdır. Biz bunu
anlayırıq. Əks halda, bu razılaşmanı imzalamaq və
həyata keçirmək çox çətin olacaq. Lakin
onlar Azərbaycanı iblisləşdirməyə və bizi
onları məhv etmək istəyən xalq və ölkə
kimi təqdim etməyə davam etdikdə milli konsensusa necə
nail olmaq olar? Biz, sadəcə, ərazi
bütövlüyümüzü bərpa etmək və
sülh içində yaşamaq istəyirdik. Beləliklə,
mənim tövsiyəm belə olardı, çünki hesab
edirəm ki, vaxt artıq yetişib, artıb bir il yarım
keçib. Vaxt çox tez keçir. Bu tip tədbirləri
Avropada, Rusiyada, Türkiyədə, Amerikada təşkil etmək,
ictimai diplomatiyaya başlamaq olardı. Həmçinin ola
bilsin, ekspertlər səviyyəsində də bunu etmək
mümkündür. Çıxışımın əvvəlində
dediyim kimi, Şuşa Beynəlxalq Forumlar arasında bəzi tədbirlər
keçirə bilər. Bu tədbirlərdən biri də
bunun bir hissəsi ola bilər. Ermənistandan ekspertləri, Ermənistanda
sülh istəyən insanları, nifrəti yox, sülhü təşviq
edən insanları dəvət etmək və bu prosesin
başlanğıcında hesab edirəm ki, ADA çox
yaxşı ev sahibi ola bilər. Təşəkkür edirəm.
Hikmət
Hacıyev: Siyahımızda
Rik Fon var. Rik, buyurun.
Müqəddəs
Endryus Universitetinin müəllimi (Birləşmiş
Krallıq) Rik Fon: Çox sağ olun, Zati-aliləri. Bu, bizim
üçün möhtəşəm fürsətdir.
Dünənki səfər möhtəşəm idi. O,
mümkünsüz şeylərin görülməsini
mümkün etdi. Həmçinin Azərbaycanın çox
qısa müddətdə nəyə nail olduqlarını da
görmək çox vacib idi. İrəlidə olan bəzi əngəlləri
də müəyyən etdiyimizi nəzərə alaraq mənim
soruşduğum sual 10 il müddətində regionun hansı
hal ala biləcəyini və Azərbaycanın Cənubi Qafqaza
töhfəsi ilə bağlıdır. Təşəkkür
edirəm.
Prezident İlham
Əliyev: Mənim
tərəfimdən belə bir proqnozun verilməsi məsuliyyətsiz
bir addım olardı. Çünki bilirsiniz ki, regiondakı vəziyyət
dünyadakı vəziyyətlə sıx bağlıdır.
Hesab edirəm ki, postsovet məkanında dünyadakı vəziyyət
regional vəziyyətə ciddi şəkildə təsir edəcək.
Buna görə də bu proqnozu verəndə biz
ağlımızda iki ssenarini tutmalıyıq. Birinci ssenari
postsovet məkanı üçün sülh şəraitində
gələcəkdir, digər ssenari isə sülh şəraitində
olmayan gələcəkdir. Rusiya və Ukrayna arasında indi
gedən müharibəni nəzərə alsaq, biz müharibənin
nə vaxt bitdiyini və postmüharibə vəziyyətinin nədən
ibarət olduğunu bilmirik. Lakin Azərbaycana gəldikdə,
hesab edirəm ki, 10 il müddətində, əlbəttə
ki, biz qat-qat güclü olacağıq. Mən ümid edirəm
ki, o vaxta kimi və bəlkə hətta ondan da əvvəl
Ermənistanla olan bütün bu anlaşılmazlıqlar və
bu problemlər öz həllini tapacaqdır. Cənubi Qafqaz
regionu möhkəm şəkildə inteqrasiya edəcək və
üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlıq
olacaqdır. Bunun üçün imkanlar mövcuddur. Azərbaycan
regional layihələrin müəllifi olaraq istər nəqliyyat,
istərsə də enerji layihələri olsun, artıq Azərbaycan
Türkiyə və Gürcüstan arasında üçtərəfli
əməkdaşlıqda mühüm rolunu oynayıb. Bu da o
vaxtı geniş Avropa əməkdaşlığı
üçün təməl olmuşdur. 2006-cı ildə
Bakı-Tbilisi-Ceyhanla bağlı etdiklərimiz olmasaydı, bu
gün Avropanın enerji təhlükəsizliyi qat-qat zəif
olardı, çünki o zaman qaz kəməri inşa edilməyəcəkdi.
Beləliklə, layihələrin
müəllifi və əlbəttə ki, Cənubi Qafqazda
artmaq üçün böyük potensialı olan,
böyük iqtisadiyyatı olan ölkə kimi. Çünki
yalnız bu üç ayda iqtisadiyyatımız 7 faiz və
ixracımız 90 faizdən çox artıb, o cümlədən
enerjiyə aid olmayan ixrac sektorunda 45 faiz artım olub. Eyni
zamanda, biz sərvət və sabitlik
yaradıcısıyıq. Lakin bu, əlbəttə ki, Ermənistandakı
gündəmdən, orada nə baş verəcəyindən,
Ermənistan hökumətinin sülh gündəliyi ilə
bağlı planlarından, yəni, onların icra
olunub-olunmayacağından asılı olacaqdır. Lakin hesab
edirəm ki, siyasi nöqteyi-nəzərdən tərkib tamamilə
yeni olmalıdır. İqtisadi, regional nəqliyyat əlaqələri
nöqteyi-nəzərdən tamamilə yeni xəritə
olmalıdır. Çünki biz artıq yeni nəqliyyat xəritəsini
yaratmışıq. 2008-ci ildə Bakı-Tbilisi-Qars üzərində
işləməyə başlayanda və 2017-ci ildə bu kəmərin
tamamlanmasına nəzər salsaq görərik ki, bu, tamamilə
yeni mənzərədir. Düşünürəm ki, bundan əvvəl
bəlkə Cənubi Qafqaz və Mərkəzi Asiya
arasında daha çox qarşılıqlı əlaqələr
ola bilər. Bu gün bu, baş vermir, bu, bir az qeyri-müntəzəm
xarakter daşıyır və bu, əsasən, Azərbaycan
üzərindən, bizim infrastruktur müəssisələrimiz
üzərindən baş verir. Lakin hesab edirəm ki, Azərbaycanın
Xəzər dənizinin sahilində yerləşən bir
dövlət, Cənubi Qafqazın bir dövləti kimi bu
formatda xüsusi rolu var və bu, baş verə bilər.
Beləliklə, bu, bizim
planlarımızdır. Adətən bizim planlar rəsmən
elan edildikdə icra olunur. İndi dediklərim mənim
düşüncələrimdir. Mən bunu rəsmi gündəliyin
bir hissəsinə hələ də çevirməmişəm.
Biz bunun üzərində işləyirik. Hesab edirəm ki, Azərbaycanın
Mərkəzi Asiya ölkələrinin öz aralarında
apardığı siyasi məsləhətləşmələrə
qoşulmaq üçün böyük potensialı var.
Bilirsiniz ki, beş ölkə formatı var. Bizim bu ölkələrlə
və ölkələrin xalqları ilə çox yaxın
tarixi əlaqələrimiz və ənənəvi münasibətlərimiz
var. Əlavə olaraq, Xəzər dənizi mədəniyyətlər
və iqtisadiyyatlar arasında daha böyük körpü
rolunu oynamalıdır. Ermənistan bu prosesdə iştirak edəcəkmi?
Bilmirəm. Düşünürəm ki, onlar iştirak etsələr
hamı üçün yaxşı olar. Bunun
üçün imkan var. Bizim təklif etdiyimiz Zəngəzur
dəhlizi adlandırılan dəhliz onların ərazisindən
keçəcək. Əminəm ki, keçəcək, lakin
onlar yenə də vaxt itirirlər. Çünki biz artıq
Ermənistan sərhədinə avtomagistralı və dəmir
yolunu tikirik və dəmir yolu bu ilin sonuna kimi hazır olacaq və
avtomagistral ola bilsin sonra.
Beləliklə, onlar bu prosesdə
iştirak etməsələr, onda onlardan dolayı yollarla
keçəcəyik. Ötən ay biz İranla Ermənistandan
yan keçən körpülərin tikilməsi
üçün artıq anlaşma memorandumunu imzaladıq.
Baxın, biz neft və qaz kəmərləri layihələri ilə
bağlı onlardan yan keçdik və Gürcüstan bundan
faydalanır, tariflərdən yaxşı vəsait əldə
edir. Tbilisidən Qarsa yol çəkəndə də biz
onlardan yan keçdik. İndi isə hərbi
uğursuzluğunun faydalarının mümkün olduğunu
öz xalqına göstərmək üçün əllərinə
tarixi fürsət düşdükdə, - bu fayda regionun bir
hissəsi olmaq və sərvətə çıxış əldə
etməyi nəzərdə tutur, - yenə də onlar bir il
yarım müddətində bu işi əngəlləyirlər.
Onlar bizə Mehri regionunda yolun keçəcəyi yerin
coğrafi koordinatlarını vermədilər və onlar dəmir
yolunun tikintisi ilə bağlı isə heç texniki-iqtisadi
əsaslandırma işlərinə belə
başlamayıblar. Baxmayaraq ki, bizim hissəmizə düşən
dəmir yolunun 60 kilometri artıq hazırdır, 40 kilometri
qalıb. Dediyim kimi, ola bilsin bu ilin sonunadək və ya
növbəti ilin əvvəlinədək o, hazır
olacaqdır. Sonra biz körpü inşa edəcəyik və
bizim artıq İran hökuməti ilə
razılığımız var və onlardan yan keçəcəyik.
Beləliklə, mənim proqnozum, əlbəttə ki, bizim
gündəliyimizə əsaslanır. Lakin mən Ermənistanda
gündəliyin nədən ibarət olduğunu və
dünyada qlobal vəziyyətin necə olacağını
bilmirəm. Çünki keçən dəfə
görüşdüyümüzdən bəri
dünyadakı vəziyyət artıq fərqlidir və əlbəttə
ki, dünya heç vaxtı fevraldan əvvəl olduğu vəziyyətdəki
kimi olmayacaqdır.
Hikmət
Hacıyev:
İndi biz doktor Zinq Fenqə söz veririk.
Böyük
Britaniyanın Kembric Universitetinin tədqiqatçısı
Zinq Fenq: Çox
sağ olun Zati-aliləri. Çox sağ olun vaxt
ayırdığınız üçün. Bizimlə
ünsiyyətdə olmaq və açıq şəkildə
bizim suallara cavab vermək üçün vaxt
ayırdığınıza görə çox sağ olun.
Mən Böyük Britaniyanın Kembric Universitetinin tədqiqatçısıyam.
Mənim tədqiqat sahəm Çin ilə Avrasiya ölkələri
arasında münasibətlər, həmçinin Avrasiya
ölkələrində dekarbonizasiya haqqındadır. Mənim
iki sualım vardır: ilk sualım Çin və Azərbaycan
arasındakı münasibətlər və “Bir kəmər-bir
yol” təşəbbüsü barədədir. 2013-cü ildə
Çin Xalq Respublikasının Sədri Si Cinpin Qazaxıstana
səfər etmişdir. O, Avrasiya ölkələrinin
inteqrasiyasını irəli sürərək, Avrasiya ölkələrini
birlikdə “İpək Yolu İqtisadi Kəmərini”
qurmağa çağırmışdır və Azərbaycan
və Çin bununla bağlı əməkdaşlıq
haqqında sənəd - Anlaşma Memorandumu
imzalamışlar. Lakin xarici resurslardan əməkdaşlıq
sahələrinin və layihələrinin aydın
olmadığı görünür. Mən Sizdən bu
çərçivədə işlənib hazırlanan iki
ölkə arasında əməkdaşlıq sahələri,
eləcə də Cənubi Qafqazda inteqrasiyanı təşviq
etmək üçün Azərbaycanın hazırkı səyləri
barədə soruşmaq istərdim. Siz çinli tərəfdaşlar
ilə əməkdaşlığın gücləndirilməsi
üçün daha çox perspektiv
görürsünüzmü?
İkinci sualım Azərbaycanda bərpa
oluna bilən enerji sahələrinin inkişafı barədədir.
Düşünürəm ki, qlobal dekarbonizasiya meyilləri səbəbindən
Azərbaycan da dekarbonizasiya və bərpa oluna bilən enerji
sahələrinin inkişafına lazımi əhəmiyyət
verir. Yalnız qlobal dekarbonizasiyanın inkişaf etdirilməsi
təşəbbüslərini irəli sürməklə
deyil, həm də Qarabağ regionunda “ağıllı şəhər”lər
inşa etməklə. Siz bərpa oluna bilən enerji sahələrinin
inkişafına yalnız dekarbonizasiya kontekstində deyil, həmçinin
postmünaqişə dövründə quruculuq kontekstində
mühüm əhəmiyyət verirsiniz. Hökumətin nəzərdə
tutduğu baxışa uyğun olaraq, həm bütün
ölkə boyu, həm də Qarabağda yaşıl enerjinin
inkişafının həyata keçirilməsinin
hazırkı statusu ilə bağlı məlumat verməyinizi
istərdik. Hansı problemlər ilə üzləşirsiniz?
Çox sağ olun.
Prezident İlham
Əliyev: Çox
sağ olun. İlk növbədə, Çin ilə
münasibətlər barədə. Bildirmək istərdim ki,
biz bu münasibətləri strateji əhəmiyyətə
malik hesab edirik. Mən çox şadam ki, bu münasibətlər
çox uğurla inkişaf edir. Prezident Si Cinpin ilə mənim
çoxsaylı görüşlərim zamanı biz ikitərəfli
gündəliyi, eləcə də regional məsələləri
geniş müzakirə etdik. Bizim münasibətləri təsvir
etmək üçün cənab Si Cinpinə istinad etmək
kifayətdir ki, o, məni “Çinin böyük dostu”
adlandırmışdır. Mən düşünürəm
ki, bu bütün suallara yaxşı cavabdır. Eyni zamanda, o,
Azərbaycanın çox yaxşı dostudur. Biz həmişə
təmasdayıq. Mən az sayda dünya liderləri
sırasında idim ki, 2019-cu ildə “Bir kəmər - bir yol”
konfransına dəvət olunmuşdum. Bunu da siz Azərbaycana
xüsusi diqqət, xüsusi əhəmiyyət verilməsi
işarəsi kimi hesab edin.
Biz Xəzər dənizi,
Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Çindən
karqo qəbul etməyə başlamağa hazır idik. Lakin
çox böyük həcmlərlə deyil. Biz aydın
başa düşürdük ki, Çinin müxtəlif mənbələr
vasitəsilə şaxələndirilmiş təchizat
yolları vardır. Biz öz yolumuzu daha da cəlbedici etməyə
çalışırdıq. Lakin bu yaxınlarda biz Çin
şirkətlərindən bir neçə mesajlar aldıq ki,
onlar karqo daşımalarını “Orta dəhliz” vasitəsilə
ciddi şəkildə artırmaq istəyirlər. Bu dəhliz
Çindən Azərbaycan, Xəzər dənizi və
Gürcüstandan keçməklə ya Gürcüstanın
dəniz limanlarına, ya da Türkiyənin Qars şəhərinə
daşımanı nəzərdə tutur. Bu, bizim
üçün yeni imkandır. Bizim nəqliyyat
infrastrukturumuz tamamilə yenidir. Bu, tamamilə yeni dəniz
limanı, Xəzəryanı dövlətlər arasında ən
böyük Xəzər donanması, dəmir yoludur. Əlbəttə
ki, əgər karqoda dramatik artım haqqında
düşünürüksə, biz, həmçinin nəqliyyatda
yükdaşıma potensialımızın genişləndirilməsinə
də sərmayə qoymalıyıq. Çünki bizim
bütün layihələrimiz mövcud karqo həcmlərinə
və yavaş artan karqo həcmlərinə əsaslanır.
Lakin bu gün biz karqonun dramatik artırılmasına tələb
müşahidə edirik. Buna görə, aidiyyəti dövlət
qurumlarımıza təlimat verilmişdir ki, mənə
hesabat versinlər, nə edə bilərik, dəniz ticarətimizin
həcmini necə artıra bilərik, hansı ki, 15 milyon
tondur. Biz onu qısa müddət ərzində 25 milyon tona qədər
artıra bilərik. Əlbəttə ki, bütün bu
daşımaları Azərbaycan vasitəsilə həyata
keçirmək üçün bizim gəmiqayırma
zavodumuzda yeni bərə gəmilərinin və tankerlərin
tikintisi də vacibdir. Başqa sözlə, bu yeni imkanlar ilə
tamamilə yeni vəziyyətdir. Lakin biz əməkdaşlığımızı
yalnız tranzit və daşımalar sahəsində
görmürük, daha geniş şəkildə, çox
yaxşı siyasi əməkdaşlığa malik olaraq biz
Çin şirkətlərini burada investorlar kimi görmək
istərdik. Biz indi “azad zonalar”ın yaradılması prosesindəyik.
“Ələt azad zonası” hansı ki, ümid edirəm ilk
rezidentlərini gələn il qəbul edəcəkdir. O, həm
də çox yaxşı yerdə yerləşir, dəniz
limanının yanında, geniş ərazi, oradakı qaydalar
beynəlxalq şirkətlər üçün çox cəlbedicidir.
Beləliklə, biz münasibətlərimizdə böyük
potensial görürük. Biz onları inkişaf etdirmək
üçün hər şeyi edəcəyik.
Bərpa oluna bilən enerjiyə gəldikdə,
bir neçə il əvvəl biz öz
potensialımızı qiymətləndirməyə
başladıq. Qarabağın azad olunmasından sonra, əlbəttə
ki, bu ərazilər də qiymətləndirildi. İlkin məlumata
əsasən, azad edilmiş ərazilərdə 9200 meqavat
günəş və külək enerjisi potensialı
vardır. Təəssüf ki, Ermənistanın 2020-ci il 10
noyabr tarixində kapitulyasiya aktı imzalamasından sonra onlar tərk
etmək üçün verilmiş 20 günü Kəlbəcəri
dağıtmaq üçün istifadə etdilər. Evlərdən
və ağaclardan başqa, onlar 30 su elektrik stansiyasını
dağıtdılar. Təsəvvür edə bilirsiniz? Bizim
onlara əşyalarını toplamaq və köçmək
üçün verdiyimiz vaxtdan onlar dağıtmaq
üçün istifadə etdilər.
Hazırda, hər şey sənədləşdirilmişdir.
Biz Kəlbəcər və Tərtərdə quruculuq işlərinə
başladıq. Qeyd etdiyim kimi, 20 meqavatlıq stansiya artıq
işə salınıb. Bu il 25 meqavat olacaqdır. Lakin bu,
sudan alınan enerjidir. Sudan alınan enerji üçün
daha çox potensial vardır. Qarabağda günəş və
külək enerjisi üçün hazırda biz bp ilə
danışıqların yekun mərhələsindəyik. Cəbrayılda
240 meqavatlıq günəş enerjisi stansiyaları, həmçinin
beynəlxalq şirkətlər ilə Kəlbəcərdə
100 meqavatlıq külək enerjisi stansiyaları haqqında -
bundan əlavə, bu ilin yanvar ayından başlayaraq iki
mühüm hadisə, təməlqoyma mərasimi olub:
ümumi olaraq 430 meqavat gücündə bir günəş,
bir külək enerjisi stansiyası tikmək üçün.
Biri Səudiyyə Ərəbistanının bu sahədə
aparıcı şirkəti “ACWA Power”, digər layihə
BƏƏ-nin “Masdar” şirkəti tərəfindən. Bu, həqiqətən
bizim enerji sistemimizə böyük töhfədir, Azərbaycanın
cəlbediciliyinin böyük nümayişidir. Biz hazırda
külək enerjisinə münasibətdə Xəzər dənizinin
potensialını qiymətləndirməkdəyik. İlkin rəqəmlər
çox böyükdür. Bizim ona dair hərtərəfli
öyrənməyə ehtiyacımız olacaqdır.
Qarabağ “yaşıl enerji”
zonası elan edildiyi təqdirdə, bu, əsas məsələ
olacaqdır, “ağıllı şəhər”lər,
“yaşıl enerji” zonası. Düşünürəm ki,
planlaşdırdığımız bütün hər
şey, mən detallara getmək istəmirəm, həyata
keçirilsə, bizim enerjinin əhəmiyyətli hissəsi
nəinki günəş və küləkdən gələcək,
hansı ki, bizim 30 faiz hədəfimiz vardır və
düşünürəm ki, bu, 50 faizdən də yuxarı
ola bilər. Həmçinin vacibi odur ki, biz ixrac
üçün çoxlu təbii qaza qənaət edə
bilərik, hansı ki, buna da ehtiyac vardır. Əvvəl qeyd
etdiyim “ACWA Power” və “Masdar” tərəfindən tikilən
iki stansiya ilə onlar 400 milyon kub qaza qənaət edə bilərlər.
Bu, böyük həcm deyildir. Lakin bəzi ölkələr
üçün bu, əhəmiyyətli həcmdir. Həmçinin
indi biz SOCAR-da da fəal islahatlar aparılması prosesindəyik.
Yeni rəhbərlik ilə SOCAR nəhayət ki, şəffaf
beynəlxalq enerji şirkətinə çevriləcəkdir.
Mən əminəm, çünki yeni rəhbərliyə bu
təlimat verilib. Müvafiq surətdə itkilərdə də
azalma olacaqdır. Çünki bizim qazda çoxlu itkilərimiz
olur. Bəzi itkilər vaxtı keçmiş infrastruktur ilə
əsaslandırılır, lakin bəzi itkilər çox
şübhəlidir. Bizim aparıcı şirkətimiz olan
SOCAR-ın şəffaflığının, korporativ idarəçiliyinin
optimallaşdırılması əminəm ki, bizə əlavə
resurslar verəcəkdir, artıq indi verir. Mən onun
haqqında danışmaq istəyirəm. Əvvəllər
bu, baş verib, bizim rəsmi rəqəmlərimiz vardır.
Bizim həqiqətən qazdan gələn enerjinin əhəmiyyətli
hissəsini günəş və külək enerjisi ilə əvəz
etmək potensialımız vardır. Sizin sualdan kənara
çıxaraq bildirmək istəyirəm ki, biz artıq
Rumıniya və Gürcüstan arasında Qara dənizin
dibindən keçən elektrik xətləri barədə
layihələri birləşdirmək imkanlarını dəyərləndiririk,
hansı ki, ilkin olaraq bizim tərəfdən istifadə
olunacaqdır. Çünki bizim, necə deyərlər, 4
ölkəyə ekstra elektrik enerjisi istehsalı və
ixracımız vardır və onu genişləndirməyi planlaşdırırıq.
Avropanın qazımızla bərabər, elektrik enerjimizə
ehtiyacı vardır.
Sonuncu məqam kimi sizin bilmənizi
istərdim ki, Avropa İttifaqı ilə biz bir neçə
ay əvvəl “enerji dialoqu” adlanan formata başladıq,
hansı ki, çox hərtərəfli proqramdır. O, neft,
qaz, neft məhsulları, bərpa oluna bilən enerji və
hidrogeni nəzərdə tutur. Hidrogendə biz çox fəalıq.
Bütün təlimatlar verilmişdir. Hidrogen gələcəkdir.
Biz onu başa düşürük. Bizim bu potensialımız
vardır. Biz həmişə proseslərdən, innovasiyalardan
qabaqdayıq. Bəlkə qabaqda deyil, düzgün desək, bəlkə
digər bir sıra ölkələrdən qabaqda, lakin bir
addım geridə, texnoloji inkişafdan bir addım geridə. Mən
qəti əminəm ki, bərpa oluna bilən enerji sahələri
enerji bazarını tamamilə dəyişəcəkdir və
bizə təbiəti qorumaq və xalqımıza daha çox
fayda vermək üçün əlavə imkanlar verəcəkdir.
Hikmət
Hacıyev:
Söz verilir Aleksandra Matasa.
İsveçrənin
Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzinin
diplomatik dialoq üzrə baş müşavir və direktor
müavini Aleksandra Matas: Çox sağ olun. Cənab Prezident, mən burada
İsveçrənin Təhlükəsizlik Siyasəti üzrə
Cenevrə Mərkəzini təmsil edirəm. Dünən bizim
Şuşaya məlumatlarla zəngin səfərimiz oldu. Bu
gün burada olmaq, Sizinlə çox maraqlı müzakirələrdə
iştirak etmək mənim üçün də
böyük şərəfdir. Buna görə Sizə
çox minnətdaram. Cənab Prezident, Siz giriş
sözünüzdə qeyd etdiniz ki, Qarabağı dünyada ən
çiçəklənən bölgəyə çevirəcəksiniz.
İsveçrədən olan həmkarımın sualına
cavab verərkən dediniz ki, biz Ermənistanın Azərbaycana
qarşı qarayaxma kampaniyası problemini aradan
qaldırmalıyıq. Uzun illər çəkən
münaqişədən sonra sualım belədir: öz
ictimaiyyətinizi, əhalinizi sülhə necə
hazırlayırsınız? Digər tərəfin
düşmənçiliyə əsaslanan bir çox rəyləri
var. Bu, anlaşılan vəziyyətdir. Həmin rəylərin
aradan qaldırılması yolları hansılardır?
Qonşunuzla barışmaq və dayanıqlı sülhü
qurmaq yolları nədən ibarətdir? Sağ olun.
Prezident İlham
Əliyev: Sağ
olun. Çox vacib sualdır. Bu məsələni
qaldırdığınıza görə sağ olun.
Çünki bu, gələcək üçün, sülh və
qarşılıqlı fəaliyyət üçün
çox əhəmiyyətlidir. Lakin, əlbəttə, biz
realist nöqteyi-nəzərindən yanaşırıq və
anlayırıq ki, bu, asan olmayacaq. Siz hər bir şeyi
vaxtında görməlisiniz. Bilirsiniz, qeyd etməliyəm ki,
həmin otuz il ərzində Azərbaycan xalqının
yaraları sağalmayıb. Lakin torpaqlar azad olunandan sonra
insanlar həmin yerlərə baş çəkməyə
başladı. Şuşaya, Ağdama avtobusla müntəzəm
reyslər təşkil olunur. Onlar öz gözləri ilə
gördükdə və mən özüm şəxsən
birinci dəfə gördükdə, sanki şok
yaşandı. Biz heç bir zərər
vurmadığımız insanlarda bu qədər ədavət
dərəcəsini təsəvvür edə bilməzdik,
çünki biz Şuşada, Xankəndində və digər
yerlərdə yanaşı yaşamışıq və
heç vaxt öz tərəfimizdən düşmənçilik
etməmişik. Şəhərlərin yerlə-yeksan
olunması, meyitlərin qazılıb qəbirlərdən
çıxarılması kimi bu cür nifrət
inanılmazdır. Təsəvvür etmək mümkün
deyil. Əgər bunu mən hiss etmişəmsə, onda
görün öz yaxınlarını itirmiş şəxslər
nə etsin. Mən onların ağrısını
anlayıram, onu bölüşürəm. Şəxsən
özüm də vəhşilikləri və
barbarlığı heç zaman yaddan
çıxarmayacağam. Çıxara bilməyəcəyəm
və yaddan çıxarmaq da istəmirəm. Çünki
biz bunu xatırlamalıyıq. Çünki bu, faciəli
tariximizin bir hissəsidir.
Eyni zamanda, biz yadda saxlamalıyıq
və hər zaman özümüzü müdafiə etməyi
bacarmalıyıq. Lakin, eyni zamanda, sülh gündəliyimiz
ictimai dəstək olmadan həyata keçirilə bilməz.
Biz, həmçinin anlayırıq ki, İkinci Qarabağ
müharibəsindən sonra erməni cəmiyyətinin də
yaraları var. Bunu başa düşmək olar. Əgər
yaralarımız otuz ilə sağalmadısa, bilirik ki,
onların da yaraları qanlı qalacaq. Bu, reallıqdır.
Lakin nə etmək olar?! Biz məsuliyyəti öz üzərimizə
götürməliyik və ölkələrə rəhbərlik
edən liderlər məsuliyyəti eyni olaraq qəbul etməlidirlər.
İnsanları inandırmağa
çalışmalıdırlar ki, maraqlarımız, strateji
gələcəyimiz naminə bizə sülh gərəklidir.
Sülh bizim üçün zəruridir. Biz müharibələrin
tarixini bilirik. İkinci Dünya müharibəsinin tarixini
bilirik. Düşünürəm ki, bir-birini öldürən
şəxslər on-iyirmi ildən sonra biznes qurmağa
başlayırlar. Bunun bir çox misalları var. Bir cəmiyyət
kimi onlar hazır olacaqlar ya yox, mən bunu bilmirəm. Lakin
hesab edirəm ki, siz, həmçinin bilirsiniz, Zəfərdən
sonra Azərbaycan cəmiyyətində çox xüsusi
ab-hava var, birlik var. Əgər belə demək mümkünsə,
gördüyümüz işlərlə insanların reaksiyası
arasında daim əlaqə var. Biz planlarımızla əlaqədar
xalqla məsləhətləşirik. Məsələn, şəhərlərin
yenidən qurulmasına gəldikdə, Ağdam və
Füzulinin baş planları həmin rayonların
tanınmış nümayəndələrinin iştirakı
ilə təsdiqlənib, çünki onlar orada yaşayacaqlar.
Buna görə də cəmiyyət gördüyümüz
işlərə böyük etimadla yanaşır. Bu, hər
zaman belə olub. Lakin Qələbədən sonra bu, daha
aydın hiss olunur. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti
sülh haqqında danışdıqda məni anlayacaq.
Anlayıram ki, bu, asan deyil. Lakin bizə digər müharibə
lazım deyil və biz özümüzü Ermənistanın
hər hansı revanş risklərindən qorumalıyıq.
Bu səbəbdən, bir tərəfdən biz yaddan
çıxarmalı deyilik, digər tərəfdən isə,
biz ordumuzu gücləndirməli və müasirləşdirməliyik.
Eyni zamanda, biz paralel olaraq cəmiyyəti
hazırlamalıyıq. İnsanlar, jurnalistlər və
ziyalılar arasında təmasların qurulmasına dair mənim
təklifim buna yönəlir. Sülh üçün əsaslar
olmalıdır. Bu, uzun vaxt tələb edəcək, lakin
alternativ yoxdur, alternativ daha pisdir. Bir sözlə, bu cür
çox mühüm sual verdiyinizə görə bir daha minnətdaram.
Hikmət
Hacıyev: Doktor
Vəli Kaleci.
Tehrandakı Mərkəzi
Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin baş
elmi işçisi doktor Vəli Kaleci: Sağ olun, cənab Prezident. Mən
İrandan, Tehrandan gəlmişəm. Bakıda keçirilən
beynəlxalq konfransda İkinci Qarabağ müharibəsindən
sonra ikinci dəfə iştirak etməkdən çox məmnunam.
Bildiyiniz kimi, son illər iki ölkə arasında münasibətlər
xeyli inkişaf edib. Son zamanlar İran ərazisi ilə Zəngilanı
Naxçıvanla birləşdirən 55 kilometrlik dəmir
yolunun çəkilməsi və şosesinin tikintisi barədə
Tehran ilə Bakı arasında razılaşma imzalanıb. Siz
bunu nitqinizdə qeyd etdiniz. Lakin digər tərəfdən,
aradan qaldırılmalı olan bəzi narahatlıqlar var. Həmin
narahatlıqlardan biri ötən həftə Şuşada
keçirilmiş Dünya Azərbaycanlılarının V
Qurultayı zamanı baş vermişdir. Əfsuslar olsun ki, tədbirdə
iştirak edən bəzi iranlı azərbaycanlılar
İranın ərazi bütövlüyü və milli təhlükəsizliyinə
qarşı çıxış etmişlər. Bu, ölkəmin
şimal-qərb hissəsində, Azərbaycan bölgələrində
separatizmə aid olan sözlər idi. Əfsuslar olsun ki,
bütöv Azərbaycanı formalaşdırmaq, Araz
çayının iki hissəsini birləşdirmək
xülyası həmin şəxslər tərəfindən
aydın şəkildə səsləndirildi. Bu cür məsələ
bir çox həmkarlarım və İrandakı insanlar
arasında narazılıq yaratdı. Dünən mənim bu məsələyə
dair Hikmət Hacıyev ilə söhbətim oldu.
Cənab Prezident, son üç
onillik ərzində Azərbaycan Respublikasının ərazi
bütövlüyü ilə bağlı İranın
mövqeyi Sizə məlumdur. İranın mövqeyi, həmçinin
İkinci Qarabağ müharibəsində kifayət qədər
aydın idi. İranın Azərbaycan bölgələrində
insanların və Azərbaycan xalqının ümumi dil, din
və dəyərləri iki ölkə arasında münasibətlərin
inkişafında güclü meyardır və sosial zənginlikdir.
O, iki ölkə arasında separatizm üçün siyasi alətə
çevrilməli deyil, fərqlər və gərginlik
yaratmalı deyil. Həmin şəxslər Şuşada
keçirilmiş rəsmi hökumət tədbirinə dəvət
olunmuşdu. Gözləyirdik ki, İranda
narahatlığı və gərginliyi azaltmaq
üçün Azərbaycanın Xarici İşlər
Nazirliyi bu bəyanatlara, müsahibələrə və nitqlərə
reaksiya versin. Sizin məsələ ilə bağlı
mövqeyinizi və rəyinizi bilməkdən çox məmnun
olardım və bu, İranda birmənalı olaraq yaxşı
qarşılanardı. İkinci qısa sualım İkinci
Qarabağ müharibəsindən sonra Azərbaycan ilə Ermənistan
arasında sərhədlərin müəyyən edilməsi
ilə bağlıdır. İki ölkənin sərhədlərinin
müəyyən edilməsi üçün sovet
dövrünün xəritəsi, o cümlədən SSRİ
Müdafiə Nazirliyinin xəritələri Sizin Soçidə
Nikol Paşinyan və Vladimir Putinlə
görüşünüz zamanı müzakirə edilib.
Sualım belədir: Sərhədlərin
müəyyən edilməsi üçün SSRİ-nin
hansı rəsmi xəritəsindən istifadə etmək
Sizinlə Paşinyan və Putin arasında
razılaşdırılıb?
Qonaqpərvərliyinizə, qəbula
və konfransa dəvətinizə görə bir daha təşəkkür
edirəm. Çox sağ olun.
Prezident İlham
Əliyev: Xəritələrlə
bağlı bu günədək hər hansı bir baza
mövcud deyil. Biz sizin qeyd etdiyiniz xəritələri görməmişik
və bizim mövqeyimiz ondan ibarətdir ki, sərhədlərin
müəyyən edilməsi zamanı tarix nəzərə
alınmalı, Cənubi Qafqazın sovetləşdirilməsindən
sonrakı dövrə aid xəritələr istifadə edilməlidir.
Biz yalnız bir xəritə üzərində
dayanmamalıyıq, çünki bir çox xəritələr
var – 1918-ci ilin xəritəsi var ki, İrəvan o zaman Azərbaycanın
tərkib hissəsi idi. 1920-ci ilin noyabr ayının xəritəsi
var ki, Zəngəzur o zaman Azərbaycanın tərkib hissəsi
idi. Bununla yanaşı, bu gün İran-Ermənistan sərhədi
boyu olan ərazilərdə o zaman azərbaycanlılar
yaşayırdı və o torpaqların erməni xalqına
heç bir aidiyyəti yox idi. 1920-ci ilin noyabrında sovet
hakimiyyəti Zəngəzuru Ermənistana vermək qərarı
qəbul etdi. Lakin bu ərazi Ermənistana veriləndə o
bugünkü sahəyə - 42 kilometrlik sahəyə malik
deyildi, ərazi daha ensiz idi. Lakin ermənilər hiyləgərlik
edərək ərazini 42 kilometrə qədər genişləndirdilər
və bu gün İranla sərhəd məhz oradan keçir.
Beləliklə, bizim mövqeyimiz
ondan ibarətdir ki, biz bütün xəritələrdən
istifadə edəcəyik – 1918-ci ildən və hətta ondan əvvəlki
dövrün xəritələrindən başlayaraq Sovet
İttifaqının dağıldığı dövrə qədərki
xəritələrə qədər. Əlbəttə, bu,
bizim birgə işçi qruplarımızın
danışıqlarının tərkib hissəsi olacaq.
Sizin birinci sualınızı
aydınlaşdırmaq istəyirəm. Siz qeyd etdiniz ki, kimsə
İranın ərazi bütövlüyünü şübhə
altına alıb. Bunu edən Azərbaycan hökumətinin
nümayəndəsi idi? Siz Şuşa konfransını qeyd
etdiniz. İranın ərazi bütövlüyünü
şübhə altına alan bizim hökumət nümayəndəsi
idi?
Doktor Vəli
Kaleci: Hökumət
nümayəndəsi deyildi. Ankarada yerləşən Təbriz
Tədqiqatları Mərkəzinin nümayəndəsi idi.
Prezident İlham
Əliyev: Yəni,
onun Azərbaycan hökuməti ilə hər hansı bir
bağlılığı yox idi, elə deyilmi?
Doktor Vəli
Kaleci: Xeyir,
ancaq o, Şuşa konfransında iştirak edib.
Prezident İlham Əliyev: Yəni, bu şəxs Azərbaycan
vətəndaşı deyildi.
Doktor Vəli
Kaleci: Xeyir,
ancaq həmin tədbirdə rəsmi olaraq iştirak edirdi.
Prezident İlham
Əliyev: Baxın,
bu gün burada konfransda neçə ölkədən
iştirakçı var. Onların hər biri öz ölkəsini
təmsil edir. Məsələn, siz başqa dövlətin vətəndaşı
olaraq nə isə demiş olsanız, İran hökuməti
buna görə məsuliyyət daşımamalıdır. Bu
səbəbdən, hesab edirəm ki, sizin söylədiklərinizin
Azərbaycan-İran əlaqələrinə heç bir aidiyyəti
yoxdur. Hər iki ölkənin ərazi bütövlüyü
ilə bağlı bizim hökumətimizin və İran
hökumətinin mövqeyi yaxşı məlumdur və sual
doğurmur. Dəfələrlə biz və bizim iranlı həmkarlarımız
bunu ictimai şəkildə bəyan etmişik.
Həmin tədbirdə 400-dən
çox iştirakçı olub və demokratik cəmiyyət
olan Azərbaycanda insanlar fikirlərini ifadə etməkdə sərbəstdirlər.
Biz bununla razılaşa və ya razılaşmaya bilərik,
ancaq biz iştirakçılara nəzarət etməmişik.
Biz onlara tezislər verməmişik ki, nəyi demək olar, nəyi
isə yox. Azərbaycan azad ölkədir və hər kəs
– bizim vətəndaşlar və əcnəbi vətəndaşlar
istədiyini söyləyə bilər. Əlbəttə,
bunun bizim qanunvericiliklə ziddiyyət təşkil etməməsi
şərti ilə.
Bununla yanaşı, biz xaricdə
yaşayanların müxtəlif mövzularla bağlı fərqli
mövqelərinə görə məsuliyyət
daşımırıq. Vacib olan odur ki, qonşu ölkələr
ilə və ümumiyyətlə bütün ölkələrlə
münasibətlərdə Azərbaycan Hökumətinin və
onun nümayəndələrinin bəyanatları olduqca məsuliyyətlidir.
Sizin söylədiklərinizlə
bağlı bir nümunə deyim. İranda
sığınacaq tapmış bir sıra şəxslər
var ki, onlar Azərbaycanın ərazi
bütövlüyünü müntəzəm qaydada
şübhə altına alır. Aktau şəhərində
Xəzəryanı dövlətlərin Zirvə
toplantısı çərçivəsində mənim
ovaxtkı Prezident Həsən Ruhani ilə
görüşümdə ona 20-yə yaxın azərbaycanlıdan
ibarət siyahı təqdim etdim ki, həmin şəxslər
İranda yaşayır və mütəmadi şəkildə
media və sosial şəbəkələr vasitəsilə təkcə
Azərbaycanın ərazi bütövlüyünü
şübhə altına almır, onlar elə ifadələr
işlədirlər ki, bu, normal cəmiyyətdə ədəbsizlikdir.
Biz həmin şəxslərin Azərbaycana təhvil verilməsini
tələb etdik, çünki həmin şəxslər Gəncə
şəhərində polisə hücumda iştirak etmişlər
və bizdə sübutlar var. Təəssüflər olsun ki,
onların heç biri təhvil verilmədi.
Beləliklə, heç Azərbaycan
vətəndaşı olmayan bir şəxs Şuşada nə
isə deyibsə də - Şuşa açıq şəhərdir,
oraya minlərlə insan gəlir və iradəsini ifadə
edir. Azərbaycan tərəfindən təşkil edilmiş tədbirdə
hər hansı şəxsin iştirakı belə bir
reaksiyaya səbəb olmamalıdır.
İstər Azərbaycan, istərsə
də İran rəsmilərinin bəyanatlarında mənim
dediklərim yer alır. Ərazi bütövlüyü
qırmızı xətdir. Bizim ərazi
bütövlüyümüz hər zaman Ermənistan tərəfindən
şübhə altına alınırdı. Hesab edirəm ki,
biz diqqətimizi bura yönəltməli və Azərbaycana
heç bir aidiyyəti olmayan ifadələrə əhəmiyyət
verməməliyik.
Pakistanın Qlobal
və Strateji Araşdırmalar Mərkəzinin icraçı
direktoru Xalid Teymur Əkrəm: Mən Pakistanın İslamabad şəhərindənəm.
Bizi yenidən dəvət etdiyinizə görə çox
sağ olun. Ötən il bu zalda biz Sizinlə
görüşdük və həmin vaxtdan Qarabağ bölgəsində
həyata keçirilən işləri izləyirdik. Dünən
biz Füzuli və Şuşada səfərdə olduq. Hava
limanının 7-8 ay ərzində inşa edilməsi bizdə
dərin təəssürat yaratdı. Bu, böyük nailiyyətdir
və zənnimcə, Siz “Ginnesin Rekordlar Kitabı”nın
nümayəndələrini də dəvət edə bilərdiniz
ki, onlar da inkişafın şahidi olsunlar.
Sual verməzdən əvvəl mənim
bir təklifim var. Siz Şuşanı mədəniyyət
paytaxtı elan etmisiniz. Şuşanın tarixinə nəzər
saldıqda, görürük ki, 1752-ci ildən etibarən o, mədəniyyət
və poeziyanın mərkəzi olub. Mən təklif edərdim
ki, Azərbaycan “Şuşanın dostları” adlı bir
internet səhifəsi yaratsın və bu mədəniyyəti
hiss etmək istəyənlər orada qeydiyyatdan keçsin və
hər hansı bir mədəniyyət tədbiri keçirildikdə
onlar oradan məlumat alsın və Şuşaya səfərə
gəlsinlər. Bu, təkcə bu region deyil, bütün
dünya üçün bir mədəniyyət platforması
ola bilər.
Sualıma gəldikdə isə bu,
iqtisadi transformasiya və müxtəlif nəqliyyat dəhlizləri
haqqındadır. Gördüyümüz kimi, son bir ildə
Pakistan-İran-Azərbaycan marşrutu üzrə sınaq
karqomuz olub, həmçinin iki ölkə arasında
birbaşa uçuşlar start götürüb. Cənubi
Asiya və Cənub-Şərqi Asiyanın Sizin tərəfinizdən
güclü şəkildə müdafiə olunan bu nəqliyyat
dəhlizlərinin tərkib hissəsi olmasını səbirsizliklə
gözləyirik. Siz bəlkə də regionda yeganə lidersiz
ki, yalnız Cənubi Qafqaz regionunda deyil, onun xaricində də
bu bağlantı haqqında danışmısınız.
Sualım Cənubi Qafqazdan kənarda regional əlaqəyə
dair Sizin fikirləriniz və Azərbaycan üçün
olduqca əhəmiyyətli olan Zəngəzur dəhlizi barədədir.
Çox sağ olun.
Prezident İlham
Əliyev: Sağ
olun. Təklifiniz üçün təşəkkür edirəm.
Biz bu məsələni həll edəcəyik. Hesab edirəm
ki, “Şuşanın dostları” kimi qrupa sahib olmağa dair
ideyanız çox yaxşıdır. Əminəm ki, bu
qrupun çoxsaylı üzvləri olacaq. Bəlkə də
bizim bu qrupun necə formalaşdırılmasına dair
düşünməyə ehtiyacımız var. Ola bilsin, siz
bu haqda daha çox təkliflər verə bilərsiniz. Dəhlizlərə
gəldikdə isə, əlbəttə, Azərbaycan
Şimal-Cənub dəhlizi üzərində fəal şəkildə
işləyib. Ölkəmizin coğrafi yerləşməsi
olduqca üstünlükdür. Lakin dediyim kimi, infrastruktur
olmadan bu, xüsusi əhəmiyyət daşımır. Bayaq
Azərbaycan-Çin əlaqələrinə dair sualı
cavablandıranda Şərq-Qərb dəhlizinə dair
danışdığımız kimi, Şimal-Cənub dəhlizi
də bunun qədər əhəmiyyətlidir. Bu dəhliz
qismən fəaliyyətdədir. Çatışmayan hissə
İrandakı Astara-Rəşt dəmir yoludur. Bu, hazırda
mövcud olmayan təxminən 160 kilometrdən artıq hissədir.
Əgər bu hissə inşa edilərsə, şimaldan Azərbaycan-İran-Körfəz
dəmir yolu marşrutu olar. Bu, həm də çox əhəmiyyətli
beynəlxalq dəhliz ola bilər. O, hazırda da işləkdir.
Lakin dəmir yolunun bir hissəsinin olmaması səbəbindən
yüklər qatarlardan avtomobillərə yenidən yüklənməlidir.
Eyni zamanda, vaxt baxımından bu, olduqca cəlbedicidir. Mən
bilirəm ki, Pakistanın Qvadar limanının bu dəhlizə
qoşulması planı mövcuddur. Eləcə də bu
marşrut yalnız Cənubdan Şimala deyil, həmçinin
ölkəmizin infrastrukturundan istifadə etməklə Azərbaycandan
Gürcüstan vasitəsilə Türkiyə istiqamətində
Cənubdan Şərqə doğru da işləyə bilər.
Sizin də dəqiq ifadə etdiyiniz kimi, Zəngəzur dəhlizi
digər marşrut olacaq. Əgər biz xəritəyə
baxsaq görərik ki, məsafə baxımından əlçatanlılıq
da olduqca əhəmiyyətlidir. Bizim Şərqdən -
Pakistan, Çin və eyni zamanda, Mərkəzi Asiya ölkələrindən
böyük həcmli yeni karqo gözləntilərimiz var.
Bizim bütün dəmir yolu şəbəkəmiz bir-birinə
bağlıdır. Bizim Şimal, Cənub, Şərq sərhədlərinə
dəmir yolu bağlantımız var. Zəngəzur dəhlizi
cənub-şərq istiqamətində olacaq. Beləliklə,
bu, bizim ümumi nəqliyyat gündəliyimizin tərkib hissəsidir.
Azərbaycanda çatışmayan yalnız Ermənistan sərhədinə
kimi çəkilən 40 kilometrdir. Ondan sonra bizim ərazimizdə
hər şey hazır olacaq. Qonşularımızın da
öz üzərinə düşən işləri görməsinə
ehtiyac var. Bundan sonra bu bağlantı tamamilə işlək
olacaq.
Hikmət
Hacıyev: Cənab
Prezident, iki saatdan artıqdır ki, bizimləsiniz. İcazənizlə,
daha bir neçə sual.
Prezident İlham
Əliyev: Əlbəttə.
Roma Sapienza Universitetinin tədqiqatçısı
Daniel Pommier Vinçelli: Salam, cənab Prezident, mənim
ölkəm İtaliyanın Rusiya qazından dırnaqarası
asılılığını aradan qaldırmağa dair
müzakirələr aparılır. Bilirəm ki, Sizin
İtaliyanın Baş naziri Draqi ilə tez-tez ünsiyyətiniz
var. İtaliyanın xarici işlər nazirini qəbul edən
zaman Siz bildirdiniz ki, İtaliya-Azərbaycan Universitetinin
yaradılmasına dair razılıq əldə olunub. Beləliklə,
bilmək istərdim ki, İtaliyanın qazdan
asılılığı məsələsində Azərbaycan
ən azından müəyyən qədər də olsa, qaz tədarükündə
Rusiyanı əvəz edə bilərmi? Ukrayna məsələsindəki
qanuni mövqeyimizə görə biz güclü şəkildə
Rusiya qazından canımızı qurtarmağı çox
istəyirik. Əgər bu, baş verərsə, Azərbaycan-Rusiya
münasibətlərinə necə təsir edə bilər?
Bir şeyi də əlavə etmək
istəyirəm ki, mən bu yaxınlarda azərbaycanlı həmkarımla
Şuşaya dair kitab yazmışam, Şuşanın
qısa tarixindən bəhs edir. Bu kitabı Sizə təqdim
etmək istərdim. Kitab italyan dilindədir, lakin orada
çoxlu şəkillər var, Sizin şəkilləriniz də.
Bilirəm ki, Siz başa düşə bilərsiniz. Hesab edirəm
ki, Qərb dillərində Şuşa haqqında yazılan
ilk kitabdır, Şuşa tarixinin təqdimatıdır.
Prezident İlham
Əliyev: Buna
görə çox sağ olun. Biz, əlbəttə, onu tərcümə
etdirəcəyik. Hələlik şəkillərə baxaq.
Qaz məsələsinə gəldikdə,
mövqeyimizi bir qədər geniş ifadə etmək istərdim.
Biz bütün öhdəliklərimizi yerinə yetirmişik.
İstehlakçılarla imzalanan müqavilələr üzrə
işlər yüz faiz yerinə yetirilir. Bu gün Azərbaycan
qazı Gürcüstan, Türkiyə, Bolqarıstan,
Yunanıstan və İtaliyaya ixrac olunur. Keçən il
İtaliya Türkiyə ilə birlikdə Azərbaycan
qazını ən böyük həcmdə alan ölkə
olub. Bu, 9 milyard kubmetrdən artıq idi. Biz, əlbəttə
ki, mövcud müqavilələr əsasında qaz
inkişafı layihələrimizi planlaşdırırıq.
Hazırkı müqavilələrdə bu qədər həcm
nəzərdə tutulub. Biz çox hasil etmək istəmirik,
ona görə ki, alıcı yoxdur. Sizin də hazırda təcili
olduğunu qeyd etdiyiniz kimi, tələbat olacağı təqdirdə
biz, ilk növbədə, mənbələrə
baxmalıyıq. Çünki bizim istehsalımız daxili
bazar və ixrac üçün hesablanıb. Biz satmağa alıcı
olmadığından bundan artığını hasil etmək
istəmirdik. Bu vəziyyətdə bizə təkcə
İtaliyadan deyil, digər Avropa ölkələrindən də
təchizatın artırılmasına dair müraciətlər
daxil olub. İlk növbədə, bizə mənbələri
tapmaq lazımdır. Dediyim kimi, bu, qismən daxildə qaz itkilərinin
optimallaşdırılması hesabına olacaq. Bir hissəsi
təbii qazın günəş və külək enerjisi ilə
əvəz edilməsi olacaq, digər hissəsi isə yeni
hasilat hesabına olacaq. Biz yeni yataqlardan hasilatı gələn
il üçün gözləyirik. Artıq Abşeron yatağında
1.5 milyard kubmetr əlavə qaz var. Digər yataqlardan da
gözləntilərimiz var. Əlbəttə, bunun tərkib
hissəsi olan qaz kəmərlərinin
ötürücülük qabiliyyəti də önəmlidir.
Cənub Qaz Dəhlizi qaz kəmərləri sisteminə
inteqrasiya olunub. Məsələn, TANAP-ın ayrı,
TAP-ın ayrı diametri var. TANAP 30 milyard kubmetr, TAP isə 10
milyard kubmetr ötürücülük gücünə
malikdir. Niyə? Bazara görə. Çünki biz
İtaliyaya 8 milyard kubmetr qaz ixrac etməli idik. Bu məqsədlə
20 faiz paya sahib SOCAR da daxil olmaqla, TANAP-ın səhmdarları əlavə
xərclərdən kənar layihələndiriblər. Biz
yaxın gələcəkdə əlavə qazın gələcəyini
gözləmirdik. Ona görə də TAP-ın layihəsi fərqli
oldu. Onun imkanlarını genişləndirmək olar? Bəli,
nasos stansiyalarının sayını artırmaqla, bu,
mümkündür. Bunu 20 milyard kubmetrə çatdırmaq
olar. Başqa sözlə desək, İtaliya bu gün
aldığından iki dəfə çoxunu ala bilər. Bu məqsədlə
TAP komandası bir araya gəlməlidir. Bu, mənim Baş
nazir Draqi və keçən il səfər edən nazir Di
Mayo ilə müzakirələrimin tərkib hissəsi idi. TAP-ın
səhmdarları onu necə genişləndirməyə dair əlavə
sərmayə proqramına razılıq verməli və
texniki cəhətdən buna baxmalıdır. Mən texniki
detallara çox varmaq istəmirəm, lakin bu, bir ay ərzində
görülə bilinəcək iş deyil. Bu, texniki cəhətdən
mümkün deyil.
Beləliklə, eyni zamanda, başqa
yol birləşdirici şəbəkələrə sahib
olmaqdır. Məsələn, hazırda Bolqarıstanla
Yunanıstan arasında interkonnektorun tikintisi son mərhələdədir.
Bolqarıstanlı həmkarlarımdan aldığım məlumata
əsasən, sentyabr ayına qədər o, işlək
olacaq. Avropanın qaz tədarükü şəbəkəsini
birləşdirəcək digər layihələr də
mövcuddur. Bunların hamısı bizim proqramımızda
var. Biz heç bir zaman Rusiya qazını əvəz etməyi
planlaşdırmamışıq. Bu, həcmlərin fərqinə
görə mümkün deyil. Bizim Avropa bazarları uğrunda
yarışmaq niyyətimiz yoxdur. Biz, sadəcə, Avropa
bazarına çıxış istəmişik.
Çünki o, ən yaxşısıdır. O, qaydalarla tənzimlənir.
O, sabitdir və ən yüksək qiymət olan bazardır. Bu
gün biz müxtəlif istehlakçılara qaz tədarük
edirik. Ən yaxşı qiymət Avropadadır. Bu,
kommersiyadır. Biz heç vaxt Rusiya ilə yarışmaq niyyətində
olmamışıq. Bizim enerji siyasətimiz heç bir zaman
Rusiya tərəfindən sual doğurmayıb. Bizim heç
vaxt heç bir formada sualımız, müzakirəmiz
olmayıb. Əminəm ki, bu, bizim Rusiya ilə münasibətlərimizə
mənfi təsir göstərməyəcək. Sağ olun.
Böyük
Britaniyanın Henri Cekson Cəmiyyətinin strateji münasibətlər
üzrə meneceri Alyona Hlivko: Vaxt ayırdığınıza
görə sağ olun. Mən Londonda yerləşən beyin mərkəzini
təmsil edirəm. Həmçinin Ukrayna parlamentinin sabiq
üzvüyəm. Azərbaycanın uzunmüddətli
işğala məruz qalmaq təcrübəsi olub və ərazilərinizi
artıq azad etmisiniz. Bu gün Sizin Ukrayna üçün
şəxsi məsləhətiniz nə ola bilər?
Prezident İlham
Əliyev: Çox
sağ olun. Bizim təcrübəmizə əsaslanaraq, ən
önəmlisi heç bir zaman işğalla
razılaşmamaqdır. Bilirsiniz, danışıqlar
zamanı müxtəlif anlar olub və mən Qərbdən
olan həmkarlarımdan müxtəlif mesajlar almışam.
Onlardan biri o idi ki, siz reallığı nəzərə
almalısınız. Azərbaycan Birinci Qarabağ müharibəsini
uduzub və sizin davranışınız reallığa əsaslanmalıdır.
Ərazi bütövlüyümüzlə əlaqədar məsələlərdə
bizə məsləhət verməyə cəhdlər olub və
mən hər zaman yox demişəm. Şəxsən mən,
Azərbaycan xalqı öz torpaqlarımızda digər saxta
erməni dövlətinin yaradılmasına heç vaxt
razı olmayacağıq, lazım olarsa, biz ölənə
kimi döyüşəcəyik. Mənim şərhlərim
bəzən düşmənçilik, aqressivlik kimi təqdim
edilib. Mən hər zaman ritorikama görə tənqid
olunmuşam. Ermənistan liderləri hər zaman “konstruktiv”
olduqlarına görə təriflənib. Onlar belə
“konstruktiv” idi, onlar işğalı möhürləmək
istəyirdilər. Onlar istəyirdilər ki, biz Dağlıq
Qarabağdakı separatçılara müstəqillik verməyə
razı olaq. Onlar bizim ərazinin böyük hissəsini,
xüsusilə keçmiş DQMV ilə Ermənistan
arasındakı əraziləri öz nəzarətləri
altında saxlamaq istəyirdilər. Mənim mövqeyim belə
idi ki, biz heç vaxt buna razı olmayacağıq. Beləliklə,
ilk növbədə, öz təcrübəmizə əsaslanaraq
deyə bilərəm ki, heç vaxt, heç bir halda ərazi
bütövlüyünün pozulması ilə
razılaşmayın. İkincisi, işğal dövründən
mən nə öyrəndim? Öz ehtiyatlarına bel
bağlamağı. Üçüncüsü, beynəlxalq
təşkilatların qətnamə və qərarlarına
güvənməməyi. Onların heç bir dəyəri
yoxdur. BMT Təhlükəsizlik Şurası erməni
qoşunlarının bizim ərazimizdən qeyd-şərtsiz,
tamamilə və dərhal çıxarılmasına dair 27
il ərzində icra olunmayan dörd qətnamə qəbul
edib. Biz onları özümüz icra etmişik. Bu qətnamələri
qəbul edən ölkələrdən üçü BMT Təhlükəsizlik
Şurasının daimi üzvüdür və ATƏT-in
Minsk qrupunun həmsədrləridir. Mən hər zaman onlardan
soruşurdum ki, qəbul etdiyiniz qətnamələri niyə
icra etmirsiniz? Cavab aydın idi. İşğal vəziyyəti
onlar üçün məqbul idi. Bu, Ermənistan
üçün, bu, həmsədrlər üçün məqbul
idi, lakin bizim üçün məqbul deyildi. Biz azlıq
idik. Biz real dünyada yaşamalı və başa düşməli
idik ki, beynəlxalq təşkilatlardan heç bir dəstək
yoxdur. Mən hazırda Ukraynadakı vəziyyət barədə
danışmıram. Bu xüsusda, vəziyyət bir qədər
fərqlidir. Mən özümüz barədə
danışıram. Əlbəttə ki, bizə güclü
ordu lazım idi. Bunun üçün isə bizə güclü
iqtisadiyyat lazım idi. Hər bir şey nəticəyə
hesablanaraq edilirdi - biri digərindən sonra, bəzən
paralel. Bizim yeni nəslə, doğma torpaqlar naminə
ölümə gedəcək nəslə ehtiyacımız
var idi. Bu nəsil yetişdi. Qarabağ uğrunda şəhid
olan nəslin əksəriyyəti heç vaxt Qarabağı
görməmişdi. Cavan vətənpərvər nəsil
yüksək motivasiyalı idi. Əlbəttə, ən önəmlisi
güclü orduya sahib olmaq idi. Biz onu etdik. Prezident kimi
bütün illər ərzində bu, mənim bir nömrəli
məsələm idi. Ona görə də hərbi xərclərimiz
digərləri ilə müqayisədə bir nömrəli
idi. İkinci təhsil idi, o da öz növbəsində
vacibdir. Əks təqdirdə torpaqları geri alacaq vətənpərvər
insanları yetişdirmək mümkün deyil. Əlbəttə
ki, yüksək motivasiya - biz onları motivasiya edirdik. Ermənistanın
tərəfində kimin dayanmasından asılı olmayaraq,
biz axıradək getməyə hazır idik. Biz müəyyənləşdirdik
ki, Ermənistanın tərəfində olanlar çoxdur. Bu,
baş verdi, lakin bizi saxlaya bilmədi. Müharibə zamanı
mən dayanmağa hazır olduğumu dəfələrlə
açıq şəkildə demişdim: Ermənistanın
baş naziri çıxmağa dair mənə nə vaxt cədvəl
verərsə, - biz bu müharibəni istəmirdik, biz öz ərazimizdə
döyüşürdük, - o, həmişə imtina edirdi.
Lakin biz Şuşanı azad edəndən sonra o, 9 noyabrda
tarixləri verməyə razılaşdı. Bundan sonra biz
dayandıq. Biz əlavə olaraq döyüşmədik,
çünki insanların həlak olmasını istəmirdik.
Kapitulyasiya aktına əsasən biz qalan əraziləri azad
etdik. Bu, bizim necə döyüşdüyümüz, necə
hazırlaşmağımızdır. Əgər siz məndən
bunların arasında ən vacib olanı soruşursunuzsa, deyə
bilərəm, mütləq şəkildə inanıram ki,
bu, əzmdir. Ən vacib olan budur. Özünü müdafiə
etmək əzmi olan ölkənin xalqını sən
heç vaxt məğlub edə bilmərsən. Bu, yalnız
müvəqqəti ola bilər. Biz bunu nümayiş etdirdik.
İndi mən fəxr edirəm ki, biz Ukraynanın və digər
ölkələrin ərazi bütövlüyünü
açıq şəkildə dəstəkləyirik,
böyük ağacların arxasında gizlətmirik. Nə
demək istədiyimizi deyirik.
Bəli, bizim Rusiya ilə
yaxşı münasibətlərimiz var. Eyni zamanda, Ukrayna ilə
də yaxşı münasibətlərimiz var. Beynəlxalq
hüququn prinsipləri siyasi seçimlərə əsaslanaraq
təfsir edilməməlidir. Biz özümüz hər zaman
bunun subyekti olmuşuq. Çünki hətta Ukraynadakı
hadisədən əvvəl beynəlxalq ictimaiyyət tərəfindən
Gürcüstanın və Moldovanın ərazi
bütövlüyünə hər zaman açıq şəkildə
dəstək ifadə olunub. Bizə çatanda isə mesaj həmişə
bu olub ki, gedin sülh yolu ilə həll edin. Lakin sənin ərazindən
çıxmaq istəməyən işğalçı ilə
necə sülh yolu ilə razılaşa bilərsən? Biz cəhd
etdik. Mən, demək olar ki, 17 il cəhd etdim. Sonra biz
gördük ki, bu, mümkün deyil. Sonra biz gördük ki,
bizim sülh yolu ilə həll etmək istəyimiz
işğalçını daha təkəbbürlü və
aqressiv etdi. Onlar yeni ərazilər naminə yeni müharibə
ilə bizi hədələməyə başladılar və
“Qarabağ Ermənistandır” dedilər. Lakin indi nə deyirlər?
İndi isə deyirlər ki, Qarabağ Azərbaycandır. Bunu
kim dedi? 2019-cu ildə “Qarabağ Ermənistandır” deyən
eyni şəxslər. Biz yeni reallıqlar yaratdıq - necə
deyərlər, öz əllərimiz və öz qəlbimizlə.
Hesab edirəm ki, bizim təcrübəmiz ləyaqət, ərazi
bütövlüyü və ədalət naminə
bütün ölkələr üçün əhəmiyyətlidir.
Almaniyanın
Münaqişə və Zorakılıq üzrə Sahələrarası
Tədqiqat İnstitutunun tədqiqatçısı Nina
Lutteryohan: Zati-aliləri,
hesab edirəm ki, mənim sualıma artıq cavab verdiniz.
Hazırda baş verən hadisələr kontekstində gələcəkdə
Rusiya və Avropa İttifaqı ilə iqtisadi əməkdaşlığı
necə görürsünüz? Bu yaxınlarda yeni saziş
imzalanıb. Bir-iki məqamla bu məsələni necə qiymətləndirə
bilərsiniz?
Prezident İlham
Əliyev: Bu
günlərdə, aprelin 26-sında Bakıda Rusiya-Azərbaycan
Hökumətlərarası Komissiyasının iclası olub və
gələcək planlarımıza dair çoxşaxəli məsələlər
müzakirə edilib. İndiyə kimi biz hər il
yaxşı nəticələr əldə etmişik. Ticarət
dövriyyəsi artır. Əlbəttə, hazırkı vəziyyətdə
biz baxmalıyıq ki, daha nə edə bilərik.
Çünki bizim fermerlər üçün Rusiya bazarı
böyük bazardır. Rusiya istehsalçıları
üçün də Azərbaycan bazarı olduqca önəmlidir.
Biz Rusiyadan satdığımızdan daha çox
alırıq. Bizim mənfi ticarət dövriyyəsi saldomuz
var. Lakin bununla belə, keçən il bizim Rusiyaya
ixracımızın həcmi artıb. Yeni vəziyyətdə,
sanksiyaların praktiki təsirlərinin nə ola biləcəyini
görməliyik. Siz indi təsəvvür edə bilərsiniz
– bizim iki qonşumuz sanksiyalar altındadır. İran və
Rusiya. Bu, çox çətin vəziyyətdir. Biz necə
uğurlu əməkdaşlıq və ticarət edə bilərik
ki, sanksiyalar pul köçürmələri və digər əlavə
problemlər yaradır. Buna görə də biz
qarşıdan gələn dövrdə qərarlarımıza
baxmalıyıq. Rusiya ilə bizim ticarətimiz çoxşaxəlidir.
O, kənd təsərrüfatını, xidmətləri, sərmayələri
əhatə edir. O, böyük həcmdə deyil. Burada və
orada çoxlu şirkətlər çalışır.
Sözsüz ki, Rusiyadakı Azərbaycan icması çox
böyükdür. Onlar da ticarət dövriyyəsinin
artmasına töhfə verirlər. Hələ ki, Rusiyaya tətbiq
edilən sanksiyaların neqativ təsirlərini
görmürük. Lakin bilmirik ki, bunun cədvəli necə dəyişəcək.
Əgər sanksiyalar qalarsa, növbəti altı ayda və ya
bir ildə nə olacaq, proqnozlaşdırmaq çətindir.
“Musulmans en France”
və “La Gazette” jurnallarının baş icraçı
direktoru Jan-Mişel Brön: Cənab Prezident, bizi belə xoş
qarşıladığınız üçün təşəkkür
edirəm. İlk növbədə, mən üzr diləmək
istəyirəm, mən fransızam və bu səbəbdən
sualım siyasi olmayacaq. Mən hesab edirəm ki, qələm
çox vaxt silahlardan daha effektivdir. Fransa və Azərbaycan
iki yüksək mədəniyyətə sahib ölkələrdir.
Şuşa və Paris möhtəşəm mədəni paytaxtlardır.
Beş əsr öncə Didro və Russo, böyük şair
və filosof Nizami Gəncəvi maarifləndirmə fəlsəfəsinin
nümayəndələri olmuşlar. Beləliklə, mənim
sualım belədir – Siz Fransa və Azərbaycan arasında
güclü mədəni münasibətləri inkişaf
etdirməyi planlaşdırırsınızmı?
Prezident İlham
Əliyev: Biz
artıq iki ölkə arasında güclü mədəni
münasibətlərə sahibik və əməkdaşlığımızın
tarixi bunu göstərir. Biz mədəniyyət, təhsil sahələrində
böyük irəliləyişə nail olmuşuq. Bir
sıra önəmli tədbirlər, Azərbaycan mədəniyyətinin
Fransanın fərqli şəhərlərində
çoxsaylı təqdimatları, günləri olmuşdur. Dəqiq
yadımda deyil, Fransa və Azərbaycanın təxminən
ondan çox qardaşlaşmış şəhəri var.
Bu, sadəcə, formallıq deyil, burada böyük ictimai
münasibətlər var. Həmçinin mədəniyyətin
tərkibi kimi təhsilə gəlincə, Bakıda Fransız
liseyinin yaradılması da bizim təşəbbüsümüz
idi. Şəhərimizin ən gözəl məkanlarından
birində yerləşir, Xəzər dənizinə gözəl
mənzərəsi var. Bunun davamı olaraq, ovaxtkı Prezident
Fransua Olland ilə Azərbaycan-Fransız Universitetinin
yaradılması haqqında razılığa gəldik və
biz bunu bir il ərzində həyata keçirdik, artıq o fəaliyyətdədir,
yaxşı nəticələri var.
Beləliklə, biz həqiqətən
çoxşaxəli mədəni münasibətlərə
sahib idik və bu gün də sahibik. Bu münasibətlər
son proseslərin təsirinə məruz qalmadı. Ümumilikdə
siyasi münasibətlərdən danışdıqda isə
deyə bilərəm ki, onlar normaldı, deyərdim ki,
münasibətlər normala qayıdır. Əlavə edərdim
ki, nəsə yanlış addım atan biz deyildik. Təəssüf,
lakin biz başa düşürük ki, orada nəinki qərarvermə
proseslərinə təsir göstərən, eyni zamanda,
insanların beyninə təsir edən erməni icması var,
güclü qruplar var. Fransa ilə münasibətlər bizim
üçün həmişə önəmli olub,
çünki Fransa dünyanın aparıcı ölkələrindən
biridir. Həmçinin bizim üçün önəmli idi
ki, öz vəziyyətimizi düzgün təqdim edək.
Fransa ictimaiyyətinə göstərək ki, Azərbaycan ermənilərin
bizi təqdim etdiyi kimi deyil. Biz onların Fransanın
aparıcı media qurumlarındakı əlaqələrindən
xəbərdarıq, bizə qarşı qərəzli məqalələr
çap etdiklərini bilirik. Bu məqalələrin 95 faizi ermənilər
və ya ermənipərəstlər tərəfindən
yazılıb. Biz bunu başa düşürük, bu,
böyük bir yenilik deyil.
Fransa Minsk qrupunun həmsədri kimi
Azərbaycan üçün həmişə məqbul olub.
Lakin təəssüf ki, torpaqlarımızın azad olunduğu
müharibə zamanı, Fransa parlamentinin hər iki
palatasının qondarma “Dağlıq Qarabağın”
tanınması ilə bağlı qərarları da daxil
olmaqla, lazım olmayan addımlar atılmışdır. Belə
bir deyim var – “Roma Papasından daha çox katolik olmaq”. Hətta
Ermənistan da “Dağlıq Qarabağı”
tanımamışdı. Beləliklə, Senat və Nümayəndələr
Palatası bu qərarı qəbul etdilər. Bu, çox kədərlidir.
Mən bunun lehinə səs verənlərin kim olduğunu da
yaxşı bilirəm. Bu, tamamilə qeyri-məhsuldar olub.
Praktiki baxımdan bunun heç bir mənası yox idi, bu, Ermənistana
dəstək baxımından da, bizi torpaqlarımızı
azad etməkdən çəkindirmək baxımından da
işləmədi. Sadəcə, lazımsız atmosfer
yaratdı, hansı ki, hər iki hökumət dəyişməyə
çalışırlar və mən düşünürəm
ki, bunu uğurla edirlər. Mənim dekabrda, Brüsseldə
Prezident Makronla yaxşı və uzun sürən
görüşüm olmuşdu. Daha sonra biz telefonla ünsiyyətdə
idik. Mən düşünürəm ki, biz bu səhifəni
çevirməliyik və unutmalıyıq. Sizin də üzr
istəməyinizə ehtiyac yoxdur, fransızlar bizim
dostlarımızdır və dostlarımız kimi də
qalacaqlar.
Türkiyənin
Kadir Has Universitetinin professoru Dimitrios Triantafillo: Cənab Prezident, bizim
suallarımıza cavab vermək üçün vaxt
ayırdığınıza görə təşəkkür
edirəm. Mən İstanbulun Kadir Has Universitetində on ildən
çox işləyən yunan akademikəm və bir növ
körpü yaradanam. Mən Sizin bu gün dedikləriniz
haqqında, bizim dünən Şuşada
danışdıqlarımız haqqında
düşünürdüm və bu, çox
maraqlıdır. Yaddaş və gələcəyə
baxış arasında balansın qorunması - bu proses çətindir
və başlayanda qarşıya maneələr
çıxır, icmalar və ölkələr arasında
körpü qurmaq çoxlu vaxt aparır. Lakin mən bir məsələyə
qayıtmaq istəyirəm. Mənim sualım Azərbaycan və
Avropa İttifaqına aiddir. Bilirəm, Amanda da bu barədə
sual verdi, lakin Rusiyanın Ukraynanı işğal etməsini nəzərə
alaraq, Siz Azərbaycan ilə Avropa İttifaqı arasında
münasibətlərin davamını necə
görürsünüz və bu münasibətlər necə
inkişaf edə bilər?
Siz artıq bəzi məqamlar
haqqında danışdınız, tərəfdaşlıq və
əməkdaşlıq sazişinin yenilənməsi prosesi
gedir, Şarl Mişelin Azərbaycan və Ermənistan
arasında münasibətlərin qurulmasında fəallığını
görürük. Siz Ermənistanın aldığı maliyyə,
qrantlar və kreditlərin sayına bərabər miqdarda vəsaitin
alınmasından danışdınız. Bundan əlavə,
Siz yeni reallıqlardan danışırsınız. Biz şəffaf
topa baxmırıq və necə inkişaf olacağını
dəqiq bilmirik. Avropa İttifaqı özü dəyişir,
o, strateji avtonomiyası, öz strateji kompası üzərində
işləyir. Prezident Makronun yenidən seçilməsi
prosesin davam etməsinə kömək edir. Siz Azərbaycan və
Avropa İttifaqı arasındakı münasibətlərin
hansı istiqamətdə getməsini istəyərdiniz?
Prezident İlham
Əliyev: Bəli,
bu münasibətlər çox vacibdir. Düşünürəm
ki, bizim üstünlüyümüz Avropa İttifaqı ilə
münasibətlərdə çox aydın və realistik
gündəliyimizin olmasıdır. Mən bilirəm ki, Şərq
Tərəfdaşlığı Proqramının digər
iştirakçılarının üzvlük ilə
bağlı fərqli niyyətləri var. Biz anlamalıyıq
ki, bu, çox uzun prosesdir. Azərbaycana gəldikdə isə
bu, mümkün ssenari deyil. Biz münasibətlərimizi
praqmatizm üzərində, qarşılıqlı fayda və
maraqlar üzərində qurmalıyıq. Çox yüksək
gözləntilərimiz də olmamalıdır, əks-təqdirdə,
məyusluq ola bilər. Əgər sən məqsəd qoyub
ona çata bilmirsənsə, o zaman kimisə bunda
günahlandırmağa başlayırsan. Axırıncı
günahlandırdığın şəxs isə
özün olursan. Özündən başqa hamını
günahlandırırsan. Bunun qarşısını almaq
üçün çox realistik hədəflər
qoymalıyıq: biz nə istəyirik və Avropa
İttifaqı nə istəyir. Bu, az-çox aydındır.
Avropa İttifaqı öz qonşuluğunda, sərhədlərində
sabitlik istəyir. Onlar bizdən indi də enerji resursları
alırlar, lakin daha çox enerji resursları almaq istəyirlər.
Bu, hətta Rusiya-Ukrayna müharibəsindən əvvəl də
belə idi və bizim əməkdaşlığımızın
strateji hissəsi idi. Onlar bizim nəqliyyat infrastrukturumuzda
çox maraqlıdırlar və düşünürlər
ki, bu, daha geniş Avropa nəqliyyat şəbəkəsi ilə
necə bağlana bilər. Bu səbəbdən, məsələn,
keçmiş Avropa İttifaqı Şurasının
prezidenti cənab Donald Tusk 2019-cu ildə Bakıda olarkən
buradakı infrastrukturu görmək üçün bizim dəniz
ticarət limanına getdi. Keçən il Avropa
İttifaqı Şurasının hazırkı Prezidenti
Şarl Mişel Bakıda olanda Şamaxıya regional tura getdi
və orada ona Bakı Dəniz Limanının imkanları
haqqında təqdimat edildi. Bu, nə deməkdir? Bu, o deməkdir
ki, bizim nəqliyyat infrastrukturuna böyük maraq var. Əlbəttə,
Avropa İttifaqı təhlükəsizlik və sabitlik istəyir,
Dağlıq Qarabağ münaqişəsinin həllini istəyirdi.
Bəli, onlar münaqişənin sülh yolu ilə həllini
istəyirdi. Bu, baş tutmadı. İndi onlar yeni
reallıqları tam olaraq qəbul edirlər və bu səbəbdən
bizim Brüsseldə mütəmadi görüşlərimiz
olur. Biz nə istəyirik? Biz, ilk növbədə, yaxın
münasibətlərin qurulmasını istəyirik. Biz
qarşımıza üzvlük kimi qeyri-real hədəflər
qoymaq və bu münasibətlərə ziyan vurmaq istəmirik.
Biz müasir texnologiyalara çıxış istəyirik və
bizim belə çıxışımız var. Əlbəttə,
biz Avropanın enerji bazarına daha geniş
çıxış istəyirik və bu, Avropanın enerji
strategiyası ilə tamamilə uzlaşır. Biz regiondakı
vəziyyətə təkstandartlı yanaşma istəyirik.
Yalnız Ermənistan və Azərbaycana yox, Gürcüstan,
Ermənistan və Azərbaycanın - Cənubi Qafqazın hər
üç dövlətinə eyni bucaq altından
baxılmasını istəyirik.
Ermənistan-Azərbaycan münasibətlərinin
normallaşmasına gəldikdə isə hər iki tərəf
üçün balanslı və adekvat maliyyə paketi
çox önəmli olacaq. Bu balans qorunmasa, aydındır ki,
çox böyük məyusluq ola bilər. Lakin dediyim kimi,
biz bu istiqamətdə - Avropa İttifaqı ilə sazişin
qalan hissəsinin yekunlaşdırılması və
imzalanması istiqamətində irəliləyirik. 2018-ci ildə
biz Azərbaycanın ərazi bütövlüyü,
suverenliyi və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığına dair çox önəmli
paraqrafın olduğu Avropa İttifaqı ilə Azərbaycan
arasında Tərəfdaşlıq Prioritetləri sənədini
parafladıq. Bu, ilk dəfə idi. Bundan əvvəl isə
Avropa İttifaqı belə qəti və birbaşa ifadələrin
işlənməsini istəmirdi. Onlar həmişə
sülh danışıqları, Minsk qrupu və s. məsələlərə
istinadlar edirdilər. Lakin Tərəfdaşlıq Prioritetləri
sənədi çox önəmli siqnal idi və bizi
ruhlandırdı. Mən Brüsseldə imzalanma mərasimində
iştirak etdim və daha sonra biz həqiqətən
inanmağa başladıq ki, Avropa İttifaqı ədalətli
vasitəçi ola bilər. Müharibədən sonra baş
verənlər bunu açıq nümayiş etdirir.
Çünki ortalıqda sanki bir boşluq var idi, Minsk qrupu
qeyri-funksional idi və bu boşluq müəyyən dərəcədə
Avropa İttifaqı tərəfindən doldurulur.
Bir başqa faktoru da deyə bilərəm.
Avropa İttifaqı ilə yaxın əməkdaşlıq, əlbəttə,
Azərbaycanın müasirləşməsinə, o cümlədən
gənc nəslə, təhsil potensialına ciddi töhfə
verəcək. Biz İtaliya-Azərbaycan Universitetindən, Azərbaycan-Fransız
Universitetindən danışdıq. Həmçinin Avropa
İttifaqı ilə sıx əlaqələr Azərbaycan cəmiyyətinin
dünyəvi xarakterini gücləndirəcək. Bu, bizim
dövlət siyasətimizin önəmli tərkib hissəsidir.
Bu dövlət siyasəti Azərbaycan əhalisi tərəfindən
geniş şəkildə dəstəklənir. Dünyəvilik
bizim dövlətçiliyimizin fundamental sütunlarından
biridir və Avropa İttifaqı ilə sıx əlaqələr
Azərbaycanın gələcək dünyəvi
inkişafına müsbət təsir göstərəcək.
Hikmət
Hacıyev: Cənab
Prezident, səfir Hafiz Paşayev konfransımızı
Laçın konfransı təşəbbüsü ilə
başladı. Sizin icazənizlə, sonuncu sual vermək
imkanını bu təşəbbüsün müəllifi
doktor Yulian Çifuya vermək istərdim.
Rumıniya Baş
nazirinin dövlət müşaviri doktor Yulian Çifu: Təşəkkür edirəm,
cənab Prezident, çox sağ olun. Füzulidə
gördüyümüz yol, hava limanı və bəzi digər
infrastruktur obyektlərinin yenidən qurulması işlərinin
sürətinə və keyfiyyətinə görə Sizi təbrik
etməliyəm. Mənim sualım Zəngəzur dəhlizi,
avtomobil və dəmir yolları ilə bağlı idi. Siz
artıq bu suala cavablarınızı geniş şəkildə
ifadə etdiniz.
Sizin yalnız Qarabağ deyil,
inteqrasiya olunmuş Azərbaycan üzrə inkişaf
strategiyanız haqqında soruşmaq istərdim. Bilmək istərdim
ki, bu strategiyanın təfərrüatlarını öyrənmək
mümkündürmü və bilək ki, harada bizim
iştirakımız alqışlanardı? Eyni zamanda, Zəngəzur
məsələsinə qayıdaraq, qeyd etmək istəyirəm
ki, üçtərəfli razılaşmada Rusiyanın
qoşunları üçün bu məsələdə bir
rol nəzərdə tutulur. Bu məsələnin
inkişafını necə görürsünüz? Türkiyə-Ermənistan-Azərbaycan
inteqrasiya olunmuş qarşılıqlı əlaqəsi
yaradılarsa, Rusiya ordusunun mövcudluğunu harada və necə
görürsünüz? Təşəkkür edirəm.
Prezident İlham
Əliyev: Rusiya
sülhməramlılarının mövcudluğu məsələsi
10 noyabr gecəsi imzalanmış Üçtərəfli Bəyannamənin
bir hissəsidir. Həmin Bəyannamədə hərbi heyətin
və hərbi zirehli maşınların dəqiq sayları əks
olunub, hər şey bu sənəd əsasındadır. Həmçinin
onların sülhməramlı fəaliyyəti ilə
bağlı müddət mövcuddur – 5 il. Əgər həmin
razılaşmanın tərəflərindən hər
hansı biri qərar versə ki, 5 il kifayətdir, onda müddətin
sonuna 6 ay qalmış bu açıq şəkildə elan
edilir. Düşünürəm ki, gələcək
konfiqurasiyanı başa düşmək üçün bu,
vacib faktordur. Həmçinin dediyim kimi, vəziyyətə nəzarət
edən Türkiyə-Rusiya monitorinq mərkəzi fəaliyyət
göstərir. Ümumilikdə, ilyarım ərzində
Rusiyanın sülhməramlılarının müvəqqəti
nəzarəti altında olan ərazilərdə vəziyyət
stabildir. Keçmişdə Azərbaycan ilə Ermənistan
arasında sərhəddə müəyyən gərginliklər
olub. İndi burada da vəziyyət stabildir. Amma Qarabağ ərazisində
müəyyən gərginliklər olsa da, bu, çox az
hallarda baş verib. Ümumilikdə Rusiya sülhməramlıları
bizim üçün çox əhəmiyyətli nəqliyyat
imkanlarını təmin edirlər. Çünki biz
onların müvəqqəti nəzarəti altında olan əraziləri
Kəlbəcərə yükləri gətirmək
üçün istifadə edirik. Çünki başqa halda,
Ömər aşırımından keçən yollardan
istifadə çox çətindir. Biz 12 kilometr uzunluğunda
tunel tikirik, amma hələ hazır deyil. Buna görə, onlar
ehtiyacımız olanda, Laçın dəhlizi vasitəsilə
nəqliyyatı da təmin edirlər. Biz də onların
yüklərinin Azərbaycan dəmir yolları vasitəsilə
sülhməramlılara nəqlinə şərait
yaradırıq. Yüklər Moskvadan birbaşa Bərdəyə
göndərilir və oradan Xankəndiyə aparılır.
Başqa halda onlar təyyarə ilə uçmalı və
sonra bir neçə saata Laçın dəhlizi vasitəsilə
getməli idilər. Deməli, Rusiya sülhməramlıları
ilə Azərbaycanın hərbi qulluqçuları
arasında yaxşı səviyyədə qarşılıqlı
əlaqə var. Mən düşünürəm ki, bizim dəhlizlərlə
bağlı hazırda etdiklərimiz hər hansı digər
müdaxilədən tamamilə azaddır.
Nəqliyyat dəhlizlərinə gəlincə,
əlbəttə, biz onların qısa müddətdə
reallaşdırılmasını istəyirik. Ermənistan, nəhayət,
qərar verməlidir ki, onlar bunu necə görmək istəyirlər.
Mən artıq bu haqda danışdım, əlavə edim ki,
biz həqiqətən də Zəngəzurdan yoxlamasız
keçid məsələsinə sadiqik və Ermənistanın
bunun bir hissəsi olması üçün biz, hətta
elektrik xətləri haqqında düşünə bilərik.
Yeri gəlmişkən, İranla imzaladığımız
anlaşma memorandumunda biz avtomobil və dəmir yolları ilə
yanaşı, elektrik kabellərinin keçidi ilə
bağlı məsələləri əks etdirmişik.
Çünki bu da elektrik enerjisinin ixracı yollarından
biridir. Ümumilikdə Azərbaycanın inteqrasiyası və
gələcək inkişafı ilə bağlı - Azərbaycanda
biz regionların beşillik inkişafı planları əsasında
işləyirik, bu, regionların inkişafı proqramı
adlanır. Bu proqramlardan birincisi mənim tərəfimdən
birinci dəfə prezident seçiləndən bir neçə
ay sonra – 2004-cü ilin fevral ayında qəbul edilib və hər
beş ildən bir biz bu planları yenidən nəzərdən
keçirir və digər beşillik hədəflər
qoyuruq. Bu proqram nəşr olunur, ictimaiyyətə
açıq sənəddir və əsasən regionların
müraciətləri – insanların istəkləri əsasında
formalaşır. Çox işlər görülüb, indi
Qarabağ və Zəngəzurun Azərbaycanın digər
hissələrinə dərin inteqrasiyası üzərində
işləyirik. Buna görə də bu dəmir yolları,
hava limanları, avtomobil yolları, elektrik xətləri demək
olar ki, yekunlaşmaq üzrədir.
Ən vacib məqam müəyyən
vaxta ehtiyac olan su paylanması ilə bağlıdır.
Çünki biz 30 il ərzində çaylarımızdan məhrum
olmuşduq. Ermənistan yaz və yayda, bizim suya
ehtiyacımız olanda Tərtər çayının
qarşısını bağlayır və yüz minlərlə
hektar ərazilərimizdə quraqlıq yaradırdı və
sonra qışda onlar çayın qarşısını
açır və sel yaradırdılar. Bu, ekoloji terror idi.
Yeri gəlmişkən, Avropa Şurası Parlament
Assambleyası bir neçə il bundan əvvəl bu məsələ
ilə bağlı xüsusi hesabat hazırlamışdı.
Səsvermə ilə qəbul edilmiş həmin sənəddə
Ermənistanı bu ekoloji terrora görə
qınamışdı. Amma Qarabağda çoxlu su
resursları var ki, biz onları, həmçinin Azərbaycanın
digər hissələrinə yönləndirəcəyik və
bu, bizə yalnız bütövlükdə Qarabağın
suvarılmasına deyil, bu suyu Azərbaycanın su problemi olan
digər ərazilərinə də gətirməyə imkan
verəcək. Bu, sürətli və səmərəli
inteqrasiya olacaq.
Həmçinin bizim orada yeni idarəçilik
sistemimiz var. Mənim Qarabağ və Şuşa üzrə
xüsusi nümayəndələrim var, siz onlarla
görüşdünüz. Digər ərazilər
üçün də xüsusi nümayəndələr təyin
ediləcək, onların hələlik təyin edilməməsinin
səbəbi orada hələ ki, fəal yerləşmə
prosesinin aparılmaması ilə əlaqədardır, amma bu
da olacaq. Biz, bu yeni idarəçilik modelini sınaqdan
keçiririk. Çünki mövcud regional idarəçilik
sistemi Sovet İttifaqının çökməsindən
sonra yaradılıb və fikirləşirəm ki, bu, o qədər
də hərtərəfli düşünülməmişdir.
Buna görə də çoxlu suallar var. Çox güman ki,
bilirsiniz, çoxlu, bəlkə də 10-dan çox regional rəhbər
şəxslər rüşvət, səhv idarəçilik
və digər yanlış hərəkətlərə
görə həbs olunub. Bu proses ictimai şəkildə
baş verib, rüşvət prosesi videoya çəkilib. Təəssüf
ki, bu sahə korrupsiya ilə çirklənib. Beləliklə,
Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq
və düşünürəm ki, yekun sınaqlar bitəndən
sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də
tətbiq etmək və regionlarda dövlət idarəçiliyini
təkmilləşdirmək mümkün olacaq. Çünki
Bakıda qəbul etdiyimiz qərarların hamısı
insanların həyat şəraitinin və infrastrukturun
yaxşılaşdırılması, iqtisadi inkişaf məqsədi
daşıyır, amma bəzən onlar regionlarda icra edilmir və
insanlar bunu görmür.
Yaşıl gündəliklə
bağlı - mən artıq Qarabağı yaşıl zona
elan etmişəm və bu, o deməkdir ki, bu, həyata
keçiriləcək. Çünki mən heç vaxt
icrasına əmin olmadığım məsələləri
bəyan etmirəm. Eyni zamanda, bu yaşıl gündəlik
ölkənin digər bütün ərazilərində tətbiq
ediləcək.
“Ağıllı şəhər” –
bizdə heç vaxt “ağıllı şəhər”
olmayıb. Birinci “ağıllı şəhər”
Ağdamda, “ağıllı kənd” isə Zəngilanda
olacaq. Sonra biz onu Azərbaycanın digər ərazilərində
də tətbiq edəcəyik. Həqiqətən də
çoxlu planlarımız var. Çox işlər var,
gündə 24 saat işləyirik, hər kəs həvəslidir
– hökumət, xalq, keçmiş məcburi
köçkünlər.
Biz oraya ilk məcburi köçkünləri çox tezliklə qaytaracağıq, demək istəmirəm nə vaxt, amma çox tezliklə Zəngilana qaytaracağıq. Digər planlar da mövcuddur. Bizim planlaşdırdıqlarımızı həyata keçirməyə hər şeyimiz var – sadiqlik, iradə, resurslar, səfərbərlik, cəmiyyətimizin birliyi və stabillik. Biz bunları qonşularımızla paylaşmaq istəyirik. Biz artıq müzakirə etdik və müzakirəmizin ən böyük hissəsi Ermənistan–Azərbaycan arasında gələcək əməkdaşlıq məsələsinə həsr olundu. Düşünürəm ki, bizim gündəliyimizi düzgün başa düşmək üçün onlar bizim etdiklərimizi dərindən təhlil etməli və bu şansı əldən verməməlidirlər. Çünki bu, sonuncu şans olacaq, onlar bu qatara minməlidirlər.
Hikmət Hacıyev: Cənab Prezident, bununla suallar bitdi və qrupumuzun adından Sizə dərin minnətdarlığımızı bildirməkdən şərəf duyuram. Bizimlə demək olar ki, üç saat vaxt keçirdiniz və iyirmi müxtəlif suala cavab verdiniz.
Prezident İlham Əliyev: Vaxt tez keçdi. Bizimlə olduğunuz üçün təşəkkür edirəm, sizə uğurlar arzulayıram. Müzakirə etdiyimiz kimi, illik Şuşa forumlarından öncə aralıq tədbirlər haqqında fikirləşəcəyik.
Xalid Teymur Əkrəm: Cənab Prezident, görüşümüzü bitirməmişdən öncə 23 ölkədən gəlmiş bütün iştirakçılar adından Qarabağın yenidən qurulması işinə cəlb edilən hər kəsə hörmətimizi ifadə etmək istərdim. Onlar qəhrəmandırlar və düşünürəm ki, burada onları alqışlamalıyıq.
Prezident İlham Əliyev: Çox təşəkkür edirəm.
***
Sonra xatirə şəkli çəkdirildi.
Beynəlxalq konfrans işini panel iclası ilə davam etdirdi.
***
Qeyd edək ki, aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda (https://president.az/az/articles/view/51088) yaranmışdı. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi.
Şuşanın BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik paytaxtına çevrilməsi bu qədim Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların da iflası deməkdir.
Təsadüfi deyil ki, beynəlxalq
konfransın iştirakçıları aprelin 28-də
Şuşada quruculuq və bərpa mövzusunda “Şuşa -
dirçəlişə gedən yol”, postmünaqişə
dövrünə dair “Əməkdaşlıq, imkanlar və
çağırışlar” adlı panel müzakirələri
keçiriblər. Bu mühüm platforma xarici ekspertlərə
postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri
arasında əlaqələrin inkişafı,
kommunikasiyaların açılması imkanlarının nəzərdən
keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin
və rifahının təməli kimi Azərbaycanın
formalaşdırdığı Ermənistanla münasibətlərin
normallaşdırılması üçün sülh
gündəliyinin müzakirəsi baxımından əlverişli
imkan yaradır.
Azərbaycan.-
2022.-30 aprel.- S.1-7.