Diplomatik korpusun nümayəndələri Ağdamda erməni vəhşiliyinə şahid olublar
Aprelin 29-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinin, o cümlədən xarici ölkələrin səfirlərinin, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin əməkdaşlarının işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi diplomatları Ermənistan silahlı qüvvələrinin işğal zamanı Ağdam şəhərində törətdiyi vəhşiliklərlə, cinayət izləri ilə tanış etmək olub. Səfər zamanı ermənilərin dini abidələrimizi təhqir etməsi, məscidlərdə heyvan saxlaması, qəbiristanlıqları dağıtması kimi faktlar qonaqların diqqətinə çatdırılıb, Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib. Eyni zamanda, qonaqlar işğaldan azad olunan torpaqlarda, o cümlədən Ağdamda aparılan geniş tikinti-quruculuq işləri barədə də məlumatlandırılıblar.
Nümayəndə heyəti əvvəlcə Ağdamın Sarıcalı kəndində olub. Burada onlara erməni vəhşiliyi nəticəsində kəndin xarabalığa çevrilməsi barədə məlumat verilib. Bildirilib ki, təkcə Sarıcalı kəndi deyil, digər yaşayış yerləri də erməni barbarlığına məruz qalıb.
Sonra qonaqlar Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksinə gəliblər. Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdəki xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov erməni vəhşiliyinə məruz qalan tikili barədə məlumat verib. Bildirilib ki, XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.
Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Bu tarixi qəbiristanlıq da erməni vandalizminə məruz qalıb. İbrahimxəlil xanın türbəsi və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi dağıdılıb.
Səfər iştirakçıları İmarət stadionu ilə də tanış olublar.
Daha sonra qonaqlar şəhərin mərkəzində yerləşən Ağdam Cümə məscidini ziyarət ediblər. Qeyd olunub ki, digər tarixi abidələrimiz kimi, 1868-ci ilin yadigarı olan Ağdam məscidi də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan olunub, yandırılıb. Binanın minarələrinin uçurulmamasına səbəb isə erməni işğalçılarının buradan müşahidə məntəqəsi kimi istifadə etməsi olub. Buna baxmayaraq, bütün müqəddəs məkanlarımız kimi, bu məscidin də ibadət zalından erməni vandalları heyvan saxlamaq üçün istifadə ediblər.
Həmçinin səfər iştirakçıları erməni vəhşiliyi nəticəsində yerlə-yeksan edilən Ağdam şəhərinin dağıntıları ilə tanış olub, Dram teatrının salamat qalan divarına baxış keçiriblər. Bildirilib ki, azad olunan digər yerlərdə olduğu kimi, Ağdam şəhərinin ərazisi də Ermənistan tərəfindən minalarla çirkləndirilib. Diplomatlara bu istiqamətdə aparılan təmizləmə işləri barədə də məlumat verilib.
Qonaqlar Ağdam şəhər mərkəzində yerləşən Şəhidlər xiyabanına da gəliblər. Bildirilib ki, erməni vəhşiliyi zamanı Xocalıda qətlə yetirilən azərbaycanlıların bir çoxu vaxtilə burada dəfn edilib. Lakin Ağdam işğal olunduqdan sonra bu məzarlıq da ermənilərin vəhşiliyinə məruz qalıb, qəbirlər qazılaraq cəsədlər çıxarılıb, cəsədlərdəki qızıl dişlər oğurlanıb.
Prezidentin
xüsusi nümayəndəliyinin
Ağdamdakı düşərgəsində olan
qonaqlara Ağdam şəhərinin
Baş planı çərçivəsində
həyata keçiriləcək quruculuq
işləri barədə ətraflı məlumat verilib. Diplomatlar Ağdam şəhəri üçün
yeni məscid nümunələri, bina tipologiyaları və şəhərətrafı
obyektlər, yol-nəqliyyat infrastrukturu ilə
də tanış olublar. Diqqətə
çatdırılıb ki, Qafqazın
Xirosiması kimi tanınan Ağdam
Azərbaycan Prezidentinin və hökumətinin
təşəbbüsü ilə regionun ən
gözəl şəhərlərindən birinə
çevriləcək, doğma yurdlarından
30 il ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz
şəraitdə qayıdışı təmin ediləcək.
Səfərin son mərhələsində isə qonaqlar Şahbulaq
qalasında olublar.
Azərbaycan.-
2022.- 30 aprel.- S.8.